Məhkəmə qərarları › İş №1(015)-49/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-49/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-49/2023 22.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa şəhəri, N. Nərimanov küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 240 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, polietelen torbada qanunsuz olaraq üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:55-də Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Ağstafa şəhəri, H. Əliyev prospektində yerləşən “İdeal” mebel mağazasının yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə qurudulmuş marixuana Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 17:56-dan 18:08-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin iç tərəfində saxladığı göy rəngli polietelen torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləməmişdir, lakin Ağstafa şəhərindəki Mərkəzi bazarda meyvə satmışdır. 03 fevral 2023-cü il tarixdə günorta saatlarında təxminən 2023-cü ilin yanvar ayının sonlarında Ağstafa rayonu Yuxarı Göycəli kəndi ərazisindəki su kanalının kənarında yabanı bitən çətənə kollarının yarpaqlarından toplayıb qurutduğu marixuananı şəxsi istifadəsi üçün yaşadığı evə aparmağa getmiş, marixuananı polietilen torbada əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfinə qoymuş, evə qayıtmaq üçün “0066” taksi xidmətinə zəng edib taksi sifariş vermiş, bir qədər keçdikdən sonra “Mersedes” markalı qara rəngli avtomobil yanında saxlamış, maşına oturub Ağstafa şəhəri H.Əliyev prospektində “İdeal” mebel mağazasının qarşısında taksidən düşmüş, piyada yaşadığı evə tərəf gedərkən PPX avtomobili yanında dayanmış, polis əməkdaşları onu Ağstafa RPŞ-nə dəvət etmişlər, etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-yə getmiş, polis şöbəsinin inzibati binasında müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, o, qış gödəkçəsinin iç tərəfindəki içərisində qurudulmuş marixuana olan polietilen torbanı təqdim etmiş, içində qurudulmuş marixuana olmasını, Yuxarı Göycəli kəndi ərazisində, kanalın kənarında yabanı halda bitmiş çətənə kollarından toplayıb qurutduğunu bildirmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ PPXB-də xidmət edir, polis serjantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 03 fevral 2023-cü il tarixdə, saat 16:55-də Şahid2 və Şahid4la Ağstafa şəhəri ərazisində xidmətdə olduqları vaxt H. Əliyev prospektində yerləşən “İdeal” mebel mağazasının yaxınlığında piyada hərəkət edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsi şübhəli olduğu üçün Ağstafa RPŞ-nə dəvət etmişlər, Yaşar etiraz etməmiş, onlarla birlikdə PPXB-nə məxsus avtomobillə Ağstafa RPŞ-nin inzibati binasına getmişdir. Orada təhqiqatçı Elvin Abdullayev tərəfindən müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun gödəkçəsinin iç tərəfindən polietilen torba aşkar edilmiş, Yaşar torbanın işindəkinin qurudulmuş marixuana olmasını, Yuxarı Göycəli kəndi ərazisində kanalın kənarında yabanı halda bitən çətənə kollarından toplayıb qurutduğunu bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş də aparılmışdır. İş üzrə şahid olan Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrindən görünür ki, onlar da Şahid1la eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Vüsal Vüqaroğlu ifadəsində göstərdi ki, o, Ağstafa rayon Polis şöbəsinin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləyir, polis leytenantıdır. 03 fevral 2023-cü il tarixdə, saat 17-18 radələrində rayon polis şöbəsinin inzibati binasında, təhqiqatçı Elvin Abdullayevin iş otağında Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin də iştirakı ilə şəxsi axtarış aparılmış, həmin vaxtı o, videoçəkilişi həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin iç tərəfindən polietilen torba aşkar edilmiş, torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə olmuş, Yaşar qeyd olunan kütlənin qurudulmuş marixuana olmasını, Yuxarı Göycəli kəndi ərazisindəki kanalın kənarında yabanı halda bitən çətənə kollarından toplayıb qurutduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, “0066” taksi xidmətində taksi sürücüsü işləyir, 03 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Ağstafa rayonu Yuxarı Göycəli kəndindən Ağstafa şəhərinə sifariş qəbul etmiş, sifarişi verəni Yeni Göycəli kəndindəki su kanalının üzərində olan körpünün yanından götürüb Ağstafa şəhərinə, “İdeal” mebel mağazasının yanına gətirib düşürmüş, müştəri ona 4 manat 50 qəpik məbləğində pul vermiş və düşüb getmişdir. Müştəri onun avtomobilinə minəndə başında papaq olduğu və üzünün şərflə bağladığı üçün onun üzünü görməmişdir. İş materiallarında olan məhkəmə-biloloji ekspertizasının 04 fevral 2023-cü il tarixli, 16/190 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen torbada olan marixuanaya bənzər kütlə” yazılar və imzalar olan polietilen torbada təmiz çəkisi 240 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuanadan 0,2 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 239,8 qram qurudulmuş marixuana qalmışdır. Maixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 401 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün, saat 17:56-dan saat 18:08-dək Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa təqdim etməsi təklif edilmiş, o, qış gödəkçəsinin seplə bağlanmış ön hissəsini açaraq sinə nahiyəsində saxladığı 01 ədəd göy rəngli polietilen torbada marixuanaya oxşar kütlə təqdim eləmiş, kütlənin marixuana olmasını, təxminən 2-3 gün əvvəl Ağstafa rayonu, Yuxarı Göycəli kəndi ərazisindən keçən su kanalının kənarından yığıb qurutduğunu, həmin gün də öz istifadəsi üçün evinə apardığı vaxt Ağstafa şəhəri, H. Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, qeyd olunan kütlə içərisindən aşkar edildiyi polietilen torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 250 qram olması müəyyən edilmiş, qablaşdırılımış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin həmin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69-cu maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən həbsdə saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübüta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə az ağır cinayət hesab edilən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən, hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cəzanın məqsədini təmin edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 239,8 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 239,8 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar