Məhkəmə qərarları › İş №1(015)-61/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-61/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-61/2025 13.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,210 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 06 iyun 2025-ci il tarixdə saat 16:41-də Ağstafa şəhəri, Qaçaq Kərəm küçəsi ərazisində saxlanılaraq video çəkiliş ilə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının yan cibindən 01 ədəd ağ rəngli kağız bükülünün içərisində təmiz çəkisi 0,210 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, anası ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 10 ildən artıqdır ki, narkotik vasitələr alüdəçisidir. 06 iyun 2025-ci il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan heroini 04 iyun 2025-ci il tarixdə saat 13 radələrində Tovuz rayon avtovağzalının yaxınlığında tanımadığı bir nəfər şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almış, 04 iyun 2025-ci il tarixdə saat 14 radələrində narkotik maddə olan heroini aldığı Tovuz rayonundan çıxıb avtobus vasitəsi yaşadığı Qazax rayonuna gəlmiş, səhəri gün, yəni 05 iyun 2025-ci il tarixdə şəxsi istifadəsi üçün aldığı heroinin bir hissəsini istifadə etmiş, 06 iyun 2025-ci il tarixdə gəzmək üçün Ağstafa rayonuna gəlmiş, həmin vaxt narkotik maddə olan heroin də ağ rəngli kağıza bükülü şəkildə onun sol cibində olmuşdur. 06 iyun 2025-ci il tarixdə saat 16 radələrində Ağstafa şəhərində tək və piyada hərəkətdə olarkən ağ rəngli sedan minik maşını onun yanında saxlamış, maşından dörd nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını və üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. O da 2 gün əvvəl Tovuz rayonunda avtovağzal yaxınlığından aldığı narkotik maddə olan heroini sol cibindən çıxarıb onlara təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən orada video çəkiliş aparılmışdır. Onun təqdim etdiyi narkotik maddə olan heroin qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirmişlər. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyun 2025-ci il tarixində Ağstafa RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ona zəng edərək əməliyyat məlumatı daxil olduğunu, Qazax rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Bundan sonra o, Şahid1, Şahid2 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra videoçəkilişlə Ağstafa şəhəri Q.Kərəm küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, şəxs üzərində olan şalvarın sol yan cibindən ağ rəngli kağız bükümdə narkotikə bənzər kütləni onlara təqdim etmişdir. O, həmin vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və onlar Təqsirləndirilən şəxs Ağstafa Rayon Polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin KTQ-nun baş ekspert kriminalisti vəzifəsində işləyir. 06 iyun 2025-ci il tarixində gündəlik xidmətdə olan zaman şöbə rəhbərliyi tərəfindən tapşırıq verilmişdir ki, bir nəfər şəxs narkotik vasitə gəzdirməkdə şübhəlidir və həmin tədbirdə onun çəkiliş aparacağı bildirilmişdir. Bu zaman o, əməliyyatçılarla birlikdə Ağstafa şəhər Q.Kərəm küçəsində vətəndaş hərəkətdə olan zaman ona yaxınlaşmışlar. Həmin vaxt o, çəkiliş aparmışdır. Bundan sonra vətəndaşa üzərində hər hansı bir narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini bildirmişlər. Bu zaman vətəndaş şalvarının cibindən bir ədəd büküm çıxararaq onlara təqdim etmişdir. Həmin bükümün içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Kütlə tərəflərindən götürülmüş, qablaşdırılmış və möhürlə möhürlənmişdir. İş üzrə şahidlər olan Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da digər şahidlər Şahid3 və Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəm büküm ilə birlikdə çəkisi 0,51 qram olan ilkin görünüşdən narkotik vasitə olan “heroinə” bənzər kütlə onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə-heroinə bənzər maddəni o, tanımadığı şəxsdən aldığını bildirmişdir. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 16/524 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəyə bənzər kütlə qablaşdırılması” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,210 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (0,210 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,160 qram çəkidə heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2025-ci il tarixli, 1005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq o, qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 27 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X4 daxil olmuş 04 iyul 2025-ci il tarixli, 18-1-24/2-432/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞin Poliklinika şöbəsinin narkoloji və psixiatr kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1n daxil olmuş xx.xx.2025-ci il tarixli, 1229 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs X1 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə az ağır cinayət törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasından şərti azad edildiyi gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi cinayəti etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,160 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,160 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar