Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-57/2025 28.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində şikayət verilmiş şəxslər X3 və X8, Xüsusi ittihamçı X7 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3, X8 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X7 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq Müəyyən etdi : X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3, X8 və X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X13 şikayətini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu Xətai kəndində yaşayır. Ali təhsillidir və iki azyaşlı övladları var. X6 isə onun qonşusudur. xx.xx.2003-cü il təvəllüdlü X16 və xx.xx.2006-cı il təvəllüdlü X1 Aygün Konfrans qızının övladlarıdır. X6 və onun qızları dəfələrlə məhlədə və bütün qonşuların yanında onun ünvanına şər və böhtanlar ataraq bildirir ki, o, guya əri olduğu halda hansısa qonşu ilə münasibət qurub fahişəlik edir. Bunu sübut edəcək kifayət qədər əllərində səs yazıları və video görüntülər də vardır. X6 hətta utanmazcasına və qorxmadan qaynanasına “WhatsApp” vasitəsilə səslər göndərərək onun ünvanına böhtanlar atır və yenə də fahişəlikdə və oğurluqda günahlandırır. Hətta qaynanasına bildirir ki, gəlininə dəstək olsa onu öldürəcək. X2 və qızları onlarla bir düşmən kimi davranırlar. Bundan başqa X6 heç bir səbəblər olmadan onu və onun ailəsini təhqir etməkdə onlara qarşı durmadan küçə söyüncləri edir. O, məcbur olub Ağstafa RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, lakin bu günə kimi müraciətlərinə onlara məlum olmayan səbəblərdən baxılmamışdır. Məhz buna görə də onların şərəft və ləyaqətlərinin alçaltması yönündə hərəkətlərindən əl çəkmir. Bu hal onların şərəf və ləyaqətlərinin alçaldılması halıdır. Sağlamlıqları ilə yanaşı mənəvi zərər çəkirlər və ictimaiyyət arasında qınaq obyektinə çevrildikləri üçün artıq həyat yoldaşı nikahın pozulması ilə bağlı fikirlər irəli sürür. Ona görə də X3, X8 və X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 məhkəməyə ərizə təqdim edib bildirdi ki, barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər dedikləri sözdən peşman olduqlarını və bağışlanmalarını ondan istədilər. Ona görə də xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X14 məhkəməyə ərizə təqdim edib ifadələrində bildirdilər ki, xüsusi ittihamçı X9 qarşı dedikləri sözlərə görə ondan üzr istədilər və gələcəkdə ona bu barədə heç bir söz deməyəcəklər. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdilər. Məhkəmə tərəfindən sonuncu hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, tərəflərin fikrini və ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələr o cümlədən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda da qeyd edildiyi kimi, xüsusi ittihamlı işlər üzrə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir (CPM-in 37.2-ci maddəsi). Cinayət Prosessual Məcəllənin 300.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər dedikləri sözdən peşman olduqlarını və bağışlanmalarını ondan istədilər. Ona görə də xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X13 xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina etdiyi üçün Cinayət Prosessual Məcəllənin 302.2.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X3, X8 və X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-57/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-57/2025
28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver