Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-14/2023 09.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs X9, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağsu şəhəri, 3-cü məhəllə ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 26 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində tanışı X5 məxsus “Mercedes Benz 280 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə edib, Ağsu şəhəri, Azərbaycan küçəsində, həmin küçənin Ağsu şəhəri Ü.Hacıbəyov küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitəsini sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu, Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə etdiyi zaman nəqliyyat vasitəsini idarə etməməli olduğu və Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin idarəetməsini itirərək əks istiqamətli hərəkət zolağına çıxmaqla avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində, ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş zərərçəkmiş X10 ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, burunüstü nahiyənin sıyrığı, sol qulaq pərdəsinin travmatik cırılması, sol qulaq keçəcəyinin ön divarının sınığı, sol said sümüklərinin qapalı yerdəyişməyən sınığı xəsarətlərinin yetirilməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağsu şəhəri, 3-cü məhəllədə ailə üzvlərilə birlikdə yaşayır. Ağsu şəhəri ərazisində yerləşən “111 PUB CLUB” adlı kafedə çalışır. X11 və X6 uzun müddətdir ki, tanıyır. Onur Abasov işlədiyi həmin kafeyə müştəri qismində mütəmadi olaraq gəlirmiş. 26 oktyabr 2022-ci il tarixdə saat təxminən 02 radələrində həmin kafedə spirtli içki qəbul edirmiş. Onur Abasov da həmin vaxt kafedə qəlyan çəkirmiş. Onur Abasov yaşadığı evə getmək istədiyini bildirib onu evinə aparmasını xahiş etmiş, o, Onur Abasovu evə apara biləcəyini demişdir. Bundan sonra kafenin müdiri Eşqin Nağıyevdən avtomobilinin açarlarını almış, Onur Abasovla birlikdə Eşqin Nağıyevə məxsus “Mercedes Benz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Onur Abasov ön sərnişin oturacağında əyləşmişdir. O, sükan arxasında oturmuş və avtomobili Ağsu şəhər ərazisində yerləşən “Mərkəz” adlanan yer istiqamətində sürməyə başlamışdır. Ağsu çayının üzərindən keçən körpünün üzərində hərəkətdə olan zaman qəflətən tormoza basmışdır. Bu zaman avtomobil sürüşməyə başlamışdır. O, idarəetməni itirmiş və avtomobil Ağsu şəhəri, Azərbaycan küçəsindən keçən yolun sol kənarında olan ağaca çırpılmışdır. O və Onur Abasov dərhal avtomobildən düşmüşlər. Onur Abasovdan özünü necə hiss etdiyini soruşmuş, Onur Abasov qolunun ağrımasını bildirmiş, o, Onur Abasova ilk tibbi yardım göstərilməsi üçün xəstəxanaya getməsini tövsiyə etmiş, Onur Abasov yaşadığı evə getmək istədiyini bildirib oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqə sonra oraya yol patrul xidmətinin əməkdaşları gəlmiş, bundan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Orada sərxoşluq müayinəsindən keçirilmiş və sərxoş olması müəyyən edilmişdir. Həmçinin orada həkimlər ona ilkin tibbi yardım göstərmək istəmişlər. Lakin o, xəsarət almadığı üçün və özünü yaxşı hiss etdiyindən müayinədən keçməmişdir. Həmçinin bildirmişdir ki, hazırda zərərçəkmiş şəxs Onur Abasova dəymiş ziyanı tamamilə ödəmişdir və Onur Abasovla barışmışdır. Bu səbəbdən, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X13 göstərdi ki, o, Ağsu şəhəri Ü.Hacıbəyov küçəsi ev 29-da anası X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə “111 Pub Club” adlı kafedə uzun müddət əvvəl tanış olmuşdur. O, həmin kafeyə müştəri qismində mütəmadi olaraq gedirmiş. X12 həmin kafenin müdiridir. O, 25 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb həmin kafeyə getmişdir. Orada bir müddət vaxt keçirdikdən sonra 26 oktyabr 2022-ci il tarixdə saat təxminən 02:20 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı evə getmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs onu evə apara biləcəyini demiş və bir qədər spirtli içki qəbul etdikdən sonra kafenin müdiri Eşqin Nağıyevdən avtomobilinin açarlarını almışdır. Onlar birlikdə Eşqin Nağıyevə məxsus “Mercedes” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, ön sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs isə sükan arxasında oturmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili Ağsu şəhər ərazisində yerləşən “Mərkəz” adlı yer istiqamətində sürməyə başlamışdır. Ağsu çayının üzərindən keçən körpünün üzərindən keçəndən sonra Təqsirləndirilən şəxs avtomobilə qəflətən qaz vermiş, bu zaman avtomobil surətlənmiş və yer yaş olduğundan sürüşməyə başlamışdır. Təqsirləndirilən şəxs idarəetməni itirmiş və avtomobil yolun sol kənarında olan ağaca çırpılmışdır. Zərbənin təsirindən o, özünü piss hiss etməyə başlamışdır. O və Təqsirləndirilən şəxs dərhal avtomobildən düşmüşlər. Bu zaman o, sol qulağından qan gəldiyini görmüş, sonradan sol qolu dəhşətli ağrımağa başlamışdır. Təqsirləndirilən şəxs da yolun kənarında əyləşmişdir. Hadisədən sonra qorxduğu üçün yaşadığı evə getmək qərarına gəlmiş, bundan sonra o, piyada hərəkət edib yaşadığı evə gedib anasına bu barədə məlumat vermişdir. Daha sonra anası Könül Mustafayeva taksi ilə onu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisə zamanı, yəni 26 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər onun tərəfindən ödənilmiş, ona qarşı hər hansı tələbi və şikayət yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsi ev 29-da ailə üzvlərilə birlikdə yaşayır. X13 onun oğludur. Təqsirləndirilən şəxs və X1 yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. 25 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində oğlu Onur Abasov ondan kafeyə gedib çay içmək üçün icazə istəmiş, o, oğluna gecə vaxtı olduğunu deyib kafeyə getməsinə etirazını bildirmiş, oğlu onunla razılaşmışdır. Bundan sonra yataq otağına keçib yatmışdır. Bundan bir neçə saat sonra yəni, 26 oktyabr 2022-ci il tarixdə saat təxminən 02 radələrində oğlu Onur Abasov yataq otağına daxil olub onu çağırmış, o, yuxudan oyanıb oğluna tərəf baxanda oğlunun qulağından qan gəldiyini görmüşdür. O, oğlundan nə baş verdiyini soruşmuş, Onur Abasov tanışı Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etdiyindən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca vurduğunu və zərbənin təsirindən xəsarət aldığını bildirmişdir. O, oğlundan hadisənin harda baş verdiyini soruşduqda oğlu hadisənin Ağsu şəhəri, Azərbaycan küçəsində baş verdiyini bildirmişdir. Bundan sonra dərhal oğlunu tanımadığı bir taksiyə əyləşdirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmış və orada Onur Abasova ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, o, Ağsu rayonu Qaraqaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Göy rəngi dəyişən rəngli, “Mercedes Benz 280 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. “111 Pub Club” adlı kafeni icarə müqaviləsi əsasında işlədir. Təqsirləndirilən şəxs onun kafesində işləyir. Təqsirləndirilən şəxs kafenin işlərinin böyük qismini görür. X11 əvvəlcədən tanıyır. Onur Abasov mütəmadi olaraq onun kafesinə müştəri qismində gəlib-gedirmiş. 26 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində ona məxsus olan kafedə imiş. X17 da orada imiş. Təqsirləndirilən şəxs kafedə spirtli içki qəbul edirmiş. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs Onur Abasovu yaşadığı evə aparmaq istədiyini bildirib ondan avtomobilinin açarlarını istəmiş, bundan sonra Təqsirləndirilən şəxs açarları vermişdir. Bir neçə dəqiqə sonra ona tanışları zəng edərək Təqsirləndirilən şəxs ona məxsus olan avtomobil ilə Ağsu şəhər ərazisində, “Mərkəz” adlı yer istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş, o, dərhal hadisənin baş verdiyi yerə getmişdir. Oraya çatan zaman avtomobilinin yolun kənarındakı ağaca çırpılıb dayandığını və polis əməkdaşlarının orada olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs orada imiş. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs tormoz verdiyindən avtomobilin sürüşdüyünü və yolun kənarındakı ağaca çırpıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yol-patrul xidmətinin əməkdaşlarının iştirakı ilə xəstəxanaya aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 dekabr 2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 xx.xx.2022-ci il tarixli, 237 saylı rəyindən görünür ki, X9 bədən səthində burunüstü nahiyənin sıyrığı, sol qulaq pərdəsinin travmatik cırılması, sol qulaq keçəcəyinin ön divarının sınığı, sol said sümüklərinin qapalı yerdəyişməyən sınığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən avtomobil qəzası zamanı minik avtomobilinin içərisində gedərkən küt hissələrinin təsirindən törənə bilərlər, törənmə müddətləri qararda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 8/3459 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz 280” minik markalı “**-BD-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs “Mercedes Benz 280” minik markalı avtomobili sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X13 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X9 qanuni nümayəndəsi kimi X3 təyin olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqına” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2002-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Nizam-intizamlıdır, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Onun barəsində Nümayəndəliyə nə yazılı nə də şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olması barədə məlumat yoxdur. Zərərçəkmiş şəxs X9 məhkəməyə təqdim etdiyi 15 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-14/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-14/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver