Məhkəmə qərarları › İş №1(016)-13/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-13/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-13/2025 24.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayon Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayon Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Vaz 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Növcü kəndindən keçən hissəsində Kürdəmir rayonu istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda qeyd edilən tələblərə əməl etməyib, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək, avtomobilin qabaq sol yan qanadı ilə yolun hərəkət hissəsi üzərində olan bir baş camışı vurması nəticəsində ehtiyyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində olan oğlu, X3 baş beynin ödemi, alın sümüyünün sınığı, müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma, sol almacıq, sol orbita və burun əsası sümüklərinin sınıqları, hər iki göz yuvası ətrafı nahiyədə hematomalar, alın nahiyəsindən başlayaraq sol gözün yuxarı qapaq nahiyəsinə doğru gedən yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa Ağır zərərvurmaya aid edilən xəsarətlər almasına, sonuncunun alın sümüyünün sınığı, müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma fonunda kəskin baş beyin ödemi nəticəsində xx.xx.2024-cü il tarixdə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Xırdapay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. “Vaz 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, boz mavi rəngli avtomobil ona məxsus olmuşdur. X2 onun doğma oğludur və Mehrac Mustafayevin 2 yaşı olmuşdur. Şahid2 onun anasıdır. Zərərçəkmiş şəxs onun arvadıdır. 26 iyul 2024-cü il tarixdə saat təxminən 20:30 radələrində “Vaz 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda hərəkətdə olmuşdur. Anası Şahid2 avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmişdir. Arvadı Zərərçəkmiş şəxs onun arxa tərəfində əyləşmişdir. X13 isə arxa oturacaqda orta hissədə ayaq üstə dayanmışdır. Təxminən 25 metr qarşıda “Ford” markalı, yük avtomobili hərəkətdə olmuşdur. Bu zaman “Ford” markalı, yük avtomobili qəflətən yolun sağ kənarına tərəf istiqamətlənmişdir. Həmin avtomobil keçdikdən sonra yolun orta hissəsində onun hərəkət zolağına 1 metr daxil olmuş bir baş camış olduğunu görmüşdür. O, dərhal əyləci basmışdır. O, əyləci basan zaman bir baş camışla arasında təxminən 10 metr məsafə olmuşdur. O, əyləci basıb hadisənin qarşısını almaq istəsə də ala bilməmiş və avtomobilin qabaq sol yan qanadı ilə camışı vurmuşdur. Bundan sonra olanlar yadında deyil. O, ayılan zaman avtomobildən düşürülmüş vəziyyətdə ayaqüstə dayandığını və ətrafında tanımadığı şəxslərin olduğunu görmüşdür. O, tam ayıldıqdan sonra avtomobilindən təxminən 05 metr arxada yerdə bir ədəd camış olduğunu görmüşdür. O, öz avtomobilinə yaxınlaşan zaman anasının arxa oturacaqda əyləşdiyini, qucağında oğlunun huşsuz vəziyyətdə olduğunu və arvadının da arxa oturacaqda əyləşdiyini görmüşdür. Bundan sonra öz mobil nömrəsilə “103” xidmətinə zəng vurmuş, sonra tibb işçilərinin gec gələcəyini düşünüb oğlunu tanımadığı şəxsin avtomobilinə əyləşdirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada oğluna ilkin tibbi yardım göstərilmişdir. Oğlu xəstəxanada bir neçə gün qalsa da həyatını xilas etmək mümkün olmamış və xx.xx.2024cü il tarixdə xəstəxanada vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi Ağsu-Kürdəmir- Bəhrəmtəpə yolunda Ağsu rayonu ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə zamanı o, bir baş camışı görən zaman avtomobili ilə camışın arasında arasında təxminən 10 metr məsafə olmuşdur. O, avtomobili təxminən saatda 80 km surətlə idarə etmişdir. Hadisə zamanı avtomobildə yük olmamış, 3 nəfər sərnişin olmuşdur. O, Ford markalı avtomobilin dövlət qeydiyyat nişanını görməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, hadisə nəticəsində onun öz övladının ölməsini, arvadının hazırda yenə hamilə olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, hadisə nəticəsində onun öz övladının ölməsini, arvadının hazırda yenə hamilə olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu Xırdapay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs “Vaz 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, boz mavi rəngli avtomobili olmuşdur. X2 onun doğma oğlu olmuş və Mehrac Mustafayevin 2 yaşı olmuşdur. Şahid2 onun qayınanasıdır. 26 iyul 2024-cü il tarixdə saat təxminən 20:30 radələrində Təqsirləndirilən şəxs “Vaz 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda hərəkətdə olmuşdur. Əri avtomobili idarə edirmiş. Qayınanası Şahid2 avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmişdir. X13 isə arxa oturacaqda orta hissədə ayaqüstə dayanmışdır. O, isə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Onun başı ağrıdığından halsız imiş. Başının ağrıması ilə gözlərini yumub dayanmışdır. Bir anda avtomobilin nəyəsə bərk dəyidiyini və silkələndiyini hiss etmişdir. Həmin vaxt o, huşunu itirmiş və nə baş verdiyini anlamamışdır. O, ayılan zaman avtomobilin qapısını bir nəfərin açdığını və onu yerə düşürməyə çalışdığını görmüşdür. O, yerə düşdükdən sonra oğlunun yerdə qanlar içində uzadıldığını görmüşdür. Bundan sonra o, yaxınlıqda bir baş camışın ölü vəziyyətdə uzandığını görüb ərinin həmin bir baş camışı avtomobil ilə vurduğunu anlamışdır. Daha sonra əri Təqsirləndirilən şəxs oğlunu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra oraya onun qohumları gəlmiş, onu və qayınansını da xəstəxanaya aparmışlar. Yolnəqliyyat hadisəsi Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda Ağsu rayonu ərazisindən keçən hissəsində baş vermişdir. Həmin vaxt onun başı ağrıyırmış və o, yola baxmırmış. Ona görə də əri Təqsirləndirilən şəxs bir baş camışı vurmazdan əvvəl avtomobilini neçə km/saat sürətlə idarə etməsini bilmir. Lakin onu deyə bilər ki, əri avtomobili sürətlə idarə etmirmiş. Zəfər çəkmiş şəxsin hüquqi varisi daha sonra ifadəsində təqsirləndirilən şəxsin onun əri olduğunu, ondan şikayətçi olmadığını, hazırda hamilə olmasını, təqsirləndirilən şəxsin ailəsinin yeganə qazanc gətirəni olmasını, hadisə nəticəsində onların övladının ölməsini nəzərə alaraq ona şərti cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu Xırdapay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs məxsus olan “Vaz 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, boz mavi rəngli avtomobil olmuşdur. X2 onun nəvəsidir və Mehrac Mustafayevin 2 yaşı olmuşdur. Zərərçəkmiş şəxs onun gəlinidir. Mahiyyəti üzrə bildirir ki, 26 iyul 2024-cü il tarixdə saat təxminən 20:30 radələrində oğlunun “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonundan gəlirmişlər və Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda Kürdəmir rayonu istiqamətində hərəkətdə olmuşlar. Oğlu avtomobili idarə edirmiş. O, avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmişdir. X9 isə arxa oturacaqda orta hissədə ayaqüstə dayanıb yola baxırmış. Gəlini Zərərçəkmiş şəxs isə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Xumarənin başı ağrıdığından halsız imiş. Onlar hərəkətdə olan zaman avtomobil qəflətən nəyəsə çırpılmış və bərk səs gəlmişdir. Qəflətən hər yer qaranlıq olmuş və işıqlananda nəvəsinin qucağında qanlar içində olduğunu görmüşdür. Hadisə yerinə gəlmiş şəxslər nəvəsini ilk öncə avtomobildən çıxarmış və daha sonra onu çıxarmışlar. Bundan sonra oraya onun qohumları gəlmiş, onu və gəlinini xəstəxanaya aparmışlar. Yolnəqliyyat hadisəsi Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda Ağsu rayonu ərazisindən keçən hissəsində baş vermişdir. Həmin vaxt o, yola baxmırmış və hadisənin baş vermə şəraitini görməmişdir. Avtomobildən yerə düşən zaman yaxınlıqda bir baş camışın ölü vəziyyətdə uzandığını görüb həmin camışın avtomobil ilə vurulduğunu anlamışdır. Oğlu Təqsirləndirilən şəxs bir baş camışı vurmazdan əvvəl avtomobilini neçə km/saat sürətlə idarə etməsini bilmir. Lakin onu deyə bilər ki, Rəşad avtomobili sürətlə idarə etmirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağsu rayon Ərəbmehdibəy kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 26 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində özünə məxsus olan Nissan Maxima markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu- Kürdəmir-Bəhrəmtəpə yolunda Ağsu rayon Ərəbmehdibəy kəndi istiqamətində hərəkət edirmiş. Ondan irəlidə göy rəngli Vaz 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirmiş. Həmin avtomobilin qarşısında da Ford markalı avtomobil hərəkət edirmiş. Bu zaman “Ford” markalı, avtomobil qəflətən yolun sağ kənarına tərəf istiqamətlənmiş, daha sonra isə yenidən öz hərəkət zolağına qayıdaraq hərəkəti davam etdirərək çıxıb getmişdir. Bundan sonra həmin yerdən bərk səs gəlmiş və əyləc səsi eşidilmişdir. Bu zaman o, Vaz 2106 markalı avtomobilin dayandığını görmüşdür. O da tez idarə etdiyi avtomobili saxlamışdır. O, avtomobili saxladıqdan sonra hadisə yerində bir baş camış heyvanının yolun ortasında ölü vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt o, Vaz 2106 markalı avtomobilin bir baş camış heyvanını vurduğunu başa düşmüşdür. O, tez avtomobildən düşüb Vaz 2106 markalı avtomobilə yaxınlaşmışdır. Bu zaman sürücünün avtomobildə sükan arxasında olduğunu və hadisənin təsirindən özünü itirdiyini hiss etmişdir. Daha sonra isə avtomobilin arxa oturacağından səs gəlmişdir. O, arxa oturacaqda bir orta yaşlı qadının, bir nəfər qoca qadının və bir azyaşlı uşağın olduğunu görmüşdür. Daha sonra həmin şəxslərin avtomobildən düşmələrinə yardım göstərmişdir. Həmin vaxt azyaşlı uşaq huşsuz vəziyyətdə olmuşdur. Bundan sonra o, FHN-nin 112 xidmətinə xəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Bundan sonra sürücü azyaşlı uşağı başqa bir avtomobilə mindirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra orta yaşlı qadın və qoca qadında başqa bir avtomobillə Ağsu rayon Mərkəzi Xəstəxanasına getmişlər. O da öz yoluna davam etmişdir. O, Ford markalı avtomobilin dövlət qeydiyyat nişanını görməmişdir. Vaz 2106 markalı avtomobil Ford markalı avtomobildən arxada təxminən 20 metr məsafədə hərəkət etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 01 avqust 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, mal-qaranın vurulması yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun 16-cı kilometrliyidir. Avtomobil yolunun hərəkət hissəsi 08 (səkkiz) metr enində asfalt örtükdən ibarət olmaqla, quru və hamardır. Yol iki hərəkət zolağından ibarətdir. Yolun sağ və sol çiyni 1 metr, 50 sm enindədir. Yol işıqlandırılmır və yolda çala-çuxur yoxdur. Yolun hərəkət hissəsinə sağdan yol çiyini, sonra boş torpaq sahəsi, soldan yol çiyni, sonra isə boş torpaq sahəsi birləşir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün bütöv nişanlanma xətti var. Hadisə yeri yaşayış məntəqəsindən kənarda yerləşir. “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil bir baş camışı vurmuş və yolun orta hissəsində dayanmışdır. Hadisə yerində 44 metr uzunluqda tormoz izi var. Bir baş camışın cəsədinin olduğu yer hadisənin baş verdiyi yerdən (vurulduğu yerdən) 34 metr aralıda yerləşdir. Heyvanın cəsədi ilə “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, boz mavi rəngli avtomobilin arasında 8 metr məsafə var. “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarına 2 metr məsafədə yerləşir. Hadisə yerində avtomobilin yerləşmə vəziyyətinə görə müəyyən edilmişdir ki, hadisədən əvvəl ““VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir şəhəri istiqamətində hərəkətdə olmuş və öz hərəkət etdiyi zolaqda camışı vurmuşdur. Hadisənin baş verdiyi yerdə müşahidə kameraları yoxdur və istintaq zamanı da hadisənin baş verməsini əks etdirən videogörüntü əldə edilməmişdir. Hadisə vaxtı avtomobildə sürücü Təqsirləndirilən şəxs başqa 3 nəfər sərnişin olmuşdur. Hadisə nəticəsində sərnişin X6 ölmüşdür. Hadisə yerinin sxemi və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 26 iyul 2024-cq il tarixli 320 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdır. - Ağsu RPŞ-nin DYPB-nin raportundan görünür ki, DİN-nin BDYPİ-nin mərkəzi məlumat bazasında Vaz 21063 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi əsasında Kürdəmir rayon Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs məxsusdur. Bundan başqa Təqsirləndirilən şəxs BD-952577 nömrəli, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında xx.xx.2032-ci ilə kimi sürücülük hüququnun olması müəyyən olunmuşdur. Əlavə olaraq Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədrisi Birliyi”nin ekspertizasının xx.xx.2024-cü il tarixli 10 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər – baş beynin ödemi. Alın sümüyünün sınığı. Müştərək ağır kəllə beyin travması. Ağır dərəcəli beyin əzilməsi. Baş beyin qişalarına qansızma. Sol almacıq, sol orbita və burun əsası sümüklərinin sınıqları. Hər iki göz yuvası ətrafı nahiyədə hematomalar. Alın nahiyəsindən başlayaraq sol gözün yuxarı qapaq nahiyəsinə doğru gedən yumşaq toxumanın əzilmiş-cırılmış yarası. X1 bədəni üzərində olan xəsarətlər həyatidirlər, ölümündən əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri inkar olunmur və bu da, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. X1 ölümünə səbəb - alın sümüyünün sınığı, müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma fonunda kəskin baş beyin ödemi olmuşdur. X1 ölümü stasionar xəstənin tibbi kartasında qeyd edilmiş qeydlərə əsasən, ölüm xx.xx.2024-cü il tarixdə saat 22:05 radələrində Ağsu RMX-da baş vermiş, bu da, meyitin məhkəmə-tibbi müayinəsində öz təsdiqini tapır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədrisi Birliyi”nin xx.xx.2024-cü il tarixli 231 saylı rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün orta 1/3-nin və sağ bazu boynunun yerini dəyişmiş qapalı qəlpəli sınıqları küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədrisi Birliyi”nin xx.xx.2024-cü il tarixli 232 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun tağı nahiyəsində çapıq və üst dodağın sol yarısında əzilmiş-cırılmış yara küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədrisi Birliyi”nin xx.xx.2024-cü il tarixli 233 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol saidin yuxarı 1/3-də və sağ əlin 5-ci barmağın orta falanqasında yumşaq toxumaların əzilmiş cırılmış yaraları, sağ 10-cu qabırğanın qapalı yerdəyişməmiş və sol kürək sümüyünün aşağı bucağının yerini dəyişməyən sınıqları kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X6 zərər çəkmiş şəxs kimi tanınmış və qərar onun hüquq varisinə elan olunmuşdur. - “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 24 sentyabr 2024cü il tarixli qərardan görünür ki, X5 cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Mehrac Mustafayevin hüquqi varisi qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli 8/2582 saylı saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Vaz 21063 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin icraatına hissəvi xitam verilmiş və cinayət məsuliyyətindən azad olunmuş, Təqsirləndirilən şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraatın başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs Şahid2 ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 10 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 231, 232 və 233 saylı rəyləri, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2582 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsin hüquqi varisini, digər zərərçəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisi, digər zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqla törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır. Ailə tərkibi Zərərçəkmiş şəxsdır (arvadı). - Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. - Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, hal-hazırda onun heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun şəxsiyyətini, həmçinin dövlət ittihamçısının təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan azadlıqdan məhrum etmə cəzası onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs qəti cəza kimi təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il 06 (altı) müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar