Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-9/2024 18.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X2 iştirakları ilə xx.xx.1968-ci ildə Qazax rayonu Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə orqanoleptik ələmətlərinə və tərkiblərinə görə eynilik təşkil edən 21,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 09 ədəd bükümlərdə, təmiz çəkiləri 0,21 qram, 0,17 qram, 0,26 qram, 0,27 qram, 0,27 qram, 0,31 qram, 0,23 qram, 0,24 qram, 0,26 qram olmaqla ümumi təmiz çəkisi 2,22 qramını əynində olan kurtkasının və şalvarının sağ yan ciblərində, 19,43 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən evinin həyətində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Qarabağ küçəsində yerləşən «Sezar» şadlıq sarayının yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, 9 bükümdə olmaqla 2, 22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 14:03-dən 14:23-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan kurtasının və şalvarının sağ yan ciblərindən, 19,43 qaram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana isə həmin gün saat 15:17-dən 15:36-dək müddətdə yaşadığı Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən evinə keçirilən baxış zamanı evin arxa tərəfində olan çardağın sol tərəfində olan hasarın yanından polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Onun üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı 2022-ci il noyabr ayının əvvəllərində yaşadığı Ağstafa rayonu, Vurğun qəsəbəsi ərazisindən keçən su kanalının kənarından yabanı halda bitmiş çətənə bitkilərinin kollarından hissələrini toplayıb özü istifadə etmək üçün yaşadığı evin həyətində qurutmuşdur. Evində aşkar olunan bükümlərdə olan qurudulmuş marixuananı başqa yerdən tapmışdır. Adətən ağrılarına görə qurudulmuş marixuanadan istifadə etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, özü istifadə etdiyini bildirmişdir və əməlindən peşmandır. Özü müharibə veteranıdır. Döyüşlərdə 6 güllə yarası almışdır. Bu vaxta qədər bədənində qəlpələr də qalmışdır. Bərk ağrıları olur, onun üçün marixuanadan istifadə edir. Marixuanadan ağrıkəsici kimi istifadə edir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində onu Ağstafa şəhəri, Qarabağ məhəlləsi ünvanında yerləşən “Sezar” şadlıq sarayının yaxınlığında yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış keçirilən zaman üzərindən 9 bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra onun yaşadığı Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən evinə baxış keçirilən zaman polietilen torbadan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü istifadə etməsi üçün yığdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin KKQT-nin baş inspektor-kriminalisti vəzifəsində işləyir. 18 yanvar 2023cü il tarixdə saat təxminən 13 radələrində xidməti iş yerində olarkən rayon polis şöbəsində gündəlik xidmətində olan zaman bir nəfər şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə bağlı şöbəyə gətirilməsini, bununla bağlı həmin şəxsin üzərinə şəxsi axtarış aparılacağını və həmin şəxsi axtarışı onun videoçəkilişlə həyata keçirəcəyi məlum olmuşdur. Onun tərəfindən keçirilmiş videoçəkiliş zamanı vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üzərində şəxsi axtarış aparılacaq, üzərində qanunla daşınması qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının olub olmaması soruşulmuş və əgər varsa könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Nazim könüllü olaraq əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 08 ədəd ağ rəngli kağız bükümündə və əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin yuxarısında olan üst cibindən içərisində narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş və onun narkotik vasitə marixuana olmasını və həmin günü səhər saatlarında Ağstafa rayonu Vurğun qəsəbəsindən keçən Bakı-Qazax avtomobil yolunun kənarındakı torpağın yaxınlığından piyada hərəkətdə olan zaman yerdən tapmasını, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını, həmin kütlədən heç kimə satmamasını, heç kimə pay olaraq, borc olaraq verməməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər kütlə Təqsirləndirilən şəxs, vəkilinin və onların iştirakı ilə elektron tərəzisində çəkilmiş, kütlələrin hər biri ayrı-ayrılıqda 0,33 qram, 0,34 qram, 0,31 qram, 0,35 qram, 0,40 qram, 0,44 qram, 0,38 qram, 0,32 qram və 0,29 qram olmaqla ümumilikdə 3,23 qram olmuş və müvafiq qaydada möhürlənib götürülmüşdür. Bundan başqa, Nazimin üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı bir narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tətib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə ona məxsus Naz Lifan markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən hər hansı bir narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tətib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Vurğun qəsəbəsində yerləşən evinə onun razılığı ilə həmin gün saat təxminən 15 radələrində, müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində arxa tərəfdə olan çardağın sol tərəfində olan hasarın yanına doğru gedib yerdə olan sarı rəngli karton materiallı qutunun içərisində olan qırmızı rəngli torbanı götürüb içərisində 01 ədəd şəffaf rəngli polietilen torbanı təqdim edib içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torbanın içərisinə baxış zamanı içərisində tünd yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə Təqsirləndirilən şəxs, vəkilinin və onların iştirakı ilə elektron tərəzisində çəkilmiş, kütlənin sellofanla birlikdə ümumi çəkisi 26,01 qram olmuş və müvafiq qaydada möhürlənib götürülmüşdür. Daha sonra onun yaşadığı Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən evinə baxış keçirilən zaman polietilen torbadan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tǝrtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin polis nəfəri işləyir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün tam olaraq xatırlamır. 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Ağstafa rayonu Vurğun Qəsəbəsində yerləşən evlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitənin yerini onlara göstərmiş, onun göstərdiyi yerdən göy rəng sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin yanvar ayında xidmətdə olduğu zaman Kərimov Elşad ona bildirmişdir ki, əməliyyat məlumatı daxil olmuş və bir nəfər şəxsi polis şöbəsinə gedib gətirməlidirlər. Bundan sonra o, Elşad Kərimov və Şahid1 birlikdə Ağstafa şəhərində yerləşən “Sezar” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində narkotik vasitə olub olmamasını soruşmuşlar, oda əlini cibinə ataraq bir bükümdə narkotik vasitəni cibindən çıxarmışdır. Bundan sonra onu RPŞ-nə aparmışlar. RPŞ-də olarkən müdafiəçi ilə təmin edilmiş və üzərinə baxış keçirilən zaman 9 bükümdə narkotik vasitə marixuana onun cibindən aşkar edilmişdir. Daha sonra onun Vurğun qəsəbəsində yerləşən evinə baxış keçirmişlər və evindən sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, bir müddət əvvələ kimi Ağstafa rayonu Vurğun qəsəbəsində kafe işlətmiş, Təqsirləndirilən şəxs də tez-tez həmin kafeyə gəlmişdir. Ona görə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Köçəsgər kənd sakini Qərib adlı şəxsin yas mərasiminin vaxtını öyrənmək üçün ona zəng etmişdir. Bir müddət sonra onu polis şöbəsinə çağırmışlar. O, polis şöbəsində də eyni ifadəni vermişdir. Sadəcə olaraq oxuyub, yaza bilmədiyi üçün şifahi ifadə vermişdir. Təqsirləndirilən şəxs heç bir vaxt narkotik vasitə almamışdır. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində də ondan narkotik vasitə almamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs lap əvvəldən tanıyır. Belə ki, o, musiqiçidir və toylarda müğənnilik edir. Toy tədbirindən çıxdıqda adətən Nazimin işlətdiyi kafedə sənət yoldaşları ilə birlikdə spirtli içki içmişlər. Nazimdən heç bir vaxt narkotik vasitə almamışdır. Ümumiyyətlə o, nə narkotik vasitə, nədə siqaretdən istifadə etməmişdir. Artıq bir ildir ki, şəkər xəstəsi olduğu üçün spirtli içki istifadə etmir və ona görə kafeyə də getmir. Təqsirləndirilən şəxslə bir ildən artıqdır ki, münasibəti yoxdur. Cinayət işinin istintaqını aparmış müstəntiq X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı hazırki cinayət işi onun icraatında olmuşdur. Təqsirləndirilən şəxs ibtdai istintaq zamanı özünü təqsirli bilərək narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş digər şəxslər də Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almalarını bildirmişlər. Bu barədə onların ifadəsi də iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli şəxsi axtarış və baxış keçirilməsi haqqında protokollarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 08 ədəd, əyynində olan qara rəngli cins şalvarın sağ yan cibinin yuxarısında olan kiçik cibindən 01 ədəd, hər biri ayrı-ayrılıqda çəkiləri 0,33 qram, 0,34 qram, 0,31 qram, 0,35 qram, 0,40 qram, 0,44 qram, 0,38 qram, 0,32 qram və 0,29 qram olmaqla ümumilikdə 3,23 qram, yaşadığı Ağstafa rayonunuVurğun qəsəbəsində yerləşən evdən isə 01 ədəd və 26,01 qram olmaqla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 16/95 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən fərdi yaşayış evindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen paketdə təmiz çəkisi 19.43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadı. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 09 bükümdə...” yazı və imzalar olan kağız paketdəki 9 (doqquz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,17 qram, 0,26 qram, 0,27 qram, 027 qram, 0,31 qram, 0,23 qram, 0,24 qram, 0,26 qram, ümumi təmiz çəkisi 2,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 9 (doqquz) ədəd kağız bükümlərdə olan marixuanalar ilə 1 (bir) ədəd polietilen paketdə olan marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir.. (21,65 qram qurudulmuş marixuanadan 0,20 qram ekspertiza tədqiqatına sərf edilmiş, 21,45 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 16 fevral 2023-ci il tarixli 283 nömrəli rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsindəyaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 1-ci hissəsi(köhnə redaksiyada) ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə (köhnə redaksiyada) əsasən 10 ay 16 gün vəxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(015)-2/2023 saylı qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(104)-28/2023 saylı qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak edərək ikinci dərəcəli əlil (qazi) olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Nigar Əliyeva adlı yetkinlik yaşına çatmamış, xx.xx.2005-ci il təvəllüdlü Ləman Əliyeva adlı iki uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunur ki, Nəzim Əliyev istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan özü istifadə etmək üçün ayrı-ayrı bükümlərdə təmiz çəkisi 21,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 09 ədəd bükümlərdə, təmiz çəkiləri 0,21 qram, 0,17 qram, 0,26 qram, 0,27 qram, 0,27 qram, 0,31 qram, 0,23 qram, 0,24 qram, 0,26 qram olmaqla ümumi təmiz çəkisi 2,22 qramını əynində olan kurtkasının və şalvarının sağ yan ciblərində, 19,43 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən evinin həyətində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Qarabağ küçəsində yerləşən «Sezar» şadlıq sarayının yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, 9 bükümdə olmaqla 2, 22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 14:03-dən 14:23-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan kurtasının və şalvarının sağ yan ciblərindən, 19,43 qaram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana isə həmin gün saat 15:17dən 15:36-dək müddətdə yaşadığı Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən evinə keçirilən baxış zamanı evin arxa tərəfində olan çardağın sol tərəfində olan hasarın yanından polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi zamanı Ali Məhkəmənin Plenum qərarlarını məhkəmə təcrübəsindən və cinayət-hüquq nəzəriyyəsindən, eləcə də müstəntiqin, prokurorun və ya hakimin sübutların məcmusunu hüquqi qiymətləndirərkən qanunu və vicdanını rəhbər tutaraq öz daxili inamına əsaslanması barədə cinayət-prosessual qanunvericilinin tələblərindən təcrid olunmuş vəziyyətdə, imperativ hüquq normaları kimi tətbiq etmək, şübhəsiz ki, müsbət hadisə deyildir. Bundan başqa, iş materiallarında olan sübutlarla, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, baxış və götürülmə haqqında müvafiq protokola, ekspertiza rəylərinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və üzərində daşıması obyektiv qiymətləndirilməmiş, Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin (sübutların yoxlanılması, sübutların qiymətləndirilməsi, sübutların kifayət etməsi) tələblərini pozmaqla mövcud sübutlara düzgün qiymət vermədən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Onu da qeyd etməyi məhkəmə vacib bilir ki, ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, lakin heç bir yeni sübut əldə etmədən, əvvəlki sübutlar dairəsinə istinad etməklə bir gün sonra yəni, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsinə tövsüf olunmuşdur. Satış məqsədini hansı sübutlara əsaslanıb müəyyən etməsini istintaq orqanı xx.xx.2023-cü il tarixli qərarında göstərməmişdir. Təqsirləndirilən şəxsin narkotik maddəni satması və yaxud satış məqsədi ilə saxlamasını təsdiq edəcək mötəbər sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə hər hansı bir şəxslə telefon danışıqları aparılması halı mövcud deyildir. İstehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi üçün görüşlərin olmasını və yaxud sosial şəbəkə üzərindən narkotik vasitəni satışı ilə bağlı yazışmalar aparılması istintaq zamanı müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə satmasına dair ittiham yalnız iki nəfər şahid olan Şahid6 və Şahid5 ifadəsinə əsaslanmış, həmin şəxslərin adları isə cinayət işi üzrə tərtib edilmiş ittiham aktında məhkəmə iclasına çağıracaq şəxslərin siyahısında göstərilməmişdir. Lakin, məhkəmə cinayət işinin tam, hərtərəfli və obyektiv araşadırılması üçün həmin şəxsləri şahid qismində məhkəməyə dəvət edərək dindirmişdir. Məhkəmə iclasında Şahid6 sərbəst ifadə verərək Təqsirləndirilən şəxs Köçəsgər kənd sakini Qərib adlı şəxsin yas mərasiminin vaxtını öyrənmək üçün zəng etməsini, bundan sonra onu polis şöbəsinə çağırmalarını, təqsirləndirilən şəxsdən heç vaxt narkotik vasitə almamasını, ibtidai istintaq zamanı da həmin ifadəni verdiyini bildirmişdir. Məhkəmə iclasında digər Şahid5 da sərbəst ifadə verərək Təqsirləndirilən şəxs işlətdiyi kafedə tanış olmalarını, özünün isə nə narkotik vasitə, nədə siqaretdən istifadə etməsini, təqsirləndirilən şəxsdən heç vaxt narkotik vasitə almamasını, ibtidai istintaq zamanı da həmin ifadəni verdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin, eyni zamanda həmin ifadələrin cinayət işinin materiallarında və ittiham aktında düzgün təvsir olunmasını inandırıcı hesab etmir. Ona görə də məhkəmə qeyd olunan şəxslərin məhkəmə istintaqında verdiyi ifadələri sübut kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu maddəsində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən və ya evindən çıxan narkotik vasitənin ayrı-ayrı bükümlərdə, hələ onun satış üçün əldə olunması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması və ya saxlanılması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, gəlir əldə etmək məqsədi ilə hər hansı şəxsə satılması və işin digər halları nəzərə alınmalıdır. İstintaq alıcı qismində iki şahidin ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olması qənaətinə gəlmişdir. Lakin məhkəmədə həmin şahidlər Təqsirləndirilən şəxs tanıdıqlarını, onunla olan telefon danışıqlarının tamamilə başqa mövzuda olduğunu bildirmişlər. Məhkəmə qeyd edir ki, qaneedici və inandırıcı izahat təqdim etmək vəzifəsi istintaq orqanının üzərinə düşür. Əgər şahid narkotik maddəni təqsirləndirilən şəxsdən alınmasını ifadəsində bildirisə, onun nə vaxt hansı yerdə, hansı şəraitdə alınmasını müstəntiq araşdıraraq müəyyən etməlidir. İfadələrdən görünür ki, heç bir əlavə sorğu-sual aparılmamış, bu hallar üzərində araşdırma aparılmamışdır. Məhkəmədə isə həmin şahidlər narkotok maddə ilə bağlı müstəntiq tərəfindən heç bir sual-cavab olmadığını bildirmişlər. Müstəntiq onlardan yalnız Təqsirləndirilən şəxs tanıyıb-tanımamalarını soruşmişdur. Məhkəmə qeyd edir ki, ifadələr mötəbər olmadıqda istintaqın xeyrinə olmayan nəticələr çıxarıla bilər. Azərbaycan Respublikasının CPM-nin 349.5.1-ci maddəsində qeyd olunduğu kimi, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhz satmaq məqsədilə narkotik vasitələri əldə etməsi və ya saxlaması, onun bu məqsədlə istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, bu səbəbdən onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılmış hallarından məlum olmuşdur ki, hazırkı cinayət işi üzrə aparılmış ibtidai istintaq nəticəsində əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən cinayət əməlinin törədilməsində ittiham etmək üçün yetərli deyildir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş ayrı-ayrı bükümlərdə olan narkotik vasitənin satış məqsədi ilə əldə etməsi, həmin narkotik vasitələri gəlir əldə etmək üçün hər hansı şəxslə satılması barədə razılığa gəlməsi və ya satması faktı təsdiq edilmir. Belə ki, cinayət işi üzrə dindirilmiş şahidlər də həmin halları təsdiq etməmişlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs də üzərindən və evindən aşkar olunan narkotik vasitələri hər hansı bir şəxsə satmaq niyyətinin olmamasını, həmin narkotik vasitələri öz istifadə etmək üçün bükümlərə yığmasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, satılmasını, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Hüquq ədəbiyyatında haqlı olaraq qeyd edilir ki, ittihamın əsasını təşkil edən rəsmi tövsif Azərbaycan Respublikası CPM-da göstərilən qaydada dəqiq müəyyən edilmiş faktiki hallara söykənməlidir. Cinayətin tövsifi prosesində məhz bu faktiki əsasla cinayət tərkibi tutuşdurulmalıdır. Bütün mübahisələr və aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak edərək ikinci dərəcəli əlil (qazi) olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun qətimkan tədbiri qaydasında faktiki olaraq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət nəzərə alınmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 21,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında faktiki olaraq 01 (bir) il 06 (altı) ay müddətdə həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq həmin cəza çəkilmiş hesab edilsin. Qətimkan tədbiri qaydasında faktiki olaraq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 21,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-9/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-9/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver