Məhkəmə qərarları › İş №1(015)-59/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-59/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-59/2023 13.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Ağstafa rayonu Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayon Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Bədirova X1 qanunsuz yolla getmək məqsədi ilə 2022-ci ilin avqust ayında, gecə saatlarında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kəndində yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, evdə azyaşlı uşaqları olduğundan imkansızlığa görə təxminən 2022-ci ilin avqust ayında dilənmək məqsədi ilə azyaşlı uşaqları ilə birlikdə Gürcüstana getmək qərarına gəlmiş, həmin vaxt, dəqiq xatırlamadığı gündə, gecə saatlarında azyaşlı uşaqları ilə birlikdə Ağstafa rayon ərazisindən dövlət sərhədini qanunsuz yolla keçməklə Gürcüstana getmiş, həmin tarixdən də Tbilisi şəhərində yaşayaraq bir daha Azərbaycan Respublikasına geri qayıtmamış, sonradan isə onun qanunsuz yolla Gürcüstana keçməsi bəlli olduğu üçün onu və uşaqlarını qaytarıb Azərbaycan Respublikasına göndərmişlər. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz yolla ölkə ərazisini tərk etməyəcəyinə söz verir, himayəsində 1 nəfər xəstə, ondan başqa azyaşlı digər uşaqları var, eyni zamanda bir oğlunu da qohumları öldürmüşdür, ailə vəziyyətləri ağırdır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, X4 X7 Nəzarət şöbəsinin baş nəzarətçisidir, xx.xx.2023cü il tarixdə saat 20.00 dan-xx.xx.2023-cü il saat 09:00-dək X5 Terminal-1 də növbə rəisi sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2023-ci il tarixdə saat 21 radələrində terminal-1 uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan baş gizir Şahid2 Tbilisi-Bakı reysi ilə Gürcüstandan Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikasının xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikası pasportunu və onunla birlikdə gələn övladları Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin sənədlərini rəsmiləşdirilməsi zamanı Təqsirləndirilən şəxs İAMAS-da “SAXLA” DSX və “Sərhədkeçmə əlaqələrinin pozuntusu” aşkar etmiş, bu barədə ona məruzə etmiş, sənədləri təkrar yoxlamış, sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə məruzə etmiş, bundan sonra Təqsirləndirilən şəxs X4 Hava Limanı X5də saxlanılmışdır. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan X4 Hava Limanının SNŞ-nin rəisi polkovnik-leytenant Vəli Əliyevin raportundan görünür ki, 10 mart 2023-cü il tarixdə saat 21:53-də Gürcüstandan Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs pasport nəzarətinə təqdim etdiyi C00644649 nömrəli pasport İAMAS-da “sərhədkeçmə əlaqələrinin pozuntusu” verdiyi və “Saxla” statusunda olduğu üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan 11 mart 2023-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Ağstafa rayonu, Sadıqlı kəndi ərazsində yerləşən N nömrəli hərbi hissənin 16cı sərhəd zastavasının 6-cı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında gecə saatlarında Ağstafa rayonu, Sadıqlı kəndi ərazsində yerləşən N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçdiyi ərazini göstərmişdir. İş materiallarında olan İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 30 aprel 2019-cu ildə C00644649 nömrəli pasportu ilə Gürcüstandan Azərbaycan Respublikasına keçmiş və bir daha Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən Azərbaycan Respublikasından rəsmi qaydada çıxış etməmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan arayışdandan Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü Səidə Bədirova, 2007-ci il təvəllüdlü Azadə Bədirova, 2011-ci il təvəllüdlü Eldəniz Bədirov, 2012-ci il təvəllüdlü Gülnarə Bədirova və 2015-ci il təvəllüdlü Elşan Bədirov adlı 4 uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 gün tutulmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşağı olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq olunmasını məqsədmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun tutulduğu 01 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək həmin cəza şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 09 (doqquz) ay sınaq müddəti müəyyən edilməklə, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar