Məhkəmə qərarları › İş №1(015)-52/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-52/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-52/2025 18.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1992-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində ictimai yer olan ünvan 2 ünvanda yerləşən X1 çayxanada ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, silah qismində istifadə olunan əşyalardan, yəni çaydanlıqdan istifadə etməklə Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qəsdən əyləşdikləri masada olan çaydan ilə vurmaqla alt çənənin, sol almacıq nahiyyəsində, sol qaşın üst səthində, burnun ucunda və sol körpücüküstü nahiyyəsinin çapılmış kəsilmiş yaraları xəsarətini yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağstafa şəhəri, Rəfail Əsədov küçəsi, ev 56-da ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:45 radələrində Ağstafa rayon dəmiryolu vağzalında çayxanaların birində çay içmək istəyən zaman həmin çayxanada əyləşən Valeh, Moşu və Yaşar əyləşdikləri masaya onu dəvət etmişdirlər və o həmin şəxslər oturan masada əyləşmiş və çay içərək söhbət etməyə başlamışdırlar. Həmin vaxt Yaşar onunla mübahisə etməyə başlamışdır. Belə ki, o masada əyləşən Valeh və Moşu ilə söhbət edən zaman Yaşar onunla kobud danışmağa başlamış və həmin zaman o Yaşara öz iradını bildirmiş, Yaşar masanın üzrərində olan çaydandan birini götürərək onu vuracağını demişdir. Həmin zaman o Yaşara yaşca balaca olduğunu, etdiyi hərəkətin düzgün olmadığını dedikdə, Yaşar onun üzərinə gələrək onu vurmaq istədikdə o, masanın üzərində olan digər çaydanı götürərək Yaşarın üzərinə atmış və çaydan Yaşarın üz nahiyəsindən dəymişdir. Yaşar xəsarət aldıqdan sonra o dava-dalaşın böyüməməsi üçün qaçaraq oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağstafa şəhəri, 31 mart küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq "xxxx" QSC-nin Texniki Xidmət Məntəqəsinin Ağstafa şöbəsində vaqon baxıcısı işləyir. Təqsirləndirilən şəxs Əyyub oğlunun əvvəllər tanıyır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir mübahisə və ədavəti olmamışdır. O, ev quşları (göyərçinlər) həvəskardır və ev quşları (göyərçinlər) saxlayır. xx.xx.2024-cü il tarixdə o Ağstafa rayon dəmiryolu vağzalında çayxanada tanışları Niftəliyev Valeh və Moşu ilə çay içən zaman tanışları Təqsirləndirilən şəxs Əyyub oğlu onların yanına gəlmiş və stulda əyləşərək onlarla çay içməyə başlamışdır. Onlar ev quşlarından (göyərçinlərdən) söhbət edən vaxt o yanında olan tanışlarına göyərçinlərinin təxminən 8 saat səmada uça bildiklərini demişdir. Bu vaxt Mustafa ona göyərçinlərini 5 saat səmada uçur o göyərçinlərin birinin saatına 50 manat 5 saatına isə 250 manat pul verəcəyini demişdir. O isə Mustafaya demişdir ki, “bunu qabaqcadan desəydin göyərçinlərinin qanadlarını kəsməzdim”. Bu zaman Mustafa ilə aralarında sözlə mübahisə yaranmış, stoldan duraraq itələşmişdirlər. Mübahisə zamanı Mustafa stolda olan çaydanı götürərək onun başına vuraraq onu döymüşdür. Bu zaman tanışları Valeh ilə Moşu onları ayırmışdır. Mustafa isə oradan uzaqlaşaraq qaçıb getmiş və o yaralandığı üçün əvvəlcə öz evinə gəlmişdir. Həyat yoldaşı X5 onun halını görüb AR DİN 102 xidmətinə məlumat vermişdir. Daha sonra o aldğı xəsarətlər ilə bağlı xəstəxanaya müraciət etmiş və xəstəxanada ona tibbi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 (Şərifova) ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxsi tanıyır. Hadisə olan vaxt onlar toydan gəlmiş, Yaşar Ağstafa rayon dəmiryolu vağzalında olan çayxanaya çay içməyə getmişdir. Bir müddət sonra qonşuları ona zəng edərək Yaşarın yaxşı olmadığını bildirmişdir. O, Yaşarın olduğu yerə gedəndə onun dalaşdığını bilmişdir. Bundan sonra onu xəstəxanaya aparmışdır. Həmin vaxt o, əsəbi olduğu üçün DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində Valeh, Yaşar və o, X3 yerləşən çayxanada əyləşib çay içən zaman Mustafa da həmin çayxanaya gəlmişdir. Mustafa onların oturduqları masada əyləşdikdən sonra söhbət etməyə başlamışlar. Onlar həmin zaman ev quşlarından (göyərçinlərdən) söhbət etmişlər. Həmin zaman Mustafa göyərçin almaq istədiyini bildirmiş, bu zaman Yaşar da quş satdığını bildirmişdir. Söhbət zamanı göyərçinin qiymətinə görə Mustafa ilə Yaşar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Yaşar masanın üzərində olan çaydandan birini götürərək Mustafaya tərəf getmiş, bu zaman Mustafa masanın üzərində olan çaydanı Yaşara tərəf atmış və çaydan Yaşara dəymişdir. Bundan sonra dərhal onları ayırıb sakitləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, o, Ağstafa şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, Ağstafa Dəmiryolu vağzalında yerləşən çayxananı icarə əsasında işlədərək qazanc əldə edir. xx.xx.2024-cü il tarixdə əvvəllər tanıdığı, Yaşar, İlkin və Valeh çayxanaya gələrək masaların birində əyləşmiş və çay sifariş vermişlər. O, həmin şəxslərin çay sifarişini gətirmişdir. Daha sonra həmin şəxslərin əyləşdiyi masaya Mustafa gələrək həmin masada əyləşmiş və yenidən həmin masaya çay gətirmişdir. Daha sonra isə çayxananın içərisinə keçərək əşyaları yığışdırmağa başlamışdır. Belə ki, gec olduğundan çayxananı bağlamaq istəmişdir. Təxminən 10-15 dəqiqə sonra bayırda səs-küyün olduğunu eşitmiş və bayıra çıxan zaman bir neçə şəxsin toplaşdığını, Yaşarın üz nahiyəsinin qan olduğunu və Mustafanın isə qaçdığını görmüşdür. Daha sonra Yaşar və Mustafa arasında mübahisə olduğunu və Mustafanın Yaşarı çaydan ilə vuraraq xəsarət yetirdiyini bilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizanın xx.xx.2024-cü il tarixli 444 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alt çənənin, sol almacıq nahiyyəsində, sol qaşın üst səthində, burnun ucunda və sol körpücüküstü nahiyyəsinin çapılmış kəsilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə çaydanla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı Ağstafa RPŞ-in TB-in təhqiqatçısı, polis kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və müvafiq protokol tərtib edilərək materiala əlavə edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 06 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni 21 iyun 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdə hesablanmış və o, hal-hazıradək həbsdədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Göründüyü kimi, Mustafa X11 Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 29 günlük hissəsindən azad edilmiş, qeyd olunan 01 il 06 ay 29 günlük çəkilməmiş cəza müddəti başa çatmadan yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır, xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir, ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 01 il 06 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş cəzaya, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 29 günlük hissəsi qismən birləşdirilməli, ona qəti cəza təyin edilməli, onun cəzaçəkmə müddətinin əvvəli 02 may 2025-ci il tarixdən hesablanmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) günlük hissəsi qismən birləşdirilsin, o qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar