Məhkəmə qərarları › İş №1(015)-41/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-41/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-41/2023 13.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1971-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 123A-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,351 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, əynində olan paltosunun sol yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:15-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, H.Əliyev adına prospektdə yerləşən “Qərb” otelinin qarşısında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin Ağstafa rayon polis şöbəsinin inzibati binasında həmin gün saat 14:18-dan 14:29dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan paltosunun sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlildir. xx.xx.2023-cü il tarixdə saat 12-13 radələrində yaşadığı evdən çıxıb Ağstafa şəhərində yerləşən “Xarı Bülbül” çay evinə çay içmək üçün getmiş, çay evinin qarşısına çatdıqda yerdə ağ rəngli mişar daşının üzərində qızılı rəngli siqaret kağızı bükümü görüb həmin bükümü yerdən götürüb açdıqda, içərisində heroinə bənzər kütlə olduğunu görüb öz istifadəsi üçün götürərək əynində olan qara rəngli qış paltosunun sol yan cibinə qoyub getmiş, bir qədər sonra H.Əliyev prospekti ilə piyada gedərkən “Qərb” otelin qarşısında iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğumu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə getmiş, polis şöbəsində, birinci mərtəbədə təhqiqatçının otağında ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, vəkillərin siyahasına dair protokol ona təqdim olunduqdan sonra dövlət hesabına Müdafiəçi ona vəkil təyin olunmasını xahiş etmişdir. Vəkil Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli qış paltosunun sol yan cibində olan 01 ədəd qızılı rəngli siqaret kağızına bükülü halda olan kütləni təqdim etmiş, həmin gün, bir qədər əvvəl Ağstafa şəhəri “Xarı Bülbül” çay evinin qarşısında yerdən tapdığını demişdir. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, yerdən tapdığı heroin barədə heç kimə heç nə deməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğllu ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Ağstafa şəhər sakini X1 əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 16 yanvar 2023-cü il tarixdə RPŞ-də olduqları vaxt iş yoldaşı X6 şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmasını demişdir. Həmin gün saat 13:15-də Təqsirləndirilən şəxs Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən “Qərb” otelinin qarşısında piyada hərəkət etdiyini görüb o və RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili Şahid2 ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, birlikdə Ağstafa RPŞ-nə getmişlər. Təhqiqatçının otağında videoçəkilişlə vəkili Müdafiəçi da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyini təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qış paltosunun sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş və heroin olduğunu, özünün istifadə etməsi üçün üzərində saxladığını, həmin gün Ağstafa şəhərində yerləşən “Xarı Bülbül” çay evinin qarşısında yerdən tapdığını bildirmişdir. Həmin kütlə elektron tərəzisində çəkilmiş müvafiq qaydada möhürlənib götürülmüşdür. Babə Məmmədhüseynovun üzərindən başqa hər hansı narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tətib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində indirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli qış paltosunun sol yan cibində olan 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş 0,51 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış xx.xx.2023-cü il tarixdə, saat 14:18-də başlamış, 14:29-da bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16/80 №-li, 17 yanvar 2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,351 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir (0,351 qram heroindən 0,05 qramı ekspertiza tədiqatına sərf edilmiş, 0,301 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 284 №-li, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcbur müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Ağstafa RİHB Asğstafa şəhər İƏD üzrə nümayındəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağstafa RİHB Asğstafa şəhər İƏD üzrə nümayındəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cu il təvəllüdlü X2 adlı uşağı var. İş materiallarında olan DSMF tərəfindən verilmiş 194738 nömrəli, xx.xx.2010-cu il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübüta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 2-ci qrup əlil olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,301 qram heroin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 manat pul ondan alınaraq X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,301 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar