Məhkəmə qərarları › İş №1(015)-45/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-45/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-45/2024 06.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, başqa iş üzrə azadlıqdan məhrum etmə cəzası çəkən, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 0,343 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə edib üzərində daşıyaraq saxlamış, 13 yanvar 2024-cü il tarixdə saat 20:30-da Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa şəhəri, H.Əliyev prospekti 71 nömrəli ünvanda yerləşən Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 21:21-dan 21:29-dək olan vaxt ərzində həmin şöbəsinin birinci mərtəbəsində Təhqiqat bölməsinin xidməti iş otağında onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibinin üst hissəsində olan ciblikdən bir ədəd gümüşü rəngli falqaya bükülünün içərisində təmiz çəkisi 0,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yaşamışdır. Hazırki iş üzrə tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərindəki “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 01 ədəd sellofan bükümündə şəxsi istifadəsi üçün heroin almış, sonradan Qazax şəhərinə qayıtmışdır. 13 yanvar 2024-cü il tarixdə saat 20:30 radələrində Ağstafa şəhərindəki Dəmiryolu vağzalının yaxınlığında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Ağstafa RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsində onu müdafiəçi ilə təmin etdikdən sonra təhqiqatçının otağında videoçəkiliş ilə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi bildirilmiş, o da əynindəki qara rəngli cins şalvarın sağ cibinin üst hissəsindəki kiçik ciblikdən 1 büküm sellofanda olan heroini çıxarıb təqdim etmiş, həmin heroin bükümü elektron tərəzidə çəkilib qablaşdırılmış, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarına bükülünün içindəkinin heroin olmasını və Bakı şəhərində, “Kubinka” deyilən ərrazidə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Ondakı heroin barədə heç kəsin məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmuş məlumat əsasında o, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə 13 yanvar 2024-cü il tarixdə saat 20:30 radələrində Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Ağstafa RPŞ-nə dəvət edərək birlikdə polis şöbəsinə getmişlər. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmiəmiş, lakin sonradan Təqsirləndirilən şəxs cibindən 01 ədəd sellofan bükümündə heroin aşkar olunduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ CAB-nin əməkdaşıdır. 13 yanvar 2024-cü il tarixdə, saat 20:30-da Qazax şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, polis şöbəsinin NQMQ-nun baş əməliyyat müvəkkili Əli Məsimov və CAB-nin əməliyyat müvəkkili Şahid3la birlikdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlayıb rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Elşən könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ cibinin üst hissəsində olan ciblikdən 01 sellofan büküm çıxarıb içində heroin olmasını, Bakı şəhərində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demiş, həmin bükülü açılıb içinə baxılmış, içərisində heroinəbənzər ketlə olması aşkar edilmiş, elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Sonda protokol tərtib edilmiş, orada iştirak edən şəxslər protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,83 qram çəkidə küstar üsulla hazırlanmış heroin onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibliyindən aşkar edilmiş, həmin narkotik vasitənin onun üzərindən aşkar edildiyi gündən təxminən 2 gün öncə Bakı şəhərində “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını və cibində saxlayıb daşıdığını etiraf etmişdir. Şəxsi axtarış xx.xx.2024-cü il tarixdə saat 21:21-də başlamış, həmin gün saat saat 21:29-da bitmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 16/66 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,343 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heriondir (0,343 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,293 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 fevral 2024-cü il tarixli, 354 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1-ci və 315.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019cu ildə cəzasının sonu ilə azad edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2, 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, o, qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Qazax Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi üçün ona CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Qazax Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 11 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun tutulduğu 02 gün müddət təyin edilən qəti cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalı, başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,293 qram heroin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Qazax Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,293 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar