Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-82/2024 05.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 və tərcüməçi X1 iştirakları ilə 28 fevral 2002-ci ildə X4 Respublikasının Hassi Bahbah şəhərində anadan olmuş, X4 Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, X4 Respublikasının Hassi Bahbah şəhərində qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs səyahət etmək məqsədilə Gürcüstana getmək üçün 24 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunun Ağgöl kəndində yerləşən 3-cü sərhəd komendantlığının 16-cı sərhəd zastavasının 14-cü sahəsindən qəsdən, qanunsuz olaraq piyada hərəkət etməklə, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, dövlət sərhəd xəttindən 100-150 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün saat 09:30-da saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham özünü təqsirli bilib ifadəsində göstərdi ki, X4 Respublikasının vətəndaşıdır, orada da yaşamışdır. Səyahət məqsədi ilə 17 sentyabr 2024-cü il tarixdə Doha-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, 5 gün Bakı şəhərində qaldıqdan sonra, 22 sentyabr 2024-cü il tarixdə Qəbələ şəhərinə, 23 sentyabr 2024-cü il tarixdə Qəbələ şəhərindən çıxaraq avtobusla Gəncə şəhərinə getmişdir. Orada 1 gün qaldıqdan sonra qərara almışdır ki, səyahət etmək məqsədi ilə Gürcüstana getsin və bu məqsədlə mobil telefonunda olan “Google Maps” proqramından istifadə edərək Güstana getmək yolunu tapmış və Ağstafa rayonuna gəlmişdir. Orada tanımadığı taksi sürücüsü ilə Azərbaycan Respublikası ilə Gürcüstan sərhədinə gəlmiş, taksidən düşdükdən sonra Azərbaycan Respublikasından Gürcüstan sərhədi istiqamətinə piyada hərəkət edən zaman, 24 sentyabr 2024-cü il tarixdə saat 09:30 radələrində sərhədçilər tərəfindən ona “Dayan!” komandası verilərək saxlanılmış, o, Azərbaycan Respublikasının Gürcüstan ilə sərhəd keçid məntəqəsinin açıq olduğunu düşünmüş, bu məqsədlə sərhədi keçmək üçün Ağstafa rayonuna gəlmişdir. Əməlindən peşmandır. Ata-anası yaşlı, özü isə tələbədir. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini, ölkəsinə qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının 16-cı sərhəd zastavasında zastava rəisinin MPHÜM vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 06:00-dan 10:00-dək sərhəd zastavasının 8-9-cu sahəsində sərhəd naryadının üzvü əsgər Şahid1 ilə birlikdə “XOG” xidmətinə təyin olunmuşdur. Xidmətə dair əmr aldıqdan sonra xidməti sahələrinə yola düşmüşlər. Xidməti sahələrində olarkən saat 09 radələrində sərhəd zastavasından rabitə vasitəsi ilə xidmətlərini 14-cü sahədə maskalanaraq davam etdirmək göstərişi verilmişdir.O və sərhəd naryadının üzvü 14-cü sahəyə gedərək maskalandıqdan sonra xidmətlərini davam etdirmişlər. Təxminən 10 dəqiqə sonra bir nəfər şübhəli şəxsin onların istiqamətində hərəkət etdiyini müşahidə etmişdir. Həmin şəxs onların olduqları yerə yaxınlaşdıqdan sonra, həmin gün, saat 09:30 radələrində sonradan adının Təqsirləndirilən şəxs ollmasını bildikləri şəxs saxlanılmış, sonuncunu sərhəd zastavasına aparılmışlar. Sonradan həmin şəxsin X4 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 şahid X3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri, polkovnik Anar Nəsirlinin 25 sentyabr 2024-cü il tarixli, 3/38/2-16/2588/24 nömrəli məktubundan və həmin hərbi hissənin 16-cı sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra edən, baş leytenant Davud Nəsirovun 24 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, 24 sentyabr 2024-cü il tarixdə, 1 nəfər şəxs tərəfindən Dövlət Sərhədinin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində pozulacağı barədə daxil olmuş əməliyat məlumatına əsasən sərhəd zastavasının şəxsi heyyətini saat 09:00 radələrində “Silaha” komandasına qaldıraraq 14-cü sahə istiqamətində hərəkət etmişlər. Ərazidə xidmət aparan sərhəd naryadı məlumatlandırılmış və tapşırıqlar verilərək, ərazidə axtarış tədbirləri həyata keçirilmiş və dövlət sərhəd xətti boyu hüdudlar qapadılmışdır. Sərhəd zastavasının 8-9-cu sahəsində xidmət təşkil edən “XOG” SNB leytenant Şahid2 və SNnin üzvü əsgər Şahid1 tərəfindən saat 09:30 radələrində 14-cü sahədə dövlət sərhəd xəttindən 100-150 metr aralı Azərbaycan Respublikasından Gürcüstan dövlət sərhədini pozmağa cəhd edən X4 Respublikası vətəndaşı saxlanılmışdır. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Ağstafa rayonu, Ağgöl kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 9-cu sahəsinin hüdududur, ərazi sərhəd zastavasının dislokasiya yerindən 2500 metr, Ağstafa rayonu Ağgöl kəndindən 2830 metr, dəmir yolundan 150 metr, Ağstafa rayonu Böyük-Kəsik kəndindən 4600 metr, DS-dən, 150 metr məsafədə asfalt yoldan 2816 metr məsafədə yerləşir. Dövlət sərhədi R-17 kanalının üzərindən keçir. Ərazidə qamışlıq, meşəlik və kolluq mövcuddur. İş materiallarında olan İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, X4 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə müəyyən olunmadığından, müvafiq çıxarışların göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmışdır, təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, Təqsirləndirilən şəxsın törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CMnin 29,318.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməyə cəhd etməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalı, o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-82/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-82/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver