Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-44/2025 10.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi X2 iştirakları ilə, xx.xx.2004-cü ildə Ağstafa rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum edilməmiş, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, Ağstafa rayonu, Muğanlı kəndində həmkəndilisi X1 evinin həyətində təşkil edilmiş toy şənliyində Zərərçəkmiş şəxs ilə aralarında baş verən sözlə mübahisəyə aydınlıq gətirmək məqsədi ilə birlikdə Muğanlı kəndinin kənarında yerləşən meşəlik əraziyə getmiş, həmin yerdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yenə də bir qədər əvvəl toy şənliyində dodağına əli ilə vuran şəxsin o, olmasını israrla bildirərək vuran şəxsin ünvanına dəfələrlə nalayiq ifadələr işlətməsindən sonra Zərərçəkmiş şəxs onun vurmadığını desə də sonuncu yenə də nalayiq ifadələr işlətməkdə davam etdiyindən “orada vurmamışam, amma indi vuraram” deyərək şəxsi münasibətlər zəminində aralarında yaranmış münahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruğu ilə bir neçə dəfə dəfə vuraraq ona sağ gözün alt-üst səthində qançırlar, burnun əsasında sıyrıqlar ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sağ əlinin baş barmağını dişləyərək sağ əlin baş barmağının əzilmiş yarası, şişkinlik, hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətmiş olduğu cinayəti etiraf edib izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə həmkəndlisi və sinif yoldaşının toyuna getmiş, axşam şər qarışdıqdan sonra həmkəndlisi Vüsal ilə kiminsə arasında oynamaq üstündə mübahisə yaranmış, o, Vüsalı sakitləşdirmək üçün axtarmış, bu zaman Elsevər ilə həyətin qapısının qarşısında rastlaşmış, Elsevər onun Vüsalı axtardığını görmüş “Vüsal burada yoxdu mən varam, nə sözün varsa mənə de”-demiş və onunla mübahisə etməyə başlamış, o burada Elsevəri vurmamış, bu zaman Elsevər onu vurduğunu deyərək ünvanına ağır söyüşlər söymüş, bu zaman qardaşı Səbuhi gələrək “əgər səni vuran qardaşımdırsa onun adından səndən üzr istəyirəm” demiş, həmin vaxt o Elsevəri vurmamış, bundan sonra onlar dağılışmışdırlar. Sonradan qardaşı Səbuhi Elsevərin 5-6 nəfər tanımadığı şəxsin yanında onun arxasınca Elsevəri vurduğunu deyərək nalayiq söyüşlər söydüyünü görmüş, Səbuhi zəng edərək onu çağırmış, o gələnə kimi Elsevər oradan getmişdir. Qardaşı Səbuhi mobil telefon ilə Elsevəri yığmış və harada olduğunu soruşmuş, onunla söhbət etmək istədiklərini demiş, Elsevər kəndin tibb məntəqəsində olduğunu, baş vermiş mübahisəni görən Vüsalın hamilə həyat yoldaşının vəziyyətinin pisləşdiyi üçün oraya getdiyini demiş, o qardaşı Səbuhi ilə birlikdə tibb məntəqəsinin qarşısına Elsevərin yanına getmiş, Səbuhi onun Elsevəri vurmadığını Elsevərə bildirmişdir. Onlar meşəyə getmiş Elsevərə “Orada səni vurmamışdım, ama indi vuraram” demiş və yumruqla Elsevərin gözünün altına vurmuş, bu zərbədən sonra Elsevər yıxılmış, bu zaman Şayəddin onun gözləmədiyi vaxt başından yumruqla vurmuş, həmin yumruqdan sonra başında ağrılar olmuş, Şayəddinin onu vurduğunu görən qardaşı Səbuhi Şayəddini təpiklə vurmuş aralamış, Şayəddin yenidən qardaşının üstünə gəlmiş, Səbuhi yumruqla onun üzündən bir dəfə yumruqla vurmuş, Şayəddin zərbənin təsirindən dizi üstə yerə düşmüş və ağzıüstə yerə uzanmış, bu vaxt Elsevər yerdən qalxaraq onun üstünə gəlmiş onu yıxmış və üstünə çıxmışdır. Yerdə əlbəyaxa olmuşlar, bu zaman Elsevər baş barmağını onun ağzına salmış və digər barmaqlarını gözünə salmağa çalışmış, bu zaman kənarda olan şəxslər onları aralamış, su gətirərək Şayəddinin ə-üzünü yumuş, Şayəddin ayılmış, daha sonra barışıq olmuş və onlar avtomobillərinə minərək oradan uzaqlaşmışdırlar. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsdən də üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində o həmkəndlisinin toyuna mağara oynayanlara baxmağa getmiş, o orada olan zaman həmkəndlisi Vüsal ev sahibi ilə oynamaq üstündə mübahisə etmiş, o mübahisəni görmüş ora yaxınlaşmış, Vüsalı qırağa çəkmiş, bu zaman Hikmət kənardan gələrək Vüsala nalayiq ifadə etmiş, o Hikmətin qabağına gələrək “Vüsal yoxdur. Vüsala nə deyirsənsə mənə de”-demiş, Hikmət ona “Vüsalın söhbətini eləyə bilərsən?” -demiş və o eyni ifadəni təkrar işlətmiş “ona nə sözün varsa mənə de”-demiş, bu zaman kimsə yumruqla onun dodağına vurmuş, o, Hikmətə “burada camaat var, qırağa gedək”-demiş, kənara keçmiş, sonra Hikmətdən niyə vurduğunu soruşmuş, Hikmət söyüş söyərək onu vurmadığını demiş, o da Hikmətə qarşılıq verərək onu vuranı söymüş, bundan sonra dağılışmışdırlar. Oradan o, bibisi oğlu Şayəddinlə mübahisəni görüb vəziyyəti pisləşən Vüsalın həyat yoldaşının yanına kənddə yerləşən tibb məntəqəsinə getmiş, yolda Hikmətin qardaşı Səbuhi onun mobil telefonuna zəng etmiş, onunla söhbət etmək istədiyini bildirmiş, o kənddə tibb məntəqəsində olduğunu buradan gəldikdən sonra söhbət edəcəklərini ona demiş, orada insanlar çox olduğu üçün meşəyə getmişlər, onlar öz avtomobillərinə əyləşmiş, meşədə avtomobildən düşmüş, hadisə vaxtı orada bibisi oğlu Şayəddin, Temrazın oğulları Səbuhi və Hikmət, Mübarizin oğulları Elsun və Əsgər, İkramın oğlu İlham, Mokuşun oğlu Mahmud və Vasqanın oğlu Elgün olmuş, o Səbuhi ilə onu vuran adamı söyməyi ilə bağlı söhbət edən zaman Hikmət “Orada vurmamışam, amma indi vuraram” demiş, yumruqla onun sol gözünün altına yumruq vurmuş, o zərbənin təsirindən yerə yıxılmış, Bu zaman Şayəddin Hikmətin sinəsindən yumruqla vurmuş, həmin vaxt o ayağa qalxaraq Hikmətin üstünə gəlmiş, onunla əlbəyaxa olmuş, onu yerə yıxmış, bu vaxt Hikmət onun sağ baş barmağını dişləmiş, onları aralamışlar, araladıqdan sonra Şayəddinin üzünün qanadığını görmüş, daha sonra Hikmət ona nalayiq ifadələr işlətmiş, onlar yenidən əlbəyaxa olaraq yerə yıxılmış, onları yenə aralamışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və ona qanunamüvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o, həmkəndlisinin toyuna getmiş, axşam şər qarışdıqdan sonra camaatın mağarın arxasına getdiyini, orada yığıldığını görmüş, həmin yerə getdikdə qardaşı Hikmət Elsevərlə sözlə mübahisə edirmiş, burada ona məlum olmuşdur ki, qardaşı Vüsalı axtarırmış, Elsevər də ona “Vüsal burada yoxdu, mən varam” demiş, Hikmət ona “ Vüsalı nəyə axtarıram nə bilirsən? Sənin nəyinə lazımdır?”- demiş, bu zaman Elsevər ona “mənim ağzımdan kimsə vurub” demiş və həmin adamın ünvanına nalayiq ifadələr işlətmiş, o Elsevərə “əgər səni vuran qardaşımdırsa onun adından səndən üzr istəyirəm” demiş, Hikmət isə ona “Elsevəri mən vurmamışam” demiş, bundan sonra dağılışmışdırlar. Sonradan Elsevər 5-6 nəfər tanımadığı şəxsin yanında onun qardaşı Hikmətin arxasınca Hikmətin onu vurduğunu dediyini və nalayiq söyüşlər söydüyünü görmüş, zəng edərək qardaşını çağırmış, Hikmət gələnə kimi Elsevər oradan getmiş, o, xatırlamadığı şəxsin mobil telefonu ilə Elsevərə zəng etmiş və harada olduğunu soruşmuş, onunla söhbət etmək istədiyini demiş, Elsevər ona kəndin tibb məntəqəsində olduğunu demiş və onları ora çağırmış, o qardaşı Hikmətlə birlikdə ora gəlmiş, maşından düşərək Elsevərin yanına getmiş, qardaşı Hikmətin onu vurmadığını Elsevərə demiş, bu zaman Elsevərin bibisi oğlu Şayəddin gəlmiş, Şayəddin bura söhbət yeri deyil demiş, avtomobilə əyləşərək meşəyə getmişlər. Meşədə avtomobillərdən düşmüş, Elsevər və Hikmət üz-üzə gəlmiş, bu zaman Hikmət ona “orada səni vurmamışdım, indi vuraram” demiş və yumruqla onun gözünün altına vurmuş, Elsevər də qardaşı Hikməti vurmuş, bu zaman Şayəddin də Elsevərlə birlikdə qardaşı Hikməti vurmuş, buna görə də o, Şayəddini aralamış, Şayəddin onun üzərinə gəlmiş yumruq atmaq istəmiş o sağ yumruğu ilə Şayəddinin üzündən vurmuş, bu zərbədən sonra Şayəddin ağzı üstə yerə yıxılmış, bundan sonra onlar aralaşmış, su gətirərək Şayəddinin əl üzünü yumuş və avtomobillərinə minərək oradan uzaqlaşmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində o həmkəndlisinin toyuna mağara oynayanlara baxmağa getmiş, o orda olan zaman həmkəndlisi Vüsal ev sahibi ilə oynamaq üstündə mübahisə etmiş, mağardan hərkəsin çölə çıxdığını görmüş, o, həmin şəxslərə qoşularaq çölə çıxmış, çöldə Elsevərlə Hikmət və onun qardaşı Səbuhinin mübahisə etdiyini, bir neçə nəfər şəxsin isə onların başına yığışdığını görmüş, o araya girərək Elsevəri aralamış və öz avtomobilinə mindirərək mübahisə zamanı halı pisləşmiş Vüsalın hamilə olan yoldaşının vəziyyətini öyrənmək üçün Muğanlı kəndində yerləşən tibb məntəqəsinə getmiş, avtomobildə olan zaman Elsevər avtomobilin salonunun işığını yandırmış dodağına baxmış, bu vaxt onun dodağının qanadığını görmüş, ondan nə olduğunu soruşmuş, Hikmətin onu vurduğunu demiş, elə bu vaxt Səbuhi Elsevərin mobil telefonuna zəng etmiş, həmkəndliləri olan Məhəmmədin yerinin ayağında görüşək demiş, onlar tibb məntəqəsinə çatdıqda avtomobildən düşmüş, o içəriyə daxil olmuş, bu zaman Vüsal yoldaşını çıxararaq gəlmiş, Elsevər isə həyətdə onları gözləmiş, o içəridən çıxdıqda Elsevərin artıq tibb məntəqəsinin həyətindən çölə çıxdığını, çöldə Elsevərin yanında həmkəndliləri Səbuhi, Hikmət, Elsun, İlham, Əsgər və Mahmudun olduğunu görmüş, ora çatdıqda həmin şəxslərdən birinin “bura dalaşmaq yeri deyil gedək çöldə məsələmizi aydınlaşdıraq”-dediyini eşitmiş, onların hamısı meşəyə getmiş, Elsevər ilə Hikmət üzbəüz dayanmış, mağarda baş verən mübahisənin davamı olaraq Elsevər Hikmətə “məni sənmi vurmusan” deyə soruşmuş, Hikmət isə ona “mağarda vurmuşam burda bir də vuraram” demiş, yumruqla Elsevərin sifətinə zərbə endirmiş, Elsevər yerə yıxılmış, o isə Hikmətin sinə nahiyyəsinə yumruqla zərbə yetirmiş, bu vaxt anidən arxa tərəfdən kimliyi ona məlum olmayan şəxs onu vurmuş, onun dizləri yerə çökmüş və üzü üstə yerə yıxılmış, onu yerdə vuran şəxsi Elsun aralamış və onu yerdən qaldırmış, orada gözünün altından və gichgahından kimin vurduğunu soruşmuş, heç kim onu vurduğunu boynuna almamış, Elsun və Səbuhi orada söyüş işlətmiş, onu kimin vurduğunu və həmin vuran şəxsin ortaya çıxmasını demiş, Lakin yenə də heç kim boynuna almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostu X3 toy məclisinə getmiş, saat 21 radələrində siqaret almaq üçün kənddə yerləşən marketə getmiş, qayıtdıqda Rəvanın atası Zülü toyun mağar məclisini ləğv etdiyini bildirmiş, o bu barədə maraqlandıqda mağarda həmkəndliləri Elsevərlə Hikmətin arasında sözlə mübahisə yarandığını onların və bir qrup digər uşaqların dalaşmaq üçün meşəyə getdiyini demiş, o həmin şəxsdən davanın niyə başladığını soruşduqda mahnı sifarişi üstündə başladığını bildirmiş, o təkcə piyada meşəyə yollanmış, Hikmətgilin meşədə olduğunu görmüş, onların yanına çatmış orada Səbuhi, Hikmət, Elsevər, Şayəddin, Mübarizin oğulları Elsun və Əsgər, İkramın oğlu İlham, Qəhrəmanın oğlu Elvinin olduğunu görmüş, o Elsevərlə Hikmətin arasında nisbətən Hikmətə yaxın dayanmış, orada olan söhbət zamanı Elsevər mağarda mübahisə baş verdikdə Hikmətin onu vurduğunu demiş, Hikmət isə bunu inkar edərək Elsevərə onu vurmadığını bildirmiş, Elsevər isə onu vuran şəxsin ünvanına söyüşlər söymüş, bu vaxt Hikmət “səni mağarda mən vurmamışam, ancaq indi vuraram”-deyərək yumruq ilə Elsevərin sol gözünün altında zərbə endirmiş, Elsevər zərbənin təsirindən kürəyi üstə yerə yıxılmış, vu vaxt Şayəddin Hikmətin üstünə cummuş, Şayəddinin Hikməti vurub-vurmadığını görməmiş, həmin vaxt onları aralamaq istədikdə Səbuhi yumruq zərbəsi ilə Şayəddinin gözünün altından vurmuş, zərbənin təsirindən Şayəddin huşunu itirmiş kimi dizi üstə düşmüş və üzü üstə yerə yıxılmış, o həmin vaxt Hikməti kənara aparmış, lakin Hikmət yenidən Elsevərin üstünə cummuş və onlar yaxalaşmış və yerə yıxılmış, bu zaman onları yenidən aralamış, bundan sonra Şayəddinin vəziyətinin yaxşı olmadığını görmüş onun yanına getmiş yerdən qaldırmış, Şayəddin qalxaraq “onu dəmirlə vuran kim idi”-demiş, Səbuhi həmin vaxt Şayəddinə “səni mən dəmirlə vurmamışam, yumruqla vurmuşam”-demiş, onu dəmirlə vurduğunu heç kim deməmiş, Çünki orada ancaq Hikmətlə Elsevər və Səbuhi ilə Şayəddin dalaşmış, onların heç birinin əlində dəmir alət olmamışdır. Hadisə qəfləti olduğu üçün ani zaman ərzində baş vermiş və təxminən 5 dəqiqə çəkmiş, sonra isə onlar aralanmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid6, Şahid7 məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 23 oktyabr 2024-cü il tarixli, 442 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəninin səthində aşkar edilmiş xəsarətlər – sağ gözün alt üst səthində qançırlar, burnun əsasında, sağ almacıq nahiyyəsində sıyrıqlar, sağ əlin baş barmağın üst səthində əzilmiş yara, şişkinlik, hərəkət məhdudluğu və onurğanın sol tərəfində oval formalı dişləmə yeri küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 20 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Yumruqla, təpiklə və dişləmə nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağ əlin baş barmağın üst səthində əzilmiş yara, şişkinlik, hərəkət məhdudluğu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağ gözün alt-üst səthində qançırlar, burnun əsasında, sağ almacıq nahiyyəsində sıyrıqlar, onurğanın sol tərəfində oval formalı dişləmə yeri isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan məhkəmə-tibb ekspertizasının 25 yanvar 2025-ci il tarixli, 35 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət yoxdur. İş materiallarında olan əlavə məhkəmə-tibb ekspertizasının 23 aprel 2025-ci il tarixli 442.”a” nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəninin səthində aşkar edilmiş xəsarətlərdən olan sağ əlin baş barmağın üst səthində əzilmiş yara, şişkinlik, hərəkət məhdudluğu dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin xəsarətlər dişləmə nəticəsində əmələ gəlmişdir və yıxılma nəticəsində əmələ gəlməsi inkar edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun sağ əlinin baş barmağını dişləyərək xəsarət yetirməsini üzünə qarşı demişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış, sonuncu ondan şikayətçi olmaqla qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmadığından onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilə bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 22:30-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-44/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-44/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver