Məhkəmə qərarları › İş №1(015)-50/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-50/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-50/2025 23.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Ağstafa rayonu Böyük Kəsik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan X8 Xidmətləri Mərkəzində aparıcı mütəxəssis vəzifəsində işləyən, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağstafa rayonu, Böyük Kəsik kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 15:40 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ 21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa-Sadıxlı avtomobil yolunun Ağstafa rayonunun Poylu qəsəbəsinin ərazisi ilə keçən 14-cü km-yi ilə üzü Sadıxlı kəndi istiqamətində 110- 120 km/saat sürətilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yəni sürücü avtobilini yaşayış məntəqəsi daxilində saatda 60 km/saat sürətindən çox olmayan sürətlə idarə etməli olduğu halda bunlara riayət etməyərək, hərəkətini davam etdirib həmin vaxt avtomobil yolunu soldan sağa doğru piyada keçən Ağstafa rayon Poylu qəsəbə sakini X6 avtomobilinin ön hissəsi ilə vuraraq sonuncuya qarnın küt travması, qaraciyərin cırılmış yarası, daxili qanaxma, sol said, sağ baldır sümüklərinin qapalı yerdəyişməli sınıqları, alnın əzilmiş yarası və bədəninin sıyrılmış yaraları ilə nəticələnən sağlamlığa AĞİR bədən xəsarətləri yetirməklə, qarnın qapalı travması, daxili qanaxma, sol said və sağ baldır sümüklərinin qapalı yerdəyişməli sınıqları, travmatik və hemoragik şok səbəbindən ölməsinə səbəb olub yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs Tamam Əliyevanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Ağstafa rayonunun Böyük Kəsik kəndində yaşayır. Rəsmi olaraq Ağstafa rayonunda yerləşən X11 Mərkəzində aparıcı mütəxəssis vəzifəsində çalışır. Etibarnamə əsasında atasına məxsus VAZ 21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. BC kateqoriyalı sürücülük vəsiqəsi var. 08 mart 2024-cü il tarixdə saat 11-12 radələrində o, anası Gülnaz və 10 yaşlı qardaşı Eldarla birlikdə idarə etdiyi VAZ 21074 markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhərində yerləşən kolxoz bazarına bazarlıq etməyə gəlmişlər. Bazarlığı saat 15 radələrinədək edib qurtardıqdan sonra evlərinə qayıtmağa başlamışlar. Ağstafa rayonunun Poylu qəsəbəsinin ərazisinə çatmışlar. Həmin vaxt avtomobilini 110-120 km/saat sürətilə hərəkət etdirirmiş. Poylu qəsəbəsinin ərazisində yerləşən bulağın bərabərliyinə çatmamış yolun sağ tərəfində yerləşən kafedan qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı LADA 015 markalı bir avtomboil yola çıxıb sağa dönərək onun getdiyi istiqamətdə, yəni üzü Sadıxlı kəndi istiqamətində hərəkətinə davam etmişdir. O, həmin avtomobillə ara məsafəsini təxminən 30-40 metr saxlıyıb hərəkətinə davam etmişdir. Həmin yeri təxminən 1 km keçdikdən sonra görmüşdür ki, ona əks istiqmətdə olan hərəkət zolağının sağ tərəfində, asfalt yoldan kənarda torpaqlıq olan hissədə qara rəngli Merceds markalı bir avtomobil dayanıb və bir qadın başını həmin avtomobilin sükan tərəfdə olan pəncərəsindən içəri salıb. Onun qabağında qeyd etdiyi Lada 015 markalı avtomobil həmin qadının bərabərliyini keçdikdən sonra qadın başını avtomobilin pəncərəsindən çıxardıb yolu soldan sağa doğru yavaş addımlarla keçməyə başlamışdır. Həmin vaxt qadınla onun idarə etdiyi avtomobilin arasında təxminən 40-50 metr məsafə olmuşdur. Bu zaman o, həmin qadına siqnal vermişdir ki, yolu keçməsin. Lakin həmin qadın onun siqnal verməsinə məhəl qoymadan yavaş addımlarla yolu keçməyə davam etmişdir. Onun avtomobilinin sürəti yüksək olduğuna görə ayağını əyləcə basmışdır ki, bəlkə avtomobili dayandıra bilsin. Lakin avtomobil dayanmamış və sürüşməyə başlamışdır. Avtomobili ilə həmin qadının yanına çatan zaman qadın aşağı çökmüş və avtomobilinin ön hissəsi ilə qadının sağ tərəf baş nahiyəsindən vurmuşdur. Qadını vurduqdan sonra qadın yolun sağ tərəfinə torpaqlığa düşmüş, avtomobili isə təxminən 2 metr sürüşə-sürüşə getdikdən sonra dayanmışdır. Bundan sonra o, anası və qardaşı avtomobildən düşüb həmin qadına yaxınlaşmışlar. Qadın hərəkətsiz vəziyyətdə olmuşdur. Bundan sonra hadisə yerinə yaxınlıqda yerləşən evlərdən adamlar gəlmişlər. Vurduğu qadının adı ona sonradan məlum olan əri Əbülfət də hadisə yerinə gəlmiş və onu döymək istəmişdir. Lakin hadisə yerində olan adamlar onlara demişlər ki, kənd camaatı yığışıb onu döyəcəklər və ona görə də hadisə yerində qalmamağı məsləhət görmüşlər. Bundan sonra o, anası və qardaşı həmin kənddə yaşayan qohumları Mehmanın evinə getmişlər ki, dava dalaş olmasın. Ona sonradan məlum olmuşdur ki, avtomobili ilə vurduğu qadın Ağstafa rayon Poylu qəsəbə sakini X7r. Təxminən 20-25 dəqiqədən sonra polis əməkdaşları Mehmanın evinə gəlmişlər və onu Ağstafa rayon polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra sərxoşluğunu müəyyən etmək üçün müayinə etmişlər, oruc tutduğuna görə içkili olmadığı müəyyən olunmuşdur. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi olan ərindən üzr istəmiş, sonuncu da onunla barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Cavan yaşda olmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonunun Poylu qəsəbəsində yaşayır. Rəsmi olaraq Ağstafa rayonunun Böyük-Kəsik kəndinin ərazisində yerləşən dəmiryol stansiyasında post növbətçisi vəçzifəsində çalışır. Üç övlad atasıdır. 08 mart 2025-ci il tarixdə Ağstafa-Sadıxlı avtomobil yolunun yaşadığı kəndin ərazisi ilə keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölən X9 onun arvadı imiş. Tamamla 1987-ci ildə ailə həyatı qurmuşlar. Hadisənin baş verdiyi gün, yəni 08 mart 2025-ci il tarixdə gecə növbəsindən çıxıb evinə gəldikdən sonra yatmışdır. Saat 15 radələrində evində olan səs-küyə oyanmış və görmüşdür ki, böyük qızı Gültəkin 14 yaşlı qızı Aynişanla birlikdə onun evinə gəliblər. Bundan sonra oyanmış və çay içib söhbət etmişlər. Təxminən yarım saatdan sonra qızı onunla görüşmüş və evlərinə qayıdacağını demişdir. Bundan sonra Tamam onları yola salmağa getmiş, o isə hamı ilə birlikdə daravazadan çıxıb qardaşı Fərhadın evinə getmişdir ki, bir az vaxt keçirsin. Fərhadın evinə çatmağa 50-60 metr qalmış mobil telefonuma qonşusu Ramil zəng edərək ona Tamamı yolda maşın vurmasını bildirmişdir. Bundan sonra o, dərhal yola çıxıb hadisə yerinə doğru qaçmağa başlamışdır. Ona zəng gələn zaman olduğu yerlə hadisənin baş verdiyi yerin arasında təxminən 700-800 metr məsafə olmuşdur. Ona görə də bacardığı qədər iti sürətlə qaçmağa başlamışdır ki, Tamamın yanına çatsın. Lakin bir qədər qaçdıqdan sonra tənginəfəs olmuş və və piyada getməyə davam etmişdir. Hadisə yerinə çatmağa təxminən 200 metr qalmış görmüşdür ki, TTY avtomobili hadisə yerinə gələrək Tamamı götürüb aparmışdır. O, hadisə yerinə çatmış və Tamamı kimin vurduğunu soruşmuşdur. Həmin vaxt hadisə yerində yolun kənarında ağ rəngli VAZ 2107 markalı bir avtomobil və həmin avtomobilin qabaq hissəsinin əzilədiyini görmüşdür. Avtomobilin yanında da bir nəfər qadının aşağı çöküb ağladığını, onun yanında isə sarıbəniz cavan bir oğlanın qorxudan əsdiyini görmüşdür. O, başa düşmüşdür ki, Tamamı vuran həmin qorxub əsən oğlandır. O, həmin oğlana yaxınlaşıb “ayə bizi niyə yazığ elədin” deyə qışqırmışdır. Lakin həmin oğlan əsirmiş və ona heç bir cavab verə bilməmişdir. Bundan sonra hadisə yerinə toplaşan şəxslərdən kimsə ona demişdir ki, bəlkə Tamam sağdır və ona görə də yolla keçən tanımadığı bir avtomobillə Ağstafa rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, Tamam ölüb. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun Böyük-Kəsik kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 08 mart 2025-ci il tarixdə Ağstafa rayonunun Poylu qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi zamanı VAZ 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun oğludur və birlikdə yaşayırlar. 08 mart 2025-ci il tarixdə saat 11-12 radələrində o, Vüqar və kiçik oğlu Eldarla birlikdə avtomobillə Ağstafa şəhərində yerləşən kolxoz bazarına evlərinə bazarlıq etməyə gəlmişlər. Bazarlığı saat 15 radələrinədək etdikdən sonra evlərinə qayıtmağa başlamışlar. Həmin vaxt oğlu Vüqar avtomobili idarə edirmiş, o, qabaq sağ oturacaqda, kiçik oğlu Eldar isə arxa oturacaqda əyləşmişlər. Ağstafa rayonunun Poylu qəsəbəsinin ərazisinə çatan zaman Vüqarın avtomobili 110 km/saat sürətilə idarə etdiyini görmüşdür. Ona görə də Vüqardan sürəti azaltmasını tələb etmişdir. Həmin vaxt görmüşdür ki, onlara əks istiqamətdə olan hərəkət zolağının sağ tərəfində, torpaq yolda qara rəngli Mercedes markalı bir avtomobil dayanıb, bir qadın başını həmin avtomobilin sükan tərəfdə olan pəncərəsindən içəri salıb sürücü ilə söhbət edir. Bundan əlavə o, həmin vaxt onların qarşısı ilə qara rəngli, Lada 015 markalı avtomobilin də üzü Sadıxlı kəndi istiqamətində hərəkətdə olduğunu və həmin avtomobillə onların avtomobilinin arasında təxminən 40-50 metr məsafə olduğunu bildirmişdir. Lada 015 markalı avtomobil qadının bərabərliyini keçdikdən sonra qadın başını avtomobilin pəncərəsindən çıxardıb yolu soldan sağa doğru keçməyə başlamışdır. Bu zaman Vüqar həmin qadına siqnal vermişdir ki, yolu keçməsin, yəni onların avtomobilinin ötüb keçməsini gözləsin. Lakin həmin qadın Vüqarın siqnal verməsinə məhəl qoymadan yavaş addımlarla yolu keçməyə davam etmişdir. Həmin vaxt avtomobilin sürəti yüksək olduğuna görə Vüqar ayağını əyləcə basmışdır. Lakin avtomobilin sürəti çox olduğuna görə avtomobil dayanmamış və sürüşməyə başlamışdır. Həmin qadının yanına çatanda qadın avtomobilin ona çatdığını görüb aşağı çökmüş və Vüqar avtomobilin ön hissəsi qadının sağ tərəf baş nahiyəsindən dəymişdir. Qadın vurulduqdan sonra yolun sağ tərəfinə torpaqlığa düşmüş, avtomobil isə təxminən 2 metr də sürüşə-sürüşə getdikdən sonra dayanmışdır. Bundan sonra hamı avtomobildən düşmüş və həmin qadına yaxınlaşmışlar. Qadın hərəkətsiz vəziyyətdə olmuşdur. Bundan sonra hadisə yerinə yaxınlıqda yerləşən evlərdən camaat gəlmişdir. Avtomobillə vurulan qadının adını bilmədiyi əri də hadisə yerinə gəlmiş və Vüqarı döymək istəmişdir. Lakin hadisə yerində olan adamlar onlara hadisə yerində qalmamağı məsləhət görmüşlər. Bundan sonra Vüqar, o və Eldar həmin qəsəbədə yaşayan qohumu Mehmanın evinə getmişlər. Təxminən 20-25 dəqiqədən sonra polis əməkdaşları Mehmanın evinə gəlmişlər və Vüqarı Ağstafa rayon Polis Şöbəsinə aparmışlar. Ona sonradan məlum olmuşdur ki, Vüqarın vurduğu qadın Ağstafa rayon Poylu qəsəbə sakini X7r. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun Poylu qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub ailəsini dolandırır. Özünə məxsus Mercedes E klass markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili var və avtomobilini BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 08 mart 2024cü il tarixdə saat 15 radələrində yaşadığı qəsəbənin mərkəzində dostları ilə söhbət edirmiş. Sonra isə şəxsi işləri ilə bağlı Ağstafa şəhərinə getməli olmuşdur. Yaşadığı qəsəbənin mərkəzi ilə keçən Ağstafa-Sadıxlı avtomobil yolu ilə üzü Ağstafa şəhəri istiqamətində hərəkət edən zaman qəsəbənin çıxacağına az qalmış görmüşdür ki, qonşusu Tamam, qızı və nəvəsi ilə birlikdə yolun sağ tərəf kənarında dayanıblar. Onların bərabərliyinə çatıb avtomobilini yolun sağ tərəfində hərəkət zolağından çıxardıb saxlayaraq onlarla salamlaşıb hara getdiklərini soruşmuşdur. Tamam ona demişdir ki, qızı Poylu kəndinə evlərinə getməlidir. O, Tamama demişdir ki, Ağstafa şəhərinə gedir və qızını Poylu kəndinin ərazisində düşürdə bilər. Bundan sonra Tamamın qızı və nəvəsi onun avtomobilinin arxa oturacağına əyləşmişlər. O, hərəkətə başlamamışdan əvvəl sol tərəfdə olan yan güzgüdən arxaya baxıb yolun boş olduğunu görmüş və asfalt yola çıxıb sağ tərəflə hərəkətinə davam etməyə başlamışdır. Yola düzəlib təxminən 15 metr məsafə qət etdikdən sonra ona qarşı tərəfdən öz hərəkət zolağı ilə təxminən 100-110 sürətlə hərəkət edən ağ rəngli VAZ 2107 markalı bir avtomobilin öz hərəkət zolağında birdənbirə tormoz verdiyini və sürüşə-sürüşə onun bərabərliyindən ötüb üzü Sadıxlı kəndi istiqamətinə getdiyini görmüşdür. Təxminən 2-3 saniyədən sonra taqqıltı səsi gəlmiş və sol tərəfdə olan yan güzgüdən baxan zaman görmüşdür ki, həmin avtomobil dayanmışdır. Həmin avtomobilin hərəkət zolağının sağ tərəfindən xırdabuynuzlu heyvanlar otlayırmış və o, elə başa düşmüşdür ki, heyvanlar qəflətən yola çıxıblar və VAZ 2107 markalı avtomobilin sürücüsü heyvanları vurub. Bundan sonra o, avtomobilini yolun sağ tərəfində saxlayıb avtomobilindən düşərək geri, VAZ 2107 markalı avtomobilin yanına qaçmışdır. Həmin vaxt görmüşdür ki, VAZ 2107 markalı avtomobil Tamamı vurub və avtomobil yolunun sağ tərəfinə tullayıb. Tamam hərkətsiz vəziyyətdədir və başından qan axır. Avtomobilin sürücüsünü isə tanımamış və qorxusundan quruyub qalmışdır. VAZ 2107 markalı avtomobilin içərisindən orta yaşlı bir qadın xeylağı da düşmüş və ağlamağa başlamışdır. Bundan sonra hadisə yerinə çoxlu adamlar yığışmış və bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlib Tamamı xəstəxanaya aparmışlar. O, da Tamamın qızını və nəvəsini xəstəxanaya gətirmişdir. Xəstəxanada məlum olmuşdur ki, Tamam ölüb. Bundan əlavə o, işin mahiyyəti ilə bağlı verilən suallara cavab olaraq hərəkətə başladıqdan sonra Tamamı yolu keçib-keçməməsinə fikir vermədiyini, VAZ 2107 markalı avtomobil onun bərabərliyini təxminən 30 metr geçdikdən sonra hadisə törətdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Ağstafa-Sadıxlı avtomobil yolunun Ağstafa rayonunun Poylu qəsəbəsindən keçən 14-cü kilometrliyində baş vermişdir. Yol asfaltbeton olmaqla, qurudur. Hadisə yerində yolun hərəkət hissəsinin eni 8 metrdir, yol avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur, yolun hərəkət hissəsində avtomobillərin hərəkətini nizamlamaq üçün qırıq-qırıq ağ xətt çəkilmişdir. Hadisə yerinə baxış Ağstafa şəhəri istiqamətindən üzü Sadıxlı kəndi istiqamətində keçirilmişdir. Avtomobil yolunun sağ və sol tərəflərində yaşayış evləri və həyətyanı sahələr vardır. Hadisə yerində üzü Sadıxlı kəndi istiqamətinə baxıldıqda sağ hərəkət zolağında soldan sağa doğru meyillənmiş 49 metr uzunluğunda cütləşmiş tormoz izi vardır. Hadisə yerinin sxemi və çəkilmiş fotoşəkillər baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan sərxoşluğun təyini aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan BD314950 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına Tovuz RQİ TBŞ tərəfindən xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizasının MTE və PA birliyinin Ağstafa rayon Şöbəsi tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, 03 nömrəli rəyindən görünür ki, X4 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - qarnın küt travması, qaraciyərin cırılmış yarası, daxili qanaxma, sol said, sağ baldır sümüklərinin qapalı yerdəyişməli sınıqları, alnın əzilmiş yarası və bədəninin sıyrılmış yaraları. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum T.S.Əliyevanın ölümündən bir az əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərə vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. X4 ölümü qarnın qapalı travması, daxili qanaxma, sol said və sağ baldır sümüklərinin qapalı yerdəyişməli sınıqları, travmatik və hemoragik şok nəticəsində baş vermişdir. Birliyin kimyəvi şöbəsindən verilmiş 1143/K saylı kimyəvi aktdan görünür ki, X1 spirtli içki və narkotik maddə qəbul qəbul etməmişdir. Hadisə baş verən zaman hərəkətdə olan avtomobil X2 tərəfindən dəymişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin yol nəqliyyat hadisələri ekspertizasının 26 may 2025-ci il tarixli, 8/944 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinəriayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Əbülfət Əliyevin ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Böyük Kəsik kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan X8 Xidmətləri Mərkəzində aparıcı mütəxəssis vəzifəsində işləyir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən, tətbiq edilən cəza ədalətli olmalı, cinayətin xarakterinə və təqsirkarın şəxsiyyətinə uyğun seçilməlidir. Təqsirləndirilən şəxs hadisə baş verən andan etibarən nə hadisə yerini tərk etmiş, nə məsuliyyətdən yayınmışdır. Məhkəmə onun bu davranışını səmimi peşmançılığın, vicdan əzabının və humanist hisslərin təzahürü kimi qiymətləndirir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, yüngülləşdirici hallar və cəzanın ailənin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, ictimaiyyət arasında müsbət xasiyyətnaməyə malik bir şəxs kimi səciyyələnir. O, hadisədən dərhal sonra səmimi peşmançılıq hissi keçirmiş, orqanlardan gizlənməmiş, cinayət prosesinə tam əməkdaşlıq etmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri, bundan başqa, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, cəzasını ağırlaşdıran halın olmamasını, habelə, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayıb ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunmasını məqsədmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibinə təhvil verilmiş VAZ-21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti müəyyən edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibinə təhvil verilmiş VAZ-21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar