Məhkəmə qərarları › İş №1(015)-69/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-69/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-69/2023 19.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X13 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Qazax rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 11 radələrində Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yaşadığı evdə və evin həyətində «hepatit» xəstəliyindən əziyyət çəkən arvadı X3 ondan dərman almasını istəməsi və onun isə dərmanı almağa imkanı olmaması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, Günel Məmmədovanı əllə, yumruqla və təpiklə döyərək, sağ bazunun, sağ-sol gözün alt səthində, sağ saidin aşağı 1/3-nin tış səthində, sol kürəkaltı nahiyyənin, sol qalça tini üzərində, sağ sağrının yuxarı 1/3-də, sağ budun və sağ baldırın orta 1/3-nin ön səthində qançırlar, sağ əlin ovuc səthində, sol qulağın alt səthində, alt çənənin sol şaxəsində və sol X qabırğanın yerdəyişməli sınığı ilə müşayət edilən, sağlımlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2007-ci ildə X7 ilə evlənmişlər. 5 yaşlı qızları var. X10 ilə münasibətləri yaxşı olmuşdur. Sonradan arvadında hepatit xəstəliyi aşkar olunmuşdur. Arvadı ilə münasibətləri yaxşı olmuşdur. 08 aprel 2023-cü il tarixdə, saat 11 radələrində yaşadıqları Ağstafa rayonu, Aşağı Kəsəmən kəndindəki evlərində Günellə sonuncunun ona dərman almasını dediyi, onun da həmin vaxt imkanı olmadığı, imkanı olan kimi dərman alacağını bildirdiyi üçün aralarında ailə daxili mübahisə olmuş, Günel qızlarının pensiya kartının onda qalacağını bildirdikdə onun qoluna vurub kartı əlindən alaraq həyətə çıxmış, həyətdə Günel səs-küy salıb onu döydüyü üçün qonşuları həyətə çağıracağını bildirmişdir. Həyətdən yola çıxıb avtobusa minmək istəyən vaxt, Günel köynəyindən tutub dartaraq üzünü cırmaqlamağa cəhd etmiş, o da arvadına iki şapalaq vurmuş, Günel yerə yıxılmış, özü avtobusa minib getmiş, mindiyi avtobusla da həmin vaxt baldızı uşaqları ilə birgə onlara gəlmişdir. Qardaşı oğluna şalvar alıb evlərinə qayıtmışdır. Bundan sonra arvadının qardaşı, sonuncunun arvadı və sahə rəisi Seymur müəllim onlara gəlmiş, Günel uşağı da götürərək onlarla birlikdə çıxıb getmişdir. Hadisə baş verən vaxt anası evdə olmamış, qonşuda olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş Günel Məmmədova onun bacısı, təqsirləndirilən şəxs isə bacısının əridir. 08 aprel 2023-cü il tarixdə, səhər saatlarında bacısı telefonla ona zəng etmiş, həmin vaxt Günelin sifəti qanlı olmuş, Ayazın anası Gülçiçək xanım da evdə olmuşdur. Günelin üzündəki və paltarındakı qanı, ona kəllə atıb burnunu qanatmasını, gözünün altına yumruq vurub qaraltmasını, yerə yıxıb, yerdə təpikləyib qarnına çıxmasını ona telefonda bacısı demişdir. O, bu barədə Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarına bildirmiş, polis əməkdaşı Seymur müəllim onun izahatını almış, ona xahiş edərək, onun avtomobili ilə təqsirləndirilən şəxsin evinə getmiş, bacısını götürüb gəlmişlər. Bu zaman bacısı kartın evdə qalmasını bildirdikdə, Seymur müəllim yolda avtomobili saxlayıb düşmüş, gedib kartı Ayazdan alıb gəlmişdir. Bacısını polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Ceyhun müəllim bacısının izahatını almışdır. Günelin kürəyinə, qarın və qol nahiyəsinə təpik vurulmuş, eyni zamanda qulağına vurulan təpiyə görə qulağından qan gəlmiş, hətta taxta tabletka ilə başına vurulmuş, başında çapıq yaranmışdır. Təqsirləndirilən şəxs iki şapalaq vurması barədə verdiyi ifadə düzgün deyil. Onun bütün dediklərini bacısı ona danışmış, hadisə baş verən zaman təqsiləndirilən şəxsin anası da oğluna Güneli öldürməsini, əks təqdirdə bacısının onlardan əl cəkməyəcəyini bildirmişdir. Hadisə günü rəy alınması üçün bacısı ekspert Nizami müəllimin yanına getmiş, rentgen olmadığı üçün Güneli Tovuza aparmışlar. Axşam bacısının vəziyəti ağırlaşmış, onu təcili yardımla xəstəxanaya gətirmiş, xəstaxanada yenə rentgen alınmamış, sonra onu Qazax xəstaxanasına aparmışdır. Bacısında qaraciyər xəstəliyi olmuş, 2022-ci ilin noyabr dekabr aylarında bir müddət Ağstafa xəstaxanasında Günel müalicə olunmuşdur. Mərhum bacısının qızı Gülbarı Məmmədova hazırda onlarla qalır. Hesab edir ki, Günel ərinin onu döyməsi nəticəsində ölmüşdür, təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixdə səhər saatlarında, gəlini X10 çay süzən zaman, qonşuya 40 mərasimi olduğu üçün yas yerinə gedəcəyini bildirmiş, getdikdən heç 5 dəqə keçməmiş, qonşusu Günelin onu çağırdığını bildmiş, gedəndə görmüşdür ki, o, əri ilə küçə qapısının yanındadır. Həmin vaxt avtobus da Zəlimxan kəndi tərəfdən onların evi istiqamətinə gəlirmiş. O, evdən çıxıb gedərkən Günelin bacısı avtobusdan düşüb onlara gəlmişdir. Həyətdə oğlu Günelin qolundan tutub sonuncuya bir şapaq vurmuşdur. Sonra o, evlərinə gəlmiş, gəlini ilə biraz söhbət etmiş və Güneli danlamış, Günel ona yoldaşı ilə mübahisələri barədə heç nə deməmiş, qardaşına, sonra bacısı ilə 102 xidmətinə zəng etmişdir. Bir qədər keçmiş, polis əməkdaşı gəlmişdir. Günelin bədənindəki göyərmələr mərhumun xəstəliyi ilə əlaqədar olmuşdur. Son vaxtlar xəstəliyi gücləndiyi üçün onun ayaqları şişmiş, qaralmışdır. Hətta Bakı şəhərində həkim bildirmişdir ki, onda qan xərçənginin olmasından şübhələnirlər. Analizin cavabı gələndə Güneldə pis virus aşkar olunmuşdur. O, heç vaxt Güneli döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X10 onun bacısıdır. 08 aprel 2023-cü il tarixdə bacısıgilə təsadüfən qonaq getmişdir. Günelin uşağının ayağı qırıldığı üçün, həftə sonu öz uşağını onun uşağı ilə oynamağa aparmışdır. Avtobusun çatmağına uzaqdan az qalmış görmüşdür ki, bacısının əri Ayaz küçə qapısının ağzında bacısını əli ilə vurmuş, onu itələyib həyətə yıxmış, sonra həyətdə bacısının qarnına təpikləməyə başlamış, bacısını götürüb iki dəfə yerə çırpmış, başına təpik zərbələri endirmişdir. O qucağında körpə uşaqla özünü avtobusdan yerə atmış, yaxınlaşıb onlardan nə olduğunu soruşduqda təqsirləndirilən şəxs avtobusun arxa qapısından minib çıxıb getmişdir. Bundan sonra bacısının yanına getmiş, ondan nə olduğunu soruşduqda, Günel bildirmişdir ki müalicəsinin vaxtıdır, qarnına su yığılıb, Ayaza həkim və dərman lazım olduğunu və onu müalicə elətdirməsini bildirmişdir. Ona kimi Günelin qaynanası gəlmiş, nə olduğunu soruşduqda, Günel ona dediklərini qaynanasına da demişdir. Bacısı döyüldüyü üçün qulağından, burnundan, ağzından qan gəlmiş və başının arxasına şüşə batmış, ordan da qan gəlmişdir. Bacısını evə saldıqdan sonra bacısı telefonu götürüb bibisinə və qardaşına zəng etmişdir. Qardaşına vəziyyətinin pis olduğunu və onu gəlib evdən aparmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, avtobus sürücüsüdür. 08 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Ağstafa rayonu Zəlimxan kəndindən Ağstafa şəhərinin bazarına gələrkən Aşağı Kəsəmən kəndində, həyət qapısının yanında Ayazın arvadını əli ilə vurduğunu görmüş, sonra Ayaz onun avtobusu ilə Ağstafa şəhərinə gəlmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 10 aprel 2023-cü il tarixli 159 nömrəli rəyində göstərilmişdir ki, X3 bədənin müəyyən edilmiş xəsarətlər – sağ bazunun, sağ-sol gözün alt səthində, sağ saidin aşağı 1/3-nin tış səthində, sol kürəkaltı nahiyənin, sol qalıça tini üzərində, sağ sağrının yuxarı 1/3-də, sağ budun və sağ baldırın orta 1/3-nin ön səthində qançırlar, sağ əlin ovuç səthində, sol qulağın alt səthində, alt çənənin sol şaxəsində və sol X qabırğanın yerdəyişməli sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əllə, yumuruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 13 aprel 2023-cü il tarixli 09 nömrəli rəyində göstərilmişdir ki, X2 meyitində müəyyən edilmiş xəsarətlər – sağ bazunun, sol gözün alt səthində, sağ saidin aşağı 1/3-nin tış səthində, sol kürəkaltı nahiyənin, sol qalça tini üzərində, sağ saidin yuxarı 1/3-də, sağ budun və sağ baldırın qançırları, sağ əlin ovuç səthində, sol qulağın alt səthində, alt çənənin sol şaxəsində sıyrıqlar və sol X qabırğanın yerdəyişməli sınığı aşkar edilmişdir ki, o da yüngül dərəcəli bədən zədələrinə aiddir. X2 ölümünün səbəbi pnevmoniya nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı olmuşdur. X2 bədəni üzərində olan xəsarətlərlə ölümü arasında heç bir səbəbli əlaqə yoxdur. İş materiallarında olan təkrar keçirilmiş Məhkəmə-tibb ekspertizasının 06 iyun 2023cü il tarixli T 353/2023 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş X3 ekspert tərəfindən xx.xx.2023-cü il tarixdə müayinəsi zamanı sol bazu, sağ və sol gözaltı, sağ said, sol kürəkaltı, sol qalça tini, sağ sağrı, sağ bud və sağ baldırda qançır, sağ əlin ovuç səthində, sol qulağın aşağı qütbündə, alt çənənin sol şaxəsində sıyrıq, xx.xx.2023-cü il tarixdə Qazax rayon mərkəzi xəstəxanası PHŞ-də rəntgen müayinəsindən keçərkən sol X qabırğada sınıq aşkar edilmişdir. xx.xx.2023-cü ildə G.Ə.Məmmədova Ağstafa MRX-sı PHŞ-in “Xroniki aktiv virus hepatiti, qaraciyər sirrozu” diaqnozu ilə daxil olmuş, xx.xx.2023cü ilə qədər stasionar müalicədə olmuşdur. Qeyd edilən xəsarətlər bərk, küt əşyanın(əşyaların) təsirindən törənmiş, əl və ayaqla yetirilən zərbələr nəticəsində yarana bilərdilər, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərlə ölüm arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmə tibbi rəy vermiş ekspertlərin dindirilməsi qərarına gəlmiş və onları məhkəmə iclasına dəvət etmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X8 ifadəsində göstərdi ki, “MTE və PA” birliyinin Ağstafa şöbəsinin rəisi vəzifəsində işləyir. O, X2 həm xarici, həm də daxili müayinəsini aparmış, eyni zamanda ondan əvvəl canlı müayinəsini aparmışdır. X7 08 aprel 2023-cü il tarixdə qardaşı ilə gəlib müraciət etmiş, saat 16:00 radələrində, təhqiqatçı Ceyhun adlı şəxsin qərarı ilə gəlmişdir. Onu müayinə edən zaman ağrıları olduğunu demiş, rentgenə göndərmişlər. Bundan sonra onu qardaşı Qazaxa aparmış, Qazaxdan da sənəd gətirmişdir ki, onun 8-ci qabırğasının sınığı var. Müayinə etdikdən sonra çıxıb getmişdir. Aradan 3-4 gün keçdikdən sonra, eşitmişdir ki, mərhum Günel xəstəxanada ölmüşdür. Daha sonra qardaşı narazılıq etmiş, mərhum morqa gətirilmiş və orada müayinə etmişlər. Müayinə etdikdən sonra tikələri Bakıya göndərmişlər. Bakıdan da cavab gəlmədən qardaşı yenidən şikayət etmiş, prokuror da təkrar rəy verilməsi üçün Bakıya göndərmişdir. Birinci müayinədə rentgenə getdikdən sonra qabırğa sınığı aşkar edilmiş, bədənində müxtəliv yerlərdə olan qançır və yaraların hamsını qeyd edib rəy vermişlər. Təzdən Bakıdan rəy gəlmiş, ordan da sual qoyulmuşdur ki, mərhumun ölümü ilə xəstəlik arasında bir əlaqə varmı, o da döyülmə ilə xəstəlik arasında heç bir ölümə aid səbəblər olmadığını, mərhumun qara ciyarında serroz xəstəliyinin olmasını və buna görə də qara ciyarının daşlaşmış formada olduğunu bildirmişdir. Məhkəmə iclasına X1 videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşularaq şahid qismində dindirilmişdir. AR CPM-nin 51-2.1-ci maddəsində, cinayət mühakimə icraatında prosessual hərəkətlər şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi nəzərdə tutulmişdur. X1 ifadəsində göstərdi ki, təqdim olunmuş tibbi sənədlərdən ekspertiza təhqiqatı müəyyən edilmiş, ekspertiza təhqiqatı ilə əlaqədar şöbənin digər eksperti Təranə Vəlizdə ilə birlikdə bütün tibbi sənədlər tərəflərindən öyrənildikdən sonra və qəradadda ekspertə qoyulan suallara müvafiq cavablar verilmişdir. Mərhumənin bədən səthində aşkar edilmiş xəsarətlər zərbələr nəticəsində yarana bilərdi. Lakin mərhumənin ölümü infeksion xəstəliyi olan, hepatit virusu ilə əlaqədar olmuş, bu xəsarətlər ilə ölüm arasında heç bir səbəbli əlaqə yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10nın xx.xx.2017-ci il təvəllüdlü X6 adlı bir uşaqları var. İş materiallarında olan Ağstafa RİHB-nın Dağ Kəsəmən kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki Təqsirləndirilən şəxs ilə X10nın qızları Gülbarı Məmmədova hazırda dayısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs mərhum bacısı Günel Məmmədovanın aldığı xəsarətlərdən ölməsini bildirsə də həmin xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri və cinayət işinin istintaqı zamanı toplanmış digər mötəbər sübutlarla təsdiq olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar