Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-49/2025 29.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2, Müdafiəçi, X1 iştirakı ilə xx xxxxxxxx 1996-cı ildə Pakistan İslam Respublikasının Jhelum şəhərində anadan olmuş, məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Jhelum şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4 qanunsuz olaraq Gürcüstana keçib, oradan işləmək məqsədi ilə Avropa ölkələrinə getmək üçün Pakistan İslam Respublikası vətəndaşı Shafqat Muhammad və şəxsiyyəti istintaqa Mohsen adı ilə məlum olan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 aprel 2025-ci il tarixdə, saat 03 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 11-cı sahəsindən qəsdən, qanunsuz olaraq piyada hərəkət etməklə, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, həmin gün, saat 03:28-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməllərini başa çatdıra bilməmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ölkəsində uzun müddət maddi vəziyyəti pis olduğundan və orada iş tapa bilmədiyindən Avropa ölkələrinin birinə köçmək fikrinə düşmüşdür. Bakı şəhərinə gəldikdən sonra bir müddət “Gujrati Dera” adlı hosteldə qalmağa başlamış, 7-8 gün həmin hosteldə qaldıqdan sonra oradan ayrılmış, təxminən 6 ay müddətində küçə və parklarda qalmağa başlamış, həmin müddət ərzində “Wolt” aplikasiyası ilə kuryer olaraq işləmiş, bir neçə ay belə davam etdikdən sonra bir gün Shafqat Muhammad ilə yenidən rastlaşmış, söhbət zamanı Shafqat Muhammad ona əmisinin Gürcüstanda biznesmen olduğunu və onların da onun yanında işləyə biləcəklərini bildirmişdir. Həmçinin, Pakistan İslam Respublikasında yaşayan Wakkar adlı dostunun onlarla birlikdə əlavə olaraq daha bir nəfər Pakistan İslam Respublikası vətəndaşı olan Mohsin adlı şəxsi də adambaşı 1500 (min beş yüz) ABŞ dolları müqabilində qanunsuz olaraq Gürcüstana keçirməkdə köməklik edəcəyini bildirmişdir. X4 dərhal bu fikirlə razılaşmış və xx.xx.2025-ci il tarixdə Gürcüstana qanunsuz keçmək üçün Shafqat Muhammad və Mohsen adlı şəxslə birlikdə Shafqat Muhammadin sifariş etdiyi taksi ilə qabaqcadan təyin edilmiş hərəkət marşrutuna uyğun olaraq Ağstafa rayonu Sadıqlı kəndinə gəlmiş, xx.xx.2025-ci il tarixdə təxminən saat 3 radələrində rayonun Sadıqlı kəndində sərhədə yaxın ərazidə maşından düşdükdən sonra dövlət sərhədinə doğru sürətlə hərəkət etməyə başlamış, sərhədi keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmış, lakin digər şəxslər Shafqat Muhammad və Mohsen adlı şəxs Gürcüstan istiqamətinə keçməyə müvəffəq olmuşlar. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 00:00-dan 04:00-dək sərhəd zastavasının növbətçi operatoru vəzifəsinə təyin olunmuş, xidmətin təşkili zamanı saat 03:12 radələrində PTZ kamerası ilə sərhəd zastavasının xidməti ərazisini müşahidə etdiyi zaman, 12-ci sahə istiqamətində 3 nəfər şəxsin sərhədə doğru hərəkətini müşahidə etmiş, dərhal bu barədə rabitə növbətçisinə məlumat vermiş, o da öz növbəsində sərhəd zastavasının cavabdehinə məruzə etmişdir. Bu zaman sağ cinahın sözügedən sahəsinə yaxın istiqamətdə, 14-15 ci sahələrdə xidmət aparan naryadlar 10-11-ci sahələr istiqamətdə dövlət sərhədini bağlamaq üçün məlumatlandırmış, sərhəd naryadının başçısı əsgər Şahid3 və naryad üzvü Şahid2 əlverişli mövqe seçərək maskalanmış, lakin sərhəd pozucuları Gürcüstan istiqamətində sürətlə hərəkət etməyə başlamış, sərhəd naryadları sərhəd pozucularını təqib etmiş lakin pozucularından ikisi Gürcüstan istiqamətinə keçməyə müvəffəq olmuş, digər 1 nəfər şəxs isə sərhəd naryadları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zaman N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə sərhəd naryadının üzvü əsgər Şahid2 ilə birlikdə 22-30-dan 03:30-dək sağ cinah 14-15-ci sahələrdə “Sərhəd gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, ximətinin təşkili zamanı saat 03:12 radələrində rabitə növbətçisi onunla əlaqə saxlayaraq 12-ci sahə istiqamətində şübhəli şəxslərin növbətçi operator tərəfindən müşahidə olunduğunu və onların həmin istiqamətdə hərəkət etməyini bildirmişdir. Dərhal naryad üzvü Şahid2lə birlikdə həmin istiqamətdə qaçmağa başlamış, bu istiqamətdə hərəkət edib 12-ci sahəyə çatmış, sərhəd pozucularının artıq naryad yolu ilə Gürcüstan istiqamətində hərəkət etdiklərini görmüş, onlara “Dayan” komandasını vermiş və bir ədəd 5.45 mmlik “təlim”, 2 ədəd 5, 45 mm-lik “PS” patronlarında istifadə edərək havaya “xəbərdarlıq” atəşi açmış, lakin sərhəd pozucuları dayanmayaraq qaçmağa davam etmiş, onları təqib etmiş, lakin sərhəd pozuculardan ikisi Gürcüstan istiqamətinə keçməyə müvəffəq olmuş, digər 1 nəfər şəxs isə saxlanılmış və sərhəd zastavasına aparılmışdır. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da əsgər Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan ibtidai istintaqın 12 aprel 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri N nömrəli hərbi hissənin Ağstafa rayonu Sadıqlı kəndinin ərazisində yerləşən 17-ci sərhəd zastavasının 11-ci sahəsidir. Sərhəd pozucusunun saxlanıldığı ərazi sərhəd zastavasının dislokasiya yerindən 2873 metr, Ağstafa rayonu Sadıqlı kəndindən 1352 metr, DS-dən 10 metr məsafədə, asfalt yoldan 1396 metr, Böyük-Kəsik kəndindən 3434 metr, dəmiryolundan 2583 metr, Dilbaz atçılıq mərkəzindən 2152 metr aralıda yerləşir. Dövlət sərhədi R-17 kanalının üzərindən keçir. Ərazidə kolluq və məşəlik mövcuddur. Baxış zamanı sərhəd pozucusu X4 qeyd olunan əraziyə dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz olaraq keçmək məqsədi ilə gəldiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında X4 barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı X2 əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də hər hansı məlumat mövcud deyil. İş materiallarında olan DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı X2 “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) birdəfə hərəkəti xx.xx.2024-cü il tarixdə “giriş” istiqamətində qeydə alınmışdır. İş materiallarında olan Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məktubdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı X2 barəsində Dövlət Təhlükəsizliyi Xidmətində əməliyyat əhəmiyyətli və nüfuzdan salan məlumat yoxdur. İş materiallarından görünür ki, 12 aprel 2025-ci il tarixdə X4 inzibati qaydada saxlanılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X4 13 aprel 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X4 14 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarından görünür ki, 14 aprel 2025-ci il tarixdə X3 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə ittiham elan edilmiş və Səbail Rayon Məhkəməsinin hakimi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X2 əməllərinin Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə düzgün tövsif olunmasını və onların əməllərinin məhkəmə istintaqı zamanı tam sübut olunmasını nəzərə alır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X4 verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 29. 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, X2 törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, X4 təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CMnin 52.1-ci maddəsinə əsasən X4 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X4 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 12 aprel 2025ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: X4 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2025-ci il tarixdən hesablansın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən X4 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-49/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-49/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver