Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-33/2025 03.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.2000-ci ildə Ağstafa rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Qarayazı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1992-ci ildə Goranboy rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu İrəvanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qəbaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 yanvar 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ-2106” markalı ** BC *** qeydiyyat nişanlı avtomobili ilə Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində, Zərərçəkmiş şəxs faktiki istifadəsində olan fermanın ərazisindən, sonuncunun mülkiyyətində olan, istafadə olunmayan, elektrik xəttindən ayrılmış 550 manat dəyərində 40 kVA gücündə olan TM markalı transformatoru götürüb gedərək, Zərərçəkmiş şəxs 550 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qəbaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 yanvar 2024-cü il tarixdə saat 22 radələrində sonuncunun idarə etdiyi “VAZ- 2106” markalı ** BC *** qeydiyyat nişanlı avtomobili Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində, Zərərçəkmiş şəxs faktiki istifadəsində olan fermanın ərazisindən, sonuncunun mülkiyyətində olan, istafadə olunmayan, elektrik xəttindən ayrılmış 550 manat dəyərində 40 kVA gücündə olan TM markalı trasformatoru götürüb gedərək, Zərərçəkmiş şəxs 550 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Qarayazı qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, dəmir parçalarının alqı satqısı ilə məşğul olur. Əsasən Qazax və Ağstafa rayonları ərazisində metal yığıb Tovuz rayonunun Cəlilli kəndinə aparıb satır. Goronboy rayon sakini Təqsirləndirilən şəxs2 təxminən 4 ildir ki, tanıyır. Onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Ramillə birlikdə metal məmulatları yığmaqla məşğul olur. Qazax və Ağstafa rayonları ərazisində onun idarə etdiyi **-BC-*** qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobillə gəzib həyətlərdən, zibilxanalardan dəmir parçalarını yığmışlar. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində dəmir yığan vaxt həmin ərazidə yerləşən fermanın yaxınlığında açıq sahədə 01 ədəd transformator görmüşlər. Həmin transformatorun elektrik naqilləri elektrik xəttindən ayrılmışdır. Qeyd olunan ərazidən uzaqlaşdıqdan sonra yenidən trasformatorun olduğu yerə gəlib onu avtomobilin arxa salonuna yerləşdirib Ağstafa rayonu Vurğun qəsəbəsinə gəlib trasformatoru kirayədə qaldığı evin həyətinə qoymuşlar. Ramil həmin gecə Qazax şəhərinə kirayə qaldığı evə qayıtmış, səhəri gün o, həmin transformatoru Tovuz şəhərinə aparıb Seymur adlı şəxsin metal qəbulu sexində 110 manata satmış və onlar həmin pulu metal alıb satmaq üçün istifadə etdikləri pulun üzərinə qoymuşlar. Transformatoru satan vaxt onun oğurluq olmasını deməmiş, alan şəxs də transformatorun oğurluq olmasını bilməmişdir. Təxminən 1 ay sonra transformatoru sahibinə qaytarmışlar. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ailəlidir, 2 uşağı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2009-cu ildən dəmir parçalarının alqı satqısı ilə məşğul olur. Əsasən Qazax və Ağstafa rayonları ərazisində metal yığıb Tovuz rayonunun Cəlilli kəndinə aparıb satır. xx.xx.2024-cü il tarixdən yuxarıda qeyd etdiyi işlə əlaqədar olaraq Qazax şəhərinə gəlib Göyçə marketin yaxınlığında Almaz adlı şəxsin evində günü 4 manat müqabilində qalmış, Ağstafa rayonunun Qarayazı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 3-4 il olar ki, tanıyır, onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Qazax rayonuna gələn dövrdən Talehlə birlikdə metal məmulatları yığmaqla məşğul olmuşdur. Qazax və Ağstafa rayonları ərazisində Talehin idarə etdiyi **-BC-*** qeydiyyat nişanlı VAZ- 2106 markalı avtomobillə gəzib həyətlərdən, zibilxanalardan dəmir parçalarını yığmışlar. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisində dəmir yığan vaxt həmin ərazidə yerləşən fermanın yaxınlığında açıq sahədə 01 ədəd qırılmış vəziyyətdə transformator görmüşlər. Həmin transformatorun elektrik naqilləri elektrik xəttindən ayrılmışdır. Borcları olduğu üçün həmin transformatoru götürüb satmaq qərarına gəlmişlər. Daha sonra oradan ayrılıb Qazax şəhərinə gəlmiş və həmin gün axşam saat 22 radələrində Talehin idarə etdiyi avtomobillə trasformatorun olduğu yerə gəlib transformatoru avtomobilin arxa salonuna yerləşdirib Ağstafa rayonu Vurğun qəsəbəsinə gəlib trasformatoru Talehin kirayədə qaldığı evin həyətinə qoymuşlar. O, həmin gecə Qazax şəhərinə kirayə qaldığı evə qayıtmış, səhəri gün Taleh həmin transformatoru Tovuz şəhərinə aparıb metal qəbulu sexinə 110 manata satmış və həmin pul ilə Taleh borclarını ödəmişdir. Hazırda transormatoru zərərçəkmiş şəxsə qaytarmışlar. Əməlindən peşmandır, himayəsində 2 azyaşlı uşağı var, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Ağstafa rayonu Dağ Kəsəmən kəndində ona məxsus olan ferma var, lakin həmin fermanı özü işlətmir. Həmin fermanı həyat yoldaşının dayısı olan Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Kərəm Qafarova işlətməyə vermişdir. Kərəm yaşlı olduğu üçün oranı oğlu Mədət işlətmişdir. Həmin fermada xırda buynuzlu heyvanlar saxlatdırmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında ona Kərəm zəng vuraraq bildirmişdir ki, oğlu Mədət ona xəbər edərək fermanın yaxınlığına təxminən 20 il əvvəl qoyduğu 40-lıq transformator naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, bunu eşidib fermaya gəlib görmüşdür ki, həqiqətən də trasformatoru aparıblar. Transformatorun yağı yerə tökülmüşdür. O, baş vermiş oğurluq barədə polisə məlumat vermişdir. O həmin transformatoru Bakı şəhərindən 1400 manata almışdır. Həmin transformatoru son dövrlər işlətməmişdir. Transformatorun üzü paslansa da işlək vəziyyətdə olmuşdur. Trasformatoru işlətmədikləri üçün elektrik xəttindən ayırmışlar. Transformatoru su artizan quyusu üçün qoydurmuşdur. Ona baş vermiş oğurluq hadisəsi nəticəsində 1400 manatlıq ziyan dəymişdir. Polis əməkdaşları transformatoru oğurlayan şəxsləri müəyyən etdikdən sonra onu oğurlayan şəxslər ona dəymiş maddi ziyanı tam ödəmişdirlər. Onun maddi ziyanla bağlı transformatoru oğurlayanlardan heç bir şikayəti və tələbi yoxdur. Həmin transformator heç bir idarə və müəssisənin olmamışdır. Transformator onun şəxsi mülkiyyəti olmuşdur. Həmin transformator ancaq onun ferması üçün qoyulub və tək onun ferması üçün istifadə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq ASC-nin Ağstafa EŞ-nin baş mühəndisi vəzifəsində işləyir. Ağstafa rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Ağstafa rayonunda, magistral yolun yaxınlığında, Qarahəsənli kəndində yerləşən fermanın ərazisində heç bir elektrik naqilinə qoşulmamış 40 kVA gücündə olmuş transformatorun yerləşdiyi ərazidə olmuşlar. Həmin yerdə transformatorun heç bir detalı olmamış, lakin həmin ölçüdə transformator orada yerləşə bilər, ölçüləri uyğundur. Hadisənin baş verdiyi yerə transformatorun yağı dağılmışdır. Həmin transformatorun heç ictimai əhəmiyyətliliyi olmamış, yəni gələcəkdə həmin ərazidə yaşayan şəxslərin istifadəsinə verilməsi heç bir halda planda olmamışdır. Həmin transformator şəxsi mülkiyyətdə, yəni Zərərçəkmiş şəxs mülkiyyəti olmuşdur. Həmin transformatordan əlavə olaraq heç kim istifadə etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, N.Nərimanov küçəsi 7/2-də yaşayır. Tovuz rayonu Cəlilli kəndində X1 məxsus metal qəbulu məntəqəsində satıcı kimi işləyir. Ağstafa rayonu Qarayazı qəsəbə sakini Təqsirləndirilən şəxs1 tanıyır. Onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Taleh uzun müddətdir ki, metal yığıb gətirib onların məntəqǝsinə satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində məntəqədə olan vaxt Taleh idarə etdiyi 35- BC-063 qeydiyyat nişanlı VAZ- 2106 markalı avtomobillə məntəqəyə gəlmiş, Talehin yanında heç kim olmamışdır. Taleh həmin vaxt avtomobilində bir ədəd transformator gətirmişdir. Həmin transformator paslanmış vəziyyətdə olmuşdur. Transformatoru avtomobildən düşürdüb tərəzidə çəkib çəkisinə uyğun olaraq Talehə 110 manat pul vermişdir. Sonra Taleh çıxıb getmişdir. Sonra həmin transformatoru Bakı şəhərinə metallarla birlikdə zavoda əridilmək üçün satmışdır. Həmin transformatorun oğurluq olduğunu bilməmişdir. Taleh onların uzun müddətli daimi müştərisi olmuşdur. Həmişə Taleh onlara dəmir və digər metal məhsulları gətirib satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fermaya məxsus ərazidən 01 ədəd TM markalı, 40 kVA gücündə transformator oğurlanmışdır. İş materiallarında olan Məhkəmə-əmtəşünaslıq ekspertizasının 06 aprel 2024-cü il tarixli 9/2319 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd TM markalı, 40 kV A gücündə transformatorun uzun müddət istifadə də olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına qədər olan orta bazar qiyməti nəzəri qaydada təxminən 550,00 manat müəyyən olunur. Tədqiqat obyekti tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa Rayon Məhkəməsinin həmin tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, o, qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 279965/2022 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırki cinayəti törətməsi cinayətin residivini yaratmır. Lakin, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Qayıbov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. O, hazırki cinayət əməlini isə həmin cəzanı çəkib qurtarığı gündən bir il keçməmiş, yəni 29 yanvar 2024-cü il tarixdə törətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvəllər törətdiyi oğurluq cinayətlərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsə də islah olunmayaraq yenidən oğurluq cinayətini törətməsini, məhkumluğunun ödənilməməsini nəzərə alaraq ona CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınaraq ona CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00dək yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı ona münasibətdə hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 münasibətdə hökmün icrası Goranboy Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-33/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-33/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver