Məhkəmə qərarları › İş №1(016)-17/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-17/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-17/2023 16.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1942-ci ildə Ağsu rayonu, Barmı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, Şahbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 17 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində mülkiyyətində olan, parlaq ağ rəngli, “VAZ 2107 minik” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, həmin küçənin Ağsu şəhəri Nizami küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, nizamlanmayan piyada keçidlərində keçidə daxil olmuş və ya daxil olmaqda olan piyadaya yol verməli olduğu, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitəsini sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu halda, qeyd edilən tələblərə əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, avtomobilin ön hissəsi ilə yolu hərəkət istiqamətində nizamlanmayan piyada keçidində soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən, sol mil sümüyünün tipik yerdən qapalı sınığı, sağ sirkə kasasının üst divarının yeridəyişməyən xətti sınığı xəsarətlərinin yetirilməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdi və göstərdi ki, o, ailə üzvlərilə birlikdə Ağsu rayonu Şahbəyli kəndində yaşayır. “Vaz 2107 minik” markalı, ağ parlaq rəngli, **-GN- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs sözügedən yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. O, 17 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində ona məxsus olan, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edirmiş. Həmin vaxt qaynı Şahid da onun avtomobilində imiş. O, avtomobillə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərifə Əliyeva adına istirahət parkının qarşısından keçən zaman bir nəfər, kişi cinsli şəxs piyada keçidi ilə yolun sol kənarından sağ tərəfə doğru keçməyə çalışırmış. Bu zaman o, surətini azaltmışdır ki, həmin şəxs yolu keçsin. Lakin fikirli olduğundan sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs yolu keçdiyini düşünüb hərəkətə davam etmiş və qəflətən Zərərçəkmiş şəxs avtomobilin qarşısına çıxmasını görmüşdür. O, sükanı sola doğru çevirib avtomobili sol tərəfə çəkmişdir. Lakin avtomobilinin qabaq sağ nahiyəsi ilə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs müvazinətini itirib avtomobilin qarşısına yıxılmışdır. O, dərhal avtomobilini saxlayıb aşağı düşmüşdür. Sonra həmin yerə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşmışlar. Sonra isə polis əməkdaşları həmin yerə təcili tibbi yardım avtomobili çağırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisədən əvvəl avtomobilini təxminən saatda 20-30 km sürətlə idarə edirmiş. O, yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmamışdan qabaq 3-4 metr məsafədə görmüşdür. Təqsirləndirilən şəxs daha sonra ifadəsində ehtiyatsızlıqla hadisə törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşının çox olmasını nəzərə alaraq ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs ehtiyatsızlıqla hadisə törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşının çox olmasını nəzərə alaraq ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 18 saylı evdə ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. 17 sentyabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, Z.Əliyeva adına parkda imiş. Bu zaman parkdan çıxıb yolun əks tərəfinə keçmək qərarına gəlmişdir. O, piyada keçidi ilə yolu keçməyə başlayan zaman əvvəlcə sola baxmış və uzaqdan avtomobil gəldiyini görmüşdür. Avtomobil keçdikdən sonra o, hərəkətini davam etdirmiş və yolun ortasına çatmışdır. Həmin vaxt sağ tərəfə baxmışdır. Bu zaman iki avtomobilin ona tərəf gəlməsini görmüşdür. Həmin avtomobillərdən öndə hərəkətdə olan, ağ rəngli “VAZ-2107” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil imiş. Həmin avtomobil piyada keçidinə az qalmış sürətini azaltmışdır. O, da həmin avtomobilin ona yol verdiyini zənn edib yoluna davam etməyə başlamışdır. Bu zaman “VAZ-2107” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən hərəkət etməyə başlamış və qabaq sağ tərəfi ilə onu vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra ilkin tibbi yardım göstərilməsi üçün Ağsu rayon Mərkəzi xəstəxanasına aparılmışdır. O, hadisədən əvvəl piyada keçidini sakit yerişlə keçirmiş və hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini bildirərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Ağsu rayonu Xəlilli kəndində yaşayır. Təqsirləndirilən şəxs yeznəsidir. Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. “Vaz 2107 minik” markalı, ağ rəngli, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. 17 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs məxsus avtomobillə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə imiş. Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərifə Əliyeva adına istirahət parkının qarşısından keçən zaman bir nəfər şəxs piyada keçidi ilə yolun sol kənarından sağ tərəfə doğru keçməyə çalışırmış. Həmin şəxs birdən avtomobilin qarşısına çıxmışdır. Salman Abassov sükanı sola doğru çevirib avtomobili sol tərəfə çəkib saxlamaq istəsə də saxlaya bilməmiş və avtomobilin qabaq sağ tərəfi ilə ehtiyyatsızlıqdan sonradan adını öyrəndiyi, piyada Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs vurulduqdan sonra müvazinətini itirib avtomobilin qarşısına yıxılmışdır. Təqsirləndirilən şəxs avtomobilini saxlamış və onlar avtomobildən aşağı düşmüşlər. Həmin vaxt oraya Ağsu rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları yaxınlaşmışlar. Sonra isə polis əməkdaşları həmin yerə təcili tibbi yardım avtomobili çağırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs hadisə baş verməmişdən əvvəl avtomobili saatda 20-30 km sürətlə idarə edirmiş. Hadisə zamanı avtomobildə ondan başqa sərnişin olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 21 oktyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 09:20-dən saat 09:55-dək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı piyada vurma yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərifə Əliyeva adına parkın qarşısı olması, piyada keçidi yol nişanının təsir zonasında olması, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsindən keçən yolun hərəkət hissəsi 15 metr enində asfalt örtükdən ibarət olmaqla, quru, düz, hamar olması, yolda çala-çuxur olmaması, yоlun hər biri 7,5 metr enində olmaqla iki hərəkət zolağından ibarət olması, yolun hərəkət hissəsində qarşı qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xəttinin olmaması, yolun hərəkət hissəsinə soldan Zərifə Əliyeva adına park, sağdan səki və obyektlərin birləşməsi, Təqsirləndirilən şəxs avtomobil ilə piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sağ kənarına 5,5 metr məsafədə, sol kənarına isə 9,5 metr məsafədə, nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə vurması, hadisədən əvvəl və hadisə zamanı piyada Zərərçəkmiş şəxs piyada keçidinin üzərində, yola paralel istiqamətdə hərəkətdə olması, piyada Zərərçəkmiş şəxs piyada keçidinin başlanğıcından vurulduğu yerə qədər 9,5 metr məsafə qət etməsi, yolun sağ və sol kənarındakı səkilərdə, piyada keçidindən 6 metr məsafədə “5.16.2 piyada keçidi” nişanı yerləşməsi, yol örtüyündə şin izi və tormozlama izinin olmaması, müəyyən edilmişdir. Baxış zamanı fotoçəkilişdən istifadə edilmiş və həmin fotoşəkillər protokola əlavə olunmuşdur. - Hadisə yerinin sxemi müstəntiq tərəfindən çəkilərək hal şahidlərinin imzası ilə təsdiq edilərək iş materiallarına əlavə edilmişdir. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 17 sentyabr 2022-ci il tarixli 707 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:10-da keçirilən müayinə zamanı sərxoş olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5- Təcrübi və X9 rayon şöbəsinin 09 oktyabr 2022-ci il tarixli, 222 saylı rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində sol mil sümüyünün tipik yerdən qapalı sınığı, sağ sirkə kasasının üst divarının yeridəyişməyən xətti sınığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən piyadanın minik avtomobili ilə vurulması nəticəsində əmələ gəlməyə uyğundurlar, törənmə müddətləri qararda göstərilən vaxta yəni 17 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 02 noyabr 2022-ci il tarixli, PHŞ/6.25- 2-2022-120 nömrəli məktubunda göstərilmişdir ki, Ağu rayonu, Şahbəyli kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞnə müraciət etməmiş və dispenser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 8/3460 saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “VAZ 2107 minik” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasın Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X6 İmtahan və X7 22 dekabr 2022-ci il tarixli 016-312-4390-1222 nömrəli məktubunun surətindən görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində Ağsu rayonu Şahbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olması barədə məlumat yoxdur. “Vaz 2107 minik” markalı, ağ rəngli, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 fevral 2019cu il tarixdən Ağsu rayonu Şahbəyli kənd sakini Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixli qərarla CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar olması nəzərə alınmış, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, 17 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 8/3460 saylı rəyi, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X6 İmtahan və X7 22 dekabr 2022-ci il tarixli məktubu, “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 707 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və X9 rayon şöbəsinin 09 oktyabr 2022-ci il tarixli, 222 saylı rəyi və cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər sənədlərin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin: 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25 oktyabr 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tariхli, 238 npmrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Şahbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun ailə tərkibi: arvadı xx.xx.1939cu il təvəllüdlü X3, qızı –xx.xx.1973-cü il təvəllüdlü X1r. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxxx 1942-ci ildə Ağsu rayonu, Barmı kəndində anadan olmuş, Azərbaycanlı, natamam orta təhsilli Təqsirləndirilən şəxs Ağsu rayonu, Şahbəyli kəndində qeydiyyatda olmaqla və orada yaşayır. Təqsirləndirilən şəxs öz şəxsi mal-qara torpaq sahəsi ilə məşğul olmaqla bərabər, həm də kənd ağsaqqalı olmaqla ibadət əhlidir. Kənd ictimayyəti arasında hörmət qazanmışdır. Kəndin ictimai işlərində fəal iştirak etmiş, zəhmətkeş olmuş, o, özünün intizamı ilə həmişə kəndin gənclərini düzgün yola çağırmışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, Zərərçəkmiş şəxs dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşının çox olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşının çox olmasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan azadlıqdan məhrum etmə cəzası onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs qəti cəza kimi təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar