Məhkəmə qərarları › İş №1(015)-39/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-39/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-39/2024 05.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1981-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 21 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağstafa şəhəri, M. Allahverdiyev küçəsi ev 16, mənzil 13-də qeydiyyatda olmaqla Ağstafa şəhəri, Ş. Qurbanov küçəsi, ev 24-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 0,376 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq saxlamış, 05 yanvar 2024-cü il tarixdə saat 11:45-də Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Ağstafa şəhəri, H.Əliyev prospekti 71 nömrəli ünvanda yerləşən Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 12:36-dan 12:46-dək olan vaxt ərzində həmin şöbəsinin birinci mərtəbəsində Təhqiqat bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik ciblikdən bir ədəd qızılı rəngli kağız bükülünün içərisində təmiz çəkisi 0,376 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa şəhəri, M. Allahverdiyev küçəsi ev 16, mənzil 13-də qeydiyyatda olmaqla Ağstafa şəhəri, Ş. Qurbanov küçəsi, ev 24-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Hazırki iş üzrə tutulmamışdan 2-3 gün əvvəl, 2024-cü ilin yanvar ayının əvvəllərində Ağstafa şəhər qəbristanlığının yaxınlığında piyada getdiyi vaxt yerdə qızılı rəngli büküm görmüş, götürüb içinə baxdıqda heroin olduğunu görmüş, bükümü bağlayıb şəxsi istofadəsi məqsədilə cibinə qoymuşdur. 05 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Ağstafa şəhərinin 20 Yanvar küçəsi ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, Ağstafa rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Ağstafa RPŞ-nə aparmışlar. Ağstafa RPŞ-də o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmamasını soruşmuş, əgər varsa təqdim etməsmini təklif etmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyində saxladığı qızılı rəngli bükümdə olan heroini çıxarıb təqdim etmiş, içərisində heroin olduğunu, 2-3 gün əvvəl Ağstafa şəhər qəbiristanlığının yaxınlığında yerdən tapdığını, özünün istifadə etməsi məqsədilə cibində saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və zərfin üzəri möhürləmiş, zərfin üzərinə iştirakçıların hamısı, o cümlədən özü də imza etmişdir. Sonra isə onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən narkotik vasitə və sair qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ CAB-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və narkotik vasitələrdən istifadə edən şəxs kimi tanıyır, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 05 yanvar 2024-cü il tarixdə saat 11:30 radələrində xidməti otağında olan zaman ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımaqda şübhəlidir və hal-hazırda Ağstafa şəhəri 20 Yanvar küçəsində piyada hərəkətdədir. Məlumatı qəbul etdikdən sonra bu barədə rəhbərliyə məruzə etmiş, bununla əlaqədar əməliyyat qrupu yaradılaraq o və şöbənin Kibercinayətkarlığa qarşı mübarizə qrupunun baş inspektoru, polis baş leytenantı Şahid2 təlimatlandırılmış, özü və Seymur həmin gün, saat 11:45-də Ağstafa şəhəri, 20 Yanvar küçəsində tək, piyada hərəkət edən Təqsirləndirilən şəxs Ağstafa RPŞ-nə aparmışlar. Polis şöbəsinin inzibati binasında, təhqiqatçı Fərid Əliyevin xidməti otağında Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya olub-olmamasını soruşmuş, varsa təqdim edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyindən bir ədəd qızılı rəngli büküm çıxarıb təqdim edərək içərisində heroin olduğunu, təxminən iki-üç gün öncə Ağstafa şəhər qəbiristanlığının yaxınlığında gəzərkən yerdən tapdığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bundan sonra bükülü təhqiqatçı tərifindən açılmış və bükülüyə baxış zamanı içərisində heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, kütlə qızılı rəngli bükümlə birlikdə çəkilmiş və əvvəlki vəziyyətinə qaytarılaraq zərfə qoyulub ağzı bağlanmış, zərfin üzərinə möhür vurulmuş, zərfin üzərini bütün iştirakçılar imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış və axtarış aparılması davam etdirilmiş, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxış və götürmənin aparılması barədə tərtib edilən protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstəriklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati həmin gün saat 12:36-dan saat 12:46-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik ciblikdən bir ədəd qızılı rəngli kağız bükülünün içərisində bükülü ilə birlikdə 0,54 qram heroinəbənzər kütlə aşkar edilib götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli 16/16 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 01 ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,376 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heriondir (0,376 qram heroindən əşiş qətranından 0,05 qramı ekspertiza tədiqatına sərf edilmiş, 0,326 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 74 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 21 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü, X3 adlı uşağı var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati qaydada 23 gün müddətə həbs edilmişdir, hazırda həbsdə saxlanılır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 21 günlük hissəsindən azad edilmiş, qeyd olunan 01 il 06 ay 21 günlük çəkilməmiş cəza müddəti başa çatmadan yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır, xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir, ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 01 il 06 ay 21 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edimiş cəzaya, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 21 günlük hissəsi qismən birləşdirilməli, ona qəti cəza təyin edilməli, CM-nin 69.3-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona qəti olaraq təyin edilmiş cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun inzibati qaydada həbsdə olması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,326 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edimiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) günlük hissəsi qismən birləşdirilsin, o, qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəsası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və onun inzibati həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,326 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar