Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-47/2023 20.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə, təmiz çəkiləri 0,059 və 0,099 qram, ümumi təmiz çəkisi 0,158 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, əynində olan gödəkçənin sol yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:10-da Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ağstafa şəhəri, R.Alcanov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, Ağstafa rayon polis şöbəsinin inzibati binasında həmin gün saat 19:16dan 19:25-dək müddətdə keçirilən şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən qeyd olunan 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,059 və 0,099 qram olmaqla ümumi təmiz çəkisi 0,158 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1-də yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı evdən çıxıb Ağstafa şəhərindəki Dəmiryolu vağzalına getmiş, həmin gün, saat 17-18 radələrində yaşadığı evə qayıdan zaman Dəmiryolu vağzalının ərazisində zibil qabının yanında, yerdə siqaret qutusu görüb qutunu yerdən götürüb açdıqda qutunun içərisində 2 ədəd ayrı-ayrılıqda qızmızı rəngli siqaret kağızına bükülü büküm görmüş, həmin bükümləri açdıqda içərisində heroin olduğunu görmüş, özü istifadə etməsi üçün bükümləri əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoyub yaşadığı evə tərəf getməyə başlamış, yaşadığı evə çatmağa az almış, piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polislərlə birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsində, birinci mərtəbədəki iş otaqlarından birində ona vəkillərin siyahası təqdim olunmuş, dövlət hesabına ona vəkil kimi Mehdi Hüseynovun təyin olunmasını xahiş etmiş, vəkilinin də iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində olan 02 ədəd qırmızı rəngli siqaret kağızına bükülü heroini təqdim etmiş, heroin olduğunu, həmin gün Dəmiryolu vağzalında, zibil qabının yanında yerdən tapdığını demişdir. Bükümlər elektron tərəzidə çəkilmiş, qablaşdırılmaqla üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş, o da həmin protokolu imzalamışdır. O, narkotik vasitəni öz istifadəi üçün üzərində gəzdirmişdir, onda heroin olması barədə heç kimin məlumatı olmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkilipolis mayoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamıdır. 12 yanvar 2023-cü il tarixdə saat 18 radələrində xidməti iş yerində olarkən əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və yaşadığı evin yaxınlığında, küçədə olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 Mayıs oğlu və Köçvəlli PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə xidməti avtomaşına əyləşərək Təqsirləndirilən şəxs yaşadığı Ağstafa şəhəri, R. Alcanov küçəsinə getmişlər, Şəadəti evinin yaxınlığında piyada hərəkət edən görüb avtomobili onun yanında saxlamış, saat 18:10-da Şəadətə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞya dəvət etmişlər, Şəadət etiraz etməmiş, birlikdə Ağstafa RPŞ-nə getmişlər. Polis şöbəsində vəkilin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, əvvəlvə ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, Şəadət könüllü olaraq əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 2 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş və onun heroin olduğunu və bir qədər əvvəl Dəmiryolunun kənarı ilə piyada gedən zaman yerdən siqaret qutusunun içərisində tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzisində çəkilmiş, müvafiq qaydada möhürlənib götürülmüş, bundan başqa Şəadətin üzərindən hər hansı bir narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu da Şahid1 eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Mayıs oğlu və Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrindən görünür ki, onlar yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 02 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş kağızlarla birlikdə 0,20 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış xx.xx.2023-cü il tarixdə, saat 19:16-da başlamış, 19:25-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16/62 №-li, 13 yanvar 2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş kağız paketdəki, 2 (iki) ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,099 qram, ümumi təmiz çəkisi 0,158 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir (cəmi 0,158 qram heroindən 0,02 qramı ekspertiza tədiqatına sərf edilmiş, cəmi 0,138 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 281 №-li, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Ağstafa Mənzil Komunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübüta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan cəmi 0,138 qram heroin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan alınaraq X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (alt) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan cəmi 0,138 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-47/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-47/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver