Məhkəmə qərarları › İş №1(015)-80/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-80/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-80/2024 21.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X8 Seramın, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə 16 oktyabr 1996-cı ildə Şri-Lanka Demokratik Sosialist Respublikasında anadan olmuş, Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Şri- Lanka Demokratik Sosialist Respublikasının Qampaha şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X8 Seramın Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X8 Seram Serbiya Respublikasına getmək üçün vizasının olmaması səbəbindən qanunsuz yolla Gürcüstandan keçərək, Serbiya Respublikasına yaşamaq və işləmək üçün getmək məqsədilə 5 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının, 27-ci sahəsindən piyada hərəkət edərək Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qəsdən, qanunsuz olaraq keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, 05 sentyabr 2024-cü il tarixdə, saat 19:45 radələrində, Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində dövlət sərhəd xəttindən 1000 metr məsafədə saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X3 elan olunmuş ittiham özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşıdır. Arvadı - X5 Hansa Kumari təxminən 2 ildir ki, Serbiya Respublikasında yaşayır. Şri-Lanka DSR-də yaşadığı müddət ərzində maddi vəziyyətinin pis olması səbəbi ilə, o cümlədən arvadının yanına gedib onunla birlikdə yaşamaq və orada işləmək üçün Serbiya Respublikasına getmək qərarına gəlmiş, Şri- Lanka DSR-in vətəndaşı olduğu üçün viza əldə edə bilmədiyindən qanunsuz yolla Serbiya Respublikasına getməyi planlaşdırmışdır. Əvvəlcə “Google” xəritədən Serbiya Respublikasının sərhədində yerləşən dövlətləri nəzərdən keçirmiş, qərara gəlmişdir ki, rəsmi qaydada Azərbaycan Respublikasına gəlib, daha sonra qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana, Gürcüstandan Türkiyə Respublikasına, Türkiyə Respublikasından Bolqarıstan Respublikasına, Bolqarıstan Respublikasından da Serbiya Respublikasına keçsin. Odur ki, planına əsasən, rəsmi qaydada, yəni viza əldə edərək 04 sentyabr 2024-cü il tarixdə “Kolombo-Dubay-Bakı” aviareysi ilə Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində hava limanını tərk etdikdən sonra “booking.com” internet şəbəkəsində bron etdiyi “White Hostel” adlı mehmanxanaya gedərək orada gecələmiş, Gürcüstana viza əldə etmək çətin olduğundan və Şri-Lanka DSR vətəndaşlarına viza verilməsi ehtimalı az olduğuna görə qanunsuz yolla Gürcüstana getmək istəmişdir. “Google” xəritənin köməkliyi ilə müəyyən etmişdir ki, Ağstafa rayonu Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd ərazidə yerləşir. 05 sentyabr 2024-cü il tarixdə Bakı Dəmiryol Vağzalında Bakı-Ağstafa sürət qatarına bilet alaraq Ağstafa rayonuna gəlmiş, Ağstafa rayonuna çatandan sonra dəmiryolun qarşısında dayanan taksilərdən birinə minib Sadıqlı kəndinə sürməyini bildirmişdir. Sadıqlı kəndinə çatdıqdan sonra “Google” xəritə vasitəsilə 05 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Gürcüstan istiqamətində dövlət sərhədinə aparan yolla piyada irəliləməyə davam etmiş və meşə zolağına daxil olmuşdur. Lakin, Gürcüstan sərhədi istiqamətində getdiyi zaman hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Hal-hazırda əməlindən peşmandır. Öz ölkəsinə qayıtmaq istəyir. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini, ölkəsinə qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının komendantı vəzifəsində işləyir. 05 sentyabr 2024-cü il tarixdə saat 19:15 radələrində 17-ci sərhəd zastavasının 27-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulacağı ilə bağlı şübhə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında sərhəd komendantlığında yaradılmış mobil qrupun başçısı qismində Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 27-ci sahəsində Qarayazı meşə zolağı ilə hərəkətə başlamışdır. Sözügedən ərazidə axtarış zamanı 5 sentyabr 2024-cü il tarixdə, saat 19:45 radələrində 17-ci sərhəd zastavasının 27-ci sahəsində bir nəfər naməlum şəxsin Qarayazı meşə zolağı ilə dövlət sərhəd xətti istiqamətində hərəkət etməsini müşahidə etmiş və dərhal həmin şəxsi dövlət sərhəd xəttindən təxminən 1000 metr məsafədə saxlamışdır. Daha sonra saxlanılan şəxslə sorğu-sual zamanı həmin şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, xx.xx.1996-cı il təvəllüdlü X4ması məlum olmuş və aidiyyəti üzrə dərhal məruzə etmişdir. Məlum olmuşdur ki, o, işləmək və yaxud da istirahət etmək üçün qeyri qanuni yolla Gürcüstan Respublikasına keçmək istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Anar Nəsirlinin 6 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı X8 Seram 5 sentyabr 2024-cü il tarixdə, saat 19:45 radələrində dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən saxlanılmışdır. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 Seramın 5 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etdiyi ərazi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən 17-ci sərhəd zastavasının 27ci sahəsində dövlət sərhəd xətti sayılan ərazidir. Həmin sahə Azərbaycan Respublikası istiqamətində olan hissəsi Qarayazı meşəsi ilə əhatə edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman X8 Seram 5 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağstafa rayonu, Sadıqlı kəndindən Gürcüstan istiqamətində qanunsuz yolla keçmək istədiyini və bu məqsədlə Qarayazı meşə zolağında piyada hərəkət etməklə dövlət sərhədi istiqamətində irəliləmiş olduğunu bildirmişdir. Daha sonra X8 Seram Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 27-ci sahəsində dövlət sərhəd xətti sayılan ərazidə saxlanıldığı yeri göstərmişdir. Həmin saxlanılma yeri Azərbaycan Respublikası istiqamətində olmaqla dövlət sərhəd xəttindən 1000 metr məsafədə uzaqlıqdadır. İş materiallarında olan "xxxx" QSC-nin ƏDH/2 seriyalı, **********01 nömrəli gediş sənədindən görünür ki, Bakı şəhərindən Ağstafa rayonu istiqamətində 5 sentyabr 2024cü il tarixdə, saat 09:15-də yola düşən qatara buraxılış üçün əsas olan gediş sənədi– bilet 4 sentyabr 2024-cü il tarixdə, saat 17:09-da X8 Seramın adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 Serama məxsus “Samsung Galaxy A10S” markalı mobil telefonda müxtəlif fotoşəkil və videogörüntülər mövcuddur. Həmin fotoşəkillərin içərisindən “Google Earth” adlı elektron xəritə tətbiqindən 2 sentyabr 2024-cü il tarixdə, saat 04:22-də edilmiş çıxarış – Türkiyə Respublikası ilə Bolqarıstan Respublikası sərhədi (Beyendik, Demirköy, Kırklareli), “Google Earth” adlı elektron xəritə tətbiqindən 2 sentyabr 2024-cü il tarixdə, saat 04:32-də edilmiş çıxarış – Serbiya Respublikası ilə Xorvatiya Respublikası sərhədi (Baçka Palanka), “Google Earth” adlı elektron xəritə tətbiqindən 2 sentyabr 2024-cü il tarixdə, saat 05:20-də edilmiş çıxarış – Türkiyə Respublikası ilə Bolqarıstan Respublikası sərhədi (Golyam-Dervent, Elhovo), “Google Earth” adlı elektron xəritə tətbiqindən 3 sentyabr 2024-cü il tarixdə, saat 05:49-da edilmiş çıxarış – Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi (Sadıqlı kəndi), “Google Earth” adlı elektron xəritə tətbiqindən 3 sentyabr 2024-cü il tarixdə, saat 07:26da edilmiş çıxarış – Türkiyə Respublikası ilə Gürcüstan sərhədi (Tsalktbila), “Google Earth” adlı elektron xəritə tətbiqindən 3 sentyabr 2024-cü il tarixdə, saat 07:32-də edilmiş çıxarış – Türkiyə Respublikası ilə Bolqarıstan Respublikası sərhədi (Tatlıpınar, Kofçaz, Kırklareli), “Google Earth” adlı elektron xəritə tətbiqindən 3 sentyabr 2024-cü il tarixdə, saat 07:36-da edilmiş çıxarış – Türkiyə Respublikası ilə Bolqarıstan Respublikası sərhədi (Ahlatlı, Kofçaz, Kırklareli), “Google Earth” adlı elektron xəritə tətbiqindən 4 sentyabr 2024-cü il tarixdə, saat 16:20-də edilmiş çıxarış – Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi (Balakən rayonu, Şərif kəndi), “Google Earth” adlı elektron xəritə tətbiqindən 5 sentyabr 2024-cü il tarixdə, saat 09:56-da edilmiş çıxarış – Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi (Böyük-Kəsik), “Google Earth” adlı elektron xəritə tətbiqindən 5 sentyabr 2024-cü il tarixdə, saat 12:25-da edilmiş çıxarış – Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi (Sadıqlı kəndi) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən çıxarışların məhz, onun şəxsən özü tərəfindən edildiyini bildirmişdir. Həmin çıxarışların edilməsinin səbəbi və məqsədi kimi onu da qeyd etmişdir ki, o, qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana, Gürcüstandan Türkiyə Respublikasına, Türkiyə Respublikasından Bolqarıstan Respublikasına, Bolqarıstan Respublikasından da Serbiya Respublikasına keçmək istəmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, X8 Seram 4 sentyabr 2024-cü il tarixdə, saat 12:30-da 0730 nömrəli reyslə X2 Azərbaycan Respublikasına gəlmiş, Azərbaycan Respublikasından çıxışı ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X8 Seram əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, X8 Seram barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmışdır, təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X8 Serama verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, X8 Seramın törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X8 Seramın ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməyə cəhd etməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, X8 Serama təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən X8 Seram əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, X8 Serama azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş X8 Serama məxsus 01 ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon və mobil telefonun işlək vəziyyətdə olmasını təmin edən 01 ədəd qidalandırıcı cihaz o, əsas cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılmalı, bundan başqa, "xxxx" QSC-nin ƏDH/2 seriyalı, **********01 nömrəli gediş sənədi isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: X8 Seram Azərbaycan Respublikası CM-nin CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 Seram cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. X8 Seramın barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən X8 Seram əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş X8 Serama məxsus 01 ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon və mobil telefonun işlək vəziyyətdə olmasını təmin edən 01 ədəd qidalandırıcı cihaz o, əsas cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılsın, bundan başqa, "xxxx" QSC-nin ƏDH/2 seriyalı, **********01 nömrəli gediş sənədi isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar