Məhkəmə qərarları › İş №1(015)-84/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-84/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-84/2023 23.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Abdulzəim oğlunun və müdafiəçi X1 iştirakları ilə, təsirləndirilən şəxs: xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası, Ağstafa rayonu, Eynallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkmumluğu olmayan, Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 11 radələrində Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi bazarın arxasında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zaman başı ilə Zərərçəkmiş şəxs burun nahiyyəsinə bir dəfə, yumruqla isə sifət nahiyyəsinə bir dəfə qəsdən vuraraq ona sol gözün alt səthində qançır, burnunda şişkinlik və burun sümüyünün sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayır, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Şakirlə həmkəndli kimi münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 03 aprel 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Ağstafa şəhərinə gəlmiş, həmin gün, saat 11 radələrində Ağstafa şəhəri H. Əliyev prospektində yerləşən Mərkəzi bazardan çıxıb bazarın arxa tərəfindəki taksilər dayanan yerdən keçərkən Şakiri sonuncunun idarə etdiyi “Vaz 2107 markalı” taksi avtomobilində görmüş, Şakir onu gördükdə yanına çağırmış, orada bir qədər kənara, insanlar olmayan yerə çəkilmişlər. Şakir Rusiya Federasiyasında yaşayan Murğuz adlı qardaşına olan borcunu ona qaytarmasını demiş, o, Şakirə sonuncunun qardaşı Murğuza borcu olmadığını, qardaşının həmin pulu başqa məqsədlə, sənədlər üçün verdiyini, sənədlər də düzəlmədiyi üçün oradan çıxıb gəldiyini bildirmiş, lakin Şakir onunla razılaşmamış, Şakir ona qulaq asmamış, mübahisə etməyə davam etmiş, sonra onu söymüş, o da əsəbləşərək başı ilə Şakirin bir dəfə burun nahiyəsinə, yumruqla da bir dəfə sifət nahiyəsinə vurmuş, oradan çıxıb getmişdir. Hadisə bir neçə dəqiqə ərzində baş verib qurtarmış, həmin vaxt yanlarına başqa heç kim olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, Şakir onunla barışmışdır. Məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla aralarında hər hansı narazılıq-ədavət olmamışdır. Hadisədən bir qədər əvvəl Rusiya Federasiyasında yaşayan qardaşı Murğuz onunla danışarkən Elmarın ona 27000 rubl borcu olduğunu, həmin pulu Elmardan alıb öz ehtiyaclarına sərf etməsini demişdir. 03 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi bazarın arxasında taksi kimi işlədiyi “Vaz 2107 markalı” avtomobilində oturduğu vaxt Elmarın yaxınlıqdan keçdiyini görüb onu çağırmış, Elmar yanına gəlmiş, o da avtomobildən düşərək bir qədər kənara çəkilmişlər. Orada Elmardan qardaşı Murğuza olan borcunu ona qaytarmasını istəmiş, Elmar Murğuza borcu olmadığını demiş, buna görə aralarında mübahisə yaranmış, Elmar da bir dəfə başı ilə onun burun nahiyəsinə, bir dəfə də yumruqla sinə nahiyəsinə zərbə vurmuş, səhhətində narahatlıq olduğu üçün yerə yıxılmış, Elmar çıxıb oradan getmişdir. Hazırda Elmarın üzrxahlığını qəbul edir, sonuncu ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı yazılı ərizə verərək Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödədəyini, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 aprel 2023-cü il tarixli 154 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Qəhrəman oğlunun bədənində müəyyən edilmiş xəsarətlər- sol gözün alt səthində qançır, burnunda şişkinlik və burun sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kəllə ilə vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 25 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti təyin edilməklə həmin cəza şərti hesab edilmiş, bundan başqa, o, Ağstafa rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti təyin edilməklə həmin cəza şərti hesab edilmiş, məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər: səmimi peşmanlıq çəkdikdə; zərər çəkmiş şəxslə barışdıqda; şərait dəyişdikdə. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində başlanmış cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçnin, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar