Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-66/2024 28.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1961-ci ildə Qazax rayonu, Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, 2-ci qrup əlil, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 0,239 qram çəkidə psixotrop maddə olan kustar üsulla hazırlanmış metafetamini əldə edib üzərində daşıyaraq saxlamış, 13 may 2024-cü il tarixdə saat 12:55-də Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, 20 Yanvar küçəsində yerləşən köhnə plastik sexinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa şəhəri, H.Əliyev prospekti 71 nömrəli ünvanda yerləşən Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 13:38-dən 13:46-dək olan vaxt ərzində həmin şöbəsinin birinci mərtəbəsində Təhqiqat bölməsinin xidməti iş otağında onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd qara rəngli gödəkçənin sağ cibliyindən bir ədəd ağ rəngli siqaret kağızına bükülünün içərisində təmiz çəkisi 0,239 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 13 may 2024-cü il tarixdə Ağstafa şəhərində yerləşən parkda olduğu vaxt 01 ədəd bükümdə metamfetamin tapmış, metamfetamini götürüb öz istifadəsi üçün gödəkçəsinin sağ cibliyinə qoymuş və həmin gün, saat 12-13 radələrində “ATS”-ə piyada gedərkən yanında avtomaşın dayanmış, polis əməkdaşları düşüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-yə getməli olduğunu bildirmişlər. O da razılaşmış, polis şöbəsinə getmişdir. Ağstafa RPŞ-də videoçəkilişlə, vəkilinin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, ondan üzərində hansısa narkotik vasitə olub-olmaması soruşulmuş, o da parkda tapdığı həmin kütləni təqdim etmiş, parkda tapdığını demişdir. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin Köçvəlili PB-nin rəisi vəzifəsində işləyir. 13 may 2024-cü il tarixdə Ağstafa RPŞ-də olan zaman Ağstafa RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. Həmin gün, saat 12:55-də o, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri 20 Yanvar küçəsində, köhnə plastik sexinin yaxınlığında piyada hərəkətdə olarkən saxlayaraq özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-nə dəvət etmişlər, Natiq etiraz eləməmiş, birlikdə Ağstafa RPŞ-nə getmişlər. Orada Natiq müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını, əgər varsa təqdim etməyini təklif etmişlər. Bu zaman Natiq könüllü olaraq siqaret kağızı bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə təqdim etmiş, parkdan tapdığını, özünün istifadəsi üçüün saxladığını bildirmişdir. Həmin kütlə açılıb baxmış,, sonra elektron tərəzidə çəkib qablaşdırılmış və götürülmüş, sonra Natiqin üzərində şəxsi axtarış aparılmış, qanusuz əşya keçirilsə də, hər hansı bir narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da şahidlər Şahid2 və Əli Məsomovla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən ağ rəngli siqaret kağızı ilə birlikdə ümumi çəkisi 0,43 qram olan metamfetaminə oxşar kütlə əynində olan qara rəngli gödəkcənin sağ yan cibliyindən aşkar edilmiş, həmin psixotrop maddənin onun üzərindən aşkar edildiyi gün Ağstafa şəhərində yerləşən H.Əliyev parkında gəzişərkən yerdən tapdığını və gələcəkdə lazım olarsa özü istifadə etmək üçün üzərində saxlayıb daşıdığını etiraf etmiş, şəxsi axtarış 13 may 2024-cü il tarixdə saat 13:38-də başlamış, həmin gün saat saat 13:46-da bitmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli 16/549 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,239 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (0,239 qram metamfetamindən 0,04 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,199 qram çəkidə metamfetamin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2024-ci il tarixli, 1127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Sadıqov X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 may 2024-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir, müharibə veteranıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə az ağır cinayətlər törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 gün hissəsini çəkməkdən şərti vaxtından əvvəl azad edilmiş, cəzasından şərti azad edildiyi gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi cinayəti etiraf etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini, müharibə veteranı olmasını, 2-ci qrup əlil olmasını, 63 yaşında olmasını və yaşayaış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,199 qram metamfetamin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,199 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-66/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-66/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver