Məhkəmə qərarları › İş №1(015)-30/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-30/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-30/2023 14.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X2 iştirakları ilə xx.xx.1981-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, iki uşaq atası, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Göycəli kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə ayrı-ayrı bükümlərdə təmiz çəkisi 88,71 qram, 11,14 qram, 37.07 qram, 35,03 qram olmaqla ümumilikdə təmiz çəkisi 171,95 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək yaşadığı Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən evinin yataq otağındakı dolabın içərisində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 12:15-dən saat 12:43-dək Baş Narkotklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşlarının keçirdikləri baxış əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılaraq mənzilinə baxış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuana dolabın içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə saat 12:10 radələrində o, yaşadığı kənddə yerləşən fərdi yaşayış evinin qarşısında olan vaxt bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. O, həmin şəxslərə baxış keçirilməsinə etiraz etməmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini xahiş etmişlər. Bu təklifdən sonra o, yaşadığı evdə yataq otağında saxladığı bir-birinin içərisində olan dörd ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına göstərib təqdim etmişdir. O, təxminən 2 il olar ki, ağrıları olduğu üçün narkotik vasitədən istifadə edir. Onkoloji xəstəlikdən əzab çəkir. Bəzən marixuananı çay kimi dəmləyib qəbul edir. Bəzən toxumundan istifadə edir. Bu onun ağrılarını kəsməyə kömək edir. 2022-ci ilin avqust ayında o, yaşadığı kəndin kənar ərazisində, su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini görüb həmin bitkilərdən yığıb qurudaraq özünün istifadəsi üçün yaşadığı evə gətirmiş və yataq otağındakı dolabın içərisinə qoyub arabir istifadə etmişdir. Onun ciyərləri xəstə olduğundan narkotik vasitəni qaynadıb suyunu içmiş və çiyitlərini yemişdir. O, heç vaxt narkotik vasitəni siqaretə doldurub çəkməmişdir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda yığmışdır. Hər dəfə yığdıqca gətirdiyi paketlərdə saxlamışdır. Onları bir torbaya töküb saxlamamışdır. Heç zaman heç kimə narkotika satmamışdır. Heyvan otarmaqla, ailəsinə baxmaqla məşğuldur. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, özü istifadə etdiyinə görə əməlindən peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda DİN-nin, BNMİ-ni QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. DİN-nin, BNMİ-ni QBRŞ-nə Təqsirləndirilən şəxs yaşadığı kəınddə yerləşən fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitə marixuana saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış və birlikdə Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılmış, o, barəsində olan əməliyyat axtarış tədbirləri haqqında qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Baxış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təkilif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını etiraf edərək həmin kütləni təqdim etmək üçün onları yaşadığı evə dəvət etmişdir. Onlar, əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs arxasınca evə daxil olmuşlar. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sağ tərəfdə olan mətbəx otağına daxil olmuş və otağın qarşısında yataq otağına gəlib sol tərəfdəki dolabın qapısını açıb içərisindəki bir ədəd ağ rəngli plasmas qabın içərisindəki selofan torbanı göstərib təqdim edərək həmin torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilərkən həmin selofan torbada və içərisində olan digər üç ədəd selofan torbalarda yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuna aşkar olunmuşdur. Həmin selofan torba elektron tərəzidə çəkilmiş, ümimi çəkisinin 180 qram olduğu müəyyən edilmiş, qablaşdırılmış, möhürləmiş, götürülmüş və bu barədə tərtib edilmiş protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNBİ-nin QBRŞ-nin operator polis nəfəri, polis baş serjantı Şahid3 və ifadəsi elan olunmuş Şahid2 Şahid1la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli “baxış keçirilmə və götürmə” protokolundan görünür ki, həmin tarixdə saat 13:15-dan, saat 14:05-dək olan müddət ərzində Ağstafa rayonu Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı dolabın içərisindən bir-birinin içərisində olan dörd ədəd selofan torbada ümumi çəkisi 180 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd narkotik vasitələrin doldurulmasında və bir ədəd narkotik vasitələrin xırdalanmasında istifadə edilməsi ehtimal edilən 2 ədəd alət, aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 16/1106 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd narkotik vasitələrin doldurulmasında və bir ədəd narkotik vasitələrin xırdalanmasında istifadə edilməsi ehtimal edilən 2 ədəd alət” sözləri yazılmış kağız paketdəki 1(bir) ədəd sarı rəngli politilen torbada və onun içərisinə qoyulmuş 2 (iki) ədəd goy rəngli 1 (bir) ədəd şəffaf rəngli politilen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi 88,71 qram 11,14 qram, 37.07 qram, 35,03 qram ümumi təmiz çəkisi 171,95 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdə olan 2(iki) ədəd dəmir alətlərin içərisində marixuananın izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqatını aparmaq mümkün deyil. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. (171,95 qram qurudulmuş marixuanadan 0,20 qram ekspertiza tədqiqatına sərf edilmiş, 171,75 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 1530 №-li 14 oktyabr 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionlardan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Raziyə Quliyeva və xx.xx.2014-cü il təvəllüdlü Rüzgar Quliyev adlı iki azyaşlı uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan özü istifadə etmək üçün ayrı-ayrı bükümlərdə təmiz çəkisi 88,71 qram, 11,14 qram, 37.07 qram, 35,03 qram olmaqla ümumilikdə təmiz çəkisi 171,95 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək yaşadığı Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən evinin yataq otağındakı dolabın içərisində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 12:15-dən saat 12:43-dək Baş Narkotklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşlarının keçirdikləri baxış əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılaraq mənzilinə baxış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuana dolabın içərisindən aşkar edilib götürülmüşdür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi zamanı Ali Məhkəmənin Plenum qərarlarını məhkəmə təcrübəsindən və cinayət-hüquq nəzəriyyəsindən, eləcə də müstəntiqin, prokurorun və ya hakimin sübutların məcmusunu hüquqi qiymətləndirərkən qanunu və vicdanını rəhbər tutaraq öz daxili inamına əsaslanması barədə cinayət-prosessual qanunvericilinin tələblərindən təcrid olunmuş vəziyyətdə, imperativ hüquq normaları kimi tətbiq etmək, şübhəsiz ki, müsbət hadisə deyildir. Bundan başqa, iş materiallarında olan sübutlarla, təqsirləndirilən şəxsin şahidlərin və hal şahidlərin ifadələrinə, baxış və götürülmə haqqında müvafiq protokola, ekspertiza rəylərinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində gəzdirməsi təsdiq olunur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və üzərində daşıması obyektiv qiymətləndirilməmiş, Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin (sübutların yoxlanılması, sübutların qiymətləndirilməsi, sübutların kifayət etməsi) tələblərini pozmaqla mövcud sübutlara düzgün qiymət vermədən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Onu da qeyd etməyi məhkəmə vacib bilir ki, ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs istintaqın CM-nin 234.1-ci maddəsi başlanmış, lakin heç bir yeni sübut əldə etmədən, əvvəlki sübutlar dairəsinə istinad etməklə sonradan təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsiə tövsüf olunmuşdur. Satış məqsədini hansı sübutlara əsaslanıb müəyyən etməsini istintaq orqanı 24 noyabr 2022-ci il tarixli qərarında göstərməmişdir. Təqsirləndirilən şəxsin narkotik maddəni satması və yaxud satış məqsədi ilə saxlamasını təsdiq edəcək mötəbər sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə hər hansı bir şəxslə telefon danışıqları aparılması halı mövcud deyildir. Həmçinin, narkotik vasitəni satmaq üçün alıcı qismində olan şəxsə görüşlərin olmasını və yaxud sosial şəbəkə üzərindən narkotik vasitəni satışı ilə bağlı yazışmalar aparılması istintaq zamanı müəyyən edilməmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilərkən polis əməkdaşları müdafiəçinin sualına cavab verərkən bildirmişlər ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik maddənin satışı ilə deyil, özünün qəbulu ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9- cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdari ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən və ya evindən çıxan narkotik vasitənin ayrı-ayrı bükümlərdə, hələ onun satış üçün əldə olunması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması və ya saxlanılması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, gəlir əldə etmək məqsədi ilə hər hansı şəxsə satılması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş ayrı-ayrı bükümlərdə olan narkotik vasitənin satış məqsədi ilə əldə etməsi, həmin narkotik vasitələri gəlir əldə etmək üçün hər hansı şəxslə satılması barədə razılığa gəlməsi və ya satması faktı təsdiq edilmir. Belə ki, cinayət işi üzrə dindirilmiş şahidlər də həmin halları təsdiq etməmişlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs də evindən aşkar olunan narkotik vasitələri hər hansı bir şəxsə satmaq niyyətinin olmamasını, həmin narkotik vasitələri öz istifadə etmək üçün bükümlərə yığmasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, satılmasını, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Hüquq ədəbiyyatında haqlı olaraq qeyd edilir ki, ittihamın əsasını təşkil edən rəsmi tövsif Azərbaycan Respublikası CPM-da göstərilən qaydada dəqiq müəyyən edilmiş faktiki hallara söykənməlidir. Cinayətin tövsifi prosesində məhz bu faktiki əsasla cinayət tərkibi tutuşdurulmalıdır. Bütün mübahisələr və aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və özünün yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 171,75 qram çəkidə qurudulmuş marixuana, narkotik vasitələrin doldurulmasında və xırdalanmasında istifadə olunan 2 ədəd alət məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 106 (yüz altı) manat 40 (qırx) qəpik məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 171,75 qram çəkidə qurudulmuş marixuana, narkotik vasitələrin doldurulmasında və xırdalanmasında istifadə olunan 2 ədəd alət məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 106 (yüz altı) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar