Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-41/2025 27.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiqliklə məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 6,17 qram çəkidə narkotik vasitə olan marixuana əldə edib daşıyaraq saxlamış və 13 fevral 2025-ci il tarixdə saat 13:00 radələrində Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ağstafa şəhəri H.Aslanov küçəsində yerləşən Ağstafa şəhər qəbiristanlığının yaxınlığında yaxalanaraq həmin tarixdə saat 13:05-dən 13:15-dək olan vaxt ərzində yaxalandığı yerdə üzərinə baxış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,17 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Belə ki, 13 fevral 2025-ci il tarixdə saat 13 radələrində o, yaşadığı Ağstafa şəhəri, H.Aslanov küçəsi ilə piyada gedərkən şəhər qəbirstanlığının yaxınlığında bir neçə nəfər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində Bakı şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığı narkotik vasitə olan qurudulmuş marixuananın qalığı var idi. Polis işçiləri onu üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğuna görə saxlayıb videoçəkilişlə üstünə baxış keçirəcəklərini, üzərində qanunla qadağa edilmiş hər hansı bir əşya, predmet, maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Həmçinin ona ifadə verməmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarının olmasını izah etmişlər. O, başa düşmüşdür ki, polis işçilərinin onun üstündə narkotik vasitə olmasından dəqiq məlumatları vardır, ona görə də o, əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan «nəşə»ni, yəni qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmiş, həmçinin idman gödəkçəsinin sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon, 1 ədəd alışqan, idman geyiminin şalvarının sağ yan cibindən 2 ədəd 10 manatlıq pul əskinazını təqdim etmişdir. Bundan sonra onun üstünə baxılmış, lakin başqa heç nə aşkar edilməmişdir. Onun təqdim etdiyi 1 ədəd sellofan bükülü açılmış və içərisində yaşıl rəngli kəskin iyili ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə həmin kütlənin çəkisinin 6,81 qram olması müəyyən olunmuşdur. Həmin kütlə polis əməkdaşları tərəfindən qablaşdırılaraq DİN–nin 88 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin ondan götürülmüş «Nokia» markalı mobil telefon da eyni qaydada qablaşdırılaraq möhürlənib götürülmüş, 20 manat pul və alışqan onun özünə qaytarılmışdır. Bütün bu hərəkətlər zamanı polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmış və o, Ağstafa RPŞ-yə gətirilmiş bu barədə protokol tərtib edilmiş, videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə əməl törətməyəcəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 13 fevral 2025-ci il tarixdə saat 12 radələrində Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş məlumat şöbənin rəhbərliyinə məruzə edilmiş və rəisin həmin tarixli əmrinə əsasən bu məlumatın yoxlanması və realizə edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsinin təşkili şöbənin rəis müavini polis polkovnik-leytenantı X2 tapşırılaraq qrupun rəhbəri təyin edilmişdir. Həmin qrupa ondan başqa baş əməliyyat müvəkkilləri polis polkovnik- leytenantı Şahid3 və əməliyyat müvəkkili polis mayoru Şahid2, həmçinin baş inspektor kriminalisti X3 daxil edilmişdir. Onlar təlimatlandırıldıqdan dərhal sonra 13 fevral 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs axtarışına başlanmış və həmin şəxsi Ağstafa şəhərində, H.Aslanov küçəsində yerləşən şəhər qəbirstanlığının yaxınlığında piyada hərəkətdə olduğunu görüb yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğuna görə saxlayıb və videoçəkilişlə üstünə baxış keçirəcəklərini, üzərində qanunla qadağa edilmiş hər hansı bir əşya, predmet, maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. 13 fevral 2025-ci il tarixdə saat 13:05də Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan «nəşə» olduğunu bildirmiş, həmçinin idman gödəkçəsinin sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon, 1 ədəd alışqan, idman geyiminin şalvarının sağ yan cibindən 2 ədəd 10 manatlıq pul əskinazını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükülü açılmış və içərisində yaşıl rəngli kəskin iyili ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə həmin kütlənin çəkisinin 6,81 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılaraq DİN–nin 88 nömrəli möhürü ilə möhürləyib götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş «Nokia» markalı mobil telefon da eyni qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş 20 manat pul və alışqan heç bir maraq kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yaxalandığı andan sonadək bütün hərəkətlər zamanı inspektor–kriminalist Vüsal İbrahimli tərəfindən videoçəkiliş aparılmış və müvafiq protokolun tərtibi üçün normal şərait olmadığından Təqsirləndirilən şəxs Ağstafa RPŞ-yə gətirilmiş bu barədə protokol tərtib edilmiş, videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Ararılmış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı mənbədən, nə məqsədilə əldə etməsi, həmin narkotik vasitədən kimə satması və ya digər formada verməsi ilə bağlı hələlik heç bir məlumat əldə edilməmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin Məhkəmə Bioloji Ekspertizasının rəyində narkotik vasitə olan qurudulmuş marixuana olması və təmiz çəkisinin çəkisinin 6,17 qram olması ilə tam razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verərək göstərilən xüsusatları öz ifadələrində təsdiq etmişlər. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/137 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,17 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarından olan məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2025-ci il tarixli, 304 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 6,17 qram çəkidə küstar üsulla hazırlanmış qurudulmuş marixuana onun əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. O, həmin bükümün içərisində «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (6,17 qram qurudulmuş marixuanadan 0,04 qram ekspertiza tədqiqatına sərf edilmiş, 6,13 qram çəkidə qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X9 sorğu əsasında alınmış cavaba əsasən müəyyən edilmişdir ki, Kərimov X4 RMX PHŞ poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. İş materiallarından olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarından olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 25 fevral 2025-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, iki nəfər azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-də saxlanılan 6,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməli və hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 6,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-41/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-41/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver