Məhkəmə qərarları › İş №1(015)-62/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-62/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-62/2025 28.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 0,362 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış və 22 mart 2025-ci il tarixdə saat 20:40-da Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ağstafa şəhəri Nizami küçəsində yerləşən “Turan” ərzaq mağazasının yaxınlığında yaxalanaraq ünvan 2 ünvanda yerləşən Ağstafa RPŞ-nin İnszibati binasına gətirilmiş, həmin tarixdə saat 22:07-dən 22:22-dək olan müddət ərzində həmin şöbəsinin birinci mərtəbəsində Təhqiqat bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qram, 0,066 qram və 0,038 qram, ümumi təmiz çəkisi 0,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü təqsirli bilir, törətdiyi cinayət əməlindən səmimi peşmandır. 22 mart 2025-ci il tarixdə siqaret almaq üçün marketə getdikdə onun qarşısında boz rəngli bir avtomobil dayanmış və avtomobil dayanan kimi içərisindən 3-4 nəfər mülki geyimdə olan şəxslər düşərək onun üstünə doğru qaçmağa başlamışlar. O, qorxduğunu bildirərək onlar qaçarkən qaçmışdır. Mülki geyimdə olan şəxslər polis əməkdaşları olduqlarını bildirmiş və hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəldikdən sonra onu həmin avtomobilə mindirib Ağstafa rayon Polis Şöbəsinə gətirmişlər. Azyaşlı qız övladı vardır və həyat yoldaşı hamilədir. O, həqiqətən 2015-ci ildən narkotik vasitə istifadə edir və üzərində daşımışdır. Həmin maddələrdən heç kimə pulla və ya pulsuz verməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, oğlu Əli və gəlini Gülüstanla birlikdə ünvan 4 ünvanda yaşayır. Dövlət Sosial Müdafiə Fondunun ünvan 5əçi işləyir. 22 mart 2025-ci il tarixdə saat 20:30 radələrində oğlu Əli ilə yaşadıqları evdə şam yeməyi yeyirmişlər. Həmin vaxtlar gəlini Gülüstan hamilə olduğuna görə Bakı şəhərində olmuşdur. Yəni evlərində Əli ilə ondan başqa heç kəs olmamışdır. Yemək yeyib qurtardıqdan sonra Əli ona demişdir ki, küçəyə çıxıb yaxınlıqda yerləşən mağazadan siqaret alıb qayıdır. Əli evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra o, Əlinin küçədən uca səslə onu çağırdığını eşitmiş və bununla bağlı evdən küçəyə çıxmışdır. O, küçəyə çıxan zaman görmüşdür ki, dörd nəfər mülki geyimdə olan və onun tanımadığı şəxslər Əlinin qollarından və ayaqlarından tutaraq yaxınlıqda yerləşən boz rəngli avtomobilə mindirib aparmaq istəyirlər. Əli isə onlarla getmək istəmir və müqavimət göstərir. Əlavə olaraq bir neçə indi xatırlamadığı qonşuları da həmin şəxslərin Əlini aparmağa çalışmalarına durub tamaşa edirmişlər. Belə olan halda o, həmin şəxslərin yanına gedib kim olduqlarını və Əlini hara aparmaq istədiklərini soruşmuşdur. Həmin şəxslər isə ona bildirmişlər ki, onlar Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Mən isə həmin şəxslərə “mən hardan bilim ki, siz polissiniz” deyə sual vermiş, lakin həmin şəxslər ona heç bir cavab verməmişlər və Ağstafa RPŞ-dən polis avtomobili çağırmışlar. Həmin vaxt o, tam əmin olmuşdur ki, Əlini tutub aparmaq istəyən şəxslər də polis əməkdaşlarıdır. Ona görə də daha Əlini tutub saxlamamış və onu polis avtomobilinə mindirib Ağstafa rayon Polis Şöbəsinə aparmışlar. Ona sonradan məlum olmuşdur ki, Ağstafa RPŞ-də Əlinin üzərindən daşınması və istifadəsi qadağan olunmuş adını dəqiq bilmədiyi kütlə aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağstafa şəhərində Nizami küçəsində yaşadığı evin yaxınlığında yaxalamışlar. Təqsirləndirilən şəxs başa düşmüşdür ki, üzərində psixotrop maddə olmasından onların dəqiq məlumatları vardır. Təqsirləndirilən şəxs onların əlindən qurtulmaq məqsədilə ucadan anasını çağıraraq səs-küy etmiş, həmin yerə bir neçə nəfər qadınlar yaxınlaşmışlar. Onlar polis işçiləri olduqlarını, keçirilən tədbir barədə qadınlara bildirmiş, videoçəkilişlə tədbirin aparılması mümkün olmadığından kömək üçün çağırdıqları polis işçilərinin iştirakı ilə Təqsirləndirilən şəxs avtomobillə saat 20:57-də Ağstafa RPŞ-yə gətirərək, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elvin Abdullayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, bundan öncə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kağız bükülünü çıxarıb təqdim edərək metamfetamin olduğunu, xx.xx.2025-ci ildə Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığındakı küçədə yerdən tapdığını bildirmişdir. Aparılmış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hansı mənbədən, nə məqsədlə əldə etməsi, həmin maddədən kimə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/293 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan bükümdə və 1 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qram (təhqiqata sərf edildikdən sonra qalıq 0,228 qram), 0,066 qram (təhqiqata sərf edildikdən sonra qalıq 0,046 qram) və 0,038 qram (təhqiqata sərf edildikdən sonra qalıq 0,018 qram), ümumi təmiz çəkisi 0,362 qram (təhqiqata sərf edildikdən sonra qalıq 0,292 qram) olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. ( İ cild,i.v. 36-38) İş materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X8 sorğu əsasında alınmış cavaba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ poliklinika şöbəsinin psixiatr kabinetində dispanser qeydiyyatda yoxdur. Narkoloji kabinetdə qeydiyyatdadır. ( İ cild,i.v. 92) İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış 01 may 2025ci il tarixli, 713 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edib. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. ( İİ cild,i.v. 36-38) İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən iki ədəd şəffaf sellofana bükülü və bir ədəd kağız parçasına bükülü halda 0,33 qram, 0,12 qram və 0,10 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlələr onun əynində olan gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin bükümlərin içərisində psixotrop maddə-metamfetaminə bənzər maddələri o, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığındakı küçədə yerdən tapdığını bildirmişdir. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. ( İ cild, i.v. 23-25) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3 ədəd bükümdə təmiz çəkisi 0,228 qram, 0,046 qram və 0,018 qram, cəmi 0,292 qram psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin istintaq materialları və maddi sübutla tanış edildikdən sonra saxlanılması üçün Ağstafa RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. (İİ cild,i.v. 101-114,122) İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasıları qismən toplanaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 178.2.2-ci maddəsi ilə ona təyin olunmuş 04 il müddətə azadalıqdan məhrum etmə cəzasından, CM-nin 234.1ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadalıqdan məhrum etmə cəzasını çəkib qurtardığından azad edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (İ cild, i.v.76- 78, 79-91) İş materiallarında olan xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v.75) İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X3, yoldaşı X2 və xx.xx.2025-ci il təvəllüdlü qızı X5 adlı ailə üzvləri vardır. (İ cild, i.v.74) Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını, onun qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə məhkum olunmasını, onun cinayət törətməyə meylli şəxs olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun CM-in 234.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. Bu səbəbdən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalı, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan, 3 ədəd bükümdə təmiz çəkisi 0,228 qram, 0,046 qram və 0,018 qram olmaqla, cəmi 0,292 qram psixotrop maddə-metamfetamin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu cəmi 02 (iki) gün müddət ona təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 3 ədəd bükümdə təmiz çəkisi 0,228 qram, 0,046 qram və 0,018 qram olmaqla, cəmi 0,292 qram psixotrop maddə-metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar