Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-47/2025 27.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 14 sentyabr 1993-cü ildə Ağstafa rayonu Qaçaq Kərəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində BC dərəcəli sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə, X3 məxsus olan nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti üzrə verilmiş etibarnamə əsasında idarə etdiyi «Mersedes Benz E 220 CDİ minik» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri istiqamətindən üzü Ağstafa rayonunun Köçəskər kəndi istiqamətində Ağstafa-Köçəskər avtomobil yolunun 7-ci kilometrliyində, Ağstafa rayonunun Köçəskər kəndi ərazisindən keçən hissəsində 70 km/saat sürətlə hərəkət edərkən «X7» Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etməməli, hərəkət üçün təhlükə yarandığı andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda bunlara riayət etməyərək və hadisənin baş verməsinə etinasız yanaşaraq, yolun sağ hərəkət zolağı ilə həmin istiqamətdə hərəkət edən uzunqulaq arabasının arxa tərəfindən avtomobilin ön hissəsi ilə vurub arabanın üstündə olan Zərərçəkmiş şəxs1 hər iki baldır sümüklərinin açıq çoxqəlpəli yerdəyişməli sınıqları ilə nəticələnən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına AĞİR dərəcəli bədən xəsarəti almasına, həmin arabanın üstündə oturmuş azyaşlı Zərərçəkmiş şəxs2 ağır kəllə beyin travması, baş beyinin sol gicgah nahiyyəsində qansızma və hematoma, sol baldırın yuxarı 1/3-nin açıq, sol iç topuğun qapalı, sağ baldırın orta 1/3-nin qapalı, sol almacıq sümüyünün qapalı sınıqları, sol gicgah nahiyyəsinin, sol baldırın yuxarı 1/3-nin arxa səthində əzilmiş yaralar və sol alın nahiyyəsində, burunun əsasında sıyrılmış yaraları ilə nəticələnən sağlamlığa AĞİR bədən xəsarətləri yetirməklə, ağır kəllə beyin travması, baş beynin sol ənsə nahiyyəsində qansızma, hemotoma və travmatik şok səbəbindən ölməsinə səbəb olub yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu Qaçaq Kərəm kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 14 noyabr 2024-cü il tarixdə Bakı şəhərində olmuşdur. Həmin vaxtlar Minar adlı şəxsin ona yalnız sürmək üçün verdiyi Mercedes E 220 CDİ markalı avtomobillə Ağstafa rayonundan Bakı şəhərinə sərnişin daşımaq işi ilə məşğul imiş. 14 noyabr 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhərindən sərnişinləri götürüb Ağstafa şəhərinə qayıtmağa başlamışdır. Saat 20 radələrində Ağstafa rayonuna çatmışdır. Birdən yadına düşmüşdür ki, Bakı şəhərindən Tovuz rayonuna çatdırmaq üçün verilən şəxsiyyət vəsiqəsini Tovuz rayonunda verməyi unudub. Bundan sonra o, dostu Elmara zəng etmiş və ondan xahiş etmişdir ki, onunla birlikdə yoldaşlı Tovuz rayonuna gedib şəxsiyyət vəsiqəsini verib qayıtsınlar. Elmar ona etiraz etməmiş Elmarı razılaşdıqları kimi Ağstafa şəhərində olan körpünün yaxınlığındakı kafenin yanından götürmüşdür. Elmar avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra onlar Ağstafa-Köçəsgər yolu ilə üzü Tovuz rayonu istiqamətində yola düşmüşlər. Köçəsgər kəndinin ərazisinə çatmışlar, həmin vaxt avtomobilini 70 km/saat sürətilə idarə edirmiş və hava tam qaranlıq imiş. Bu zaman onlara qarşı tərəfdən hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi bir avtomobil uzaq vuran işıqları ilə hərəkətdə olduğuna görə həmin avtomobilin işıqları onun gözünə düşmüşdür. Belə olan halda o, da idarə etdiyi avtomobilin uzaqvuran işıqlarını yandırmışdır. Elə həmin vaxt avtomobilinin qabaq tərəfinin nəyəsə dəydiyini hiss etmişdir. Belə olan halda ayağını dərhal əyləcə basmış və avtomobili təxminən 15-20 metr qarşı tərəfə doğru getdikdən sonra dayanmışdır. Bundan sonra Elmarla avtomobildən düşmüşlər və görmüşlər ki, avtomobili ilə uzunqulaq arabasını vurub, araba onun avtomobilinin qabaq hissəsinin altına girib və iki baş uzunqulaq da arabanın qarşı tərəfində ölüblər. Bundan sonra Elmarla görmüşlər ki, adı ona sonradan məlum olan Ağstafa rayon Köçəsgər kənd sakini Zərərçəkmiş şəxs1 onun avtomobilinin damının üstündədir və hərəkətsiz vəziyyətdədir. Daha sonra isə görmüşlər ki, onun avtomobilindən təxminən 4-5 metr arxada asfaltın üstündə adı ona sonradan məlum olan azyaşlı uşaq Zərərçəkmiş şəxs2 da hərəkətsiz vəziyyətdə yerdə uzanıb. Onlar elə başa düşüblər ki, həmin şəxslərin hər iksi ölüb. Bundan sonra Elmarla birlikdə Əzizi yerdən götürüb yolun kənarına uzatmışlar və o, istifadəsində olan mobil telefonu ilə 103 xidmətinə zəng edib kömək çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə kənd camaatı və daha sonra isə təcili-tibbi yardım avtomobili gələrək Ələmdarla Əzizi avtomobilə qoyub aparmışlar. Özü isə Ağstafa rayon Polis Şöbəsinə gələrək törətdiyi hadisə barəsində məlumat vermişdir. Ona sonradan məlum olmuşdur ki, hadisə nəticəsində Ələmdarın hər iki ayağı sınıb, Əziz isə ölüb. Hadisəni törətməmişdən qabaq arabanı görməmiş, əgər hadisə törətməmişdən qabaq arabanı görsəydi avtomobilinin sürətini azaldacaq və ya həmin arabanı ötüb keçəcək imiş. Hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən və zərərçəkmiş şəxsdən üzr istəmiş, onlar da onunla barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan şikayəti və tələbləri yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Rəsmi olaraq yaşadığı kəndin ərazisi ilə keçən dəmiryol xəttində keçid gözətçisi işləyir. 14 noyabr 2024-cü il tarixdə saat 18 radələrində nəvəsi Əvəzlə birlikdə özünə məxsus rezin təkərəkli uzunqulaq arabası ilə kəndin ərazisində əkdiyi taxıl sahəsinə baş çəkməyə getmişdir. Saat 20 radələrinədək sahədə olduqdan sonra evə qayıtmağa başlamışlar. Kəndin ərazisi ilə keçən asfalt yolla asta sürətlə hərəkətdə olan zaman təxminən 70-80 km saat/sürətilə hərəkətdə olan bir avtomobil gəlib onların arabasını arxadan vurmuşdur. Həmin zərbədən sonra isə heç nə yadında deyil. Gözlərini açanda görmüşdür ki, Təcili Tibbi yardım avtomobilininin içərisindədir. Əziz də hərəkətsiz vəziyyədə onun getdiyi atomobilin içindədir. Xəstəxanaya çatdıq onu başqa otağa Əzizi isə başqa otağa aparmışlar. Həmin vaxt ona mələm olmuşdur ki, baş vermiş hadisə zamanı ayaqlarının ikisi də sınıb, nəvəsi Əziz isə ölüb. Ona sonradan məlum olmuşdur ki, onların arabasını arxadan vuran şəxs Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Təqsirləndirilən şəxsdur və Seymur onların arabasını idarə etdiyi Mercedes markalı avtomobillə vurub. Hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan X1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, atası Ələmdar və anası Vəfa ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 14 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Ağstafa rayonunun Köçəsgər kəndində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölən xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 onun oğludur. İşin mahiyyəti ilə bağlı bildirmişdir ki, Əzizin atası Əvəzlə 2016-cı ilin dekabr ayında ailə həyatı qurmuşlar. Əvəzlə ailə qurduqdan sonra Ağstafa şəhərində 33-cü məhəllədə yaşamağa başlamışlar. Əvəzlə birgə nigahlarından 2018-ci ildə Əziz dünyaya gəlmişdir. 2023-cü ilin iyul ayında isə Əvəzlə rəsmi olaraq nikahdan ayrılmışlar, həmin vaxtdan sonra oğlu Əzizlə birlikdə Köçəsgər kəndində valideynlərinin yanında yaşamağa başlamışlar. Hadisənin baş verdiyi, yəni xx.xx.2024-cü il tarixdən təxminən 15 gün öncə o, Bakı şəhərində yaşayan anasının xalası Gülüstanın evinə qonaq getmiş və Gülüstanın evində qalırmış. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində anası ona zəng edib demişdir ki, atası Ələmdarla oğlu Əziz kəndin yolunda uzunqulaq arabaları ilə evlərinə gələn zaman arxadan bir avtomobil onları vurub və hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər. Yəni anası ona Əzizin ölməsini deməmişdir. O, öz növbəsində elə həmin gün Bakı şəhərindən taksi ilə çıxıb kəndə gəlmişdir. O, evə gələn zaman məlum olmuşdur ki, həmin hadisədə oğlu Əziz ölüb, atası Ələmdarın isə hər iki ayaqları sınıb. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, valideynləri ilə birlikdə Ağstafa rayonunun Qaçaq Kərəm kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Etibarnamə əsasında Mercedes E class markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub dolanır. BC kateqoriyalı sürücülük vəsiqəsi var. Ağstafa rayon Qaçaq Kərəm kənd sakini Təqsirləndirilən şəxs yaxşı tanıyır. Belə ki, onlar həmkəndlidirlər və uşaqlıqdan birlikdə böyümüşlər. Münasibətləri yaxşıdır, əvvəllər heç zaman düşmənçilikləri və ya ədavətləri olmamışdır. Seymurun da taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Seymur onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Seymur ona demişdir ki, Bakı şəhərindən müştəriləri Ağstafa rayonuna gətirib düşürdüb, lakin Bakı şəhərindən göndərilən bir nəfər Tovuz vətəndaşına şəxsiyyət vəsiqəsini vermək yadından çıxıb, ona görə də ondan xahiş etmişdir ki, birlikdə Tovuz rayonuna gedib qayıtsınlar. O, Seymura etiraz etməmiş və bir neçə dəqiqədən sonra Seymur idarə etdiyi boz rəngli, Mercedes E 220 markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu razılaşdıqları kimi “Məkan” kafesinin yanından götürmüşdür. O, qabaq sağ oturacaqda oturmuş və onlar Tovuz rayonu istiqamətində yola düşmüşlər. Ağstafa rayonunun Köçəsgər kəndinin ərazisi ilə təxminən 90 km/saat sürətilə hərəkətdə imişlər. Bu zaman onların qarşı tərəfindən VAZ 2106 markalı avtomobil gedirmiş. Həmin avtomobillə onların avtomobillərinin arasında olan məsafəni isə dəqiq xatırlamır. Həmin VAZ 2106 markalı avtomobil sol tərəfə çıxaraq qarşı tərəfində olan nəyisə ötüb keçmişdir. Lakin o, avtomobilin nəyi ötüb keçməsini görə bilməmişdir. Bu zaman onlara qarşı tərəfdən gələn bir avtomobilin uzaqvuran işıqları ilə hərəkətdə olduğunu görmüşlər. Elə həmin vaxt onların avtomobilinin qabaq hissəsi nəyəsə möhkəm dəymişdir. Belə olan halda Seymur ayağını əyləcə basmış və onun avtomobili təxminən 20-25 metr getdikdən sonra dayanmışdır. O, nə baş verdiyini və nəyə dəydiklərini bilməmişdir. Avtomobil dayandıqdan sonra Seymurla avtomobilin içərisində təxminən 1 dəqiqəyə yaxın qalmışlar və həmin vaxt ərzində hadisədən qorxduqları üçün bir-birləri ilə danışmamışlar. Bundan sonra Seymurla o, avtomobilin qapısını açıb yerə düşmüşlər. Bu zaman o, görmüşdür ki, avtomobilin qabağında taxta materialdan kustar üsülla hazırlanmış bir araba Seymurun avtomobilinin altına girib. Arabanın da qabaq tərəfində iki uzunqulaq yerdə hərəkətsiz vəziyyətdədirlər. Həmin vaxt başa düşmüşlər ki, Seymur avtomobilinin qabağı ilə uzunqulaq arabasını vurub. O, ətrafa göz gəzdirməyə başlamış və avtomobilimin arxa tərəfində, avtomobildən təxminən 10 metr məsafədə gözünə nəsə görünmüşdür. Hava tam qaranlıq olduğuna və küçə işıqlandırılmadığına görə gördüyü şeyin nə olduğunu dəqiq görə bilməmişdir. Ona görə də həmin yerə yaxınlaşmış və diqqətlə baxanda görmüşdür ki, yerdə bir oğlan uşağı var, həmin uşaq hərəkətsiz vəziyyətdədir və burnundan bir qədər qan gəlir. Bu barədə o, Seymura səslənib bildirmişdir. Seymur da ona avtomobilin damının üstündə də bir nəfər şəxsin olduğunu demişdir. Bundan sonra o, uşağı qucağına götürüb yolun kənarına qoymuş və avtomobilin yanına yaxınlaşmışdır. O, avtomobilin damının üstündə orta yaşlı bir kişinin zarıldadığını görmüşdür. Həmin kişi danışa bilmirmiş və ağrıdan sanki şoka düşübmüş. Seymur istifadəsində olan mobil telefonla 103 xidmətinə zəng edib hadisə barəsində məlumat verib kömək çağırmışdır. Bundan sonra hadisə yerinə kənd camaatı da gəlmişlər. Bir neçə dəqiqədən sonra isə təcili tibbi yardım avtomobili gəlmiş və uşaqla kişini götürüb aparmışlar. Seymur isə özü könüllü olaraq Ağstafa rayon Polis Şöbəsinə getmişdir. Bundan əlavə o, hadisə baş verməmişdən öncə uzunqulaq arabasını görmədiyini və baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almadığını bildirmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonunun Həsənsu kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub ailəsini dolandırır. Ağstafa rayon Qaçaq Kərəm kənd sakini Təqsirləndirilən şəxs yaxşı tanıyır. O, özünə məxsus “Mercedes E220” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün Seymura etibarnamə vermiş və Seymur onun avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışlarından indi xatırlamadığı şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Seymurun onun avtomobili ilə Ağstafa rayonunun Köçəsgər kəndinin ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, bir uşağın öldüyünü və bir nəfər orta yaşlı şəxsin də xəsarət aldığını bildirmişdir. Bundan sonra o, hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman görmüşdür ki, ölən uşağı və xəsarət alan kişini TTY avtomobilinə qoyub xəstəxanya aparırlar. Seymurun özü də hadisə yerindədir. Bundan sonra o, avtomobilinə yaxınlaşmışdır. Avtomobili qabaq hissəsi əzilmiş vəziyyətdə üzü Köçəsgər kəndi istiqamətində yolun hərəkət hissəsində dayanmışdır, avtomobilinin qarşı tərəfində isə zərbə nədicəsində qırıq-qırıq vəziyyətə düşən rezin təkərli araba və iki ədəd ölmüş uzunqulaq olmuşdur. Bir neçə dəqiqədən sonra Seymurun özü ona demişdir ki, hadisə törətdiyinə görə məlumat vermək və təslim olmaq üçün Ağstafa rayon Polis Şöbəsinə gedir. Seymur çıxıb getdikdən sonra o, hadisə yerində qalmış və bir neçə dəqiqədən sonra hadisə yerinə Ağstafa RPŞ-nin əməkdaşları gələrək hadisə ilə bağlı sənədləşmə aparmışlar. Bundan əlavə o, baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1920 manat maddi ziyan dəydiyini və Seymurdan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Ağstafa rayonunda Ağstafa- Köçəsgər avtomobil yolunun 7-ci km-də baş vermişdir. Hadisənin baş verdiyi yerdə yol ikitərəflidir, yolun asfalt örtüyünün eni 8 metr, sağdan 3,5 metr, soldan isə 2 metr enində yol çiyni vardır. Yolun orta hissəsindən çəkilmiş ağ qırıq xəttlər yolu iki bərabər hissəyə bölür. Həmin yolun örtüyü asfaltdır, hamardır, düz və qurudur. Yolun həmin hissəsi elektrik dirəklərinə quraşdırılmış elektrik lampaları ilə işıqlandırılır. Üzü Köçəsgər kəndi istiqamətdə dayanarkən toqquşma yolun sağ hissəsində baş vermiş və yolun həmin hissəsində «Mersedes Benz E 220 CDİ minik» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilə bitişik halda sınmış vəziyyətdə olan araba dayanmış vəziyyətdədirlər. Avtomobil arabaya dəydikdən sonra arabanı qabağında 27 metr 60 sm məsafədə qabağında sürümüşdür. Həmçinin yolun sağ tərəfində arabadan öndə asfalt yolun üzərində 2 ədəd uzunqulaqlar uzanıqlı və hərəkətsiz vəziyyətdədirlər. «Mersedes Benz E 220 CDİ minik» markalı avtomobilin ön hissəsi və arabanın arxa hissəsi güclü fiziki təsir nəticəsində əzilmiş vəziyyətdədirlər. Hadisə yerinin sxemi və çəkilmiş fotoşəkillər baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxlanılmış və o, ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizasının MTE və PA birliyinin Ağstafa rayon Şöbəsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, 17 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər –ağır kəllə beyin travması, baş beynin sol gicgah nahiyyəsində qansızma və hematoma, sol baldırın yuxarnı 1/3-nin açıq, sol iç topuğun qapalı, sağ baldırın orta 1/3-nin qapalı, sol almacıq sümüyünün qapalı sınıqları, sol gicgah nahiyyəsinin, sol baldırın yuxarı 1/3-nin arxa səthində əzilmiş yaralar və sol alın nahiyyəsində, burnun əsasında sıyrılmış yaraları həyatidir, Zərərçəkmiş şəxs2 ölümündən əvvəl küt əşyanın təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər hərəkətdə olan avtomobilin arabanı vurması nəticəsində əmələ gələ bilər. -Mərhum Zərərçəkmiş şəxs2 ölümü kəllə beyin travması, baş beyinin sol ənsə nahiyyəsində qansızma, hematoma və trafmatik şok nəticəsində baş vermişdir. -4115/K saylı kimyəvi aktdan görünür ki, Zərərçəkmiş şəxs2 sağlığında AYİQ olmuşdur, yəni spirtli içki və narkotik vasitə qəbul etməmişdir. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizasının MTE və PA birliyinin Ağstafa rayon Şöbəsi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 518 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər – hər iki baldır sümüklərinin açıq çoxqəlpəli yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin hərəkətdə olan uzunqulaq arabasını vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025-ci il tarixli, 8/100 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Mersedes Benz E 220 CDİ minik» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdür. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində 60 km-dən çox olmayan sürətlə hərəkət etməməlidirlər. İş materiallarında olan AE 333505 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq. İş materiallarında olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş maddi və mənəvi zərəri ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaq. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini, həmin şəxslərin ondan şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar “Mercedes E 220 CDİ” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iki ədəd rezin təkəri olan uzunqulaq arabasının sahiblərinə qaytarılması nəzərə alınmalı, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar “Mercedes E 220 CDİ” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iki ədəd rezin təkəri olan uzunqulaq arabasının sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-47/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-47/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver