Məhkəmə qərarları › İş №1(015)-42/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-42/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-42/2023 23.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi X5 iştirakları ilə xx.xx.2002-ci ildə Ağstafa rayonu Poylu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ictimai yer olan Ağstafa şəhəri, X6 1 ünvanında yerləşən X9 stansiyasında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyi üçün, ictimai qaydanının qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs ona irad tuduğuna görə heç bir əsaslı səbəb olmadan ona qəsdən əl və yumruq zərbələri ilə vurmaqla alnın ortasında çapılmış yara qismində qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlanlığına YÜNGÜL zərər vurmaqla zor tətbiq edib, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 221.2.2ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, о, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Poylu qəsəbəsində yaşayır. O, 19 noyabr 2022-ci il tarixdə 17 radələrində əmisi oğlu Alim ilə birlikdə Ağstafa şəhəri Qarabağ məhəlləsində yerləşən “İnci” şadlıq sarayında keçirilən toy məclisinə getmiş və orada spirtli içki qəbul etmişlər. Daha sonra Alim ilə birlikdə yaşadıqları evə gedən zaman saat təxminən 22 radələrində Ağstafa stansiyasının içərisindən keçərkən ucadan danışıb-gülmüş, arabir əmisi oğluna nalayiq sözlər demiş, əmisi oğlu Alimdə ona söymüşdür. Onlar uca səslə birbiri ilə nalayiq ifadələrlə zarafat edən zaman bu vaxt sonradan şəxsiyyəti ona məlum olan dəmir yolunda mühafizəçi kimi işləyən Zərərçəkmiş şəxs yaxınlaşaraq ucadan danışdıqlarına görə irad bildirmişdir. Kamil Məliqasımovun bu hərəkəti ona təsir etdiyindən həmin şəxsi ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmiş, sillə və yumruqla bədəninin müxtəlif yerlərindən, başından, sifətindən vuraraq xəsarət yetirmişdir. Kamilin alnı yaralanmış, qan açılmışdır. Bunu görən ərazidə xidmət aparan polis əməkdaşları onları tutub Ağstafa st. XPB-na gətirmişlər. Onun sərxoş vəziyyətdə qərəzli hərəkətləri təxminən 20-30 dəqiqə ərzində baş vermişdir. Ətrafa şəxsiyyətləri ona məlum olmayan xeyli vətəndaşlar yığılmışdır. Hazırda əməlindən peşimandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Qaçaq Kərəm kəndində yaşayır, "xxxx" QSC-nin Mühafizə Departamentinin Hərbiləşdirilmiş Mühafizə Xidmətinin Böyük-Kəsik YOMK-da atıcı vəzifəsində işləyir. O, 19 noyabr 2022-ci il tarixdə 22 radələrində Ağstafa stansiyasında xidmətdə olarkən iki nəfər tanımadığı sonradan şəxsiyyətləri ona məlum olan Təqsirləndirilən şəxs və X4 onun xidməti iş yerinin qarşısında ucadan söyüşlər söyərək mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq irad bildirmiş və onlara səs-küy salmamalarını xahiş etmişdir. Bu vaxt həmin şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun üz və alın nahiyyəsinə yumruqla zərbələr endirmişdir. Həmin zərbələr nəticəsində onun alın nahiyyəsi çapılmış, qan açılmış, üzündən və alnından xəsarət almışdır. Həmin vaxt ətrafa xeyli adam toplaşmışdır. Hadisəni iş yoldaşları Babək Allahverdiyev və Şahin Gürzalıyev görmüşlər. Onun döyüldüyünü görən ərazidə xidmət aparan Ağstafa st. XPB-nin polis əməkdaşları Adəm və Alimi saxlayaraq Ağstafa st. XPB-na aparmışlar. O, döyülərkən tək olmuş, yanında xidmət yoldaşları olmamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da xidmət edir, hazırda Ağstafa st XPB-nın PPXM-nın polis nəfəri, polis baş seriantı işləyir. O, 19 noyabr 2022-ci il tarixdə 22 radələrində Ağstafa stansiyasında xidmətdə olarkən Dəmir yolu vağzalının "xxxx" QSC-in X9 stansiyasının peronunda ucadan səs-küy, söyüş səsləri gəldiyini eşitmiş, bu zaman xidmət yoldaşlar polis nəfərləri Şahid3 və Vüsal Əliyev ilə birlikdə söyüş səsləri gələn tərəfə getmişlər. Onlar həmin yerə çatan zaman "xxxx" QSC-nin Mühafizə Departamentinin Hərbiləşdirmiş Mühafizə Xidmətinin Böyük - Kəsik YOMK atıcı işləyən, Ağstafa rayonu Qaçaq Kərəm kəndində yaşayan Zərərçəkmiş şəxs üz nahiyyəsinin qan olduğunu və bir nəfər şəxsin Zərərçəkmiş şəxs döydüyünü və Kamilin alnının çapıldığını görmüşlər. Onlar həmin şəxsləri saxlayıb Ağstafa st. ХРВ-nə gətirmişdirlər. Münaqişə vaxtı ətrafa xeyli adamlar yığışmışdır. Həmin şəxslərdən yalnız Kamilin iş yoldaşı Şahin və Babək olduğunu xatırlayır. Həmin münaqişə təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Kamili döyən və həmin şəxsin yanında olan digər şəxs sərxoş olmuşdur. Bölmədə olarkən ona məlum olmuşdur ki, həmin şəxslər Ağstafa rayonu Poylu qəsəbəsində yaşayan Şahid1 və Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olmaqla yaşayır, "xxxx" QSC-nin Mühafizə Departamentinin Hərbiləşdirilmiş Mühafizə Xidmətinin Böyük – Kəsik YOMK-da atıcı işləyir. Ağstafa rayonu Poylu qəsəbəsində yaşayan Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, 19 noyabr 2022-ci il tarixdə 22 radələrində Ağstafa stansiyasındа xidmətdə olan zaman Dəmir yolu vağzalının xidmət apardığı "xxxx" QSC-nin Mühafizə Departamentinin Hərbiləşdirilmiş Mühafizə Xidmətinin Ağstafa stansiyasının peronunda yerləşən xidməti otağın qarşısından ucadan səs-küy, söyüş səsləri gəldiyini eşitmişlər. O və xidmət yoldaşı Babək Allahverdiyev söyüş səsləri gələn tərəfə getmişlər. Onlar həmin yerə çatan zaman iş yoldaşı Zərərçəkmiş şəxs üz nahiyəsinin qan olduğunu, Zərərçəkmiş şəxs sillə-yumruqla bir nəfərin döydüyünü, Kamilin alnının çapılmış olduğunu görmüşlər. Hadisə yerinə gələn Ağstafa st. XPB-nın əməkdaşları Kamili döyən şəxsi və həmin şəxslə birlikdə olan digər şəxsi tutub Ağstafa st. XPB-na aparmışdırlar. Həmin münaqişə təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Kamili döyən şəxs sərxoş olmuşdur. Onlar da hadisə əlaqədar Ağstafa st. XPB-na getdikdə, bölmədə olarkən ona məlum olmuşdur ki, həmin şəxslər Ağstafa rayonu Poylu qəsəbəsində yaşayan Şahid1 və Təqsirləndirilən şəxsdur. Həmin şəxslər yaxın qohumdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 738 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət - alnın ortasında çapılmış yara küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunun xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli, 01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ Poliklinika şöbəsinin Narkoloji, Onkoliji, Dəri-zöhrəvi, Psixoloji və Vərəm kabinetlərində qeydiyyatı yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 106 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında qeydiyyatı yoxdur. İş materiallarında olan, Ağstafa rayon Məhkəməsinin 1(015)-42/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 04 may 2023-cü il tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimklan tədbiri ilə əvəz olunmuş, o, həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, zərərçəkmiş şəxsin, şahid ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Eyni zamanda, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 6-cı bəndinə göstərilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmədə davranışını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) ay 19 (on doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 08 (səkkiz) gün çıxılaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar