Məhkəmə qərarları › İş №1(015)-32/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-32/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-32/2024 25.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “28 №-li Yol İstismarı MMC”-də işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 20 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-2106 markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqəsi sayılan Ağstafa rayonu Dağkəsəmən kəndi ilə üzü Qazax rayonu istiqamətində yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkətdə olan zaman həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş və həmin vaxt avtomobil yolunu sol tərəfdən sağ tərəfə keçən piyada X7 vuraraq ona qarının qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, sol budun aşağı 1/3-nin qapalı yerdəyişməli sınığı, sağ çiyin üstünün, sağ dirsək oynağının, sağ budun və sağ qalça tini üzərində sıyrılmış yaralar, sağ budun yuxarı-aşağı 1/3-də qançırları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti almasına, həmin xəsarətlərdən qarının qapalı travması zamanı qaraciyərin cırılması, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində ölməsinə səbəb olmuş, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdəə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayır. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “28 №-li Yol İstismarı MMC”-də işləyir. Zərərçəkmiş şəxs olan mərhum Raya Məlikova həmkəndlisi olmuşdur. Onunla və onun ailə üzvləri ilə əvvəllər aralarında hər-hansı narazılıq olmamışdır. 12 avqust 2023-cü il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayonu Dağ Kəsəmən kəndində Qazax şəhəri istiqamətində məktəbin yaxınlığında 70 km/saat sürətlə hərəkətdə olarkən mərhum Raya Məlikova yolun sol tərəfindən əks tərəfə keçmək istəyərkən yola çıxmış, o, nə qədər çalışsa da avtomobili saaxlaya bilməmiş, ehtiyatsızlıqdan Raya Məlikovanı avtomaşınla vurmuşdur. Hadisədən dərhal sonra təcili tibbi yardıma məlumat vermiş, lakin təcili tibbi yardım işçiləri gec gəldiyi üçün mərhumu özünün idarə etdiyi avtomobilə qoyaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimin yanına yaxınlaşdıqda artıq Raya Məlikovanın ölməsini demişlər. О, spirtli içki, narkotik vasitə, psixotrop maddə qəbul etməmiş, hadisə vaxtı ayıq olmuşdur. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi olan oğlundan üzr istəmiş, sonuncu da onunla barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Ailədə yeganə işləyən şəxs odur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Yaşar Qədiməliyev həmkəndlisidir, onun və ailə üzvlərinin Rüstəmlə və sonuncunun ailə üzvləri ilə aralarında narazılıq, ədavət olmamışdır. 12 avqust 2023-cü il tarixdə saat 20 radələrində o, evdə olduğu vaxt anası mərhum Raya Məlikova zibil tökmək üçün evdən çıxmış, daha sonra yaşadıqları Dağ Kəsəmən kəndində yerləşən evlərinin yaxınlığında məlum hadisənin baş verməsini eşitmişdir. Xəstəxanaya getdikdə artıq anasının ölməsini ona bildirmişlər. Orada öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin gün, saat 20 radələrində ehtiyatsızlıqdan anasını vurmuşdur. Təqsirləndirilən şəxsin özü və ailə üzvləri ondan üzrxahlıq etmişlər, o da üzrxahlıqları qəbul etmiş, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Gənc olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyir. 12 avqust 2023-cü il tarixdə, saat 20 radələrində xidmətdə olarkən polis şöbəsinin Növbətçi Hissəsindən zəng edərək piyadanı avtomobil vurmasını və vuran şəxsin piyadanı xəstəxanaya gətirməsini bildirmişlər. Daha sonra xəstəxanaya getmiş, sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin orada olmasını görmüş və maşınla vurulan şəxsin ad soyadını öyrənərək Növbətçi Hissəyə məlumat vermişdir. Daha sonra əməliyyat qrupu ilə hadisə baş verən yerə - Ağstafa rayonunun Dağ Kəsəmən kəndinə getmişlər. Təqsirləndirilən şəxs hal şahidlərinin iştirakı ilə alkotestr müayinəsindən keçirmiş, onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Qazax-Ağstafa avtomobil yolunun Ağstafa rayonunun Dağkəsəmən kəndindən keçən hissəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 7 metr olmaqla, yol asfaltbeton örtüklü və quru vəziyyətdə olmuşdur. Yol örtüyünün ümumi eni 14 metr olmaqla sağ tərəfdə 3,5 metr enində piyada səkisi, sol hissəsində isə 2,5 metr enində yol çiyni yerləşir. Piyadanı vurma Qazax şəhəri istiqamətində sağ piyada səkisindən 5,2 metr məsafədə baş vermişdir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisədən öncə avtomobil Qazax şəhəri istiqamətinə hərəkət etmişdir. Piyada avtomobilin qabaq hissəsi ilə vurulmuşdur. Hadisə yaşayış məntəqəsində baş vermişdir. İş materiallarında olan sərxoşluğun təyini aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan АЕ 336214 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına Tovuz RQİ TBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü il tarixli 20 nömrəli ekspert rəyindən görünür ki, X6 meyitində aşağıdakı qarının qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, sol budun aşağı 1/3-nin qapalı yerdəyişməli sınığı, sağ çiyin üstünün, sağ dirsək oynağının, sağ budun və sağ qalça tini üzərində sıyrılmış yaralar, sağ budun yuxarı-aşağı 1/3-də qançırlar xəsarətləri olmuşdur, xəsarətlər həyatidirlər, X9 ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. X9 ölümü qarının qapalı travması zamanı qaraciyərin cırılması, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində baş vermişdir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 8/2779 nömrəli rəyində göstərilmişdir ki, VAZ-2106 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Sabir Məlikovun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində xx.xx.2014-cü il təvəllüdlü Yaşar və xx.xx.2019-cu il təvəllüdlü Ruslan adlı iki uşağı vardır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlarla yanaşı ata-anası və arvadı da onun himayəsindədir. Onlar heç biri işləmir. Ailədə yeganə işləyən və evə qazanc gətirən yalniz özüdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs atası X3 Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Həmçinin, təqdim olunmuş vəsiqənin sürətindən görünür ki, təqsirləndirilən şəxsin yaxın qohumu olan X4 Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə “Qızıl Ulduz” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMCdən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını, qəzadan sonra zərərçəkmiş şəxsi xəstəxanaya apararaq zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, atasının müharibə iştirakçısı olmasını və onun yaxın qohumu X1 “Qızıl Ulduz” medalı ilə təltif olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri, bundan başqa, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, cəzasını ağırlaşdıran halın olmamasını, habelə, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayıb ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunmasını məqsədmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş VAZ-2106 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi R. Qədiməliyevin istifadəsində saxlanılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş VAZ-2106 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar