Məhkəmə qərarları › İş №1(016)-17/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-17/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-17/2024 11.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1954-cü ildə Ağsu rayonu, Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 avqust 2023-cü il tarixdə saat 10 radələrində dövlət tərəfindən kart hesabına köçürülmüş pensiyasını əldə etmək üçün kömək etməsini ondan xahiş etmiş Zərərçəkmiş şəxs görmə və eşitmə qabiliyyətinin məhdud olmasından sui-istifadə edərək Zərərçəkmiş şəxs məxsus, “X2” ASC-yə aid, **********372975 nömrəli plastik kartı Ağsu-Gəgəli yolunun üzərində yerləşən “Elit” marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata daxil edərək lazımi əməliyyatı icra etdikdən sonra həmin kartdan vəsaitin çıxarılmasının mümkün olmadığını deyərək Zərərçəkmiş şəxs aldadıb sonuncunun hesabından 200 manat məbləğində pulu çıxarıb ələ keçirərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs iki yüz manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs məlum hadisədən sonra tanımışdır. O, 28 avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində Ağsu şəhər ərazisində, “Gəgəli Stayankası” adlanan yerdə yerləşən “Elit” marketin yaxınlığında imiş. Bu zaman sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq pensiyasını almaq istədiyini bildirmiş və pensiya kartına yüklənmiş pulu bankomatdan çıxarmasını ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs kömək göstərə biləcəyini demiş, bundan sonra Zərərçəkmiş şəxs plastik bank kartını ona vermiş və birlikdə “Beynəlxalq Bank”-a məxsus bankomatın qarşısına yaxınlaşmışlar. O, Zərərçəkmiş şəxs məxsus plastik kartı bankomata daxil etmiş və əməliyyatı həyata keçirməyə başlamış, lakin bankomatdan pulu çıxara bilməmişdir. O, kartdakı pulu "xxxx"-a məxsus bankomatdan çıxara biləcəyini, lakin kartdan komissiya xərci tutulacağını Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və kartı yanda olan "xxxx"-a məxsus bankomata daxil etmişdir. Zərərçəkmiş şəxs kodu ona dedikdən sonra kartdan 200 manat məbləğində pulun çıxarılmasını təsdiq etmişdir. O, bankomatda pulun sayılmasının səsini eşitmiş və həmin pulu əldə edə biləcəyini anlamışdır. Lakin maddi vəziyyəti acınacaqlı olduğundan Zərərçəkmiş şəxs pulunu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra bankomatdan pulu əldə edə bilmədiyini Zərərçəkmiş şəxs demiş və bankomatdan çıxmış həmin kartı geri qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona inanmış və sağollaşıb oradan çıxıb getmişdir. Bu zaman o, geri dönüb bankomatdan çıxmış 200 manat məbləğində pulu götürüb cibinə qoymuş və dərhal oradan uzaqlaşmışdır. Daha sonra həmin pulun 43 manat məbləğində olan hissəsini xərcləmiş və yaşadığı evə getmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış və Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Barəsində araşdırma gedən müddət ərzində isə 200 manat məbləğində pulu tam olaraq Zərərçəkmiş şəxs geri qaytarmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Cəfərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus “Beynəlxalq Bank”-a aid, **********372975 nömrəli bank kartı var. Xəstə olduğu üçün dövlət tərəfindən ona hər ay 220 manat məbləğində pensiya verilirmiş. Aylıq olaraq pensiyası həmin karta yüklənirmiş. Görmə və eşitmə qabiliyyəti çox zəifdir. 28 avqust 2023-cü il tarixdə yaşadığı evdən çıxıb pensiya kartına yüklənmiş pulu əldə etmək üçün Ağsu şəhərinə gəlmişdir. Daha sonra həmin gün saat təxminən 10 radələrində kartında olan pulu çıxarmaq üçün Ağsu şəhəri ərazisində yerləşən “Elit” marketin qarşısında olan bankomata yaxınlaşmışdır. Lakin görmə qabiliyyəti zəif olduğu üçün bankomatdan pulu çıxarmaqda çətinlik çəkdiyindən orada dayanmış, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs yaxınlaşaraq pensiya kartında olan pulu bankomatdan çıxarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra kartını Təqsirləndirilən şəxs verdmiş və Təqsirləndirilən şəxs pensiya kartını “Beynəlxalq Bank”-ın bankomatına daxil etmişdir. O, kartının kodunu dedikdən sonra Təqsirləndirilən şəxs əməliyyatı icra etmiş, lakin, Təqsirləndirilən şəxs bankomatdan pulu çıxara bilməmişdir. Təqsirləndirilən şəxs kartdakı pulu "xxxx"-a məxsus bankomatdan çıxara biləcəyini, amma kartdan komissiya xərci tutulacağını ona demiş, o, razılaşmış və Təqsirləndirilən şəxs kartı oradakı "xxxx"-a məxsus bankomata daxil etmişdir. Təqsirləndirilən şəxs bir neçə saniyə bankomatda əməliyyat icra etmiş və kartda problem olduğu üçün bankomatdan pulu çıxara bilmədiyini ona bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin problemlə əlaqədar “Beynəlxalq Bank”-ın filialına getməsini ona məsləhət görmüşdür. Bundan sonra kartını Təqsirləndirilən şəxs alıb oradan uzaqlaşmışdır. Həmin gün “Beynəlxalq Bank”-ın Ağsu şəhərindəki filialına getmiş, oradakı işçilərə kartında problem olduğunu və bu səbəbdən bankomatdan pul çıxara bilmədiyini bildirmişdir. Orada onun kartını sistemdə yoxlamışlar. Yoxlanış zamanı kartından həmin gün 200 manat məbləğində pulun çıxarıldığını və kartında 239 manat pulun qaldığını bildirmişlər. Daha sonra həmin 239 manat pulu da bankomatdan çıxarıb ona vermişlər. O, kartından 200 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını anlayıb bu barədə oğlu Cəsarət Salahova məlumat vermiş, oğlu da dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Daha sonra o, Ağsu rayon Polis Şöbəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Mirzəyev X1 Diyarı Mineralnı Vodı Şəhər Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə RSFSR-in CM-in 224-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1982-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-in 38, 95, 123 və 215-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə əməli CM-in 120.1-ci maddəsi ilə tövsif edilmiş, cəzası 12 ilə endirilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 13 dekabar 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Bu səbəbdən, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmişə vurduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar