Məhkəmə qərarları › İş №1(015)-62/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-62/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-62/2023 06.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağstafa Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, başqa iş üzrə azadlıqdan məhrum etmə cəzası çəkən, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 485 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, əlində olan göy rəngli polietilen torbada qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14:21-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Səməd Vurğun küçəsində yerləşən “5 Mərtəbə” marketin içərisində saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə qurudulmuş marixuana Ağstafa Rayon Polis şöbəsinin inzibati binasında həmin gün saat 15:25-dən 15:38-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əlindəki göy rəngli polietilen torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə üzərində aşkar edilib götürülmüş qurudulmuş marixuananı tutulmamışdan bir neçə gün əvvəl Ağstafa rayonu Həsənsu çayının kənarında olan zaman həmin ərazidə yabanı halda bitən çətənə kollarının yarpaqlarından toplayıb Həsənsu çayının sahilində quruması üçün yerə sərib qurudub, sonra isə kolların arasında gizləmiş, xx.xx.2023-cü il tarixdə günorta saatlarında qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün yaşadığı evə gətirməyə getmiş, marixuananı özü ilə apardığı göy rəngli polletilen torbaya yığıb bir bükümdə Ağstafa şəhərinə qayıtmış, həmin gün, saat 14:20 radələrində əlində içərisində qurudulmuş marixuana olan polietilen torba ilə Ağstafa şəhəri S.Vurğun küçəsində yerləşən “5 Mərtəbə“ marketə siqaret almaq üçün girmiş, marketin içərisində olana zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim etdkdən sonra onun narkotik vasitələrin qanunsuz əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğumu bildirmişlər. O da onlara etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsində, birinci mərtəbədə olan təhqiqatçıların xidməti iş otağında o, vəkillə təmin edilmiş, vəkilinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuş, o da əlində olan göy rəngli polietilen torbanı təqdim etmiş, içərisində qurudulmuş marixuana olmasını və Həsənsu çayının kənarından topladığını demiş, qeyd olunan torba tərəzidə çəkilmiş, qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da də həmin protokolu imzalamışdır. Ondan aşkar edilmiş qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün evinə aparanda tutulmuşdur, bu haqda heç kimə heç nə demdəmişdir. O, heç vaxt narkotik vasitə satmamış, satmaq fikrinə düşməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə Ağstafa RPŞ-da olan zaman ona Ağstafa RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. Məlumat raportla rəhbərliyə məruzə olunandan sonra o, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Ağstafa RPŞ-nin CAB-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs həmin gün, saat 14:21-də Ağstafa şəhəri S.Vurğun küçəsindəki “5Mərtəbə” marketin içərisində saxlayaraq özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər, Elxan razılaşmış, həmin vaxt Elxanın əlində 01 ədəd göy rəngli polietilen torba olmuşdur. Ağstafa RPŞ-nə getdikdən sonra təhqiqatçı İbadət Nəbiyevin otağında Elxanın üzərində vəkilinin də iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşmuş, əgər varsa təqdim etməyini təklif etmişlər. Bu zaman Elxan könüllü olaraq əlində olan göy rəngli polietilen torbanı təqdim edib içərisində qurudulmuş marixuana olduğunu, Həsənsu çayının kənarından yığıb qurutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada möhürlənib götürülmüşdür. Bundan başqa, Elxanın üzərinə şəxsi axtarış keçirilsə də hər hansı bir narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Elxan Əlievin üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tətib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu, ifadəsi elan olunmuş Şahid2 və Şahid3 şahid X2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 31 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əlində olan göy rəngli polietilen torbada 520 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülür. Şəxsi axtarış 31 mart 2023-cü il tarixdə saat 15:25-də başlamış, həmin gün saat 15:38-də bitmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16/386 nömrəli, 01 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sözlər və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış qarışıq rəngli polietilen torbadakı, digər şəffaf rəngli polietilen torbada təmiz çəkisi 485 qarm bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (485 qram çəkidə olan qurudulmuş marixuanadan 0,2 qram ekspertiza tədqiqatına sərf edilmiş, 484,8 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli, 708 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinrək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsi tərəfindən çıxarılmış 13 iyun 2023-cü il tarixli hökm qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin ediləcək qəti cəzadan çıxılmalı, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun başqa cinayət işi üzrə azadlıq məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞnin saxlanc anbarında saxlanılan 484,8 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(015)-45/2023 saylı hökmü ilə onun üzərində saxlanılmış 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun başqa cinayət işi üzrə azadlıq məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 484,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar