Məhkəmə qərarları › İş №1(016)-16/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-16/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-16/2024 18.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Ağsu rayonu, Növcü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, əvvəllər məhkum edilməmiş, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə 06 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində qonşusu Zərərçəkmiş şəxs Ağsu rayonu Növcü kəndində yaşadığı evin həyətində yerləşən tövlənin yaxınlığına gələrək həmin evin kol-kosdan ibarət çəpərinin üzərinə yaşadığı evin həyətindən götürdüyü bir bağ küləşi qoyaraq üzərində olan alışqanla həmin küləşi qəsdən yandırıb yanğının Zərərçəkmiş şəxs məxsus tövlələrə keçməsinə nail olması nəticəsində bir-birinə bitişik olan 6461 (altı min dörd yüz altmış bir) manat dəyərində iki ədəd tövləni, həmin tövlələrin damında olan, hər biri 95 sm x 55 sm ölçüdə, bir bağının qiyməti 05 manat olmaqla ümumilikdə 1650 (min altı yüz əlli) manat dəyərində 330 bağ yoncanı, hər biri 95 sm x 55 sm ölçüdə, bir bağının qiyməti 01 manat, 80 qəpik olmaqla, ümumilikdə 396 (üç yüz doxsan altı) manat dəyərində 220 bağ küləşi yandırmaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, 8507 (səkkiz min beş yüz yeddi) manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qəsdən məhv etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayonu Növcü kəndində atasının evi var. Bəzən həmin evə gəlib istirahət edirmiş. Süleymanov X1 yaşadığı evin qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs heyvanları üçün tövləni onun yaşadığı evin çəpərinin kənarında tikmişdir. Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tövləsində saxladığı heyvanların peyinini onun yaşadığı evin yanına tökərək evinin ətrafını zibilləmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs bu barədə xəbərdarlıq etsə də, Zərərçəkmiş şəxs onun sözlərinə əhəmiyyət verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs evlərinin arasının bir hissəsini daşla hasarlasa da itini saxladığı hissəni metal torla çəpərləmişdir. O, bir neçə dəfə həyətdə gəzərkən Zərərçəkmiş şəxs iti hürdüyündən qorxmuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs bu barədə iradını bildirmiş, lakin Zərərçəkmiş şəxs yenə də ona əhəmiyyət verməmişdir. 06 sentyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdə əyləşib telefonuna baxarkən Zərərçəkmiş şəxs iti hürməyə başlamışdır. Bundan sonra o, əsəbləşərək Zərərçəkmiş şəxs məxsus tövləni yandırmaq qərarına gəlmişdir. Daha sonra yaşadığı evin həyətində yerləşən tövlənin damından bir bağ küləşi götürmüş və Zərərçəkmiş şəxs yaşadığı evin kol-kosdan ibarət çəpərinin üzərinə qoymuşdur. Bundan sonra tövləni alışdırmaq məqsədilə cibində olan alışqanla həmin küləşi qəsdən yandırmışdır. Ot yanmağa başlayan zaman çəpər də alışmağa başlamışdır. Bir neçə dəqiqə sonra yanğın böyümüş və Zərərçəkmiş şəxs yaşadığı evin tövləsinə keçmişdir. Bundan sonra tövlə də alışmağa başlamışdır. Zərərçəkmiş şəxs məxsus tövlənin yandığını görüb yaşadığım evin arxa hissəsinə keçib gözləməyə başlamışdır. Bir qədər sonra hadisə yerində yanğın söndürənlər və polis əməkdaşları oraya gəlmişdir. Polis əməkdaşları onu çağıraraq tövləni yandırıb-yandırmadığını ondan soruşmuşlar. O, səmimi olaraq polis əməkdaşlarına Zərərçəkmiş şəxs tövləsini qəsdən yandırdığını etiraf etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs tövləsini yandırmağa onu heç kəs təhrik etməmişdir. Zərərçəkmiş şəxs məxsus tövləni tək yandırmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı həm Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək ifadələrində göstərmişdir ki, o, Ağsu rayonu Növcü kəndində ailə üzvlərilə birlikdə yaşayır. Müslüm Kərimov adına Növcü kənd tam orta məktəbin direktor müavini vəzifəsində çalışır. Onun yaşadığı evin həyətində bir-birinə bitişik 2 ədəd tövləsi var. Onlardan biri uzun müddət əvvəl tikilmişdir. Həmin tövlənin ölçüləri təxminən 5x4 metr ölçüdədir və hündürlüyü 2 metrdir. Tövlənin damı dəmir örtükdən ibarət imiş. Digər tövləni isə 2019-cu ildə tikdirmişdir. 2019-cu ildə tikdirdiyi tövlənin ölçüləri təxminən 10x6 metr və hündürlüyü 2 metrdir. Tövlələrinin damı isə birdir. O, tövləsinə 330 bağ yonca və 220 bağ küləş yığdırmışdır. Yoncanın bir bağının satışı hazırda altı manat və küləşin bir bağının satışı hazırda üç manat əlli qəpikdir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs onunla qonşudur, Bakı şəhərində yaşayır və bəzən Növcü kəndinə gəlirmiş. Təqsirləndirilən şəxs psixoloji problemləri olduğu üçün əsəbi imiş. Təqsirləndirilən şəxs bir neçə dəfə ondan həyətinə yığdığı peyini yığışdırmağını tələb etmişdir. Lakin o, Təqsirləndirilən şəxs bu tələbi ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs da bu səbəbdən onunla münasibətləri pozulmuşdur. 06 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə imiş. O, evdən həyətə çıxmaq istəyən zaman tövləsinin yandığını görmüş və dərhal yanğın xidmətinə və polisə zəng vurub bu barədə məlumat vermişdir. Ona məxsus tövləni qonşusu Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində yandırmışdır. Çünki Təqsirləndirilən şəxs bir neçə dəfə tövləsini yandıracağını ona deyibmiş. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxs özü etiraf etmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən qismən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu Bənəcik kəndində ailə üzvlərilə birlikdə yaşayır və Ağsu rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti vəzifəsində çalışır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Ağsu rayonu Növcü kənd sakini Zərərçəkmiş şəxs 06 sentyabr 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə yaşadığı evin həyətində yerləşən tövləsinin yandırılması barədə məlumat vermişdir. Şöbənin növbətçi hissəsinə daxil olmuş həmin məlumat əsasında dərhal əməliyyat-istintaq qrupu toplanmış və xidməti avtomobillə Ağsu rayonu Növcü kəndinə getmişlər. Hadisə yerinə çatan zaman tövlənin yandığını görmüşdür. O, həmin vaxt orada olan Zərərçəkmiş şəxs tövlənin kim tərəfindən yandırılması barədə şübhələndiyini soruşmuşdur. Zərərçəkmiş şəxs tövləsinin qonşusu Aqşin tərəfindən yandırılmasından şübhələndiyini demişdir. Bundan sonra sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı evin qapısından çağırmışlar. Az sonra Təqsirləndirilən şəxs evin qarşısına gəlmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus tövləni yandırıb-yandırmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs tövləni qəsdən yandırdığını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs izahatının alınması üçün Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu Çaparlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayon X7 Hissəsinin 2 saylı Yanğınsöndürmə növbəsində 2015-ci ildən işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, o, 06 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində növbədə olduğu zaman hissəyə Ağsu rayonu Növcü kəndi ərazisində yerləşən tövlənin və tövlənin damında olan ot bağlarının yanması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar olaraq dərhal hissənin 2 ədəd yanğınsöndürən avtomobili və şəxsi heyəti ilə həmin ünvana getmişlər və saat təxminən 16:50-də yanğın yerinə çatmışlar. Hadisə yerinə çatan zaman tövlənin yandığını və küləkli hava şəraitinin yanğına şərait yaratmasını müəyyən etmişlər. Dərhal tövlənin yaxınlığında digər təhlükəsizlik tədbirləri görmüşlər. Bundan sonra 03 ədəd, daşınan yanğınsöndürmə qurğusu olan “B lüləsi” açaraq yanğınsöndürmə işlərinə başlamışlar. Saat 17:30-da yanğın məhdudlaşdırılmış və 18:00-da yanğını tam söndürmüşlər. Yanğın yerində işlər tamamlandıqdan sonra hissəyə geri qayıtmışlar. Bildirmişdir ki, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs məxsus evin həyətində yerləşən tövlədə baş vermiş yanğın nəticəsində tövlən və damında olan ot bağlamaları tamamilə yanaraq kül olmuşdur. Bir neçə ton ot bağlaması isə yararsız hala düşmüşdür. Yanğın zamanı xəsarət alan şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Ağsu rayonu Növcü kəndində yaşadığı evin həyətinə yerləşən iki ədəd tövləni, eləcə də həmin tövlələrin damında olan 330 bağ yoncanı və 220 bağ küləşi alışqanla qəsdən yandırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, 10750 (on min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurması faktı üzrə CM-nin 186.2.2-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Ağsu rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2, Ağsu rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Şahid1, Təqsirləndirilən şəxs, eləcə də hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs Ağsu rayonu Növcü kəndində yaşadığı evin həyətinə yerləşən tövləyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus tövləni qəsdən yandırdığını etiraf etmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********** saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. - Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətindən yandırmaq məqsədilə götürdüyü bir bağ küləşin yerini, yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı evin arasında olan kol-kosdan ibarət çəpərin yerini, həmin çəpəri yandırdığı hissəni və qəsdən yandırdığı tövlələri ifadəsinə uyğun şəkildə göstərərək ifadəsini bir daha təsdiq etmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - 06 sentyabr 2023-cü il tarixli Yanğın haqqında ilkin aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:29-da Ağsu rayonu, Növcü kəndində yanğın haqqında məlumat daxil olmuş, 1-ci YSR saat 16:53-də hadisə yerinə çatmış, saat 18:00-da söndürülmüşdür. İlk yanğınsöndümə bölmələrinin hadisə yerinə gəldiyi vaxtda yanğının vəziyyəti tövlə və ot bağı yanırmış və yanğında 84 kv/metr tövlə və 5 ton ot bağlısı məhv olmuşdur. Yanğının səbəbi araşdırılır. Yanğın yerinin foto şəkilləri iş materiallarına əlavə edilmişdir. - Şimal-Qərb Regional DYNİ-ni DYNŞ-nin xx.xx.2023-cü il tarixli təqririndən görünür ki, yanğın hadisəsi Ağsu rayonu, Növcü kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsini təhqiqat qrupunun əməkdaşları tərəfindən saxlanılaraq barəsində araşdırma aparılır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6977- 9/7037 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, hər biri 95 sm x 55 sm ölçüdə olan 330 bağ yoncanın bir bağının orta bazar qiyməti 05 manat olmaqla ümumilikdə 1650 manat dəyərində, hər biri 95 sm x 55 sm ölçüdə olan 220 bağ küləşin bir bağının orta bazar qiyməti 01 manat, 80 qəpik olmaqla ümumilikdə 396 manat dəyərində hesablanmışdır. Ekspertiza təyini qərarında göstərilən yonca və küləş bağlarının 2023-cü ilin sentyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada 2046 manat müəyyən edilmişdir. Yanğın nəticəsində Ağsu rayonu Növcü kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus iki ədəd tövləyə tikinti üzrə dəymiş ziyan 6461 manat məbləğində hesablanmışdır. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixli qərarla CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr etməklə ona CM-nin 186.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs cəmi 8507 manat məbləğində maddi ziyan vurulmasının nəzərə alınması, cinayət iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolunun, məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 9/7037 nömrəli rəyinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilərək o, CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 186.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 07 sentyabr 2023-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə saat 18:00-da CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. - Ağsu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X14 08 sentyabr 2023-cü il tarixli, 18-1-25/2-661/23 saylı məktubundan görünür ki, Ağsu rayon Növcü kənd sakini, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Mülayim dərəcədə ifadə olunmuş həyəcan-təşviş pozuntusu, iradi pozuntularla özünü kəsmələrlə” diaqnozu ilə “Ağsu RMX” PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatda dayanır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 X15 Məhkəmə Psixatrik Ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 2753 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar edilməyib. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 05 noyabr 2023-cü il tarixli, 5-34-18/2-3- 517/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Növcü kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. - Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 05 noyabr 2023-cü il tarixli, 5-34-18/2-3- 518/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Növcü kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası – X12 (xx.xx.1961), anası – X5 (xx.xx.1970), qardaşı - X13 (xx.xx.1992) və qardaşı - X6 (xx.xx.1995). - Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 05 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci ildə Heydər Əliyev adına ali hərbi məktəbinə qəbul olmuş, lakin təhsilini davam etdirməmişdir. 2013-cü ildə Memarlıq və İnşaat universitetinə qəbul olmuş, həmin universitetin 4-cü kursunda təhsilini yarımçıq saxlayaraq davam etdirməmişdir. Kənd sakinlərinin söylədiklərinə əsasən kənddə özünü nizamintizamlı aparmış, kəndin xeyr və şər işlərində yaxından iştirak etmişdir. - Zərərçəkmiş şəxs 07 noyabr 2023-cü il tarixdə ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs atası ona məxsus tövlələri yenidən təmir etdirmiş və yanğın nəticəsində məhv olmuş küləş və yonca bağlarını alaraq ona vermiş, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. - Zərərçəkmiş şəxs 11 yanvar 2024-cü il tarixdə məhkəməyə verdiyi ərizəsindən görünür ki, kənd camaatının qınağına tuş gəldiyi üçün Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənimədən cinayəti yüngülləşdirmək məqsədi ilə onun valideyninə ziyanın tamamilə ödənildiyinə dair sənəd vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bilərəkdən məqsədli şəkildə ona və ailəsinə sataşmaq üçün evinin kandarına məişət tullantıları atmağa davam edir. Buna etiraz etdikdə onu və ailəsini təhqiredici sözlərlə hədələyir və onu münaqişəyə təhrik edir. Bununla bağlı 3 dəfə 102 xidmətinə müraciət etmişdir. Bu şəxsin psixoloji durumunda problemlər vardır. Belə bir şəxslə qonşuluqda yaşamaq onun və ailəsi üçün həyati təhlükədir. Deyilənləri nəzərə alaraq mülkünə dəyən ziyanın ödənilməsinə və həyati təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərilməsini xahiş edir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 sentyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, 28 sentyabr 2023-cü il tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər, həmçinin cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 105 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 (on beş) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal “həbs” edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Pentensiar Müəssisəsi müəyyən edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 105 (bir yüz beş) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X4 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar