Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-36/2023 30.03.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişlər. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağstafa-Qazax mənzilinin 4 km pk 7, 8, 9-da "xxxx" QSC-nə məxsus ümumi dəyəri 114,70 manat dəyərində yarım-yaralı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığını öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağstafa-Qazax mənzilinin 4 km pk 7, 8, 9-da "xxxx" QSC-nə məxsus ümumi dəyəri 114,70 manat dəyərində yarım-yaralı 71 ədəd R- 50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığını öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Həmin cinayət işi Gəncə stansiyasında xətt polis şöbəsinin İstintaq və təhqiqat qrupunun müstəntiqi, polis baş leytenantı X1 tərəfindən 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddəsi ilə başlanmış, ittiham aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, Gəncə şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Müdafiəçi3 ittiham aktı düzgün tərtib olunmadığından cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Müdafiəçi4 ittiham aktı düzgün tərtib olunmadığından cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslarla cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan tarixdə "xxxx" QSC-nə məxsus ümumi dəyəri 114,70 manat dəyərində yarım-yaralı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığını öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişlər. Qeyd olunan cinayət əməlinə görə hər iki təqsirləndirilən şəxsə qarşı CM-nin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqları pozulmaqla, tərtib edilən ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamış, işin ibtidai istintaq mərhələsində kobud qanun pozuntusuna yol verilmişdir. Hər iki təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli dəmir yolu xəttindən oğurluq etməyə cəhd göstərmələri düzgün tövsif olunmamış, onların CM-in 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmələri göstərilməli olduğu halda, təqsirləndirilən şəxslərin CM-in 29,177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri qeyd edilmişdir. İbtidai istintaqın gəldiyi nəticəyə nəzər yetirdikdə görünür ki, əməl iki şəxs tərəfindən və icitimai əhəmiyyətə malik olan dəmir yolu xəttinə münasibətdə törədilməyə cəhd edilmiş, şəxslərin iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır və bu cinayət etməyə cəhd hesab olunur. Bu halda cinayət etməyə cəhd, hər iki tövsifedici əlamətlərə malik olan xüsusi normalara şamil edilməlidir. Yəni, cinayət əməlini törədən şəxslər bir qrup şəkilində təşkil olunmaqla oğurluğu öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, həmçinin ictimai əhəmiyyətə malik olan dəmir yolu xəttinə münasibətdə əmlakları oğurlaya bilməmişlər. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş hər iki maddə üzrə CM-nin 29-cu maddəsi tətbiq edilməli olduğu halda CM-nin 29-cu maddəsi yalnız bir qrup şəkilində təşkil olunmaqla oğurluq ittihamı üzrə tətbiq olunmuş, icitimai əhəmiyyətə malik olan dəmir yolu xəttinə münasibətdə əmlakın oğurlanması ilə bağlı tətbiq edilməmiş, beləliklə, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlarda təqsirləndirilən şəxslərin əməlləri düzgün qeyd olunsa da əməllərin tövsifi rəqəm ifadəsi ilə düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.3.3-cü maddəsinin tələbinə görə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin başa çatdırılmamasının səbəbləri göstərilməlidir. Bundan başqa, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi qeyd olunmalıdır. Həmin Məcəllənin CPM-in 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı ümumi hüquqi mövqeyə əsasən, şəxs cinayət təqibi orqanı tərəfindən onun barəsində məhz faktiki araşdırma aparıldığı andan müdafiə hüququna malikdir və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlar təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Cinayət işlərində bu təminatlar polis tərəfindən həyata keçirilən ibtidai istintaqlara şamil olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi– hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Habelə, ittihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd olunanlar konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüququdur ki, o, nədə təqsirləndiyini bilsin (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi). Təqsirləndirilən şəxsə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya ittihamın mahiyyətinin dəqiq müəyyən edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, habelə cinayət prosessual qanunvericiliyi ilə bilavasitə hüquqlarını müdafiə etməsi üçün nəzərdə tutulmuş imkanlardan vaxtında və səmərəli istifadə etməməsi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, nəticə etibarı ilə bu da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. CPM-in 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırki iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə ittiham elan edilərkən və ittiham aktı tərtib olunarkən onların hansı səbəbdən oğurluq cinayətini başa çatdıra bilməmələri qeyd olunmamaqla və cinayət qanununun maddəsi düzgün göstərilməməklə CPM-in 289-cu maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları kobud şəkildə pozulmuş, eyni zamanda, ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır ki, bu hallar Azərbaycan Respublikası CPM-in müvafiq olaraq 303.3.1-ci və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Ona görə də Azərbaycan Respublikası CPM-in 303.3.1-ci və 303.3.6-cı maddələrinin tələblərinə əsasən, müvafiq olaraq təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulduğu, ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərin barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-36/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-36/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver