Məhkəmə qərarları › İş №1(016)-16/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-16/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-16/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Xüsusi ittihamçı X3 nümayəndəsi (vəkili) Müdafiəçi, Barəsində şikayət verilən şəxs X4 iştirakları ilə, Xüsusi ittiham qaydasında X3 şikayətinə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X9 27 dekabr 2024-cü il tarixdə tiktok sosial şəbəkəsində “@agsu.xeber” adlı səhifədə 28 saniyəlik videomaterial yerləşdirərək “Azəriqaz” İB-nin Ağsu xidmət sahəsinin müdiri vəzifəsində işləyən X6 barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır. Belə ki, 27 dekabr 2024-cü il tarixdə tiktok sosial şəbəkəsində “@agsu.xeber” adlı səhifədə yerləşdirilən 28 saniyəlik videomaterialda bildirilir ki, guya “Ağsu rayon qaz idarəsinin müdiri Quliyev Həbib və oğlu Quliyev Yusif narkotik satışı və istifadəsi ilə məşğuldur, oğlu Quliyev Yusif Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılmışdır, atası Ağsu rayon qaz idarəsinin müdiri Quliyev Həbib isə hələ də azadlıqdadır, bizim kimi cavan və gənc oğullarımızı zəhərləyən və həyatını, gələcəyini məhv edən belə insanlar ən ağır maddə ilə cəzalandırılsın.” Həmin videomaterialın X9 tərəfindən yayılmasını iş materiallarına əlavə edilmiş sənədlər də təsdiq edir. Belə ki, həmin videomaterial yayılandan sonra müvafiq qaydada şikayət verilmiş və həmin şikayətə verilmiş cavabda qeyd olunmuşdur ki, həmin videomaterial “this_is_shukran” adlı istifadəçi tərəfindən göndərilmişdir. Həmin cavabda “this_is_shukran” adlı səhifənin sahibi olaraq X4 foto görüntüsü də vardır. Həmin videomaterialda X6 barəsində yayılan məlumatların heç biri həqiqəti əks etdirmir, yayılan məlumatlar böhtan xarakteri daşıyır. Həmin məlumatların heç bir əsası yoxdur. Həmin videomaterialda onun guya “narkotik istifadəsi və satışı ilə məşğul olması” barədə yayılan məlumat açıq-aşkar böhtandır, həmin məlumat onu vəzifəli şəxs kimi cəmiyyətdə, rəhbərlik etdiyi kollektivdə nüfuzdan salmaq məqsədi daşımışdır. Barəsində narkotik istifadəsi və satışı ilə heç bir cinayət işi, məhkəmə qərarı olmadan onun belə bir cinayətdə günahlandırılması, belə bir məlumat yayılması onu göstərir ki, X4 27 dekabr 2024-cü il tarixdə tiktok sosial şəbəkəsində “@agsu.xeber” adlı səhifədə yerləşdirdiyi 28 saniyəlik videomaterialda yaydığı məlumatlar onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlardır. X4 onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaqda məqsədi onun cəmiyyət, dövlət orqanları qarşısında şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq, cəmiyyətdəki mövqeyinə, işgüzar nüfuzuna xələl gətirmək olmuşdur. Bundan əlavə 27 dekabr 2024-cü il tarixdə tiktok sosial şəbəkəsində “@agsu.xeber” adlı səhifədə yerləşdirilən 28 saniyəlik videomateriala 468 bəyənmə gəlmiş və müxtəlif rəylər yazılmışdır. Bütün bunların nəticəsində X6 lüzumsuz olaraq, müvafiq orqanlara izahatlar yazmış, ətrafında əmək kollektivində olan şəxslərə izahlar verməyə məcbur olmuş, müəyyən iztirablar, sarsıntılar keçirtmişdir. Bununla da X9 tərəfindən yayılan böhtan və yalan məlumatlara görə ona 20.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Xüsusi ittihamçının nümayəndəsi (vəkili) Müdafiəçi məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasını və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq xüsusi ittihamçının nümayəndəsi (vəkili) Müdafiəçi bildirmişdir ki, X1 Həbib Musaəli oğlu barəsində olan videomaterialı Tik-Tok sosial şəbəkəsində “@agsu.xeber” adlı səhifəyə göndərmişdir. Həmin videomaterialın “@agsu.xeber” adlı səhifədə X9 tərəfindən paylaşılmasına dair sübutu yoxdur. Məhkəmə iclasında barəsində şikayət verilən şəxs X9 çıxış edərək bildirdi ki, o, mağazada satışla məğul olur. Ağsunun rəsmi xəbər səhifəsində Tik-Tok və İnstagram sosial şəbəkəsində reklam yerləşdirir. Xəbər saytının yaradıcısını tanımır, onlayn qaydada ödəniş edib mağazanı reklam edir və reklamları bir müddət sonra silinir. Yayılan xəbər ona aid deyil. Onun xüsusi ittihamçı X6 və X10 ilə heç bir ədavəti yoxdur. X6 onun dayısı X2 qaynatasıdır. Onlar ailəlikdə dayısını 4-5 dəfə 102 xidmətinə dayısından haqsız yerə şikayət edərək şərləmişlər. Lakin şahidləri nəzərə almamışlar. Hər dəfə 102 xidmətinə zəng edərkən şahidlər polis şöbəsinə çağrılaraq onlardan izahat alınmış dayısının günahsız olduğu sübuta yetirilmişdir. Onları isə şər atdıqları üçün cəzalandırıblar. Bu da həmin senarilərdən biridir. Bu dəfə də onu günahsız yerdə 102 xidməti ilə polisə şikayət etmişlər. Polis tərəfindən polis şöbəsinə 2-3 dəfə çağırılmış, orada izahatını vermiş və onun günahsız olması sübuta yetirilmişdir. Onun üzərinə atılan ittiham əsassızdır. Onun bu şər böhtandan xəbəri yoxdur. Onu polis şöbəsinə və məhkəməyə çağırdıqlarına görə məşğul edib maddi və mənəvi ziyan vurmuş, nüfuzuna ziyan gətirmiş və adına ləkə yaxmışlar. Verilən suallara cavab olaraq barəsində şikayət verilən şəxs X9 bildirmişdir ki, Tik- Tok sosial şəbəkəsində “@agsu.xeber” adlı səhifəsində deyil, “@ağsudanxeber” adlı səhifədə reklam yerləşdirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. CPM-in 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, X6 barəsində olan videomaterial Tik-Tok sosial şəbəkəsində X5 məxsus “this_is_shukran” adlı səhifədə deyil, kimə məxsus olması məlum olamyan “@agsu.xeber” adlı səhifədə paylaşılmışdır. Həmin videomaterialın “@agsu.xeber” adlı səhifədə məhz X9 tərəfindən paylaşılmasına, eyni zamanda “@agsu.xeber” adlı səhifənin X5 aid olmasına dair hər hansı bir sübut yoxdur. CPM-in 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında X6 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 302 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X9 barəsində xüsusi ittiham qaydasında X6 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar