Məhkəmə qərarları › İş №1(016)-18/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-18/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-18/2024 02.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağsu rayonu, Rəhimağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də sürücümexanizator işləyən, evli, məhkumluğu olmayan, Ağsu rayonu, Rəhimağalı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə – CM) 128-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 iyun 2023-cü il tarixdə saat 23 radələrində Ağsu rayon Rəhimağalı kəndində atası Şahid1 Kamil oğlu ilə qonşusu Şahid3 həyətlərinin sərhədində sonuncunun oğlu Zərərçəkmiş şəxs1 ilə aralarında Şahid3 uca səslə danışması səbəbindən baş vermiş şəxsi münasibətlər zəminindəki mübahisə zamanı, məişətdə istifadə olunan bel ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir neçə dəfə qəsdən vurmaqla, sonuncuya başın sol təpə nahiyəsində və sol qulaq seyvanının arxa səthində yumşaq toxumanın kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra, həmin vaxtı mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 da baş və bədən nahiyəsindən həmin bel ilə qəsdən vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsi yumşaq toxumanın əzilmiş-cırılmış yarası, eləcə də sağ saidin orta 1/3-nin ön hissəsində sıyrıq izi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Həmin hərəkətləri Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Ağsu rayon Rəhimağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddə yerləşən "xxxx" MMC şirkətində sürücü-mexanizator vəzifəsində çalışır. O, Ağsu rayon Rəhimağalı kəndində atasıgildən ayrı özünə məxsus evdə yaşayır. Barəsində rayon Polis şöbəsinə şikayət edən şəxslər qonşuları Şahid3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1dur. Təxminən 10 ildir ki, qonşudurlar. Əvvəllər münasibətləri soyuq olmuş, hətta aralarında bir neçə dəfə sözlü mübahisə də olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində öz həyətində yerləşən anbara taxıl boşaldırmış. Bu zaman atasıgilin həyətindən səs-küy gəlməsini eşitmiş, səs-küyün nə səbəbdən yaranmasını öyrənmək üçün atasıgilin həyətinə getmişdir. Ora çatanda həyətdə qonşusu Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 ilə mübahisə etməsini müşahidə etmiş, bu zaman onlara yaxınlaşıb Zərərçəkmiş şəxs1 qolundan dartmışdır ki, onları ayırsın. Həmin vaxt o, Baxşı ilə əlbəyaxa olmuş və Baxşı onun bədəninin müxtəlif nahiyələrindən ona zərbələr vurmuşdur. Bu zaman Baxşının əmisi Cəmil hadisə yerinə gələrək onun burun nahiyəsindən yumruqla vurmuş, sonra isə qardaşı Şamil, Cəmili ondan uzaqlaşdırmağa başlamışdır. Sonra isə Baxşı qaçaraq öz həyətlərinə doğru getmiş, Baxşı öz həyətlərindən bel götürüb əlində olan bel ilə öz həyətlərindən qaçaraq həyətin sərhədində olan çəpərin yanına gəlmişdir. Həmin vaxt atası Cavanşir də hadisə yerinə gəlmiş, Baxşı əlində olan bel ilə onun sağ alın nahiyəsinə və bədəninə zərbələr vurmağa başlamışdır. Bu zaman o, özünü müdafiə etməyə çalışmış, həmin vaxt Baxşı əlindəki bel ilə atası Cavanşirə və qardaşı Şamilə də xəsarət yetirmişdir. O, birtəhər Baxşının əlindəki beli alıb Baxşının başına zərbə vurmuş, sonra Baxşı zərbənin təsirindən ondan aralanmışdır. Həmin vaxt Şahid3 ilə atası Şahid1 əlbəyaxa olmuşlar. Daha sonra isə oraya gələn şəxslər onları aralaşdırmışlar. Sonradan ona məlum olmuşdur ki, Şahid3 rayon Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Şahid3, onun qardaşı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə münasibətləri əvvəllər normal olmuş, lakin son vaxtlar bir neçə dəfə aralarında sözlü mübahisə olmuşdur, buna baxmayaraq aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Mübahisə 5-10 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı kənar şəxslər olmamışdır. Səs küyə əmiləri Şəfi, Rasim və Qəhrəman sonradan oraya gəlmişlər. Hadisə zamanı Zərərçəkmiş şəxs2 hadisə yerinə gələn kimi onun burun nahiyəsindən vurmuşdur. Lakin burun nahiyəsində xəsarətin olmaması barədə heç bir söz deyə bilmir. Baş vermiş hadisə ilə bağlı hazırda zərərçəkmiş şəxslərlə barışdığını, əməlindən peşman olduğunu və onlara dəymiş maddi və mənəvi ziyanı ödədiyini bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Ağsu rayon Rəhimağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda 4 ildir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi FHN-nin Şamaxı rayonunda yerləşən Mülki Müdafiə qoşunları Xilasetmə briqadasının xilasetmə taborunda sürücü vəzifəsində xidmət edir. Atası Şahid3, rayon Polis şöbəsinə şikayət etdiyi şəxslər qonşuları Şahid1 Kamil oğlu, onun böyük oğlu Təqsirləndirilən şəxs, balaca oğlu Şahid2dur. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində o, əmisi Cəmil və atası Şamillə birlikdə öz həyətlərində oturub çay içərək söhbət edirlərmiş. Bu zaman qonşusu Şahid2 mobil telefonla atası Şahid3 zəng edərək “həyətdə sakit səslə danışın, səs-küy salmayın” deyə bildirib telefonu söndürmüşdür. Bundan bir-iki dəqiqə sonra Təqsirləndirilən şəxs atasını çağırıb onlar tərəfə gəlməsini bildirmiş, atası Şamil sərxoş vəziyyətdə olduğundan qonşuları ilə həyətin sərhədində olan hasarın yanına getməsin deyə o, qeyd etdiyi yerə özü getmişdir ki, məsələnin nə olduğunu aydınlaşdırsın. Hasarın yanına gedib qonşusu Səbuhi və Şamillə salamlaşdıqdan sonra Səbuhi və Şamil ona “dədən nə sərəkləyir” sözünü demişlər. O da normal şəkildə sakit danışmalarını bildirmiş, lakin Şahid2 və Təqsirləndirilən şəxs hasarı aşaraq onların həyətinə keçmişlər. Səbuhi və Şamil onun üstünə hücum etməyə başlamış, həmin vaxtı o, tək imiş. Bu zaman Şamil və Səbuhi hər iki qolundan tutaraq onu yerə yıxmış, sonra Səbuhi əlində olan bel ilə baş və çiyin nahiyəsinə zərbə vuraraq onu döyməyə başlamışdır. O da bundan əsəbləşərək əl ilə Səbuhinin sinə nahiyəsinə iki dəfə yumruqla zərbə vurmuş, daha sonra Səbuhi və Şamilin atası Cavanşir də onun üstünə gələrək onun çiyin və kürək nahiyələrindən vurmuşdur. Daha sonra yaranmış səs-küyə görə əmisi Zərərçəkmiş şəxs2 mübahisəni sakitləşdirmək və onları ayırmaq üçün hadisə olan yerə gəlmişdir. Lakin Cavanşir və oğlanları Cəmilin sözlərinə məhəl qoymamış və Səbuhi bel ilə Cəmilin baş nahiyəsinə zərbə vurmuşdur. Zərbədən sonra Cəmil huşunu itirərək çəpərin yanından keçən hissədə olan arxın içinə yıxılmış, bundan sonra isə atası Şahid3 hadisə yerinə gələrək onları ayırmağa çalışmışdır. Sonra isə hadisə yerinə Şahid1 qardaşları gəlmiş, lakin Cavanşirin qardaşları gələn zaman onlar aralaşmışdır. Bundan sonra bacısı Şahid4 köməklik göstərilməsi üçün hadisə barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ifadəsini davam etdirərək göstərmişdir ki, Şahid1 Kamil oğlu və böyük oğlu Təqsirləndirilən şəxs və balaca oğlu Şahid2 ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı kənar şəxslər olmamışdır. Səs küyə kənar şəxslər tərəfindən toplaşan olmamışdır. O, mübahisə zamanı heç kimə bel ilə xəsarət yetirməmişdir. Sadəcə özünü müdafiə etmək məqsədilə Səbuhinin sinə nahiyəsinə 2 yumruq zərbəsi vurmuşdur. Başının sol təpə nahiyəsində və sol qulaq seyvanının arxa səthində yumşaq toxumanın kəsilmiş yarası xəsarətini ona Təqsirləndirilən şəxs bel ilə yetirmişdir. Sol çiyin qurşağı nahiyəsində və hər iki saidin yuxarı 1/3-nin arxa səthlərində sıyrıqlar xəsarətini isə ona Şahid1 yaxud da onun oğlu Şahid2 yetirə bilər. Sol ayaqaltı nahiyədə içərisinə rezin piltə yeridilmiş, yumşaq toxumanın deşilmiş-kəsilmiş xəsarətini mübahisə zamanı onun sol ayağının altına nə isə batması nəticəsində almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Ağsu rayon Rəhimağalı kəndində ailə üzvləri birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Şahid3 onun qardaşıdır. O, qardaşından ayrı Rəhimağalı kəndində özünə məxsus evdə yaşayır. Qardaşı Şahid3 rayon Polis Şöbəsinə şikayət etdiyi şəxslər qonşuları Şahid1 Kamil oğlu, onun böyük oğlu Təqsirləndirilən şəxs və balaca oğlu Şahid2dur. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində qardaşı Şahid3 onlara qonaq gəlmişdir. Qardaşı onlarda olan vaxtı yemək yeyərkən bir qədər alkoqollu içki olan pivə içmişlər. Bundan sonra qardaşı onu öz evlərinə çay içib söhbət elməyə, dərdləşməyə dəvət etmişdir. O da qardaşı ilə birlikdə Ağsu rayonu Rəhimağalı kəndində yerləşən qardaşı Şamilə məxsus evin həyətinə getmişdir. Həyətdə oturub çay içib söhbət edirlərmiş. Biraz sonra isə Şamil həyətin o biri tərəfinə keçmişdir. Bu zaman qardaşı Şamilin mobil telefonuna zəng gəlmişdir. O da telefonu götürüb cavab vermişdir. Zəng edən şəxs ondan Şamilin orada olub-olmamasını soruşmuşdur. O da Şamilin həyətdə olduğunu bildirmişdir. Lakin o, zəng edən şəxsin kim olduğunu bilməmişdir. Sonradan öyrənmişdir ki, həmin şəxs Cavanşirin oğlu Şamil olmuşdur. Bundan sonra qonşuları Şamil və qardaşı Səbuhi onun qardaşı oğlu Zərərçəkmiş şəxs1 hasarın yanına çağırmışlar. Baxşı da onlara xəbər etmədən hasarın yanına getmişdir. Bu zaman o, hasarın yanında səs eşitmişdir ki, “Baxşını vurdular”. O, bu səsi eşitdikdən sonra hasarın yanına getmişdir. Həmin vaxt görmüşdür ki, Baxşı yerə yıxılmışdır. O, Baxşının olduğu yerə çatıb qışqırmağa başlamışdır. Bu zaman Səbuhi əlindəki bel ilə onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt o, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra baş verən hadisələri xatırlamır. Lakin onu xatırlayır ki, yerə yıxılanda Cavanşir onun boğazından tutaraq boğmağa başlamışdır. Şahid1 Kamil oğlu və böyük oğlu Təqsirləndirilən şəxs və balaca oğlu Şahid2 ilə münasibətləri normal olmuşdur, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Mübahisə zamanı kənar şəxslər olmamışdır, səs-küyə Cavanşirin qardaşları sonradan oraya gəlmişdir. Hadisə zamanı Şamil onu vurmamış və ona xəsarət yetirməmişdir. Mübahisənin gedişində Şahid1 onu boğmuşdur. Lakin boyun nahiyəsində xəsarətin olmaması barədə heç bir söz deyə bilmir. Bədənində olan sağ saidin orta 1/3-nin ön hissəsində sıyrıq izi xəsarəti də ona Təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Çünki həmin xəsarəti Şamil və Cavanşir ona yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - 20 iyun 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 23 iyun 2023-cü il tarixli, 89 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: - başın sol təpə nahiyəsində və qulaq seyvanının arxa səthində yumşaq toxumanın kəsilmiş yaraları iti kənarlı kəsici əşya (ola bilsin belin dəmir başlığı) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol çiyin qurşağı nahiyəsində və hər iki saidin yuxarı 1/3-nin arxa səthlərində sıyrıqlar küt bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sol ayaqaltı nahiyədə içərisində rezin piltə yeridilmiş, yumşaq toxumanın deşilmiş – kəsilmiş yarası xəsarətinin törənmə aləti barədə konkret fikir yürütmək mümkün deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 23 iyun 2023-cü il tarixli, 113 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsi yumşaq toxumanın əzilmiş-cırılmış yarası küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ saidin 1/3-nin ön hissəsində sıyrıq izi küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, əməliyat sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 19 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixli qərarla CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs1 18 noyabr 2023-cü il tarixli qərarla CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Şahid3, Zərərçəkmiş şəxs1, Şahid1 Kamil oğlu və Təqsirləndirilən şəxs əməllərində CM-in 221-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 əməllərində CM-in 128-ci maddəsinin, eləcə də İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işindən ayrıca icraata CM-in 128-ci maddəsi ilə cinayət işi ayrılmış və Hərbi Prokurorluğa göndərilməsi üçün Ağsu rayon Prokurorluğuna təqdim edilmiş, Zərərçəkmiş şəxs1 barəsində CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılacağı üçün hazırda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs statusuna, eləcə də Şahid1 Kamil oğlunun və Şahid2 zərərçəkmiş şəxs statuslarına xitam verilmiş, Şahid1 Kamil oğlu və Şahid3 əməllərində İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şahid1 və Şahid3 barəsində həmin maddə ilə tədbir görülməsindən ötrü qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmiş, Zərərçəkmiş şəxs2 və Şahid2 əməllərində hər hansı cinayət tərkibinin, eləcə də inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin şəxslərin barələrində cinayət təqibinin başlanması rədd edilmiş və inzibati xəta haqqında icraatın açılmasından imtina edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının xx.xx.2023-cü il tarixli, 80 saylı, xx.xx.2023-cü il tarixli, 81 saylı, xx.xx.2023-cü il tarixli, 89 saylı, xx.xx.2023-cü il tarixli, 91 saylı, xx.xx.2023-cü il tarixli, 92 saylı, xx.xx.2023-cü il tarixli, 113 saylı rəyləri, həmçinin təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri sübut növü kimi tanınmış, Şahid1 Kamil oğlunun istintaqa təqdim etdiyi belin xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 08 fevral 2024-cü il tarixli, T 158/2024 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsi yumşaq toxumanın əzilmiş-cırılmış yarası küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş maddi və mənəvi ziyanın əvəzini ödəmişdir. Bu səbəbdən, işə xitam verilməsini xahiş etdi. - Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzini ödəmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşə xitam verilməsini xahiş etdi. - Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzini ödəmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşə xitam verilməsini xahiş etdi. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, təqsirləndirilən şəxsin səmimi peşmançılığını və zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə maddi sübut kimi tanınmış - bir ədəd bel hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.2.1 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - bir ədəd bel hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar