Məhkəmə qərarları › İş №1(015)-76/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-76/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-76/2024 17.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Tenqizoviçin, Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1997-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işsiz, Gürcüstanda pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Tenqizoviçin Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Tenqizoviç Gürcüstan ərazisində törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətindən yayınmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədilə 28 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunun Ceyrançöl ərazisində yerləşən 3-cü sərhəd komendantlığının 12-ci sərhəd zastavasının 16-cı sahəsindən at ilə hərəkət etməklə qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, daha sonra Bakı şəhərinə gəlmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tenqizoviç 01 sentyabr 2024-cü il tarixdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində saxlanılmış və 02 sentyabr 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Tenqizoviç ona elan olunmuş ittiham özünü təqsirli bilib ifadəsində göstərdi ki, O, Gürcüstan vətəndaşıdır. 23 avqust 2024-cü il tarixdə Gürcüstanın Tbilisi şəhərində qohumunun ad günü məclisində olarkən orada dava düşmüş, həmin davada yaralananlar olmuşdur. Bundan sonra Azərbaycan Respublikasında qohumları olduğu üçün sərhədi qanunsuz olaraq keçmək qərarına gəlmiş və 28 avqust 2024-cü il tarixdə saat 01 radələrində at ilə Qardanani rayonundan Ağstafa rayonu istiqamətində gizlin sərhədi keçmiş, daha sonra Ağstafa şəhərinə rayonuna, oradan da Bakı şəhərinə getmişdir. Bakı şəhərində 02 gün Montin qəsəbəsində qalmış, 01 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. Əməlindən peşmandır. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini, ölkəsinə qaytarılmasını məhkəmədən xahiş edir. İş üzrə şahid olan Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə müvəkkili, , xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Axtarış İdarəsindən daxil olmuş əməliyyat məlumatda göstərilmişdir ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs Tenqizoviç Gürcüstanda cinayət törədərək cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmiş və hazırda Bakı şəhərinin Nərimanov rayonu ərazisində gizlənir. Bundan sonra o, həmin İdarənin əməkdaşları ilə birlikdə ünvan 1 ünvana baxış keçirən zaman Təqsirləndirilən şəxs Tenqizoviçi həmin ərazidə müəyyən etmiş, sonuncunun sənədləri və ölkəyə giriş çıxışı yoxlanılan zaman rəsmi şəkildə ölkəyə girişinin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Tenqizoviç Gürcüstanda cinayət törətməsini, daha sonra isə Ağstafa rayonun ərazisindən dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçməsini etiraf etmişdir. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Orxan Alıyev baxış zamanı 28 avqust 2024-cü il tarixdə saat 01 radələrində atla hərəkət etməklə dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərmiş və hadisənin törədildiyi yerin Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu, Ceyrançöl ərazisində yerləşən 12-ci sərhəd zastavasının 16-cı sahəsi olması məlum olmuşdur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin rəisi, general-mayor Zaur Zeynalovun 02 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstanın cinayət məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Gürcüstan vətəndaşı xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Tenqizoviç Bakı şəhərinin Nərimanov rayonu ərazisində müəyyən edilərək saxlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs Tenqizoviçin avqust ayının 27-28-nə keçən gecə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, X1 əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyildir. İAMAS çıxarışından görünür ki, X2 sonuncu dəfə xx.xx.2017-ci il tarixdə rəsmi qaydada Azərbaycan Respublikasından Gürcüstana getmiş və həmin tarixdən sonra dövlət sərhədində rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tenqizoviç əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Tenqizoviç barəsində həmin gün 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablanmışdır, təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Tenqizoviçə verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs Tenqizoviçin törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Tenqizoviçin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tenqizoviçə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tenqizoviç əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Tenqizoviçə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Tenqizoviç Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Tenqizoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Tenqizoviçin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tenqizoviç əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar