Məhkəmə qərarları › İş №1(015)-37/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-37/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-37/2023 21.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X23 Rəsulovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:10-da Ağstafa rayon Polis şöbəsinin (RPŞ-nin) əməkdaşları tərəfindən Ağstafa şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılaraq saat 13:20-də Ağstafa RPŞ-nə gətirilmiş, Ağstafa RPŞ-nin inzibati binasında saat 13:55-dən 14:08-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun əlində olan 1 ədəd göy rəngli poletelen torbadan təmiz çəkisi 410 qram təşkil edən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İttiham tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar: şəxsi axtarış və götürmə aparılması haqqında 01 noyabr 2022-ci il tarixli protokol və videoçəkiliş, şahid ifadələri, şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi protokolları, Məhkəmə Ekspertizası Mərkəzinin 16/1250 №-li, 02 noyabr 2022-ci il tarixli ekspert rəyi, 1808 №-li 30 noyabr 2022-ci il tarixli ambulator məcburi-narkoloji ekspertizanın rəyi, subutların qiymətləndirilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərar təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ailəlidir, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 01 noyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində, səhər saatlarında Ağstafa rayon Polis şöbəsinin yaxınlığındakı Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Ağstafa filialının qarşısında ictimai nəqliyyatdan düşüb hərəkət edərkən, mülki geyimdə iki nəfər şəxs ona tərəf yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, onu polis şöbəsinə aparmışlar. Sonradan həmin şəxslərin Azad və Əli adlı polis əməkdaşları olduğunu öyrənmişdir. Polis şöbəsində olarkən, o, polis əməkdaşları tərəfindən döyülmüş və daha sonra təzyiqlərə dözməyərək narkotik vasitə olan qurudulmuş marixuananı Kür çayının sahilinin Ağstafa rayonu Poylu qəsəbəsindən keçən hissəsindəki su hövzəsindən yabanı halda bitən çətənə kollarından yığıb toplayaraq evə gətirib öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Halbuki, onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onun ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Göstərilənləri, nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin Post-patrul xidməti Bölüyünün (PPXB-nin) polis nəfəri, polis serjantı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə bir nəfər şəxs özünü şübhəli apardığından şəxsi axtarış aparılması üçün saat təxminən 13:20 radələrində Ağstafa rayon Polis şöbəsinə gətirilmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli poletelen torbada olan narkotik maddəyə oxşar əşyanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış və bu haqda protokol tərtib edilmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin Kriminalistik tədqiqatlar qrupunun (KTQnin) baş inspektoru, polis leytenantı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə bir nəfər şəxs özünü şübhəli apardığından şəxsi axtarış aparılması üçün saat təxminən 13:20 radələrində Ağstafa rayon Polis şöbəsinə gətirilmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra onun tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində üzərində hər-hansı bir qeyri-qanuni əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli poletelen torbada olan narkotik maddəyə oxşar əşyanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə oxşar kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisi 420 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılaraq bu haqda protokol tərtib edilmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin (CAB) əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri, H.Əliyev prospektində tək piyada hərəkət edən zaman X10 birgə saxlayaraq üzərinə baxış keçirilməsi üçün saat 13:20 radələrində Ağstafa rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkili X6 iştirakı ilə Ağstafa RPŞ-nin inzibati binasında təhqiqatçı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni və qanunsuz saxladığı digər əşyanı könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli poletelen torbada olan kütləni təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli, ot şəkilli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 420 qram olduğu müəyyən edilmiş və sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs də həmin narkotik vasitə olan qurudulmuş marixuananı Kür çayının sahilinin Ağstafa rayonu Poylu qəsəbəsindən keçən hissəsindəki su hövzəsindən yabanı halda bitən çətənə kollarından yığıb toplayaraq evə gətirib öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza atmışdır. Şahid X19 təqsirləndirilən şəxs Xəqani Limon oğlu X1 birgə tutduğunu bildirsə də sonradan ifadəsini dəqiqləşdirərək, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağstafa şəhəri, H.Əliyev prospektində tək piyada hərəkət edən zaman X21 və Azad Məhəd oğlu Vəkilov tərəfindən tutularaq onlara təhvil veridiyini bildirmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin X11 Cinayət-axtarış Bölməsinin (CAB) əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləmiş, hal-hazırda Gəncə şəhəri 1-ci Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri, H.Əliyev prospektində tək piyada hərəkət edən zaman X12 birgə saxlayaraq üzərinə baxış keçirilməsi üçün saat 13:20 radələrində Ağstafa rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkili X6 iştirakı ilə Ağstafa RPŞ-nin inzibati binasında təhqiqatçı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni və qanunsuz saxladığı digər əşyanı könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli poletelen torbada olan kütləni təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli, ot şəkilli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 420 qram olduğu müəyyən edilmiş və sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs də həmin narkotik vasitə olan qurudulmuş marixuananı Kür çayının sahilinin Ağstafa rayonu Poylu qəsəbəsindən keçən hissəsindəki su hövzəsindən yabanı halda bitən çətənə kollarından yığıb toplayaraq evə gətirib öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza atmışdır. Şahid X15 təqsirləndirilən şəxs Xəqani Limon oğlu X2 birgə tutduğunu bildirsə də sonradan ifadəsini dəqiqləşdirərək, həqiqətəndə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağstafa şəhəri, H.Əliyev prospektində tək piyada hərəkət edən zaman X21 və Azad Məhəd oğlu Vəkilov tərəfindən tutularaq onlara təhvil veridiyini bildirmişdir. Məhkəmənin iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Azad Məhəd oğlu Vəkilov ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin X14 (PB) rəisi, polis kapitanı vəzifəsində işləyir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs tutulan zaman o, orada olmadığını və X16 başqa bir narkotik vasitə istifadəçisi ilə bağlı əməliyyat tədbirində iştirak etdiyini bildirsə də sonradan ifadəsini dəqiqləşdirərək, həqiqətəndə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağstafa şəhəri, H.Əliyev prospektində tək piyada hərəkət edən zaman saxlayaraq üzərinə baxış keçirilməsi üçün Ağstafa rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin (CAB) əməliyyat müvəkkilləri X17 və X13 təhvil veridiyini bildirmişdir. Məhkəmənin iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) X8 Qrupunun (NQMQ) baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs tutulan zaman o, orada olmadığını və Azad Məhəd oğlu Vəkilovla başqa bir narkotik vasitə istifadəçisi ilə bağlı əməliyyat tədbirində iştirak etdiyini bildirsə də sonradan ifadəsini dəqiqləşdirərək, həqiqətəndə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağstafa şəhəri, H.Əliyev prospektində tək piyada hərəkət edən zaman saxlayaraq üzərinə baxış keçirilməsi üçün Ağstafa rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin (CAB) əməliyyat müvəkkilləri X17 və X13 təhvil veridiyini bildirmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 noyabr 2022-ci il tarixli protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixində, saat 13:20 radələrində Ağstafa şəhəri H.Əliyev prospektində tək piyada hərəkət edən zaman saxlanılaraq Ağstafa rayon Polis şöbəsinə gətirilmişdir. Ağstafa rayon Polis şöbəsinin inzibati binasında ona təyin edilmiş vəkil X6 iştirakı ilə təhqiqatçı X9 tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli poletelen torbada olan kütləni təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli, ot şəkilli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 420 qram olduğu müəyyən edilmiş və sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı Kür çayının sahilinin Ağstafa rayonu Poylu qəsəbəsindən keçən hissəsindən su hövzəsindən yabanı halda bitən çətənə kollarından öz şəxsi istifadəsi üçün yığıb toplayaraq evə gətirib üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış saat 13:55-də başlanmış, 14:08-də bitmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1250 nömrəli rəyindən görünür ki «Şübhəli şəxs Təqsirləndirilən şəxs» yazı və imzalar olan rəngli poletelen paketdəki təmiz çəkisi 410 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. (410 qram marixuanadan 0,2 qram ekspertiza tədqiqatına sərf edilmiş, 409,8 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1080 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-c il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Ağstafa MSY-dən azad edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin n əzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmuş, həmin tarixdə o, məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş, o, həbsdən azad olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər ziddiyyətli ifadələr verdiyindən müdafiə tərəfinin vəsatəti əsasında Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Ağstafa filialının mühafizə kamerialarının 01 noyabr 2022-ci il tarixə aparılan video görüntüləri əldə olunaraq sübut kimi qiymətləndirilib məhkəmədə tədqiq olunmuşdur. Həmin görüntülərdə Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixində, saat 10:34-də Ağstafa rayon Polis şöbəsinin yaxınlığındakı Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Ağstafa filialının qarşısında ittihama tam zidd olaraq əlində göy rəngli poletelen torba olmadan ictimai nəqliyyatdan düşüb hərəkət edərkən, mülki geyimdə olan polis əməkdaşları- Azad Vəkilov və Əli Məsimov tərəfindən 01 noyabr 2022-ci il tarixində, saat 10:35-də tutularaq saxlanıldığı əks olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Həmin Məcəllənin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı video çəkilişdən istifadə edildikdə müvafiq daşıyıcılar protokola əlavə edilir. İlk öncə məhkəmə qeyd edir ki, istənilən əməliyyat-axtarış tədbiri, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nəticədə şəxsin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübut – Təqsirləndirilən şəxs “əlində olan göy rəngli poletelen torbadakı” narkotik vasitə ilə bağlı olmuşdur. Həmin şahidlər məhkəmədə həmin maddi sübut olmadığı halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərədə tutulan cinayəti törətməsi və ya onu hazırlanması barədə hər-hansı fakta malik olmadıqlarını bildirmişlər. İş materiallarında da əsas sübut olan maddi sübut olmadığı halda, bu şahidlərin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və ya ona hazırlanması barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulması və üstündə aparılan şəxsi axtarış qanunun tələblərinə zidd olaraq, onun konstitusion və prosessual hüquqlarının kobud pozuntusu ilə aparıldığı və onun həqiqiliyinə əsaslı təsir göstərdiyi şahidlərin Təqsirləndirilən şəxs əlində narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 01 noyabr 2022-ci il tarixdə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin axtarış, onun keçirilməsinin əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. “Vanyan Rusiyaya qarşı” işdə (15 dekabr 2005-ci il taixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işinin qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirilmişdir. Həmçinin, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, 01 noyabr 2022-ci il tarixdə tutulduğu zaman üzərində hər-hansı narkotik vasitənin olmadığını və həmin narkotik vasitəni polis əməkdaşlarının təzyiqi ilə Ağstafa rayon Polis şöbəsində ona verildiyini bildirmişdir. Eyni zamanda iş materiallarından görünür ki, şahidlər ifadələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan “aşkar” edilmiş narkotik maddəyə oxşar kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisi 420 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Halbuki, ittihama əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zamanı onun əlində olan 1 ədəd göy rəngli poletelen torbadan təmiz çəkisi 410 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyü qeyd olunur. Həmçinin “Subutların qiymətləndirilməsi haqqında haqqında” 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 409,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Ağstafa rayon Polis şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda... əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin, istintaq orqanı tərəfindən qeyd olunan qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliyi yoxlanılmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin və şahidlərin vermiş olduqları ifadələrə əsaslandığından və həmin ifadələr məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təkzib edildiyindən, həmin ittiham əsaslı hesab edilmə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirzilik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikasyətlərlə bağlı qərarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsləsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasınödan, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaqslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessuaı Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsaskı kimi qəbul edilə bilər. Eyni zamanda məhkəmə isrtintaqında təqsirləndirilən şəxs Azərbyacn Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər-hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimidigər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan– təqsirzilik prezumpsiyasına görə şəxsin qəsirli olmasını şübhə altına alan hər-hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin qaradan qaldırılması üçün hərhansı bir mötəbərə dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər-hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Oxşar vəziyyətdə Q.A.Vanyanın Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusi ilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi). Ümumiyyətlə, cinayət işinin materiallarında olan bütün şahidlərin ifadələrinin məzmunundan görünür ki, həmin ifadələrin hamısı polis əməliyyatında iştirak etmiş X3 təhrikindən (polis müdaxiləsindən) sonra Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər-hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Həmçinin məhkəmə qeyd edir ki, ittihamın əsası olan şəxsi axtarış və götürmə haqqında 01 noyabr 2022-ci il tarixli protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi olmamışdır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətin törətməsi sübut olunmamış və bununla da Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət tərkibinin obyektiv cəhəti yoxdur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə etməsi və saxlaması və bununla da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli srülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosessini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 234.1-ci maddəsi ilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Ağstafa rayon Polis şöbəsində saxlanılan 409,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon Prokurorluğuna göndərilməli, iş üzrə maddi sübut olan 409,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana araşdırma sona çatanadək Ağstafa rayon Polis şöbəsində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Ağstafa rayon Polis şöbəsində saxlanılan 409,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon Prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut olan 409,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana araşdırma sona çatanadək Ağstafa rayon Polis şöbəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar