Məhkəmə qərarları › İş №1(015)-32/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-32/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-32/2025 11.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qazax rayonu, Daşsalahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdə təxminən saat 12:10 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa şəhəri ərazisindən keçən 464-cü kilometrliyində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq müvafiq etibarnamə olmadan qeyd edilən Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı-qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozaraq 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə etdiyi “VAZ-21061” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşısı ilə eyni istiqamətdə hərəkətdə olaraq sağa doğru dönmək istəyən nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün avtomobili sağa yönəldəndə avtomobilin ön sağ hissəsi ilə yolun sağ kənarında dayanmış piyada X8 vurması nəticəsində sonuncuya sağ döş qəfəsinin 5-6-7-ci qabırğalarının yerdəyişməli sınığı, sol bud sümüyünün, sağ qamış sümüyünün və incik sümüyünün aşağı və yuxarı 1/3-nin yerdəyişməli sınıqları, sol ağciyərlərin deşilmiş yaraları, daxili qanaxma, bədənin qançır və sıyrılmış yaraları ilə müşayiət edilən xəsarətlər yetrilməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 12:10 radələrində qardaşı X1 məxsus olan “VAZ-21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazax rayonu Daşsalahlı kəndindən Ağstafa şəhərinə getmək üçün Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq Ağstafa rayonu istiqamətində 70 km-saat suürətlə hərəkətdə olarkən Ağstafa şəhəri ərazisində qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan dövlət qeydiyyat nişanını görə bilmədiyi göy rəngli “VAZ- 21214” markalı avtomobil sola dönmə xarici işıq siqnalını yandırıb yolun sol kənarındakı yolayırıcıya daxil olmaq üçün sola yönəlmiş, qeyd edilən avtomobilə yaxınlaşdıqda isə həmin avtomobil soldan sağa doğru manevr edərək qarşısında çıxanda toqquşmadan yayınmaq üçün məqsədi ilə əyləcə basaraq avtomobili sağa burmuş və həmin zaman avtomobilin ön sağ hissəsi ilə yolun sağ kənarında dayanmış piyada X8 vurmuşdur. Bundan sonra təcili tibbi yardıma zəng etmiş, piyadan əvvəl Ağstafa, sonra Qazax RMXna aparmış, lakin Rəhim Rəhimov saat 14:50 radələrində Qazax RMX-da vəfat etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş, sonuncu da onunla barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, mərhum X10 atası olmuş, sağlığında onunla bir evdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə atası Rəhim torpaq sahəsinə getmək üçün evdən çıxmış, ondan bir neçə dəqiqə sonra təxminən saat 13 radələrində evdə olduğu zaman ona zəng edilərək atasının Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Qazax RMX-na aparıldığı bildirilmişdir. Dərhal xəstəxanaya getmiş və atası 1-2 saat sonra xəstəxanada ölmüşdür. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 05 dekabr 2024-cü il tarixli rəyinə əsasən VAZ-21061 markalı 35BX554 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimim sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 21 iyul 2024-cü il tarixli 12 nömrəli rəyində görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ döş qəfəsinin 5-6-7-ci qabırğalarının yerdəyişməli sınığı, sol bud sümüyünün, sağ qamış sümüyünün və incik sümüyünün aşağı və yuxarı 1/3-nin yerdəyişməli sınıqları, sol ağciyərlərin deşilmiş yaraları, daxili qanaxma, bədənin qançır və sıyrılmış yaraları. Qeyd edilən xəsarətlər həyatidirlər. R.V.Rəhimovun ölümündən əvvəl – küt əşyanın təsirindən yaranmışdır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ondan şikayətçi deyil, gələcəkdə də heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli 209 nömrəli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il təvəllüdlü X4 adlı bir uşağı vardır. İş materiallarından görünür ki, maddi sübut olan “VAZ-21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X1 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək AE-338630 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin şəxsin ondan şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza, birinci növbədə, təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan saxlanılması üçün sahibi X1 qaytarılmış “VAZ-21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində saxlanılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzanın icra olunaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan saxlanılması üçün sahibi X1 qaytarılmış “VAZ-21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar