Məhkəmə qərarları › İş №1(015)-38/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-38/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-38/2025 07.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, X1, Müdafiəçi iştirakları ilə 01 mart 2004-cü ildə Pakistan İslam Respublikasının Bannu şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Bannu şəhərində qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Khan X4 ölkələrinə getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Gürcüstandan keçərək Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə 24 yanvar 2025-ci il tarixdə, saat 06:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 3 metr məsafədə saxlanılmış, bununla da o öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham özünü təqsirli bilib ifadəsində göstərdi ki, saxlanılmasından bir müddət əvvəl Avropa ölkələrində işləmək məqsədilə Gürcüstana getmək qərarına gəlmiş, Pakistanda yaşayan Sahil adlı dostu tərəfindən Azərbaycan Respublikası üzərindən 3-cü ölkələrə getməyin mümkün olduğunu öyrənmiş, bu məqsədlə 21 yanvar 2025-ci ildə “Dubay-Bakı” aviareysi ilə Azərbaycan Respublikasına gəlmişdir. Ölkəsində iqtisadi vəziyyət pis olduğu üçün və qazancı az olduğuna görə bu addımı atmış, rəsmi qaydada Azərbaycan Respublikasının Bakı şəhərinə gəldikdən sonra, burada Pakistandakı dostu Sahil adlı şəxsin vasitəçiliyi ilə Azərbaycan Respublikasında yaşayan digər Pakistan İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxslə telefon əlaqəsi saxlamış, sonuncu ona hostellərinin birində bir neçə gün gözləməsini, bundan sonra 23 yanvar 2025-ci il tarixdə əvvəllər tanımadığı, özünü Şəhriyar adlı şəxs kimi təqdim edən Pakistan İslam Respublikası vətəndaşı onu telefon vasitəsilə Azərbaycan Respublikası ilə Gürcüstan sərhədinə yönləndirəcəyini və mobil telefonuna həmin yerə gedəcəyi avtomobilin şəklini, dövlət nömrə nişanını yollamış, onlara çatacaq 1200 ABŞ dolları pulu isə həmin taksi sürücüsünə verəcəyini bildirmişdir. Həmin gün, saat təxminən 20 radələrində “**-DF-***” dövlət nömrə nişanlı, ağ rəngli, “Hyundai Santafe” markalı avtomobil onun qaldığı “Sovet” hostelinin yanına gəlmiş, avtomobilə əyləşdikdən sonra, üzərində olan 1200 ABŞ dolları pulu sürücüyə təqdim etmiş, ilk öncə sürücü ilə tanımadığı bir yerə getmiş, həmin yerdə sürücü qeyd olunan 1200 ABŞ dollarını Azərbaycan Respublikasının pul vahidi olan manata dəyişdirərək həmin şəxslərin bank hesabına yollamış, saat 21 radələrində Bakı şəhərindən sərhədə doğru hərəkətə başlamışlar. Özünün Gürcüstana keçmək niyyətində olmasından sürücünün məlumatının olub-olmaması barədə fikri olmamış, yola düşdükdən bir qədər sonra, təxminən saat 5-6 radələrində Ağstafa rayonu, Sadıqlı kəndinə çatdıqlarında avtomaşından düşüb yola tək davam etmiş, sahə ilə əvvəlcədən telefonuna atılan konum üzrə sərhəd istiqamətində hərəkət etmiş, həmçinin yol boyu avtomaşında olarkən, eləcə də piyada hərəkəti zamanı ona telefonla pakistanlı Şəhriyar adlı şəxs bələdçilik etmişdir. Bir qədər irəlilədikdən sonra sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində əvvəllər olmamış, dövlət sərhədindən qanunsuz yolla keçmək istəməkdə məqsədi Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə getmək olmuşdur. Pakistan İslam Respublikasında tanışı olan “Sahil” adlı şəxs Avropa ölkələrindən birinə getmək üçün Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə keçməyin mümkün olduğunu demiş, bunun üçün onu əvvəllər tanımadığı Şəhriyar adlı Pakistan İslam Respublikasının vətəndaşı ilə telefon vasitəsi lə tanış etmiş, sonuncu, ona Gürcüstanla sərhəd olan Azərbaycan Respublikasının Ağstafa rayon ərazisində yerləşən Sadıqlı kəndi ərazisinə gedib oradan Gürcüstana keçməyin mümkün olduğunu bildirmiş, bu məqsədlə də onun mobil telefonuna həmin yerin konumunu göndərmişdir. O, “Sahil” adlı şəxsin əvvəllər dövlət sərhədindən qanunsuz hərəkəti, həmçinin anket məlumatlarını bilmədiyini, Azərbaycan Respublikasına rəsmi qaydada gəldiyini, bir müddət burada qaldıqdan sonra yenidən Pakistan İslam Respublikasına qayıtdığını, saxlanılan zaman sərhədçilər tərəfindən ona qarşı qanundan kənar hərəkətlərə yol verilmədiyini bildirmişdir. O, Azərbaycan Respublikasından Gürcüstana qanunsuz yolla keçəcəyini bilməmişdir. Əməlindən peşmandır. Ata-anası işsizdir və bir kiçik qardaşı var. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini, ölkəsinə qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus “**-DF-***” dövlət nömrə nişanlı “Hyunday Santafe” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. 23 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində dostu Hikmət Məmmədov ona zəng edərək, bir nəfər xarici vətəndaşı Gürcüstanla sərhəd olan “Qırmızı Körpüyə” aparmaq lazım olduğunu və bunun müqabilində ona 250 manat pul verəcəklərini bildirmiş, o da öz növbəsində sonuncu ilə razılaşmışdır. Hikmət ona həmin şəxsi Yasamal rayonundan götürəcəyini bildirərək həmin yerin konumunu yollamış, həmçinin onun mobil nömrəsini Sahil adlı şəxsə verdiyini bildirmişdir. Həmin ünvana getdiyi zaman, Sahil adlı şəxs onunla əlaqə saxlayaraq həmin ünvana çatıbçatmadığını soruşduqda, sonuncu, ona hələ tıxacda olduğunu, təxminən 30 dəqiqə sonra orada olacağını bildirmiş, qeyd olunan ünvana çatdığı zaman Sahil adlı şəxsə zəng vuraraq həmin yerdə olduğunu bildirmişdir. Sahil adlı şəxs ondan avtomobilinin şəklini və olduğu yerin konumunu özünə göndərməsini istəmiş, o da, Sahilin istədiklərini göndərmiş və təxminən 10 dəqiqə sonra bir nəfər xarici vətəndaş ona yaxınlaşmışdır. O, yenidən Sahillə əlaqə saxlayaraq həmin şəxsi götürdüyünü bildirmişdir. Sahil isə ona həmin şəxsin, ona 1200 ABŞ dolları məbləğində pul verəcəyini, həmin puldan 250 manat yol pulunu özünə götürüb digər məbləğin isə ona göndərməsini xahiş etmişdir. Khan Sabir adlı şəxslə “28 may” metro stansiyası istiqamətində yola düşmüş, orada qeyd olunan pulu azərbaycan manatına dəyişdirərək 250 manat pulu özünə, qalıq qalan pulu isə özünün bank kartının balansına yükləyib, oradan Sahil adlı şəxsin bank hesabına köçürmüşdür. Bundan sonra Qazax rayonu istiqamətində yola düşmüş, təxminən bir neçə saat yol getdikdən sonra, Khan Sabir adlı şəxs mobil telefonunda proqram vasitəsilə konumu ona göstərmiş və səhv getdiyini izah etməyə çalışmışdır. Daha sonra o, Sahilə zəng edərək ona öz narazılığını bildirərək, Khan Sabir adlı şəxsin ona səhv getməsini deməsini bildirmiş, Sahil isə ona “Qırmızı Körpüyə” deyil, Ağstafa rayonu Sadıqlı kəndində yerləşən sərhəd məntəqəsinə gedəcəklərini bildirmişdir. O, Sahilə əlavə pul veriləcəyi təqdirdə Ağstafa rayonun Sadıqlı kəndinə gədəcəyini demiş, Sahil adlı şəxs əlavə 80 manat pul ödəmiş və o, Khan Sabir adlı şəxsi Ağstafa rayonu, Sadıqlı kəndinə aparıb təxminən 04:30 radələrində orada avtomobilindən düşürüb yenidən Bakı şəhərinə qayıtmışdır. Pakistan İslam Respublikası vətəndaşı Sahil adlı şəxsi əvvəllər tanımamış, Ağstafa rayonuna apardığı Pakistan İslam Respublikası vətəndaşının Gürcüstanla sərhədə aparanda həmin şəxsin Gürcüstana qanunsuz yolla keçmək niyyətində olması barədə heç bir məlumatı olmamışdır. İş üzrə şahid olan DSX-nin N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasının rəisi, kapitan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə sağ cinah istiqamətində dövlət sərhədinin pozulacağı barədə əməliyyat məlumatı daxil olmuş, növbətçi operator tərəfindən aparılan müşahidə nəticəsində 1 (bir) nəfər şübhəli şəxsin sağ cinahın 11-ci sahə istiqamətində yeri aşkar olunmuş və sərhəd zastavası silaha komandasına qaldırılmış, dərhal dövlət sərhədi həmin istiqamət boyunca bağlanılmışdır. Sərhəd zastavasının 14- 15-ci sahələrində xidmət təşkil edən sərhəd naryadlarını həmin istiqamətə doğru yönəltmiş, həyacan qrupu dərhal həmin istiqamətə çıxmış və qısa müddət ərzində həmin əraziyə çatmış, ərazidə axtarış tədbirləri həyata keçirilən zaman 11-ci sahədə 1 nəfər şəxsin sıx kolluq ərazidə uzanaraq gizləndiyi müşahidə olunmuş, həmin şəxs saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Araşdırma zamanı həmin şəxsin Pakistan İslam Respublikası Təqsirləndirilən şəxs olduğu və qanunsuz yolla Gürcüstan istiqamətinə keçmək niyyətində olduğu müəyyən olunmuşdur. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, N nömrəli hərbi hissənin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının xidməti ərazisinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sərhəd pozucunun saxlanıldığı ərazi sərhəd zastavasının dislokasiya yerindən 2713 metr, Ağstafa rayonun Sadıqlı kəndindən 430 metr, dövlət sərhədindən 3 metr məsafədə, asfalt yoldan 1079 metr, Böyük-Kəsik kəndindən 2991 metr, dəmiryolundan 2600 metr, Dilbaz atçılıq mərkəzindən 2076 metr, aralıda yerləşir. Dövlət sərhədi R-17 kanalının üzərindən keçir. Ərazidə kolluq mövcüddur. Sərhəd pozucusu Təqsirləndirilən şəxs qeyd olunan əraziyə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana qanunsuz olaraq keçmək məqsədi ilə gəldiyini bildirmişdir. İş materiallarında olan 25 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında protokolundan görünür ki, mobil telefonun “Whatsapp” proqramında istintaqa Pakistan İslam Respublikası vətəndaşı Şəhriyar adı ilə məlum olan şəxsin istifadəsində olan +99***-***-**-** “Tourist Guide” adı ilə qeyd olunan şəxslə yazışmalar aşkar edilmişdir. Həmin yazışmalarda təqsirləndirilən şəxs Sabir Khan və istintaqa Şəhriyar adı ilə məlum olan şəxsin ona xx.xx.2025-ci il tarixdə saat 12:28 radələrində Gürcüstanla sərhəd Ağstafa rayonunun Sadıqlı kəndi ərazisinin konumunu yollamış, həmçinin Sabir Khan saat 04:05, 04:22, 04:48, 04:52 radələrində öz yerinin konumunu ataraq Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində olduğunu bildirmişdir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli Şahid3 mobil telefonuna baxış keçirilməsi haqqında protokolundan görünür ki, mobil telefonun “Whatsapp” proqramında istintaqa Pakistan İslam Respublikası vətəndaşı Sahil adı ilə məlum olan şəxsin istifadəsində olan “Rauls Hikmetin tanışı Pakistan” adı ilə +99***-***-**-** nömrəsi ilə qeyd olunan şəxslə yazışmalar aşkar edilmişdir. Həmin yazışmalarda istintaqa Sahil adı ilə məlum olan şəxsin Şahid3 xx.xx.2024-ci il tarixdə saat 20:18-də Şahid3 məxsus avtomobilinin şəklini ona atmasını, həmçinin saat 20:28 radələrində təqsirləndirilən şəxsi X12 rayon ərazisində götürülməli olduğu yerin məkanını, saat 20:59 da Sahil Munirin bank hesabına 1755 man pulun köçürülməsi və 03:06-da Gürcüstanla sərhəd Ağstafa rayonunun Sadıqlı kəndi ərazisinin konumunu yollaması aşkar edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də hər hansı məlumat mövcud deyil həmin şəxs xx.xx.2025-ci il tarixdə X3 rəsmi qaydada Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa Sahil Munir, Şəhriyar Ahmad adı ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşları və qeyrilərinin barələrində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 32.5, 29,318.1-ci maddələri ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, İbtidai istintaq zamanı Azərbaycan Respublikası vətəndaşı Şahid3 iş üzrə təqsirləndirilən şəxs Khan X8 dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan, qanunsuz yolla dövlət sərhədini pozmağa cəhd etməsi barədə, məlumatının olmadığı müəyyən edildiyindən, habelə Təqsirləndirilən şəxs qanunsuz keçməsində sonuncuya hər hansı bir köməkliyi olmadığından onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə, Şahid3 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibindən imtina edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmışdır, təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməyə cəhd etməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar