Məhkəmə qərarları › İş №1(015)-71/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-71/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-71/2025 16.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi X10 katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Müşafiq oğlunun, mütəxəssis X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, İİİ qrup əlil, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 sentyabr 2025-ci il tarixdə saat 08 radələrində Bakı-Qazax-Qırmızı Körpü avtomobil yolunun Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisindən keçən 453-cü kilometrliyində həmin kəndə gedən körpünün altında dayanmış vəziyyətdə olan Qazax rayon Birinci Şıxlı kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “«Mercedes» Benz Actros 1844LS” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapısının açıq olmasından və Zərərçəkmiş şəxs avtomobilin istirahət yerində yatmasından istifadə edib salona daxil olaraq avtomobilin sürətlər qutusunun ön hissəsində olan yerdən kağız bükümdə içərisində hamısı 100-lük əskinaslardan ibarət 2000 ABŞ dollarını, 22 ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq və 4 ədəd 10 manatlıq əskinasları, yəni cəmi 5690 manat pulu gizli götürüb gedərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında mütəxəssis X2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 11 sentyabr 2025-ci il tarixdə saat 08 radələrində Ağstafa şəhərinə gedən zaman uzaqdan körpünün altında ağ rəngli bir yük avtomobilinin dayanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin avtomobilin yanına yaxınlaşmış və görmüşdür ki, ətrafda heç kəs yoxdur. O, həmin avtomobilin içərisindən oğurluq etmək qərarına gəlmiş və avtomobilin sükan tərəfində olan pilləkənlə yuxarı qalxaraq qapının pəncərəsindən içəri baxmış və görmüşdür ki, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs avtomobilin içərisində arxası sükana doğru yatır. Bundan sonra o, avtomobilin qapısının açıq olub-olmadığını yoxlamış və gördmüş ki, qapı açıqdır. Qapını açmış və salona daxil daxil olub səs salmadan pul və qiymətli əşyalar axtarmağa başlamışdır. Avtomobilin sürətlər qutusunun alt hissəsində açıq olan yerə baxan zaman həmin yerdə ağ rəngli kağızda nəyinsə bükülü vəziyyətdə qoyulduğunu görmüşdür. Həmin bükülünü əlinə götürüb yavaşca açıb içinə baxmış və görmüşdür ki, kağızın içərisində çoxlu sayda 100-lük əskinaslardan ibarət ABŞ dollarları, çoxlu sayda 100 manatlıq, bir ədəd 50 manatlıq və 3-4 ədəd 10 manatlıq pullar var. Bundan sonra o, avtomobilin içərisində axtarış aparmağı dayandırıb sakitcə avtomobildən çıxmış, pulları kağız bükümü ilə birlikdə əynində olan şalvarın sağ yan cibinə qoyub yaxınlıqda olan əkin sahələri ilə avtomobilin yanından uzaqlaşmağa başlamışdır. Əkin sahələrinə gedən torpaqlıq yolla təxminən 200 metr getdikdən sonra su arxının kənarında olan torpaq təpəliyə çatmış və pulları həmin təpəyə qazıb basırmaq qərarına gəlmişdir. Bundan sonra o, pulları cibindən çıxardıb, üstündən bir ədəd 100 manatlıq və bir ədəd olan 50 manatlıq pulu götürüb cibinə qoymuşdur ki, özü üçün xərcləyər. Sonra isə yerdən bir ədəd köhnə şəffaf rəngli sellofan torba tapıb qalan pulları həmin sellofan torbanın içinə büküb təpənin torpağını təxminən bir qarış qazıb pulu həmin yerə basırmışdır. Pulları basdırdıqdan sonra isə Ağstafa şəhərinə getməmiş və əkin sahələrinin içi ilə yaşadığı kəndin ərazisinə doğru qaçıb uzaqlaşmışdır. Saat 13 radələrində kəndin ərazisində olan zaman Ağstafa RPŞ-nin əməkdaşları gəlib onu saxlamışlar, ona başa salmışlar ki, pul oğurladığına görə şübhəlidir və ona görə də Ağstafa rayon Polis Şöbəsinə getməlidir. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları onun oğurluq etdiyini biliblər. Bundan sonra polis əməkdaşları onu gəldikləri avtomobilə mindirib rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təqdim etmişlər. Növbətçi ona demişdir ki, cibləridə nə varsa təqdim etsin. O da cibində olan 50 manatlıq pulu ona könüllü olaraq təqdim etmişdir. Bundan əlavə onu avtomobilindən oğurluq edən zaman kənar şəxslərdən heç kəs görməmiş, avtomobilindən pul oğurlamağı ilə bağlı heç kimə məlumat verməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kiçik leytenantıdır. xx.xx.2025-ci il tarixdə Qazax rayonu Birinci Şıxlı kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək Aşağı Göycəli kəndinin ərazisində ona məxsus «Mercedes» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 2000 ABŞ dollarının və 2200 manat pulunun oğurlanmasını bildirmişdir. Oğurluq hadisəninin baş verdiyi inzibati ərazi onun xidməti ərazisi olduğuna görə rəhbərlik tərəfindən ona göstəriş verilmişdir ki, qeyd edilən cinayət hadisəsini törətmiş şəxslərin müəyyən edilməsi ilə bağlı hərəkətə keçsin. Bundan sonra o, Aşağı Göycəli kəndinin sahə rəisi, polis baş leytenantı Şahid2 birlikdə cinayət hadisəsinin üstünün açılması ilə bağlı işləməyə başlamışlar. Həmin gün xidmətdə olan əməliyyat qrupu ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər və görmüşlər ki, içərisindən oğurluq edilmiş avtomobil «Mercedes» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli yük avtomobilidir. Əməliyyat qrupunun üzvləri Zərərçəkmiş şəxs ərizəsini alaraq hadisə yerini müayinə etməyə başlamışlar. Həmin vaxt o, ətrafa göz gəzdirmiş və görmüşdür ki, hadisənin yaxınlığında təhlükəsizlik kamerası var. Bundan sonra Şahid2la o, Ağstafa RPŞ-yə qayıdaraq təhlükəsizlik kameralarının müşahidə otağına gələrək hadisənin baş verdiyi yerdə olan kameranın yaddaşa aldığı videogörüntülərə baxış keçirməyə başlamışlar. Baxış zamanı o, həmin şəxsi tanımışdır. Belə ki, həmin şəxs Ağstafa rayonu Aşağı Göycəli kənd sakini lal və kar olan Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra o, bu barədə şöbənin rəhbərliyinə məlumat verib sahə rəisi Şahid2la Təqsirləndirilən şəxs yaşadığı Ağstafa rayonunun Aşağı Göycəli kəndinə gedib onu axtarmağa başlamışlar. Təqsirləndirilən şəxs oğurladığı pulun yerini özü göstərmişdir. Təqsirləndirilən şəxs Aşağı Göycəli kənd sakini olan qaçırılan 2 yaşlı qız uşağının və onu qaçıran şəxsin tapılmasında fəal köməklik göstərmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqında dindirilən Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Qazax rayonunun Birinci Şıxlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X1 məxsus «Mercedes» markalı tır avtomobilini etibarnamə əsasında idarə edib ailəsini dolandırır. 10 sentyabr 2025-ci il tarixdə saat 07 radələrində Bakı şəhərindən Gürcüstan Respublikasına yük aparırmış. 11 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisinə çatmış və hiss etmişdir ki, artıq avtomobili idarə etməyə taqəti yoxdur. Ona görə də qərara gəlmişdir ki, avtomobili Aşağı Göycəli kəndi istiqamətinə gedən körpünün altında saxlasın və arxa kabinada olan yataq yerinə keçib yatsın. Qeyd etmişdir ki, həmin vaxt özünə məxsus olan hamısı 100-lük əskinaslardan ibarət olan 2000 ABŞ dolları və 22 ədədi 100-lük, bir ədədi 50-lik və 4 ədədi 10-luq əskinaslardan ibarət olan 2290 manat olan pulu ağ rəngli kağıza bükülü vəziyyətdə avtomobilin sürətlər qutusunun qarşı tərəfində olan boş hissədə olmuşdur. Bundan sonra o, yatmışdır. Avtomobilinin qapılarını isə bağlamaq yadından çıxmışdır. Saat 08 radələrində yuxudan oyanmış və sükan arxasına keçib avtomobilini hərəkətə başlatmışdır. Dayandığı yerdən təxminən 100 metr uzaqlaşmışdıqdan sonra pulun yerində olmadığını görmüşdür. Belə olan halda o, avtomobilini dayandırmış və avtomobilinin içərisində pulunu axtarmağa başlamışdır. Lakin nə qədər axtarsa da tapa bilməmişdir. Ona görə də öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib pulunun oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və sənədləşmə aparmağa başlamışlar. Daha sonra o, polis əməkdaşları ilə Ağstafa rayon Polis Şöbəsinə gələrək şikayət ərizəsi yazaraq hadisəyə dair izahat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham elan edilən cinayət əməlini törədən zaman yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi əqli gerilik yüngül dərəcəli olduğundan onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından mərum etməmişdir. Buna görə, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da “Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)” müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi əqli gerilik yüngül dərəcədə ifadə olunduğundan onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamdan sonra aprılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs elan edilmiş ittiham düzgün və əsaslı hesab edilərək, öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 177.2.3 və 180.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham düzgün hesab edilmiş, cinayət işi üzrə istintaqa təqdim edilmiş 20 ədəd 100-lük ABŞ dolları, 21 ədəd 100 manatlıq, 4 ədəd 10 manatlıq, 1ədəd 50 manatlıq zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(015)-11/2025 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən hal-hazıradək həbsdə və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 11 (on bir) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Nağıyev X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzasından xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə 5 ay 08 gün çəkmiş, 7 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 06:56 dəqiqədə Bakı-Qırmızı Körpü avtomobil yolunun Ağstafa rayonu Aşağı Göycəli kəndi ərazisindən keçən hissəsində olan körpünün altında dayanmış ağ rəngli yük avtomobilinin sükan tərəfdə olan pilləkənləri ilə yuxarı qalxaraq avtomobilin içərisinə baxır, daha sonra isə sağ əli ilə avtombilin qapısının açıq olubolmamasını yoxlayır, qapının açıq olduğunu gördükdən sonra qapını açaraq avtomobilin salonuna daxil olur, bir qədər avtomobilin salonunda qaldıqdan sonra salondan çıxaraq qapını bağlayıb yerə düşür, daha sonra avtomobilin ön tərəfinə keçib avtomobilin içərisinə baxır, sonda isə avtomobilin sol hissəsi ilə avtomobil yolunun kənarı ilə hadisə yerindən qaçıb uzaqlaşmışdır. İş materiallarında olan Ağstafa RİH başçısının Aşağı Göycəli kənd iəd üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmışdır. Kəndin ictimai işlərində fəal iştirak etmişdir. Haqqında nümayəndəliyə heç b ir yazılı və şifahi şikayət daxil olmamışdır. Aşağı Göycəli kənd sakini olan itkin düşmüş 2 yaşlı qız uşağının tapılmasında köməklik göstərmişdir. İş materiallarında olan Ağstafa rayon X6 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 18-1-24/2-692/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, Nağıyev X4 RMX PHŞ-in psixiatr və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1818 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən Qazax Psixatriya xəstəxanasında “Oliqofreniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC-nin Ağstafa rayon filialının xx.xx.2025-ci il tarixli, 84 saylı məktubundan göründüyü kimi, xx.xx.2025-ci il tarixdə Mərkəzi Bankın məzənnəsinə əsasən 1 (bir) ABŞ dolları 1,7 (bir manat yetmiş qəpik) manat təşkil etmişdir. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Ağstafa Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödəmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, o həmin tarixdən hal-hazıradək həbsdə olmaqla Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübüta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edib bununla bağlı yekun nəticəyə gələrkən işin aşağıda şərh edilən hallarının və cinayət qanunvericiliyinin tələblərinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayətin törədilməsində faktiki iştirakını, xarakterini və dərəcəsini nəzərə alaraq cəzanın fərdiləşdirilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Nağıyev X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(015)- 11/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CMnin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən halhazıradək həbsdə və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 11 (on bir) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə cəzasından 5 ay 08 gün çəkmiş, 7 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən və həmin cəzanı çəkdiyi müddətdə yenidən cinayət törətdiyindən məhkumluğu olan şəxs hesab olunur. Lakin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən onun əməlində cinayətlərin residivi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi, Nağıyev X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(015)- 11/2025 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yenidən cinayət törətmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə CM-nin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin ondan şikayətinin və tələbinin olmamasını, həmkəndlisi olan qaçırılan 2 yaşlı qız uşağının və onu qaçıran şəxsin tez bir zamanda tapılmasında, həmin cinayətin açılmasında və təqsirkar şəxsin tutulmasında fəal köməklik göstərməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onda yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya) olmasını, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası, Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(015)-11/2025 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi ) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun xx.xx.2025-ci ildən hal-hazıradək həbsdə saxlanıldığı 03 (üç) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 14 (on dörd) gün çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, üzərinə yaşayış yerini saat 20:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan 20 ədəd 100-lük ABŞ-dolları, 21 ədəd 100 manatlıq, 4 ədəd 10 manatlıq və 1ədəd 50 manatlıq pul əskinaslarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349-cu, 351-353cü, 356-cı, 358-ci, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(015)-11/2025 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi ) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildən hal-hazıradək həbsdə saxlanıldığı 03 (üç) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 14 (on dörd) gün çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağstafa rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Ağstafa rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 20:00-dan saat 07:00-dək Ağstafa rayon Aşağı Göycəli kəndindəki fərdi yaşayış evini tərk etməmək, yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 20 ədəd 100-lük ABŞ-dolları, 21 ədəd 100 manatlıq, 4 ədəd 10 manatlıq və 1ədəd 50 manatlıq pul əskinaslarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar