Məhkəmə qərarları › İş №1(016)-21/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-21/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-21/2025 04.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib, daşıyaraq yaşadığı ünvanda saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Ağsu rayonu, Kəndoba kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 12 dekabr 2024cü il tarixdə saat 17:50-dən etibarən Ağsu RPŞ-nin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin yataq otağında məişətdə istifadə olunan qabların yığıldığı rəfin içərisindən konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün istifadə olunması nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CMin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Ağsu rayonu, Kəndoba kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda yaşadığı kənddə fərdi əməklə məşğul olur. O, it saxlamağa həvəskar olduğu üçün həyətində təxminən 4-5 baş it saxlayırmış. Həmçinin həmin itləri arabir çıxarıb kəndin kənarında gəzdirməyi də xoşlayırmış. 2024-cü ilin avqust ayında o, kəndin kənarında it gəzdirən zaman kənd qəbiristanlığının yaxınlığında olan məişət tullantılarının olduğu yerdə bir ədəd beşbarmaq aləti görüb onu götürmüşdür. Həmin vaxt beşbarmağın üstü palçıq olmuş və üzərində qara ləkələr varmış. O, beşbarmağı oradan götürüb üzərini təmizləmişdir. Bundan sonra həmin beşbarmağı gətirib yaşadığı evdə yataq otağında olan qab-qacaq yığdıqları rəfin içərisinə qoymuşdur. Həmin vaxtdan bəri beşbarmağı orada saxlayırmış. 2024-cü ilin dekabr ayının əvvəllərində o, həmin beşbarmağın şəklini mobil telefonunda olan özünə məxsus tik-tok sosial şəbəkəsində paylaşmışdır. Bundan bir neçə gün sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onun soyuq silah hesab olunan beşbarmaq saxlayıb-saxlamadığını soruşmuşlar. O isə qorxduğu üçün onda beşbarmaq alətinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona yaşadığı evə baxış keçirəcəklərini demişlər. O isə heç bir narazılığının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə və öz iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı məişət qablarının qoyulduğu rəfin içərisinə qoyduğu beşbarmaq aləti aşkar edilərək götürülmüşdür. O, beşbarmaq alətinin saxlanmasının, daşınmasının qanunla qadağan olunduğunu bildiyi üçün və məsuliyyətdən yayınmaq üçün polisə ilkin izahatında qorxaraq onda beşbarmaq alətinin olmadığını bildirmişdir. Həmin beşbarmaq adlanan aləti təxminən 2024-cü ilin avqust ayında yaşadığı kəndin yaxınlığında yerləşən məişət tullantılarının olduğu yerdən tapmışdır. Həmin tapdığı beşbarmaq alətini özündə saxlamaqda heç bir məqsədi olmamışdır. Sadəcə bir əşya kimi saxlayırmış. O, həmin alətlə heç bir cinayət hadisəsi törətməmişdir. Həmin beşbarmaq alətinin onda olmasından və yaşadığı evə saxladığından heç kimin xəbəri olmamışdır. Əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, hal-hazırda Ağsu RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. 12 dekabr 2024-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, Ağsu rayon Kəndoba kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə soyuq silah hesab olunan kastet (beşbarmaq) saxlayır. O da bu barədə raportla RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsində olan zaman soyuq silah hesab olunan kastet (beşbarmaq) əldə etmədiyini və yaşadığı evdə saxlamadığını bildirmişdir. O, həmçinin Təqsirləndirilən şəxs həmin soyuq silah hesab olunan kastetin (beşbarmaq) fotoşəklini tik-tok sosial şəbəkəsində paylaşıb nümayiş etdirməsi ilə bağlı da məlumat əldə etmiş və bununla bağlı da şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında Ağsu RPŞ-nin əməkdaşlarının iştirakı ilə onun yaşadığı evə baxış keçirmişlər. Baxış aparılan zaman Təqsirləndirilən şəxs də iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Ağsu rayon Kəndoba kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yataq otağında yerləşən məişət qablarının qoyulduğu rəfin içərisindən soyuq silah hesab olunan kastet (beşbarmaq) aləti aşkar edilmişdir. Daha sonra həmin kastet (beşbarmaq) ekspertizaya təqdim olunması üçün möhürlənmiş zərfdə qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs soyuq silah hesab olunan kasteti (beşbarmaq) kimdən, nə vaxt və haradan əldə etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs özünün bildirməsinə görə həmin kasteti (beşbarmaq) 2024-cü ilin avqust ayında Ağsu rayon Kəndoba kənd qəbirstanlığının yaxınlığındakı məişət tullantılarının olduğu yerdən taparaq əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 13 dekabr 2024-cü il tarixli, 17/911 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 16 yanvar 2025-ci il tarixli, 121 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda yüngül dərəcəli əqli gerilik müəyyən edilir. O, törətmiş olduğu əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir, onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, orada qeydiyyatda olmaqla halhazırda həmin kənddə yaşayır. O təvazökarlığı və səmimiyyəti ilə öz həmyaşıdları arasında hörmət qazanmışdır. Təqsirləndirilən şəxs kənd əhalisi arasında özünü nümunəvi şəxs kimi tanıdıb. Ailə və məişətdə özünü nizam-intizamlı aparır, barəsində X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və kənd ictimaiyyəti arasında müsbət xarakterizə olmuşdur. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı - xx.xx.1994-cü il təvəllüdlü X8, qızı - xx.xx.2012-ci il təvəllüdlü X6, qızı xx.xx.2014-cü il təvəllüdlü X2, qızı - xx.xx.2017-ci il təvəllüdlü X3, oğlu - xx.xx.2021-ci il təvəllüdlü X1 ibarətdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixli qərarla CM-in 228.4cü maddəsi ilə ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun əməlində CM-in 229.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X4 barəsində CM-in 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə X9 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, 17/911 nömrəli rəyi, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD diskin sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, yaşadığı evdən aşkar edilmiş bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahın cinayət işi üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Lakin iş məhkəmənin icraatında olan zaman 07 mart 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 228-ci maddə yeni redaksiyada verilmişdir. Bu səbəbdən, təqsirləndirilən şəxsin əməli CM-in 228.4-cü maddəsindən həmin Məcəllənin 228.5-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 228.5-ci maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, təqsirləndirilən şəxsdə halhazırda yüngül dərəcəli əqli gerilik müəyyən edilməsini və himayəsində yetkinlik yaşına çatmayan dörd övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkəmənin yekun qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan soyuq silah hesab edilən 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30,60 manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan soyuq silah hesab edilən 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30,60 (otuz manat altmış qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X5, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar