Məhkəmə qərarları › İş №1(015)-34/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-34/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-34/2025 29.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Kamalədin oğlunun iştirakları ilə, xx.xx.1985-ci il ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, Qazax rayonunun Hüseynbəyli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla, yəni nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və alkoqollu içkilərin qəbulu nəticəsində yaranmış sərxoş halda idarə etdiyi «VAZ-21074» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Qarahəsənli kəndinin ərazisindən keçən Hüseynbəyli-Poylu avtomobil yolu ilə Poylu kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yəni yol-hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcək sürətlə idarə etməli, avtomobilini öz hərəkət zolağı ilə idarə etməli, 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı sol hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkəti üçün təhlükə yaratmayaraq hadisənin qarşısını almalı olduğu halda, bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirib avtomobili qarşı hərəkət zolağına çıxararaq həmin zolaqda Hüseynbəyli kəndi istiqamətində hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi VAZ- 21011 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı 1/3-nin yerdəyişməli sınığı və sol bazu sümüyünün anatomik boynunun qəlpəli sınığı xəsarətləri ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və alkoqollu içkilərin qəbulu nəticəsində yaranmış sərxoş halda şəxs tərəfindən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, onun avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Ağstafa rayonunun Düz Qışlaq kəndində bir nəfərlə görüşməli olduğundan idarə etdiyi avtomobillə kəndlərindən çıxıb Hüseynbəyli-Poylu yolu ilə avtomobilini idarə etməyə başlamışdır. Günortadan evdə bir qədər spirtli içki qəbul etmişdir. O, avtomobilini az surətlə idarə etmişdir. Ağstafa rayonunun Qarahəsənli kəndi ərazisində yerdə işarələrlə müəyyən edilən dairənin tələblərinə riayət etməyərək dairənin ortası ilə sürdüyü üçün manevr etmə qadasını pozaraq qarşı hərəkət zolağına keçmişdir. Həmin vaxt Hüseynbəyli kəndi istiqamətində gələn VAZ-21011 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobil öz yolu ilə gəlmişdir. O, öz yoluna qayıtmaq istəyəndə Ruslan onu özünün hərəkət istiqamətin də gəldiyini gördüyü üçün sükanı sola tərəf çəkmiş və həmin vaxt yolun ortasında toqquşma baş vermişdir. Avtomobillərin qabaq hissələri toqquşmuşdur. Avtomobillər toqquşmadan sonra yolda, yəni toqquşma yerində dayanmışlar. Toqquşma nəticəsində VAZ-21011 markalı avtomobildə olan sərnişinlər xəsarət almışlar. Həmin sərnişinlər də onun həmkəndliləri olmuşdur. O, törətdiyi əməldən peşmandır. O, dairəyə düzgün girsə idi və öz hərəkət hissəsi ilə hərəkət etsə və telefonla musiqi qoymağa cəhd etməsə idi, yol nəqliyyat hadisəsi baş verməzdi. Toqquşmadan əvvəl onun avtomobilinin qabağında başqa avtomobil olmamışdır. O, sərxoş olduğu üçün qarşı hərəkət zolağına çıxmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş və onlara dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmış, hazırda məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailəsini dolandırmaq üçün Ağstafa rayonunun Qarahəsənli kəndində şəxsi təsərrüfatlarda günəmuzd işləyib ailəsini saxlayır. Şahid1 və Təqsirləndirilən şəxs tanıyır. Onlar onun həmkəndliləridir. Onun onlarla heç bir ədavəti və düşmənçiliyi olmayıbdır. Ruslan da Qarahəsənli kəndində onlarla birlikdə işləyir. İşdən çıxanda onu və digər şəxsləri Ruslan idarə etdiyi avtomobillə evlərinə qaytarır. İşlərini qurtardıqdan sonra Ruslanın idarə etdiyi avtomobillə kəndlərinə qayıtmışlar. Sevda qabaqda, Aybəniz və o arxada oturmuşlar. Ruslanın idarə etdiyi avtomobillə Nəsibin idarə etdiyi avtomobil toqquşmuşlar. Avtomobillər toqquşmadan sonra yolda, toqquşma yerində dayanmışlar. Toqquşma nəticəsində o və avtomobildə olan digər sərnişin xəsarət almışdır. Həmin avtomobili idarə edən Nəsib dairəni düzgün dönməyib onların yoluna çıxmışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, VAZ-21011 markalı ** BJ *** qeydiyyat nişanlı markalı avtomobili etibarnamə ilə idarə edir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Təqsirləndirilən şəxs tanıyır. O, onun həmkəndlisidir. Onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. O, Ağstafa rayonunun Qarahəsənli kəndində üzüm bağlarında fəhləlik edir. Onunla birlikdə üzüm bağlarında həmkəndlisi X3, Şahid2 və Şahid3 da işləyirlər. O, avtomobili ilə həmin sahəyə gedib gəlir. Həmin qadınlar da onunla gedib gəlirlər. 13 may 2024-cü il tarixdə saat 18 radələrində işlərini qurtardıqdan sonra idarə etdiyi avtomobillə kəndlərinə gələndə Sevda qabaq oturacaqda, digərləri isə arxada oturmuşlar. O, avtomobilini Hüseynbəyli-Poylu yolu ilə Hüseynbəyli kəndi istiqamətində təxminən saatda 50-60 km sürətlə idarə edib Bakı-Qırmızı Körpü avtomobil yolunun üstündə tikilmiş körpüyə çatmağa təxminən 50 metr qalmış Poylu kəndi istiqamətində hərəkət edən ** CJ *** qeydiyyyat nişanlı VAZ-21074 markalı avtomobil yerdə işarələrlə müəyyən edilən dairənin tələblərinə riayyət etməyib dairənin ortası ilə onun hərəkət zolağıma daxil olmuşdur. Onun yolda görmə məhdudiyyəti həmin dairəyə qədər olduğu üçün o əvvəldən həmin avtomobili görə bilməmişdir. Məsafə yaxın olduğu üçün o heç bir şey edə bilmədiyindən. VAZ-21074 markalı avtomobil dairədən onun yolu ilə hərəkət edib onun yolunda toqquşmuşdur. Toqquşma Ağstafa rayonunun Qarahəsənli kəndi ərazisində avtomobillərin qabaq hissələri arasında baş vermişdir. Avtomobillər toqquşmadan sonra yolda, yən toqquşma yerində dayanmışlar. Toqquşma nəticəsində onun avtomobilində olan sərnişinlər xəsarət almışlar. Hadisə nəticəsində o heç bir xəsarət almamışdır. O sürücülük hüquq olmadan avtomobili idarə etdiyi üçün əməlimdən peşmandır. Toqquşmadan sonra bilmişdir ki, onun avtomobili ilə toqquşan avtomobili idarə edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdir. Toqquşmadan əvvəl onun avtomobilinin qabağında başqa avtomobil olmamışdır. VAZ-21074 markalı avtomobili o avtomobillər arasında təxminən 50 metr qalmış görmüş və həmin avtomobil onların hərəkət zolağına daxil olmuşdur. VAZ-21074 markalı avtomobilin qarşısında hər hansı bir maneə olmamışdır. Həmin avtomobili idarə edən Nəsib dairəni düzgün dönməmiş və onların yola çıxmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, dəymiş ziyanı ödəmişdir, o da Nəsiblə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid2 və Yusifova X1 Ruslan Yaşar oğlu ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan hadisə yerinə baxış protokollarından görünür ki, hadisə Hüseynbəyli-Poylu yolunun Ağstafa rayonunun Qarahəsənli kəndindən keçən hissəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 4 metr olmaqla, yol asfaltbeton örtüklü və yaş vəziyyətdə olmuşdur. Yol örtüyünün ümumi eni 08 metr olmaqla sağ və sol hissəsində yol çiyini yerləşir. Sağ çiyinin eni 1,8, sol çiyinin eni 80 santımetrdir.. Toqquşma Poylu kəndi istiqamətində yolun sağ kənarından 4,7, sol kənarından 3,3 metr məsafədə baş vermişdir. Hadisə yerində avtomobillərə məxsus sürtünmə və tormoz izi aşkar edilməmişdir. Hadisədən sonra VAZ-21074 markalı avtomobil yolun ortasında Poylu istiqamətinə, VAZ-21011 markalı avtomobil isə Hüseynbəyli istiqamətinə dayanmışdır. Toqquşma asfalt üzərində işarələnmiş dairədən Poylu kəndi istiqamətində 43,75 metr məsafədə baş vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 378 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sağ bud sümüyünün aşağı 1/3-nin yerdəyişməli sınığı və sol bazu sümüyünün anatomik boynunun qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 20 dekabr 2024-cü il tarixli 8/3358 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında görünür ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında alkotestr ayışından göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Ağstafa RPŞ-nin 29 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin portal sistemində sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında görünür ki, Qazax RİHB-nin Hüseynbəyli kənd İƏD üzrə nümayəndəsindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ərizələrdən görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs Ağstafa RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (Sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibinə təhvil verilmiş VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin istifadəsində saxlanılmalı, hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibinə təhvil verilmiş “VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. İş üzrə ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar