Məhkəmə qərarları › İş №1(016)-15/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-15/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-15/2025 14.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 22 avqust 1989-cu il tarixdə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada təsərrüfat fəaliyyəti ilə məşğul olan, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 12 aprel 2023-cü il tarixdən hesablanmaqla 23 noyabr 2015-ci il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Eldarova (Məlikova) Nuranə Ziyafət qızına verilməsinə dair Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(016)-515/2023 saylı, 17 iyul 2023cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağsu Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(016)-371/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, həmin məhkəmənin 03 aprel 2024-cü il tarixli, 3(016)-157/2024 saylı və 13 avqust 2024-cü il tarixli, 3(016)- 454/2024 saylı qərarları ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 30 avqust 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən tarixə, yəni 13 sentyabr 2024-cü il tarixinə kimi 3.130 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Eldarova (Məlikova) Nuranə Ziyafət qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Ağsu Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(016)-371/2023 saylı qətnaməsini maddi vəziyyətinə görə tam icra edə bilmədiyini qeyd etmişdir. Lakin bundan sonra o, cinayət işinin məhkəmə istintaqı zamanı ittihamda qeyd olunan aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs icra məmuru tərəfindən verilmiş təqdimatın tərtib edildiyi tarixədək mövcud olan 3.130 manat aliment borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs qarşı hazırda heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət qanunvericiliyinin tələblərinə əsasən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdimatın tərtib edildiyi tarixədək mövcud olan 3.130 manat aliment borcunu tam şəkildə Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-515/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Təqsirləndirilən şəxs qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində, sabit pul şəklində alimentin tutularaq X2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 3.130 manat aliment borcu tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hazırda heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. CM-in 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-in 306.1-ci maddəsinin qeydinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-515/2023 saylı, 17 iyul 2023-cü il tarixli qətnaməsini tam icra etməsini nəzərə alıb hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, barəsində CM-in 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə və CPM-in 43, 321, 347, 356, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə həmin maddənin qeydinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar