Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-73/2024 28.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Levani Khardzianinin, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə, 25 avqust 1996-cı ildə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı, subay, orta təhsilli, “X3” Səhmdar Cəmiyyətində təmirçi usta işləmiş, əvvəllər məhkum olunmamış, Gürcüstanın Qardabani şəhəri, Tamar Mepe prospekti, ev 176 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ağstafa rayonu, Böyük Kəsik kəndində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Levani Khardzianinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Levani Khardziani 29 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdiyi 1 bükümdə 0,67 qram qurudulmuş marixuana narkotik vasitəsini ona məxsus pul kisəsinin içərisinə yerləşdirərək əyninə geyindiyi boz rəngli şortun arxa cibinə qoymuş və 29 iyun 2024-cü il tarixdə Qardabani-Böyük Kəsik istiqamətində Gürcüstan dəmiryollarına məxsus Qardabani-İ 1639 qeydiyyat nişanlı qatarla Gürcüstandan Azərbaycan Respublikasına gələrək həmin gün saat 11 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Ağstafa rayonu ərazisində yerləşən “Böyük Kəsik” gömrük postunun dəmiryolu buraxılış məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Levani Khardziani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Gürcüstan vətəndaşı olmaqla, Gürcüstan, Qardabani şəhəri, Tamar Mepe prospekti, ev 176 ünvanında qeydiyyatda olmaqla, yaşamışdır, hazırda isə barəsində olan cinayət işi əlaqədar Ağstafa rayonu, Böyük Kəsik kəndində müvəqqəti yaşayır. “X3” Səhmdar Cəmiyyətində təmirçi usta işləmişdir. Əsas işi Azərbaycan Respublikasından Gürcüstana gedən qatarların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq yarandığı halda yerində təmir etmək, bu mümkün olmadığı təqdirdə qatarı təmir üçün göndərməkdən ibarət olmuş, həmin fəaliyyəti Azərbaycan Respublikası ərazisində yerləşən “Böyük-Kəsik” stansiyasında həyata keçirmiş, işini qurtardıqdan sonra isə hər dəfə Gürcüstana qayıtmışdır. 29 iyun 2024-cü il tarixdə, saat 11 radələrində qeyd olunan işi ilə əlaqədar Gürcüstandan Azərbaycan Respublikasına növbəyə gələrkən Azərbaycan Respublikasının ərazisində gömrük nəzarətindən keçən zaman orada xidmət aparan gömrük əməkdaşı ondan üzərində gömrük orqanına təqdim olunası, mütləq bəyan ediləsi əşyaların olub-olmadığını soruşmuş, o, üzərində bu kimi əşyalardan olmadığını bildirmiş, sonra gömrük əməkdaşı 2 nəfər şəxs dəvət edib onun üzərində şəxsi yoxlama aparılacağını bildirmiş, yoxlama zamanı gömrük əməkdaşı əyninə geyindiyi boz rəngli şortunun arxa sağ cibində olan pul qabının içərisindən qabaqcadan siqaret tütünü ilə qarışdırıb 01 ədəd bükümdə ora qoymuş olduğu qurudulmuş marixuananı aşkar etmiş, bükümə baxış keçirəndə içərisində nə olduğunu soruşduqda o, marixuana olduğunu bildirmişdir. Həmin qurudulmuş marixuananı tutulmamışdan təxminən 05 ay əvvəl Tbilisi şəhərində ad günü məclisində olarkən klubdan almış, orada istifadə etmiş, qalıq qalanı isə pul qabına qoymuşdur. Pul qabını tez-tez istifadə etmədiyi üçün narkotik vasitə yadından çıxıb pul qabında qalmışdır. Mütəmadi olaraq narkotik vasitə qəbul etmir və narkotik vasitələrdən asılılığı yoxdur. Gürcüstan ərazisində şəxsi istifadə məqsədilə az miqdarda qurudulmuş marixuana alınması qadağan deyil. Əməlindən peşmandır, bir daha bu cür əməllərə yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” Gömrük postunun böyük inspektoru vəzifəsində davam etdirir. xx.xx.2024-cü il tarixdə iş bölgüsünə əsasən Tovuz Gömrük İdarəsi “Böyük Kəsik” gömrük postunda xidməti vəzifəmi icra edirmiş. Həmin gün xidmətdə olarkən saat 11 radələrində Gürcüstan istiqamətindən işçi heyətindən ibarət vaqonda şəxsiyyəti ona sonradan məlum olan Gürcüstan vətəndaşı Khardziani Levani “Böyük-Kəsik” gömrük postuna daxil olmuş, o, vaqona yaxınlaşaraq Khardziani Levani ilə əvvəlcə şifahi sorğu sual aparmış, Khardziani Levanidən vaqonda olan sonuncuya məxsus gömrük nəzarətinə mütləq bəyan edilməli olan mallar olub-olmadığını soruşmuş, müsbət halda gömrük nəzarətinə təqdim etməsini bildirmişdir. Khardziani Levani gömrük nəzarətindən gizlətdiyi və ya bəyan olunacaq hər hansı bir mal və ya əşyasının olmadığını bildirmişdir. Levaninin sualları tələsik cavablandırmağa çalışması onda şübhə oyatmış və üzərində şəxsi yoxlama keçirmək qərarına gəlmişdir. Bunun üçün iki nəfər hal şahidini dəvət etmiş və tərəfindən hal şahidlərinə onların hüquq və vəzifələri izah olunmuş, bundan sonra onların iştirakları ilə Khardziani Levaninin üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlamadan əvvəl isə Khardziani Levaniyə gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar öz ana dilində bildiriş təqdim edilmiş, həmçinin aparılacaq proses barədə sonuncu məlumatlandırılmış, yoxlama zamanı Khardziani Levaninin əyninə geyindiyi şortunun sağ arxa cibində olan pul kisəsinin içərisindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Bükümə baxış keçirilən zaman içərisində yaşıl rəngdə, xüsusi iyə malik, qurudulmuş marixuanayabənzər bitki kütləsi aşkarlanmış, yoxlama tam başa çatdıqdan sonra qeyd olunan bitki kütləsi tərəfindən götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Yekunda müvafiq sənədləşmə aparılaraq tərəfindən protokol tərtib edilmiş, tərcüməçi çağırılaraq məzmunu Khardziani Levaniyə izah olunmuş, bundan sonra Levani o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Böyük Kəsik” gömrük postunun yaxınlığında dəmir yollarının bərpasında fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində gömrük işçiləri onu dəvət edərək Levani Khardizani adlı şəxsin üzərinə baxış keçiriləcəyini, onun da həmin baxışda iştirak etməsini bildirmişlər. Onun özünün və digər hal şahidi Tural adlı şəxsin iştirakı ilə Levaninin üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun pul qabının içərisindən 01 ədəd kağız büküm, bükümün içində isə qurudulmuş marixuanayabənzər kütlə aşkar edilmişdir. Qeyd olunan büküm qablaşdırılıb götürülmüş, sonra isə yoxlama keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, o, Tural, gömrük əməkdaşı Şahin və Levani protokolu imzalamışlar. İbitidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşayır, müvəqqəti olaraq “Böyük Kəsik” gömrük postunun yaxınlığında dəmir yollarının təmir-bərpa işlərində fəhləlik etməklə günəmuzd işləyir. 29 iyun 2024-cü il tarixdə təxminən saat 12 radələrində Tovuz gömrük idarəsinin Şahin adlı əməkdaşı onu və onunla birlikdə fəhləlik edən Elnuru Tovuz gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda qatarlar üçün nəzərdə tutulmuş yoxlama xəttinə dəvət edərək şəxsiyyəti ona sonradan məlum olan Gürcüstan vətəndaşı Khardziani Levaninin üzərində şəxsi yoxlama aparılacağını, onların da həmin yoxlamada hal şahidi kimi iştirak etmələrini bildirmişdir. Onlar da əməkdaşla razılaşmış və yoxlamada iştirak etmişdirlər. Yoxlamadan öncə gömrük əməkdaşı yoxlama prosesində orada olmalarını, gedən prosesi və hərəkətləri izləmələrini, yekunda bununla bağlı protokol tərtib ediləcəyini və onların da tanış olaraq imza edəcəklərini bildirmiş, ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmişdir. Yoxlama zamanı gömrük əməkdaşı Khardziani Levaninin əyninə geyindiyi şortunun sağ arxa cibində olan pul kisəsinin içərisindən 1 (bir) ədəd kağız büküm aşkar etmiş, qeyd olunan bükümə baxış keçirilən zaman içərisində yaşıl rəngdə, qurudulmuş vəziyyətdə bitki kütləsi olduğu müəyyən edilmişdir. Şəxsi yoxlama tam başa çatdıqdan sonra Khardziani Levaninin əyninə geyindiyi şortunun sağ arxa cibində olan pul kisəsinin içərisindən aşkar edilmiş 1 bükümdə qurudulmuş vəziyyətdə olan bitki kütləsi iştirakçıların, eləcə də onun iştirakı ilə götürülmüş, qablaşdırılaraq möhürlənmiş, daha sonra bu barədə sənədləşmə aparılmış, o da sənədlərlə tanış olub imza etmişdir. İş materiallarında olan Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi yoxlama zamanı Khardziani Levaninin üzərindən əynində olan boz rəngli şortun arxa cibində olan pul qabının içərisinə baxış keçirilən zaman oradan boz rəngli bükülü aşkar olunmuş, həmin bükülüyə baxış zamani içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olduğu müəyyən olunaraq götürülmüşdür. İş materiallarında olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Levani Khardziani 2022-ci ildən başlayaraq dəmiryolu nəqliyyat ilə dəfələrlə “Böyük-kəsik” dövlət-sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstandan ölkə ərazisinə gəlmiş və eyni qaydada geri qayıtmışdır. Levani Khardziani sonuncu dəfə Qardabani-Böyük-Kəsik istiqamətində Qardabani-İ 1639 qeydiyyat nişanlı qatar vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində “Böyük-kəsik” dövlət-sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstandan ölkə ərazisinə gəlmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/1078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd kağız paketdə bükülüdə təmiz çəkisi 0,67 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır (0,67 qram marixuanadan 0,02 qram ekspertiza tədqiqatına sərf edilmiş 0,65 qram qurudulmuş marixuana qalmışdır) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4727 nömrəli rəyindən görünür ki, Levani Khardzianidə kannabinoidlərdən istifadə etmə halları olmuşdur, lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Levani Khardziani əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Levani Khardziani 02 gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Levani Khardziani barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, o, həmin vaxtdan hal-hazıradək ev dustaqlığındadır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Levani Khardziani Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, onun əməli düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır, əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs Levani Khardzianinin ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxs Levani Khardzianiyə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq, 500 qram və daha çox qurudulmuş marixuana isə külli miqdar hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə Levani Khardzianidən aşkar edilərək götürülmüş 0,67 qram qurudulmuş marixuananın miqdarı kifayət qədər azdır. Məhkəmə Levani Khardzianinin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib əməlindən peşman olmasını, qurudulmuş marixuananın miqdarının az olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, göstərilən halların məcmusunu müstəsna hal hesab edərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək onun cərimə cəzasına məhkum olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Levani Khardziani Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır Beləlikə, məhkəmə hesab edir ki, Levani Khardziani Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinirək, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla o, cərimə cəzasına məhkum edilməli, CMnin 69.4-cü maddəsinə əsasən tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 ay 03 gün müddət nəzərə alınaraq ona təyin edilən cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, CM-nin 52.1-ci maddəsinə əsasən o, əsas cəza olan cəriməni ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və DGK Əməliyyat- İstintaq Baş İdarəsinin Maddi sübutların saxlanc otağında saxlanılan 0,65 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Levani Khardziani Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinirək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Levani Khardzianinin tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət nəzərə alınaraq ona təyin edilən 4000 (dörd min) manat miqdarında cərimə cəzası yüngülləşdirilib 2000 (iki min) manata endirilsin. Levani Khardzianinin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Levani Khardzianinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Levani Khardziani əsas cəza olan 2000 (iki min) manat miqdarında cəriməni ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Levani Khardziani ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DGK Əməliyyat- İstintaq Baş İdarəsinin Maddi sübutların saxlanc otağında saxlanılan 0,65 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul Levani Khardzianidən tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-73/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-73/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver