Məhkəmə qərarları › İş №1(015)-40/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-40/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-40/2024 23.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Ağstafa rayonu Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olmaqla yaşamış, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 avqust 2023-ci il tarixdə saat 15 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi «TOYOTA CAMRY» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai-Aşağı Göycəli avtomobil yolunun Ağstafa rayonunun Aşağı Göycəli kəndindən keçən hissəsində Xətai kəndi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərin pozmaqla, yəni yol-hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkəti üçün təhlükə yaratmayaraq hadisənin qarşısını almalı olduğu halda, bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirib avtomobili qarşı hərəkət zolağına çıxararaq həmin zolaqda Aşağı Göycəli kəndi istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 20 km/saat sürətlə idarə etdiyi VAZ-2106 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 sağ tış topuğun və sol 6-cı qabırğanın sınığı xəsarətləri ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti, sərnişinlər Zərərçəkmiş şəxs2 sol bud sümüyünün diafizinin yuxarı 1/3-nin çoxqəlpəli yerdəyişməli sınığı xəsarəti ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti, Zərərçəkmiş şəxs3 sağ gözün alt üst səthində, alt çənənin sağ şaxəsində qançırlar və sağ əng sümüyünün sınığı xəsarətləri ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almalarına, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını sürücülük hüququ olmayan şəxs tərəfindən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin az ağır dərəcəli bədən xəsarəti almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmiş şəxslərə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, onun avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. 11 avqust 2023-cü il tarixdə günorta radələrində anası ağrıdığı üçün ona həkim gətirmək məqsədi ilə tanışına məxsus «TOYOTA CAMRY» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışının icazəsi ilə götürərək həkim gətirmək məqsədi ilə Aşağı Göycəli kəndinə həkimin evinə getmiş, həkim ona getməsini və onun ardınca gələcəyini bildirmiş, həmin gün, saat 15 radələrində avtomobili saatda 60-70 km sürətlə Aşağı Göycəli kəndinin içində Xətai kəndi istiqamətində idarə edib geri qayıdarkən öz hərəkət zolağı ilə hərəkətdə olub döngəni dönən vaxt hərəkət zolağında qarşıdan gələn VAZ-2106 markalı avtomobilin olmasını görmüşdür. O, qəzadan qaçmaq üçün sola tərəf çıxmaq istəyəndə həmin avtomobil də yoluna qayıtmışdır. Bu vaxt toqquşma baş vermiş, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi VAZ-2106 markalı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobil yolun sol hissəsində olan ağaca dəyib dayanmışdır. Avtomobildən düşdükdən sonra toqquşduğu avtomobildəki zərərçəkmiş şəxslərin səs-küy saldığını görüb qorxmuş, oradan çıxıb getmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, onlara maddi yardım göstərmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayətləri yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs- VAZ-2106 markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs1 onun dostu, digər Zərərçəkmiş şəxs3 arvadı 11 avqust 2023cü il tarixdə, saat 15 radələrində günorta radələrində Vüsalın idarə etdiyi qeyd olunan avtomobillə anası, arvadı və uşaqları ilə birlikdə bulaq kənarına istirahət etmək məqsədi ilə gedərkən Aşağı Göycəli kəndi ərazisində sərt döngədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onların içərisində olduğu avtomobili vurmuşdur. Hadisədən əvvəl onların avtomobili aşağı sürətlə hərəkət etmişdir. Hadisə vaxtı özü ön sərnişin oturacağında oturduğu üçün onun ayağı maşında sıxılı vəziyyətdə qalmış, ətrafda olan şəxslər ona kömək edərək maşından çıxarmış və onları xəstəxanaya aparmışlar. İrşad hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur. Onunla barışmışdır, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, digər zərərçəkmiş şəxs Nəbi onun dostudur və ailəvi yaxındırlar. Vaz-2106 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun anasına məxsusdur və o, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 11 avqust 2023cü il tarixdə, saat 15 radələrində Nəbi və ailəsi ilə bulaq kənarına istirahət etməyə gedərkən Aşağı Göycəli kəndində, yolun əyilmə olan hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuş, toqquşmadan əvvəl özü Vaz-2106 markalı avtomobili saatda 20 km sürətlə idarə etmiş, hadisə vaxtı onun maşınında dostu Nəbi, sonuncunun arvadı, anası və 2 uşağı olmuşdur. Hadisə zamanı o, qabırğasından və ayağından xəsarət almışdır. Qəza baş verdikdən sonra İrşad hadisə yerindən qaçıb getmişdir. Sonradan təqsirləndirilən şəxs ondan üzrxahlıq etmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır, hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 arvadıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 11 avqust 2023-cü il tarixdə, saat 15 radələrində o, əri, iki uşağı və qaynanası ilə birlikdə əri Nəbinin dostu Vüsalın idarə etdiyi avtomobillə bulaq üstünə getdikləri vaxt, Nəbi sürücünün yanında oturmuş, özü, qaynanası və uşaqları arxa oturacaqda oturmuşlar. Həmin vaxt, Aşağı Göycəli kəndi ərazaisində sonradan adının İrşad olmasını bildiyi şəxsin idarə etdiyi avtomobil onların içərisində olduqları avtomobil ilə toqquşmuş, nəticədə özü, əri və sürücü Vüsal xəsarət almışlar. İrşad isə hadisə yerindən qaçmışdır. Hadisənin təsirindən özündən getmiş, ayıldığında artıq xəstəxanada olmasını anlamışdır. Hadisənin təsirindən onun üz sümüyü sınmışdır. Təqsirləndirilən şəxs onlardan üzrxahlıq etdiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tayır və onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. 11 avqust 2023-cü il tarixdə saat 15 radələrində İrşadın idarə etdiyi avtomobildə sərnişin kimi Aşağı Göycəli-Xətai yolu ilə, Xətai kəndi istiqamətində hərəkətdə olan vaxt Aşağı Göygəli kəndi ərazisində İrşad idarə etdiyi avtomobillə döngədə qarşı zoldağa çıxaraq qarşıdan gələn, Aşağı Göycəli kəndi istiqamətində hərəkətdə olan VAZ-2106 markalı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra İrşad avtomobildən düşüb qaçmış, o da qorxaraq hadisə yerindən uzaqlaşmışdır. Sonradn ona məlum olmuşdur ki, VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almışlar. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, "Toyota" markalı **-NK-*** qeydiyyat nişanlı avtomobil Ağstafa rayonu Xətai kəndi istiqamətində olan döngəni döndükdən sonra 27.4 metr məsafə qət edərək digər hərəkət zolağına çıxmaqla "Vaz 2106" markalı **-GA-*** qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında toqquşmuşdur. Hadisə Xətai-Göycəli yolunun Ağstafa rayonunun Göycəli kəndindən keçən hissəsində. yaşayış məntəqəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 3.5 metr olmaqla, yol asfaltbeton örtüklü və quru vəziyyətdə olmuşdur. Yol örtüyünün ümumi eni 07 metr olmaqla sağ hissəsində yol çiyini yerləşir. Yolun sağ çiyinin eni - 2.5 metrdir. Yolun sol çiyninin eni- 3.5 metrdir. Toqquşma Xətai kəndi istiqamətində yolun sağ ehtiyyat hissəsindən 3 metr məsafədə baş vermişdir. Hadisə yerində avtomobillərə məxsus tormoz izi aşkar edilməmişdir. Hadisədən öncə "Toyota" markalı avtomobil Ağstafa rayonu Xətai kəndi itiqamətində. "Vaz 2106" markalı avtomobil isə Göycəli kəndi istiqamətində hərəkətdə olmuşlar. Hadisə zamanı "Toyota" markalı avtomobilin surəti 60 km/saat. "Vaz 2106" markalı avtomobilin sürəti isə 20 km/saat olmuşdur. Hadisə baş verən zaman Toyota" markalı avtomobildə sürücüdən başqa bir nəfər sərnişin. "Vaz 2106" markalı avtomobildə isə sürücüdən başqa 5 nəfər sərnişin olmuşdur. Toqquşma avtomobillərin qabaq hissələri arasında baş vermişdir. Toqquşmadan sonra "Toyota" markalı avtomobil Xətai kəndi istiqamətində yolun sağında olan ağaca dəyərək sağ ehtiyyat hissədə dayanmışdır. "Vaz 2106" markalı avtomobil isə Xətai kandi istiqamətində yolun sol hərəkət zolağında üzü Xətai kəndi istiqamətində dayanmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 avqust 2023-cü il tarixli 343 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarətlər – sağ gözün alt üst səthində, alt çənənin sağ şaxəsində qançırlar və sağ əng sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli 381 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər – sol bud sümüyünün diafizinin yuxarı 1/3-nin çoxqəlpəli yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli 382 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər – sağ tış topuğun və sol 6-cı qabırğanın sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 8/2894 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «TOYOTA CAMRY» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-2106 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan zərər aktlarından görünür ki, «TOYOTA CAMRY» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5277 manat, “Vaz-2106 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2929 manat zərər dəymişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi aktından görünür ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Yaqubov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonunun Xətai kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan şikayətləri yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələr ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslərdən üzrxahlıq edərək onlarla barışmağa cəhd göstərməsini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, ondan şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağrılaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər iki maddə üzrə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən, ona hazırki hökmlə qəti olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə, əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya tamamilə birləşdirmək yolu ilə ona qəti cəza təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Əli Xasayevə qaytarılmış “Toyota Camry” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil Ə.Xasayevin istifadəsində saxlanılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul İ. Yaqubovdan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə, əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya tamamilə birləşdirmək yolu ilə o, qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi X2 qaytarılmış “Toyota Camry” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil Əli Xasayevin istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar