Məhkəmə qərarları › İş №1(016)-13/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-13/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-13/2024 23.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, çobanlıqla məşğul olan, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə – CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 avqust 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus, Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən fermanın tövləsinə daxil olaraq orada olan üç baş, hər biri dişi olmaqla ikisi qara-qonur rəngli, biri ağ-qəhvəyi rəngli, iki baş, hər biri erkək olmaqla sarımtıl rəngli, hər biri ayrı-ayrılıqda yerli cinsdən olan, 6-8 aylıq, hər birinin diri çəkisi 26- 28 kiloqram olan, birinin satış qiyməti 200 manat olmaqla 1.000 manat dəyərində quzuları özü ilə götürərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 2023-cü ilin iyul ayının sonlarında Masallı rayonunda yerləşən fermada işlədiyi vaxt Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayının sonlarında onun mobil telefonuna zəng vurub yaşadığı Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən fermasına çoban lazım olduğunu bildirmiş və orada çoban kimi işləməyi ona təklif etmişdir. O, Zərərçəkmiş şəxsla razılaşmış və Zərərçəkmiş şəxs da Masallı rayonunda yerləşən, onun həmin vaxt işlədiyi fermaya gəlmişdir. Bundan sonra ona aylıq maaş verəcəyini və qarşılığında onun heyvanlarının çobanı olacağını bildirmişdir. O da razılaşıb özünə məxsus əşyaları Şahinin avtomobilinə yükləyib 13 yaşlı qızı, 12 yaşlı oğlu və arvadı ilə birlikdə Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya getmişlər. Fermaya çatdıqdan sonra Zərərçəkmiş şəxs 10 gün fermada qalaraq heyvanları necə bəsləyəcəyini, hansı heyvana nə verəcəyini ona öyrədəcəyini bildirmişdir. 10 gün Zərərçəkmiş şəxs onunla qaldıqdan sonra fermada olan heyvanları sayaraq ona təhvil vermişdir. 17 avqust 2023-cü il tarixdə fermada olarkən səhhətində problemlər yarandığı üçün onu Ağsu rayon mərkəzi xəstəxanasına apamışlar. Ağsu rayon mərkəzi xəstəxanasında müayinə olunduqdan sonra həkimlər onun Bakı şəhərində yerləşən xəstəxanada müalicə olunmalı olduğunu bildirmişlər. O, bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş və müalicə alıb yenidən fermaya qayıdacağını bildirmişdir. Bundan sonra təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən xəstəxanaya getmişdir. 21 avqust 2023-cü il tarixdə Bakı şəhərində xəstəxanada olarkən arvadı Şahid2 zəng edərək haləhvalını soruşmuş, söhbət əsnasında Şahid2 Zərərçəkmiş şəxs ona əxlaqsız təkliflər etdiyini bildirmiş və buna görə artıq fermada qalmaq istəmədiyini demişdir. O, da Şahid2 gəlib fermadan onu götürüb aparacağını bildirmiş, bundan sonra əmisioğlu Şahid1 zəng edərək işlədiyi fermanın sahibinin arvadına əxlaqsız təklif etdiyini, arvadını fermadan aparmalı olduğunu, buna görə avtomobil lazım olduğunu və hazırda taksiyə verəcək pulu olmadığını demişdir. Şahid1 ilk öncə kredit borcları olduğunu, bir neçə gün sonra kredit borcuna 350 manat pul ödəməli olduğunu, bu səbəbdən taksi kimi Bakı şəhərində çalışmalı olduğunu və buna görə Ağsu şəhərinə gedə bilməyəcəyini demişdir. O, Ağsu rayonu, Ləngəbiz kəndindəki fermada özünə məxsus on baş quzusu olduğunu, həmin quzuları Bakı şəhərinə gətirib sataraq ona köməklik məqsədilə borc pul verə biləcəyini bildirmişdir. Şahid1 bundan sonra razılaşmış və xəstəxanaya gələrək onu avtomobilinə əyləşdirmişdir. 21 avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində Şahid1 “Audi” markalı, ağ rəngli avtomobili ilə Bakı şəhərindən Ağsu şəhəri istiqamətində yola düşmüşlər. 22 avqust 2023-cü il tarixdə saat təxminən 02 radələrində Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermaya çatmışlar. Fermaya çatdıqdan sonra avtomobili fermanın həyətində saxlamışlar. Bundan sonra arvadı Şahid2 ilə evdə söhbət etmişlər. Şahid2 Zərərçəkmiş şəxs əxlaqsız sözlərinə görə əsəbi olduğunu bildirmiş, bundan sonra o, arvadına hazrılaşmasını və onu Bakı şəhərinə aparacağını bildirmişdir. Daha sonra o, çölə çıxmış, Zərərçəkmiş şəxs arvadına etdiyi əxlaqsız təklifdən çox əsəbi imiş, bir neçə dəqiqə həyətdə gözlədikdən sonra Şahid1 yanına çağırmışdır. Bundan sonra fermada özünə məxsus olan on baş quzunu aparması üçün avtomobilin yük yerini açmasını Şahid1 xahiş etmişdir. Şahid1 avtomobilinin yük yerini açmışdır. Şahid1 avtomobilinə on baş quzunun yerləşməyəcəyini dedikdə isə o, avtomobilə sığacaq qədər quzu aparacağını və daha sonra yenidən gəlib qalan beş baş quzuları aparacağını demişdir. Daha sonra fermadakı tövləyə qapıdan daxil olmuşdur. O, 6-8 aylıq quzuları birbir tutub ayaqlarını tövlədən götürdüyü iplə bağlamış və quzuları Şahid1lə birlikdə köməkləşib avtomobilin yük yerinə yükləmişdir. Təxminən 30 dəqiqə ərzində beş baş quzunu avtomobilə yükləmişlər. Bundan sonra avtomobilə əyləşib ailə üzvlərilə birlikdə Bakı şəhəri istiqamətinə yola düşmüşlər. Bakı şəhərinə gedərkən yolda saxlayıb heyvanlara baxmışlar. Bu zaman heyvanlardan 1 başının ölməsini görüb ölmüş heyvanın cəsədini yolun kənarına tullamışlar. Bakı şəhərinə çatdıqdan sonra heyvanları əmisi oğlu Şahid1 yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, “Çentralnı” adlanan yerdə yerləşən evin həyətinə düşürmüşlər. Sonra quzuları satmaq üçün alıcı lazım olduğunu bildirmiş və ona kömək etməsini Şahid1 xahiş etmişdir. Şahid1 ona kömək etmək məqsədilə ət mağazası axtarmağa başlamışdır. Həmin gün səhər saatlarında Şahid1lə birlikdə Bakı şəhəri, Binəqədi rayon ərazisində tanımadıqları qəssaba yaxınlaşmışlar. Onlar həmin qəssabla 4 baş quzunu 650 manat pula satmaq barədə razılığa gəlmişlər və sonra heyvanları həmin qəssaba sataraq 650 manat məbləğində pul almışlar. Qəssabdan aldığı puldan kreditini ödəyə bilməsi üçün Şahid1 330 manat pul borc vermiş, özünə isə 320 manat qalmışdır. O, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərərçəkmiş şəxs məxsus beş baş quzunun oğurlanmasında tək iştirak etmişdir. Arvadı Şahid2 heyvanları tövlədən çıxarmaqda və ya avtomobilə yükləməkdə ona köməklik etməmiş, Şahid1 quzuların özünə məxsus olduğunu demiş, Şahid1 onun oğurluq edəcəyindən xəbəri olmamış, Şahid1 borc verəcəyi üçün onunla razılaşıb Ağsu rayonu Ləngəbiz kəndinə gəlmiş və oğurluq yolu ilə əldə etdiyi quzuları satdığı qəssabın həmin quzuların oğurlanmasından xəbəri olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Ağsu rayon Ləngəbiz kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı kəndin ərazisində özünə məxsus iri və xırdabuynuzlu heyvanları saxlamaq üçün ferması var. Orada iri və xırdabuynuzlu heyvanları saxlayır. O, müalicə olunmaq üçün Bakı şəhərinə getməli imiş. Bu səbəbdən heyvanlara nəzarət etmək və onları yemləmək üçün çoban axtarırmış. O, internet saytına daxil olan zaman orada “çoban işləmək istəyirəm” adlı elan görmüşdür. Həmin elanda qeyd edilən mobil nömrəyə zəng vurmuş, həmin nömrə vasitəsilə Röyal ləqəbli, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. O, yaşadığı kənddə yerləşən fermasındakı heyvanları yemləmək üçün çoban lazım olduğunu Təqsirləndirilən şəxs bildirmiş və orada çoban işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs işlədiyi fermaya borcu olduğunu, onun əvəzinə borcunu ödəyərsə gəlib heyvanlarına nəzarət edə biləcəyini demiş, o, Təqsirləndirilən şəxslə razılaşmış və 26 iyul 2023-cü il tarixdə onun Masallı rayonunda işlədiyi fermaya gedərək ferma sahibinə olan borcunu ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağsu rayon Ləngəbiz kəndində yerləşən fermasına gətirmişdir. O, fermaya çatdıqdan sonra 10 gün ərzində heyvanları necə bəsləyəcəyini Təqsirləndirilən şəxs öyrətmişdir. Bundan sonra fermada olan iri və xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs təhvil vermişdir. Daha sonra Bakı şəhərinə getmiş və bir neçə gün sonra geri dönmüşdür. 17 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs səhhətində problem yaranmış və onu xəstəxanaya yola salmışdır. Ertəsi gün də özü Bakı şəhərinə getmiş, 21 avqust 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs arvadı Şahid2 onun mobil nömrəsinə zəng edərək əri Təqsirləndirilən şəxs üçün 30-40 manat pul göndərməsini xahiş etmişdir. O, Şahid2 sabah özü gəlib pul verəcəyini bildirmiş və telefon əlaqəsini bitirmişdir. 22 avqust 2023-cü il tarixdə səhər saatlarında Şahid2 onun mobil telefonuna zəng edərək fermadan çıxıb getdiklərini və orada işləməyəcəklərini bildirmişdir. O, nə səbəbə heyvanları ona təhvil vermədən çıxıb getdiklərini soruşmuş, Şahid2 heyvanlarının tövlədə olduqlarını bildirmiş və telefon əlaqəsini bitirmişlər. Daha sonra o, 22 avqust 2023-cü il tarixdə səhər saatlarında yaşadığı kəndə gəlmiş, quzuları saxladığı tövləyə baxış keçirən zaman beş baş quzunun yerində olmadığını müəyyən etmişdir. Sonra bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Fermasından oğurlanmış beş baş quzunun üç başı, hər biri dişi olmaqla ikisi qara-qonur rəngli, biri ağ-qəhvəyi rəngli imiş, iki başı, hər biri erkək olmaqla sarımtıl rəngli imiş, oğurlanmış quzuların hər biri ayrı-ayrılıqda yerli cinsdən, 6-8 aylıq, hər birinin diri çəkisi 26-28 kiloqram imiş və quzuların hər birinin satış qiyməti 200 manat dəyərində imiş. Ona məxsus olan 5 baş quzunun oğurlanması nəticəsində ona 1.000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Təqsirləndirilən şəxslə uzun müddətdir ki, əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs tanımır. 21 avqust 2023-cü il tarixdə saat təxminən 22 radələrində Bakı şəhərində imiş. Bu zaman Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı nömrədən zəng vurmuşdur. Təqsirləndirilən şəxs onunla salamlaşıb işlədiyi fermanın sahibinin arvadına əxlaqsız təklif etdiyini, arvadını fermadan aparmalı olduğunu, buna görə avtomobil lazım olduğunu və hazırda taksiyə verəcək pulu olmadığını demişdir. O, kredit borclarımın olduğunu, bir neçə gün sonra kredit borcuna 350 manat pul ödəməli olduğunu, bu səbəbdən taksi kimi Bakışəhərindəçalışmalı olduğunu və buna görə Ağsu şəhərinə gedə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs Ağsu rayonu, Ləngəbiz kəndindəki fermada özünə məxsus on baş quzusu olduğunu, həmin quzuları Bakı şəhərinə gətirib sataraq ona köməklik məqsədilə borc pul verə biləcəyini bildirmişdir. O, bundan sonra razılaşmış və Təqsirləndirilən şəxs olduğu yerə yəni, Qara Qarayev metrosunun yaxınlığındakı xəstəxanaya getmişdir. O, Təqsirləndirilən şəxslə orada görüşmüşdür. Bundan sonra 21 avqust 2023-cü il tarixdə saat təxminən 23 radələrində “Audi” markalı, ağ rəngli avtomobili ilə Bakı şəhərindən Ağsu şəhəri istiqamətində yola düşmüşlər. 22 avqust 2023-cü il tarixdə saat təxminən 02 radələrində Ağsu rayonu Ləngəbiz kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermaya çatmışlar. Fermanın həyətinə qapıdan daxil olduqdan sonra Təqsirləndirilən şəxs arvadı Şahid2 ilə evdə söhbət etmişlər. Şahid2 Zərərçəkmiş şəxs sözlərinə görə əsəbi olduğunu və orada qalmaq istəmədiyini bildirmiş, özünə məxsus əşyaları yığışdırmağa başlamış, Təqsirləndirilən şəxs çölə çıxmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış və həyətə çıxmışdır. Bundan sonra fermada özünə məxsus olan on baş quzunu aparması üçün avtomobilin yük yerini açmasını ondan xahiş etmiş, o, avtomobilinin yük yerini açmış, avtomobilinə on baş quzunun yerləşməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilə sığacaq qədər quzu aparacağını və daha sonra yenidən gəlib qalan beş baş quzuları aparacağını demiş, daha sonra Təqsirləndirilən şəxs fermadakı tövləyə açıq qapısından daxil olmuşdur. Təqsirləndirilən şəxs təxminən 6-8 aylıq quzuları bir-bir tutub ayaqlarını tövlədən götürdüyü iplə bağlamışdır. Onlar quzuları 30 dəqiqə ərzində birlikdə köməkləşib avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra avtomobilə əyləşib Təqsirləndirilən şəxs ailə üzvlərilə birlikdə Bakı şəhəri istiqamətinə yol düşmüşlər. Bakı şəhərinə gedərkən yolda saxlayıb heyvanlara baxmışlar. Bu zaman heyvanlardan bir başının ölməsini görüb iylənməməsi üçün ölmüş heyvanın cəsədini Təqsirləndirilən şəxs yolun kənarına tullamışdır. Bakı şəhərinə çatdıqdan sonra heyvanları onun yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, “Centralnı” adlanan yerdə yerləşən evin həyətinə düşürmüşlər. Onlar Bakı şəhərinə çatan zaman hava aydınlanıbmış. Təqsirləndirilən şəxs ona müalicə olunması üçün xərc tələb edildiyindən həmin quzuları satmaq istədiyini bildirmiş və quzuların satılması üçün kömək etməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxslə razılaşmış və yaşadığı ərazidə yerləşən ət mağazasına getmişlər. Onlar ət mağazasında çalışan qəssabla 4 baş quzunu 650 manat pula satmaq barədə razılığa gəlmişlər. Bundan sonra qəssab Təqsirləndirilən şəxs 350 manat pul vermiş və ertəsi gün ona 300 manat da verəcəyini bildirmişdir. Onlar razılaşmış və yaşadığı evə geri dönmüşlər. Ertəsi gün yəni 23 avqust 2023-cü il tarixdə saat təxminən 09 radələrində yenidən həmin ət mağazasına gəlmişlər. Həmin qəssab 300 manat məbləğində pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs aldığı puldan kredit borcuna kömək etmək üçün borc olaraq 330 manat pulu ona vermiş, daha sonra onlar oradan çıxıb getmişlər. 22 avqust 2023-cü il tarixdə Bakı şəhərindən Ağsu şəhərinə gələn zaman Təqsirləndirilən şəxs fermadan oğurluq edəcəyini bilməmişdir. Zərərçəkmiş şəxs məxsus beş baş quzunun oğurlanmasında Təqsirləndirilən şəxs tək iştirak etmişdir. Təqsirləndirilən şəxs quzuları avtomobilə yükləyən zaman Şahid2 fermadakı evdə imiş. Heyvanları avtomobilə yükləməkdə Şahid2 Təqsirləndirilən şəxs hər hansı bir köməklik etməmişdir. İş üzrə digər şahidlər Şahid3 və Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiyini bildirmişlər. Şahid3 və Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakışəhəri, Binəqədi rayonunda ailə üzvlərilə birlikdə yaşayır. Binəqədi rayonunda ət mağazası var və qəssab kimi fəaliyyət göstərir. Həmçinin orada heyvanların alışı və satışı ilə məşğul olur. Adlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs və Şahid1 tanımır. Mahiyyəti üzrə bildirmişdir ki, 22 avqust 2023-cü il tarixdə saat təxminən 12 radələrində mağazada imiş. Bu zaman Təqsirləndirilən şəxs və Şahid1 mağazasına gəlmiş, Təqsirləndirilən şəxs özünə məxsus dörd baş quzusu olduğunu və müalicəsinin xərclərini ödəmək üçün quzularını satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs quzuların harada olmasını soruşduqda o, quzuların yaşadığı evdə olduğunu demişdir. O, Təqsirləndirilən şəxs quzuların neçə kiloqram olduğunu soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs mobil telefonunda olan quzuların şəkilini ona göstərmişdir. O, quzuların körpə olduğunu görüb ala biləcəyini bildirmiş, bundan sonra onlar quzuları mağazasına gətirmək üçün getmiş və bir neçə dəqiqədən sonra ağ rəngli “Audi” markalı avtomobillə ona məxsus mağazanın qarşısına gəlmişlər. Onlar quzuları avtomobildən bir-bir düşürüb mağazanın qarşısına yığmış, həmin vaxt quzuların dörd baş olduğunu və ayaqlarının iplə bağlı olduğunu görmüşdür. Bundan sonra quzuları diri halda mağazasında olan tərəzidə çəkmiş, quzuların diri çəkisinin 18 kiloqram, 19 kiloqram, 22 kiloqram və 22 kiloqram olmalarını müəyyən etmişdir. Ümumilikdə quzuların diri çəkisi 81 kiloqram olmuş və köpünü nəzərə alıb 80 kiloqram olduğuna razılaşmışlar. Bundan sonra o, quzunun bir kiloqram ətinin alış qiymətinin 16 manat olduğunu və 650 manat məbləğində pul verəcəyini bildirmiş, yəni diri quzunun 80 kiloqram ətini kəsilmiş halda 40 kiloqram hesablamışdır. Onlar təkliflə razılaşmışlar və 350 manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Geridə qalan 300 manat pulu isə ertəsi gün verəcəyini bildirmişdir. Bundan sonra onlar avtomobilə əyləşib oradan çıxıb getmişlər. 23 avqust 2023-cü il tarixdə saat təxminən 09:30 radələrində Təqsirləndirilən şəxs və Cəmaləddin Quliyev mağazasına yenidən gəlmiş, Cəmaləddin Quliyev ondan 300 manat pulu ona verməsini istəmişdir. O, razılaşıb 300 manat pulu sayaraq Cəmaləddin Quliyevə vermiş, daha sonra sağollaşmışlar. 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 ona satdığı dörd baş quzunun oğurluq yolu ilə əldəedildiyini bilməmişdir. Təqsirləndirilən şəxs quzuların özünə məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs və Cəmaləddin Quliyevdən aldığı quzuları artıq kəsib satmışdır. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Marışlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir. Zərərçəkmiş şəxs 2023-cü ilin iyun ayında tanımışdır. Şahid1 əvvəlcədən tanıyır. 2023-cü ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxsla ərinin razılaşması əsasında Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən fermaya gəlmişlər. Zərərçəkmiş şəxs 10 gün ərzində fermada qalaraq heyvanları necə bəsləyəcəyklərini, hansı heyvana nə verəcəklərini öyrətmiş və oradakı heyvanları təhvil verib getmişdir. 17 avqust 2023-cü il tarixdə fermada olarkən əri Təqsirləndirilən şəxs səhhətində problemlər yarandığı üçün Bakı şəhərinə getmişdir. Ertəsi gün yəni, 18 avqust 2023-cü il tarixdə Şahin Novruz fermaya gələrək ona əxlaqsız təkliflər etmiş, o, bundan imtina etmiş və Şahin Novruz oradan çıxıb getmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs mobil telefonuna zəng vurub yenidən ona əxlaqsız təkliflər etmiş, o, Zərərçəkmiş şəxs öz etirazını bildirmiş və telefon əlaqəsini bitirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng vurub Zərərçəkmiş şəxs ona etdiyi əxlaqsız təkliflər barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs da gəlib fermadan onu götürüb aparacağını bildirmiş və telefon əlaqəsini bitirmişlər. Bundan sonra həmin gün axşam radələrində Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vurub yaşadığı fermaya gələcəyini və hazırda yolda olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs gözlədiyini bildirmiş və telefon əlaqəsini bitirmişlər. Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə saat təxminən 02 radələrində əmisi oğlu Şahid1 ilə birlikdə Ağsu rayonu Ləngəbiz kəndində yerləşən fermaya gəlmişdir. Təqsirləndirilən şəxs evə daxil olub onunla söhbət etmiş, o, Zərərçəkmiş şəxs sözlərinə görə əsəbi olduğunu ərinə bildirmişdir. Bundan sonra əri onu aparacağını demiş və ona hazırlaşmasını bildirmişdir. O, evdə olan əşyalarını yığmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs və əmisioğlu Şahid1 evdən çölə çıxmışlar. Bundan təxminən bir saat sonra Təqsirləndirilən şəxs onu çölə çağırmış, o, çölə çıxan zaman ondan hazır olubolmadığını soruşmuşdur. O, hazır olduğunu bildirmiş, daha sonra Şahid1 avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Bakı şəhərinə gedərkən Təqsirləndirilən şəxs avtomobili yolda saxlatdırmış və yük yerinə baxmışdır. O, Təqsirləndirilən şəxs nə səbəbə yük yerinə baxdığını soruşmuş, Təqsirləndirilən şəxs fermadan beş baş quzunu oğurldaığını bildirmişdir. Təqsirləndirilən şəxs yük yerindəki heyvanlardan 1 başının ölməsini görüb ölmüş heyvanın cəsədini yolun kənarına tullamış, Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs heyvanları Camal Quliyevin yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, “Centralnı” adlanan yerdə yerləşən evin həyətinə düşürmüşdür. Həmin gün Təqsirləndirilən şəxs və Şahid1 dörd baş quzunu aparıb satmışlar. Şahid1 22 avqust 2023-cü il tarixdə Bakı şəhərindən Ağsu şəhərinə gələn zaman fermadan Təqsirləndirilən şəxs oğurluq edəcəyini bilməmişdir. Zərərçəkmiş şəxs məxsus beş baş quzunun oğurlanmasını görməmiş, sonradan avtomobilin yük yerində quzuların olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.1ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 15:00-da tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmiş onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 9/7068 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti nəzəri qaydada təxminən 1.410 manat müəyyən edilir. - Ağsu Rayon Məhkəməsinin 4(016)-67/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, onun haqqında axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Neftçala rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 1(016)-13/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs 25 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs işlədiyi Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermadan 1.000 manat məbləğində beş baş quzunu talaması təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahid ifadələri ilə tam təsdiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxstərəfindən talama əməlinin törədilməsi sübuta yetirilsə də, istintaq orqanı onun əməlini düzgün tövsif etməmişdir. Belə ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən, mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdı. Talamanın yalnız bir formasında - mənimsəmə və ya israf etmədə təqsirkar talanan əmlak barəsində mülkiyyət hüququnun bəzi elementlərinə (sahiblik, bir sıra hallarda sərəncam və ya istifadə hüququna) malik olur. Həmin hüquqlar mülkiyyətçinin verdiyi səlahiyyətlər çərçivəsində olmaqla müvəqqəti xarakter daşıyır. Hazırki cinayət işi üzrə məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermada çoban işlədiyi dövrdə 1.000 manat məbləğində beş baş quzunu talamışdır. Təqsirləndirilən şəxs işəgötürənlə onun arasında bağlanmış şifahi razılaşmaya əsasən tam maddi məsul şəxs olmaqla ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işi layiqincə yerinə yetirmək kimi vəzifələri tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Yəni, Təqsirləndirilən şəxs müqavilə münasibətlərində olduğu işəgötürən tərəfindən ona etibar edilmiş və maddi məsuliyyət daşıdığı maddi sərvətlər üzərində mülkiyyətçinin verdiyi səlahiyyətlər çərçivəsində hüququ olan bir şəxs olmaqla ona etibar edilmiş maddi sərvətləri talamışdır. Məhz buna görə də onun tərəfindən törədilmiş talama əməli ona inanıb tapşırılmış və üzərində hüququ olduğu maddi sərvətləri talama kimi qiymətləndirilməlidir. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. Məhkəmə istintaqında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs mülkiyyətçi tərəfindən maddi dəyərlərin bilavasitə etibar edildiyi maddi məsul şəxs kimi etibar edilən əmlakı talamaqla sonuncuya ziyan vurmuşdur ki, onun bu əməli oğurluq (özgənin əmlakını gizli olaraq talama) kimi qiymətləndirilə bilməz. Belə ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamağa görə CM-in 179-cu maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ona etibar edilmiş özgə əmlakını tamah məqsədi ilə qanunsuz olaraq mülkiyyətinə keçirməyə yönəlmiş mənimsəmə cinayətidir və həmin əməl istintaq orqanı tərəfindən əsassız olaraq oğurluq əməli kimi qiymətləndirilərək CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və CPM-in 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. CPM-in: 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs 25 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilsin. CM-in 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 179.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar