Məhkəmə qərarları › İş №1(015)-44/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-44/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-44/2023 16.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə xx.xx.1967-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, iki uşaq atası, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 (bir) ədəd gümüşü rəngli falqaya bükülü halda 0,326 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-ci il tarixdə saat 15:45radələrində Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri N.Nərimanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq saat 15:55-də Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə Ağstafa rayon polis şöbəsinin inzibati binasında həmin gün saat 16:17-dan 16:26-dək şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olsa da ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağstafa şəhəri S.Vurğun parkının arxasında küçə ilə təkbaşına hərəkətdə olarkən yolun kənarında, yerdən gümüşü rəngli büküm tapmış, içinə baxanda heroin olmasını görmüş, götürüb şalvarının sol yan cibinə qoymuş, oradan çıxıb getmiş, sonra tanışı Şahid1la görüşmüş, həmin gün, saat 15 radələrində Ağstafa şəhəri N. Nərimanov küçəsi ilə Yaşarla birlikdə piyada hərəkətdə olarkən mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirdirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nə getmiş, RPŞ-nin inzibati binasında vəkilin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində hər hansı narkotik vasitə və psixotrop maddə varsa könüllü təqdim etməyi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan kütləni təqdim etmiş, heroin olmasını və yerdən tapdığını demişdir. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, o cür fikrə düşməmiş, yerdən tapdığı və polis əməkdaşları tərəfindən üzərində aşkar edilmiş heroini öz şəxsi istifadəsi üçün özündə saxlamış, onda heroin olmasından tanışı Şahid1, o cümlədən başqa şəxs və ya şəxslərin xəbəri olmamışdır. Törətdiyi əməldən pеşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi vəzifəsində vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. xx.xx.2023-ci il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin gün Təqsirləndirilən şəxs tanışı Şahid1la birlikdə Ağstafa şəhəri, N. Nərimanov küçəsində piyada hərəkət etdiklərini görüb saat 15:45 radələrində ona yaxınlaşmış, onları polis şöbəsinə dəvət etmişlər, həmin gün, saat 15:55-də onların ikisini də Ağstafa RPŞ-nin inzibati binasına gətirmişlər. Vəkil Nümayəndə iştirakı ilə videoçəkilişlə Ağstafa RPŞ-nin inzibati binasında təhqiqatçı Təhmasib Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində həmin gün, saat 16:17-dən 16:26-dək şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülü çıxarıb təqdim edərək içində heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağstafa şəhəri S.Vurğun parkının arxasında küçə ilə gedərkən yolun kənarından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış və üzəri möhürlənmiş, bu barədə tərtib edilmiş protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 və ifadəsi elan olunmuş Şahid2 və Şahid1 Şahid5la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023-ci il tarixli 16/22 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 0,46 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə” sözlər və imzalar kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 0,326 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,326 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,276 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 13 fevral 2023-ci il tarixli 251 №li rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” X6 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sol əlin 1-ci barmağın distal falanqasından 2-ci barmağın proksimal falanqasının proksimal 1/3-dən amputasion güdülləri, 3-cü-4-cü barmaqların yarıbükülü vəziyyəti və kontrakturası, əlinin funksiyasının pozulması diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi TSEK-nın xx.xx.2023-cü il tarixli sənədin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 2-ci Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs heroin gəzdirməsindən Şahid1 xəbəri olmadığı, onlar əlbir olmadıqları üçün Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması ibtidai istintaq orqanı tərəfindən rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, səhhətində problemlər olmaqla 3-cü dərəcəli əlil olmasını, oğlunun Vətən müharibəsində iştirak etməsini və fərqləndiyi üçün medallarla təltif edilməsini və özünün yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, 3-cü qrup əlil olduğu üçün ona narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,276 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,276 qram çəkidə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar