Məhkəmə qərarları › İş №1(015)-63/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-63/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-63/2023 12.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərcəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qazax rayonu, Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Ağstafa rayonu, Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla, Tovuz rayonu, Abulbəyli yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəçməsinin 2(103)-6298/2020-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü Tehranə və Yeganə adlı əkiz uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat cəmi 160 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, lakin Təqsirləndirilən şəxs qətnaməni üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(015)-181/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə evlənmiş, birgə nikahlarından Yeganə və Tehranə adlı əkiz qızları doğulmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmış, boşanmışlar. Uşaqlar keçmiş ərində qalmışdır. Sonra o, başqa şəxslə evlənmişdir, bir azyaşlı uşağı var. Əvvəllər Ağstafa rayonuda yaşasa da hazırda Tovuz rayonunda yaşayır. Məhkəmə qətnaməsinə əsasən yaranmış olan aliment borcunu maddi imkanı olmadığına görə ödəyə bilmir. Bel nahiyəsindəki ağrılar səbəbindən heç yerdə işləmək imkanı yoxdur. Səhhətindəki problemlərə görə uzun müddət ayaq üstə dayana bilmir, hətta buna görə əməliyyat da olunmuşdur. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.04 2022-ci ıl tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məccəlləsinin 234.4.3-cü maddəsi ilə qadağan olunmuş əməli törətməkdə təqsirli bilinərək 06 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyi Penıtensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İki azyaşlı əkiz uşaqlarının hazırda bacısı Nümayəndə himayəsindədir. Hazırda həbsdə olduğu üçün uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərə bilmir. O, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə el adəti ilə toy edərək evlənmiş, nikahları isə xx.xx.2007-ci ıl tarixdə rəsmiləşdirilmişdir. Həmin nikahdan Yeganə və Tehranə adlı əkiz qızları olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan ailə daxili yaranmış söz-söhbətlərə görə münasibətləri pozulmuşdur. Bu səbəbdən ayrılmışlar və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən nikahları pozularaq hər iki uşağın onun himayəsində qalması qət edilmişdir. Təqsirləndirilən şəxs heç vaxt uşaqları ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdir. Bu səbəbdən də o, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin xx.xx.2019-cu ıl tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci ildə doğulmuş Yeganə və Tehranə adlı əkiz uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verdiyinə görə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx.xx.2007-ci ildə doğulmuş Yeganə və Tehranə adlı əkiz uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Ağstafa rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. İcra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq həmin dövürə olan aliment borcunu ödəməmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Ağstafa Rayon Məhkəməsinin müvafiq qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilsə də, qərəzli olaraq təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 6080,00 manat aliment borcunu ödəməkdən yayınmışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs Tovuz şəhərində fərdi qaydada şirniyyat bişirilməsi və satışı ilə məşğul olur və aylıq 400,00-500,00 manat gəlir əldə edir. Təqsirləndirilən şəxs Ağstafa rayonu, Aşağı Göyçəli kəndində qeydiyyatda olsada hazırda Tovuz rayonunda yaşayır, o həmişə aliment borcunu ödəməkdən yayınmaq məqsədilə daimi yaşayış yeri barədə icra məmuruna məlumat verməmişdir. Təqsirləndirilən şəxs həmişə iki əkiz qız uşaqlarını saxlamaqdan imtina etmişdir. Heç vaxt uşaqları ilə maraqlanmamışdır. Birgə nikahda olduqları müddətdə də uşaqlara bacısı Nümayəndə baxmışdır. Təqsirləndirilən şəxs boşandıqdan sonra başqa şəxslə evlənmiş və həmin nikahdan da bir uşağı var. Təqsirləndirilən şəxs həmişə sağlamlıq imkanlarının məhdud olduğunu əsas gətirərək alımenti ödəməkdən boyun qaçırır. Ancaq toy şənliklərində bahalı paltarlar geynit və şıdırğı rəks edir. Heçdə xəstə kimi görsənmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə həbs olunmuşdur. Hazırda qardaşının iki azyaşlı uşaqları onun himayəsindədir. Qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə evlənmiş, onların Yeganə və Tehranə adlı qızları doğulmuş, sonradan Nofəl və Könül boşanmışlar. Uşaqlara hazırda özü baxır. Məhkəmə hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat aliment təyin etmiş, lakin Könül həmin puldan ümumiyyətlə ödəməmişdir. Könül uşaqları ilə maraqlanmamış, boşandıqdan sonra başqa şəxslə evlənmiş və həmin nikahdan da bir uşağı var. Könüllə barışmır, ona ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs X8 və X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilərək borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi göstərilmişdir. Başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən K. Həsənovanın ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, borcunu ödəməsi üçün K. Həsənovaya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilmiş, borclu aliment üzrə yaranmış borcunu ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə protokol tərtib olunaraq Ağstafa Rayon Məhkəməsinə təqdim edilmiş və protokol təmin edilərək o, 500 manat cərimə edilmişdir. K. Həsənova öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək tələbkara ödənməli borc 6080 manat təşkil edir. İcraat zamanı K. Həsənova dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb edilməsinə, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağstafa rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 cinayət işi üzrə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Ağstafa rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6298/2020 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü Tehranə və Yeganə adlı əkiz uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat cəmi 160 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6298/2020 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs hazırda icra sənədi üzrə olan borcundan ödəniş edə bilmədiyini, icra məmuru tərəfindən ona inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edildiyini bildirmişdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli icra məmuru Şahid1, Ağstafa şəhər sakini X5 və X6 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr ilə dəfələrlə əlaqə saxlanılaraq aliment üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, lakin borclu yaranmış borcun ödənilməsinə heç bir təşəbbüs göstərməmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli icra məmuru Şahid1, hal şahidləri X7 və X6 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrıələr ilə dəfələrlə əlaqə saxlanılaraq aliment üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, lakin borclu yaranmış borcun ödənilməsinə heç bir təşəbbüs göstərməmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(015)- 181/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 8(015)-88/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 583786 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Könül X1 adlı, xx.xx.2015-ci il təvəllüdlü qızı var. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Diskogen mənşəli bel-oma radikuliti L4-L5-S1 fəqərəarası disklərin presuziyası. OU-sadə miopik astiqmatizm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət məşğulluq agentliyinin X2 Filialının 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatda deyil. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı sübut edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, səhhətində problemlər olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəzacərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın– azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir etmiş olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs əmlak vəziyyətini, səhhətini nəzərə alaraq hesab edir ki, ona cərimə, ictimai işlər və islah işləri cəzalarından hər hansı birini təyin etmək məqsədəmüvafiq deyil. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu, həmçinin, Ağstafa və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Tovuz rayonu, həmçinin, Ağstafa və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Tovuz rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu, həmçinin, Ağstafa və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Tovuz rayonu, həmçinin, Ağstafa və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar