Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-60/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 02 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda cəza çəkən, Ağstafa şəhəri, H. Əliyev prospekti, ev 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri, Bİnəqədəi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,384 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə edib üzərində daşıyaraq saxlamış, 24 oktyabr 2023-cü il tarixdə saat 16:10-da Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa şəhəri, H.Əliyev prospekti 71 nömrəli ünvanda yerləşən Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 17:11-dən 17:19-dək olan vaxt ərzində həmin şöbəsinin birinci mərtəbəsində Təhqiqat bölməsinin xidməti iş otağında onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd tünd göy rəngli siqaret kağızına bükülünün içərisində təmiz çəkisi 0,384 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yaşamışdır. 23 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərində, Memar Əcəmi metrosunun yaxınlığında yerdən siqaret kağzına bükül halda heroin tapmış, özü istifadə etməsi üçün götürüb cibinə qoymuş, 24 oktyabr 2024-cü ildə Ağstafa şəhərinə qayıtmışdır. 24 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı evin yaxınlığında küçədə piyada hərəkətdə olarkən mülkü geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmiş, birlikdə Ağstafa RPŞ-yə getməyi təklif etmişlər, o da razılaşmışdır. Polis şöbəsində o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd siqaret kağızına bükülü halda olan heroini təqdim etmiş, içindəkinin heroin olmasını, Bakı şəhərində yerdən tapdığını demişdir. Bükülü elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüş, sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa heç qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin polis sahə rəisi vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona Ağstafa şəhəri H.Əliyev prospekti ev 9-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, onun ətrafında əməliyyat tədbirləri keçiriləcəyi deyilmiş, həmin gün, saat 16:10-d onun özü və Ağstafa RPŞ-nin KÇMQ-nin baş əməliyyat müvəkkili Şahid2 Ağstafa şəhəri H.Əliyev prospektində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu Ağstafa RPŞ-nə gətirmişlər. Polis şöbəsinin birinci mərtəbəsində, təhqiqatçının otağında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin də iştirakı ilə videoçəkilişlə Natikin üzərində saat 17:11-dən, saat 17:19-dək şəxsi axtarış aparılmışdır. Əvvəlcə Natikə üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Natik əynində olan tünd göy rəngli cins çalvarın sol cibindən 01 ədəd tünd göy rəngli siqaret kağızına bükülü heroinə oxşar kütlə çıxarıb təqdim edərək heroin olmasını, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində, Memar Əcəmi metrosunun yaxınlığından yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Sonra Natikin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hansısa əşya aşkarlanmamışdır. İş üzrə şahid olan Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da Şahid1la eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati həmin gün saat 17:11-dən saat 17:19-dək olan müddət ərzində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd tünd göy rəngli siqaret kağızına bükülü narkotik vasitə heroinə oxşar 0,61 qram çəkidə kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 25 oktyabr 2023-ci il tarixli, 16/1122 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 01 ədəd tünd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,384 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (0,384 qram heroindən 0,05 qramı ekspertiza tədiqatına sərf edilmiş, 0,334 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə- narkoloji ekspertizasının 810 №-li 08 may 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələırdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 02 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması qərara alınmış, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmışdır, hazırda həmin hökm üzrə cəza çəkir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 26 oktyabr 2023-cü il tarixdə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Aysu Əsədullayeva, xx.xx.2011-ci il təvəllüdlüAmin əsədullayev və Aylin Əsədullayeva adlı uşaqları var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş, az ağır hesab edilən cinayət əməlini törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Elmuraz Orucova təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl tödədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmündən əvvəl- 26 oktyabr 2023-cü il tarixdə törətdiyi üçün ona CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 01 il 02 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, ona qəti cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun hazırki iş üzrə tutulduğu 02 gün qəti cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,334 qram çəkidə heroin məhv edilməli, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 01 (bir) il 02 (iki) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, o, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,334 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-60/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-60/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver