Məhkəmə qərarları › İş №1(015)-64/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-64/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-64/2025 05.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2, tərcüməçi X1 iştirakları ilə xx xxx 1996-cı il tarixdə Böyük Britaniya və X4 Krallığının Birkenhead şəhərində anadan olmuş, Böyük Britaniya və X4 Krallığının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Böyük Britaniya və X4 Krallığının Birkenhead şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs John Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, Gürcüstandan çıxışına məhdudiyyət tətbiq edildiyindən və orada uzun müddət qalacağı təqdirdə məsuliyyətə cəlb ediləcəyindən ehtiyatlandığından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçmək məqsədi ilə Gürcüstanın Azərbaycan Respublikası ilə həmsərhəd Candari kəndində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istifadəsində olan nəqliyyat vasitəsi ilə 17 aprel 2025-ci il tarixdə saat 02 radələrində həmin kəndin yaxınlığındakı Gürcüstan-Azərbaycan dövlət sərhədinə gətirilmiş, gedəcəyi istiqamət və dövlət sərhədini keçəcəyi yer barədə təlimatlandırıldıqdan sonra piyada hərəkət etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Ağgöl kəndində yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs John Azərbaycan Respublikası CМ-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda “qabaqcadan əlbir olan bir qrup şəxs halında olan hissədə” özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Gürcüstanda, Avstriya, Xorvatiya, Fransa, Macarıstan, İtaliya, Polşa, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Türkiyə və Misir kimi ölkələrə səfərlər etmişdir. 30 yaşına kimi xarici ölkələrə səfərlər edərək yeni mədəniyyətlərlə tanış olmaq, 30 yaşından sonra yaxşı bir iş tapıb müəyyən ərazidə daimi yaşamaq niyyətində olmuşdur. COVİD-19 pandemiyası ilə əlaqədar Böyük Britaniyada işsizlik səviyyəsi artdığından 2020-2021-ci illərdə 1 il müddətində Misirin Dahab şəhərində yaşamış, Misirdə “Hell Kitchen” adlı restoranın mətbəxində qabyuyan işləmişdir. Xarici ölkələrdə qiymətlər Böyük Britaniya ilə müqayisədə xeyli ucuz olduğundan xaricdə yaşamaq daha əlverişli olmuşdur. Digər ölkələrə xatırlamadığı tarixlərdə turist olaraq getmişdir. Böyük Britaniyada, eləcə də səfər etdiyi digər ölkələrdə həmçinin ofisiant, təmizlikçi, poçtalyon və sair işlərdə işləmişdir. Sonuncu dəfə 26 may 2024-cü il tarixdə Fransada olmuş və işsizliklə bağlı Böyük Britaniya hökumətindən aylıq 730 funt sterlinq sosial müavinət almışdır.O, bir neçə il əvvəl Londonda etiraz aksiyasında Böyük Britaniya vətəndaşı X11 adlı şəxslə tanış olmuşdur. Böyük Britaniyada etiraz aksiyasında iştirak etmək adi bir hal olmuş, insanlar hakimiyyətin hər hansı bir qərarından narazı olduqda rahatlıqla küçəyə çıxmış və öz etirazlarını bildirmişlər. X11 əvvəllər müxtəlif bizneslərlə məşğul olmuş, əmisindən ona 500.000 ABŞ dolları məbləğində miras qalmışdır. Təqaüdə çıxdıqdan sonra müxtəlif ölkələrə səyahət edərək həmin ölkələrdə yaşamağa başlamışdır. 2024-cü ilin sentyabr ayında “Whatsapp” sosial şəbəkəsində X11 ilə danışan zaman sonuncu Gürcüstanda olduğunu, orada yaşayış xərclərinin ucuz olduğunu bildirərək onu Gürcüstana dəvət etmiş və o, 21 sentyabr 2024-ci il tarixdə X2 gəlmək üçün təyyarə bileti almış, ilk dayanacaq məntəqəsi Türkiyənin Antalya şəhəri olmuş, 22 sentyabr 2024-cü ildə Antalyada bir neçə saat qaldıqdan sonra oranı Gürcüstan istiqamətində tərk etmişdir. 22 sentyabr 2024-cü il tarixdə Gürcüstana gələndə 2 həftə X11 adlı şəxslə birlikdə hosteldə qalmış, bir müddət sonra yaşayış yerini dəyişmiş, lakin X11 ilə ara-sıra görüşürmüş, sonuncunun Gürcüstanda keçirilən etiraz aksiyaları ilə heç bir əlaqəsi olmamışdır. Gürcüstanda olduğu müddətdə X8, Airbnb Tbilisi/X5/el hostel, Oasis club cottages, Orbi city Batumi, Enjoy the hostel (BATUMİ) və X10 adlı hostellər çox ucuz olduğundan həmin hostellərdə qalmışdır. 2024-cü ilin dekabr ayında Gürcüstanda etiraz aksiyaları başlamış, həmin etiraz aksiyalarının olduğu ərazidən keçdiyi zaman o, bu hadisəni mobil telefon ilə çəkməyə başlamış və bundan sonra özünə məxsus “instagram” səhifəsində paylaşmışdır. Bir neçə video paylaşdıqdan sonra Tbilisi şəhərində yerləşən Parlament binasının yaxınlığında baş verən hadisələri sosial şəbəkə hesabında paylaşmaq üçün videoya çəkən zaman Gürcüstan polisləri tərəfindən saxlanılmış, Gürcüstan Parlamentinin binasına gətirilərək içəri keçirilmiş və orada onun fotoşəkli və videosu çəkilmişdir. Etiraz aksiyasından sonra keçirilən məhkəmə prosesində Parlamentə qanunsuz daxil olmaq kimi ona qarşı bir ittiham sürülməmiş, ictimai asayişi pozduğuna görə o, inzibati məsuliyyətə cəlb edilərək 12 gün müddətinə inzibati həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra guya ki, Parlamentə daxil olaraq təxribat yaratmağı ilə bağlı əsassız ittihamların sosial şəbəkələrdə geniş yayıldığını görmüşdür. O, heç bir etiraz aksiyasında iştirak etməmiş, sadəcə olaraq etiraz aksiyasının fotoşəkilərini və videosunu çəkdiyinə görə Gürcüstan polisi tərəfindən həbs edilmiş, həbsdən azad edildikdən sonra isə təqiblərə məruz qalmışdır. O, artıq küçədə sərbəst hərəkət edə bilməmiş, bu səbəbdən ölkəni tərk edib Böyük Britaniyaya qayıtmaq istəmişdir. Təxminən 2025-ci ilin yanvar ayında o, Böyük Britaniyaya qayıtmaq üçün aviabilet almış, lakin sərhəd buraxılış məntəqəsindən buraxılmamış və ölkəni tərk edə bilməyəcəyi bildirilmişdir. Daha sonra quru yolla ölkədən çıxmaq qərarına gəlmiş, bunun üçün Gürcüstan-Türkiyə sərhədinə, yəni Batumiyə getmiş, lakin orada da ona ölkəni tərk edə bilməyəcəyi bildirildikdən sonra yenidən Tblisiyə qayıtmışdır. Gürcüstan polisinin tələbi ilə 1000 lari məbləğində cərimə ödədikdən sonra prokurorun fikrini dəyişməsi əsas gətirilərək ondan 3000 lari məbləğində cərimə ödənilməsi tələb edilmiş, o da həmin cərimə məbləğini ödədikdən sonra gələcəkdə 5000 lari və ya daha çox məbləğdə cərimə ödənilməsinin tələb edilməməsi ilə bağlı heç bir təminat almadığından cəriməni ödəməkdən imtina etmişdir. Gürcüstanı qanuni yolla tərk edə bilməyəcəyini gördükdən sonra sərhədi Batumidən dənizkənarı Türkiyə istiqamətinə qanunsuz olaraq keçməyi planlamışdır. 13 aprel 2025-ci il tarixdə sərhədçilərin yatdığını görüb Gürcüstan sərhədini Batumidən Türkiyə istiqamətində keçmək istəmiş, lakin itlər hürmüş, sərhədçilər oyanaraq silahların ona tuşlamış və sərhədi qanunsuz keçməyə cəhd etdiyinə görə cərimə yazıb sərbəst buraxmışlar. Türkiyə istiqamətində Gürcüstanı tərk edə bilməyəcəyini anladıqdan sonra Gürcüstanı Azərbaycan istiqamətində tərk etmək barədə fikirləşmişdir. Gürcüstanın dövlət sərhədini Azərbaycan Respublikası istiqamətində keçməyi ilə bağlı ona hər hansı bir şəxs tərəfindən məsləhət verilməmişdir. Türkiyə istiqamətində həm qanuni, həm də qanunsuz olaraq ölkəni tərk etmək cəhdlərinin qarşısı alındığına görə Azərbaycandan Böyük Britaniya səfirliyinin köməyilə Böyük Britaniyaya getmək üçün xəritəyə baxaraq Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək qərarına gəlmişdir. Bundan sonra 16 aprel 2025-ci ildə Tbilisidən Rustaviyə, Rustavidən yol avtomobili ilə Qardabani kəndinə getmiş, oradan təsadüfi yoldan keçən, gecə olduğu üçün adını və markasını xatırlamadığı avtomobilə əl edərək saxlatmış, həmin avtomobilin təxminən 60 yaşlarında əslən gürcü əsilli sürücüsünə pulunun olmadığını və sərhədə yaxın Candari kəndinə getdiyini bildirmişdir. Söhbət əsnasında həmin şəxsin Candari kəndində yaşadığını öyrənmişdir. Həmin şəxs onu sərhədin yaxınlığına gətirmişdir, sərhədin yaxınlığında Candari kəndi yerləşmişdir. Orada o, avtomobildən düşərək gecə saat 00:00 radələrində dövlət sərhədini Candaridən Azərbaycan Respublikası ərazisinə piyada yolla hərəkət etmiş, bir az irəlilədikdən sonra Azərbaycan sərhədçiləri onu saxlamış, üzərində də heç bir qadağan olunmuş əşya olmamışdır. Dövlət sərhədini keçdiyi Ağstafa rayonunu barədə məlumatlı olmamışdır. Dövlət sərhədini keçərkən narkotik vasitə, silah-sursat və ya digər qaçaqmal özü ilə keçirməmiş, dövlət sərhədini icazəsiz keçməyin cinayət olduğunu bilmişdir. Azərbaycan Respublikasında yaşayan və ya əslən Azərbaycanlı olan heç bir şəxslə əlaqə və ya münasibəti olmamış, ümumiyyətlə Azərbaycan Respublikası ilə bağlılığı olan heç bir şəxsi tanımamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini və ölkəsinə qaytarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 aprel 2025-ci il tarixdə, saat 00:00-dan 04:00-dək o, “növbətçi operator” sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra təyin olunduğu yerə hərəkət etmişdir. Xidmətdə olduğu zaman saat 02:05 radələrində PTZ termal kamerası vasitəsilə zastavanın 10-cu sahəsindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şübhəli şəxsin hərəkətini müşahidə etmiş, bu barədə dərhal sərhəd zastavası üzrə cavabdeh gizir Şahid2 məruzə etmiş, zastava silaha komandasına qaldırılmış və həyəcan qrupu həmin sahə istiqamətində hərəkət etmişdir. Həyəcan qrupu saat 02:21 radələrində qeyd olunan sərhəd pozucusunu saxlamışdır. Şübhəli şəxsin üzərində hansısa şübhəli əşya və bağlama olmamış, ərazidə digər şübhəli şəxs və əşya müşahidə etməmişdir. Şəxs saxlanılan zaman onun yanında heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs Gürcüstan sərhədindən Azərbaycan istiqamətinə hərəkət etmişdir. Bu zaman zastava silaha komandasına qalxmış və həyəcan qrupu ilə birlikdə həmin sahə istiqamətində hərəkət etmişlər. Həyəcan qrupu ilə birlikdə saat 02:21 radələrində sərhəd pozucusunu saxlamışlar. Şübhəli şəxsin üzərində hər hansısa şübhəli əşya və bağlama olmamış, ərazidə digər şübhəli şəxs və əşya müşahidə edilməmişdir. Şəxsi saxladıqdan sonra onu sərhəd komendatına təhvil vermişlər. Şəxs saxlanılan zaman tək olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Anar Nəsirlinin 17 aprel 2025-ci il tarixli, 3-38/2-16/1141/25 nömrəli məktubundan görünür ki, Böyük Britaniya vətəndaşı Təqsirləndirilən şəxs John qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyinə görə keçirilən əməliyyat-axtarış tədbiri zamanı 17 aprel 2025-ci il tarixdə, saat 02:21 radələrində Ağstafa rayonunun Ağgöl kəndində saxlanılmışdır. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunun Ağgöl kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 10-cu sahəsi istiqamətində yerləşən sahədir. Sərhəd pozucusunun saxlanıldığı ərazi sərhəd zastavasının dislokasiya yerindən 2740 metr, Ağstafa rayonunun Ağgöl kəndindən 4480 metr, dövlət sərhəd xəttindən 1014 metr, Ağgöl gölünün kənarından 350 metr aralıda yerləşir. Dövlət sərhəd xətti sərhəd naryadının hərəkət marşrutundan 60-70 metr aralıdan keçir. Ərazidə gölün kənarında kollar və seyrək ağaclar mövcuddur. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs John bildirmişdir ki, qeyd olunan əraziyə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmək məqsədilə gəlmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilməsi haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən **********19040 və **********19049 İMEİ kodlu Gürcüstanın mobil rabitə operatoruna məxsus +**********84 nömrəli sim-kart quraşdırılmış “Samsung Galaxy A05s” markalı mobil telefonun yaddaşında “WhatsApp”, “Whatsapp Busines”, “Gmail”, “Facebook”, “Signal”, “İnstagram”, “Tiktok” və sair sosial şəbəkə tətbiqləri vardır. Mobil cihazda quraşdırılmış “Whatsapp Busines” sosial şəbəkə tətbiqində “+**********59” mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi və “Daniel” adından istifadə etdiyi müəyyən edilmişdir. Kontaktlara “Dean Georgia” olaraq qeyd edilmiş +**********02 mobil telefon nömrəsinin istifadəçisi ilə “Whatsapp Busines” sosial şəbəkə tətbiqində yazışmalarında Təqsirləndirilən şəxs Türkiyə istiqamətində ölkəni qanunsuz tərk etmək istəyən zaman polisin onu saxlayaraq cərimə etdiyini, polis nəfərlərinin küçədə hərəkət edən zaman hər gün onu saxlayıb yoxladığını bildirdiyi, “Deborah New” olaraq qeyd edilmiş +**********23 mobil telefon nömrəsinin istifadəçisinə 08 aprel 2025-ci il tarixdə “sərhədi Türkiyə istiqamətində qanunsuz keçəcəyini, səfirliyə gedərək pasportunu itirdiyini deyəcəyini və orada buna görə yalnız cərimə ödəməli olduğunu bildirdiyi müəyyən edilmişdir. Mobil cihazda quraşdırılmış “Telegram” sosial şəbəkəsinə baxış zamanı telefon sahibinin tətbiqdə “+**********59” mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi və “Daniel” adından istifadə etdiyi məlum olmuşdur. X7 John kontaktlara “Sarah Eposito” adı ilə qeyd edilmiş şəxsə “Telegram” sosial şəbəkəsində 07 aprel 2025-ci il tarixdə keçid istiqamətini göstərən oxla işarələnmiş Gürcüstandan Türkiyəyə keçmək istədiyi ərazinin xəritəsinin fotoşəklini göndərmişdir. 13 aprel 2025-ci il tarixdə isə X7 John anasının insult keçirdiyini, işlədiyi yerin həmin gün bağlandığını, Batumidən Qaradənizin kənarı ilə Türkiyə sərhəddinin bir addımlığına getdiyini, sərhədçilər yuxuda olan vaxt sərhədi Türkiyə istiqamətində keçməyə cəhd etdiyini, bu zaman itlərin ona hürdüyünü və sərhədçilərin oyanaraq onu saxlayıb idarəyə gətirərək cərimə edib sərbəst buraxdıqları barədə mesajlar göndərmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Johna məxsus pasporta baxış keçirilməsi haqqında 27 may 2025-ci il tarixli protokoldan görünür ki, GBR seriyalı ********* nömrəli pasport Təqsirləndirilən şəxs Johna 04 fevral 2023-cü il tarixdə Böyük Britaniya və X4 Krallığı tərəfindən verilmişdir. Təqsirləndirilən şəxs John xx xxx 1996-cı ildə Birkenhead şəhərində doğulmuşdur, cinsi kişidir, Böyük Britaniya və X4 Krallığı vətəndaşıdır. Pasportdakı ştamp izlərinə əsasən onun sonuncu dəfə 22 sentyabr 2024-cü il tarixdə Gürcüstanın Tbilisi şəhərinə gəldiyi, Azərbaycan Respublikasına heç vaxt səfər etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs John haqqında internet resurslarında yayımlanmış məqalələrə baxış keçirilməsi haqqında 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs John Gürcüstanda etiraz aksiyalarında iştirak etdiyinə görə inzibati qaydada 10 gün müddətinə həbs edilmiş, polis tərəfindən təqiblərə məruz qalmış, 1000 lari məbləğində cərimə olunmuş, təkrarən ondan 3000 lari məbləğində cərimə ödənilməsi tələb edilmiş, lakin o, bundan imtina etmiş, 2 dəfə qanuni yolla Gürcüstanı tərk etməyə cəhd etsə də, ölkədən çıxışına məhdudiyyət tətbiq edildiyindən Gürcüstanı tərk edə bilməmişdir. O, verdiyi müsahibələrində öz həyatı və sağlamlığı üçün narahat olduğunu, Gürcüstanda uzun müddət qalacağı halda həbs edilə biləcəyini bildirmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixdə DTX Beynəlxalq Əməkdaşlıq baş idarəsi vasitəsilə daxil olmuş məxfi məlumatdan çıxarışdan görünür ki, Böyük Britaniya və X3 vətəndaşı, ********* nömrəli pasporta malik xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs John ilk dəfə 22 sentyabr 2024-cü il tarixdə Gürcüstana daxil olmuşdur. 01 dekabr 2024-cü il tarixdə parlament binasının qarşısında keçirilən etiraz aksiyasında polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına və onlara müqavimət göstərdiyinə görə saxlanılmışdır. 02 dekabr 2024-cü il tarixdə məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs edilmiş, 11 dekabr 2024-cü il tarixdə sərbəst buraxılmışdır. İş materiallarında olan 24 sentyabr 2025-ci il tarixdə DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətdiyi ona bələdçilik etmiş şəxsin adının Giga olması göstərilmiş, lakin şəxsiyyətini və tam anket məlumatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs Johna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə verilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Böyük Britaniya və X3 vətəndaşı Təqsirləndirilən şəxs John barəsində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində (İAMAS) məlumat qeydə alınmamışdır. İş materiallarında olan 30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Böyük Britaniya və X3 vətəndaşı Təqsirləndirilən şəxs əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə BƏAİ-də məlumat qeydə alınmamışdır. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Johndan digər əşyalarla yanaşı 1 ədəd ümumvətəndaş pasportu və 1 ədəd “Samsung Galaxy A05s” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs John əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Wirral Bǝlǝdiyyǝ Şurasından daxil olmuş cavab məktubundan görünür ki, Daniel çox kiçik yaşlarından bǝri Wirral yerli idarǝsinin nǝzarǝtindǝdir. Danielin uşaqlıq dövründǝ valideyn laqeydliyi vǝ içki/narkotik maddǝlǝrǝ mǝruz qalması nǝticǝsindǝ yaranmış bir çox mǝnfi tǝcrübǝlǝri olmuşdur. O, bir neçǝ qohum arasında keçdikdǝn sonra nǝhayǝt Yerli İdarǝnin himayǝsinǝ verilmişdir. Danielin Xüsusi Tǝhsil Tǝlǝblǝri haqqında Bǝyanatı var idi vǝ o, ǝlavǝ dǝstǝyǝ ehtiyacı olan gǝnclǝr üçün nǝzǝrdǝ tutulmuş yerli mǝktǝbdǝ tǝhsil almışdır. Daniel orta sǝviyyǝli öyrǝnmǝ çǝtinliklǝri yaşayır. O, öz hǝrǝkǝtlǝrinin uzunmüddǝtli nǝticǝlǝrini görǝ bilmir vǝ ǝtrafındakı insanların tǝsirlǝrinǝ qarşı çox hǝssasdır. Hǝmçinin, o, bağlanma pozğunluğu (Attachment Disorder) ǝlamǝtlǝrini nümayiş etdirir - yǝni yaxın münasibǝtlǝr qurmaqda çǝtinlik, emosiyalarını idarǝ etmǝkdǝ çǝtinlik vǝ yüksǝk sǝviyyǝdǝ anksiyete (narahatlıq) Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs John barəsində həmin gün 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablanmışdır, təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. İş üzrə Təqsirləndirilən şəxs Johna verilmiş ittihamda onun Azərbaycan Respublikası ərazisinə qanunsuz keçmək məqsədi ilə Gürcüstanın Azərbaycan Respublikası ilə həmsərhəd Candari kəndində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istifadəsində olan nəqliyyat vasitəsi ilə 17 aprel 2025-ci il tarixdə saat 02 radələrində həmin kəndin yaxınlığındakı Gürcüstan-Azərbaycan dövlət sərhədinə gətirilməsi, gedəcəyi istiqamət və dövlət sərhədini keçəcəyi yer barədə təlimatlandırıldıqdan sonra piyada hərəkət etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Ağgöl kəndində yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması əsas gətirlərək onun törətmiş olduğu əməl CM-nin 318.2-ci maddəsi ilə ittiham olunmuşdur. Lakin onun Azərbaycan Respublikası ilə həmsərhəd Candari kəndində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Gürcüstandan Azərbaycan Respublikasına keçməsi faktı isə məhkəmə iclasında öz təsdiqini tapmamış və bu barədə hər hansı bir sübut mövcud deyildir. Həmin hallar təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri sərbəst ifadələri ilə də öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs John Türkiyə istiqamətində həm qanuni, həm də qanunsuz olaraq ölkəni tərk etmək cəhdlərinin qarşısı alındığına görə Azərbaycandan Böyük Britaniya səfirliyinin köməyilə Böyük Britaniyaya getmək üçün xəritəyə baxaraq Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək qərarına gələrək 16 aprel 2025-ci ildə Tbilisidən Rustaviyə, Rustavidən yol avtomobili ilə Qardabani kəndinə getmiş, oradan təsadüfi yoldan keçən, gecə olduğu üçün adını və markasını xatırlamadığı avtomobilə əl edərək saxlatmış, həmin avtomobilin təxminən 60 yaşlarında əslən gürcü əsilli sürücüsünə pulunun olmadığını və sərhədə yaxın Candari kəndinə getdiyini bildirmiş, həmin şəxsin Candari kəndində yaşadığını öyrənmiş, həmin şəxs onu sərhədin yaxınlığına gətirmişdir, sərhədin yaxınlığında Candari kəndi yerləşmişdir. Orada o, avtomobildən düşərək gecə saat 00:00 radələrində dövlət sərhədini Candaridən Azərbaycan Respublikası ərazisinə piyada yolla hərəkət etmiş, bir az irəlilədikdən sonra Azərbaycan sərhədçiləri onu saxlamışdır. Dövlət sərhədini keçdiyi Ağstafa rayonu barədə məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istifadəsində olan nəqliyyat vasitəsi ilə 17 aprel 2025-ci il tarixdə saat 02 radələrində həmin kəndin yaxınlığındakı Gürcüstan-Azərbaycan dövlət sərhədinə gətirilməsi, gedəcəyi istiqamət və dövlət sərhədini keçəcəyi yer barədə təlimatlandırılılması ilə bağlı cinayət işinin materiallarına ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əlavə edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs ifadələrində avtomobil ilə onu sərhədə gətirən təxminən 60 yaşlı əslən gürcü əsilli sürücünün adını çəkmədiyi halda, həmçinin məhkəmə iclasında da gürcü əsilli sürücünün adını bimədiyini söylədiyi halda, cinayət işinin materiallarında bələdçilik edən şəxsin “Giga” adlı şəxs olması qeyd olunur. Bu məlumatın əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunması barədə iş materiallarına arayış əlavə olunur. Lakin təqsirləndirilən şəxsdən həmin “Giga” adlı şəxsi tanıması barədə əlavə ifadə alınmır. Məhkəmə cinayətdə birgə iştirakçılıq ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 may 2022-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmə halının olmaması qənaətinə gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 318.2-ci maddəsi kimi qiymətləndirilə bilməz. Qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmə o zaman tətbiq oluna bilərdi ki, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında iştirak etmiş olsun. Cinayətin obyektiv cəhətinin bir nəfər tərəfindən icra edildiyi, digər iştirakçıların isə başqa funksiyaları yerinə yetirdiyi müəyyən olunmadığı halda, cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə deyil, Məcəllənin 318.1-ci maddəsinə müvafiq olaraq tövsif edilməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 318.1-ci maddəsi ilə tam əhatə olunduğundan, onun əməli CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-nin 318.2-ci maddəsindən CM-nin 318.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs John Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçdiyinə görə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsindən CM-nin 318.1-ci maddəsinə tövsif olunmalı, həmin maddə ilə isə onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin gələcəkdə islah olunmasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CMnin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs John əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Təqsirləndirilən şəxs Johna azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Johna məxsus 01 ədəd “Samsung Galaxy A05S” markalı mobil telefon o, əsas cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsindən CM-nin 318.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs John Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs John cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs John əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Johna məxsus 01 ədəd “Samsung Galaxy A05S” markalı mobil telefon o, əsas cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar