Məhkəmə qərarları › İş №1(016)-24/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-24/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-24/2023 20.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs X3, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X4, Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.1995-ci il təvəllüdlü X19 ilə birlikdə 14 dekabr 2022-ci il tarixdə saat 16 radələrində rayonun Qaraqaşlı kəndinin ərazisində yerləşən X35 İstismar İdarəsinin həyətində inzibati binanın arxa tərəfində idarənin xidmət sahəsinə aid abonentlərin istismardan çıxmış qaz sayğaclarını təmizləyərkən hakimiyyət nümayəndəsi olan X35 İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin mühəndisi X6 istismardan çıxmış qaz sayğaclarının tam olaraq təmizlənməsinə və sayğacların laboratoriyaya göndərilməsinə nəzarət etməklə əlaqədar xidməti vəzifələrini yerinə yetirib Rəsul Rəsulzadəyə sayğacların yaxşı təmizləməsinə irad bildirməsinə etiraz edərək Çinar Behbudova zor tətbiq etməklə müqavimət göstərib sonuncunun sifətinə bir dəfə yumruqla zərbə vurmaqla burun sümüyündə sol tərəfli yerdəyişməli sınıq xəttindən ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır və sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması fonunda sol göz yuvası altı nahiyədə yumuşaq toxumanın şişkinliyi ilə müşahidə edilən hematomadan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmin hərəkətləri ilə X14 CM-in 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında X14 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər psixi xəstəliklər keçirməmiş və məhkumluq həyatı yaşamamışdır. Ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X1 mərhum X27 ilə ailə həyatı qurmuş və onların birgə evliliklərindən üç övladları olmuşdur. X27 2011-ci ildə vəfat etmişdir. Ondan başqa bir qardaşı və bir bacısı vardır. O, atası Veysəl İbrəhimov, qardaşı və bacısı ilə birlikdə Ağsu şəhərində yaşayır. Rəsul Rəsulzadə onun qonşusudur. 14 dekabr 2022-ci il tarixdə saat 15-16 radələrində X35 İstismar İdarəsinə getmişdir ki, qaz sayğaclarının kartına pul vəsaiti köçürsün, lakin aparat işləmədiyindən idarənin binasından çıxıb evə getmək istədikdə həyətdə qonşusu Rəsul Rəsulzadəni görmüşdür. Rəsul Rəsulzadə qaz sayğaclarını təmizləyirmiş. O, Rəsul Rəsulzadəyə təklif etmişdir ki, ona köməklik etsin. Həmin vaxt adını sonradan bildiyi idarənin işçisi olan Çinar Behbudovun razılığı ilə Rəsul Rəsulzadəyə köməklik etməyə başlamışdır. O və Rəsul Rəsulzadə təxminən 5 ədəd qaz sayğacını təmizlədikdən sonra Rəsul Rəsulzadə siqaret çəkməyə başlamışdır. Həmin vaxt Çinar Behbudov ona yaxınlaşmış, Rəsul Rəsulzadəyə “niyə dayanmısan” sözlərini demiş, Rəsul Rəsulzadə isə ona “siqaret çəkirəm” sözlərini demişdir. Bundan sonra onların arasında sözlə mübahisə düşmüşdür. X31 Rəsulzadəyə “sayğacların üzünü yaxşı yumursuz, laboratoriyaya aparanda qəbul etmirlər” sözlərini demiş, X28 Behbudova “sən bir həftədir işə gəlmisən, mən həmişə Rafaelə yuyulmuş sayğacları təhvil verirəm” sözlərini demiş, Çinar Behbudov isə Rəsul Rəsulzadəyə “siz fəhlələr işləmirsiz, şişmisiniz” sözlərini demişdir. X28 Behbudova “sözlərini saxla, nömrələrimizi götürərərik, işdən çıxandan sonra danışarıq” sözlərini demiş, X31 Rəsulzadəyə “nə sözün varsa burda de” sözlərini demiş, Rəsul Rəsulzadə isə Çinar Behbudova “burda nə söhbət edim, sən mənim barəmdə məruzə edərsən” sözlərini demişdir. X31 Rəsulzadəyə “mən iş verən deyiləm” sözlərini deyib Rəsul Rəsulzadəni sinəsindən itələmişdir. Həmin vaxt o, onlara yaxınlaşmış və X21 Rəsulzadəyə yaxşı işləməməsinə irad bildirməsinə etiraz olaraq sonuncunun sol gözünə yumruqla vurmuşdur. Çinar Behbudov aşağı əyilmiş və sifətini tutmuşdur. Rəsul Rəsulzadə onu itələmiş və Çinar Behbudovun qolundan tutub ayağa qaldırmışdır. Rəsul Rəsulzadə ona “çıx get” sözlərini demiş və o da dərhal həmin yerdən uzaqlaşıb çıxıb getmişdir. Məlum hadisə vaxtı nə o, nə də ki Rəsul Rəsulzadə xəsarət almamış, yalnız onun vurduğu zərbə nəticəsində Çinar Behbudov xəsarət almış, Çinar Behbudovu vurmağına səbəb sonuncunun Rəsul Rəsulzadəyə nə səbəbə görə qaz sayğaclarını yaxşı təmizləməməsini irad bildirməsi olmuş, Çinar Behbudov onu təhqir etməmiş, Çinar Behbudova başqa heç bir zərbə vurmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş maddi və mənəvi ziyanı ödəmişdir. Bu səbəbdən, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 bildirdi ki, 2022-ci ilin oktyabr ayından etibarən X35 İstismar İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metorologiya şöbəsində mühəndis vəzifəsində işləyir. Xidməti vəzifəsi sayğacların qəbul edilməsindən, təmizlənməsindən və laborotoriyalara göndərilməsindən ibarətdir. Mütəmadi olaraq "xxxx" İş Mərkəzi MMC tərəfindən Ağsu Xidmət sahəsinə təhkim olunmuş bir neçə sosial işçilər mühəndislərə köməklik göstərilməsi üçün Ağsu RQİİ-nə göndərilir. O, 14 dekabr 2022-ci il tarixdə adi qaydada istismardan çıxmış qaz sayğaclarının təmizlənməsi işlərinə rəhbərlik edirmiş. Saat 09:00-dan saat 14:00-dək adını indi xatırlamadığı bir nəfər "xxxx" İş Mərkəzi MMC-nin fəhləsi rəhbərliyi və nəzarəti altında istismardan çıxmış qaz sayğaclarının təmizlənməsi işlərini yerinə yetirmişdir. Saat 14:00-dan "xxxx" İş Mərkəzi MMC-nin fəhləsi Rəsul Rəsulzadə gəlib istismardan çıxmış qaz sayğaclarının təmizlənməsi işlərini yerinə yetirirmiş. Rəsul Rəsulzadənin yanında Rauf İbrəhimov da var imiş. X22 "xxxx" İş Mərkəzi MMC-nin işçisini olmamasını bilmirmiş. O, mütəmadi olaraq onların gördükləri işlərə nəzarət edirmiş. Saat 16 radələrində yenidən Rəsul Rəsulzdənin işlədiyi yerə gedib sonuncuya “qardaş, yanında gətirdiyin şəxs işləyir, sən isə işləmirsən” sözlərini demiş, Rəsul Rəsulzadə isə ona “sənin nəyinə lazımdır, sən laboratoriyasan” sözlərini demişdir. Bu sözlərdən sonra Rəsul Rəsulzadə onun qolundan tutub idarənin həyətindən bayıra çıxartmaq istəmiş, o, isə sonuncuya “sözünü burda de” sözlərini demişdir. Bu zaman Rəsul Rəsulzadə onun üzərinə gəlib başını başına dirəyərək ona hədəqorxu gəlmişdir. O, isə Rəsul Rəsulzadəyə “məndən uzaqlaş” sözlərini demişdir. Həmin vaxt onlardan aralı olan Rauf İbrəhimov yanlarına gələrək, onun sol gözünə yumruq zərbəsi vurmuşdur. Həmin zərbədən sonra əlləri ilə üzünü bağlayaraq müdafiə olunmağa çalışmış, lakin onun baş və sifət nahiyəsinə bir neçə dəfə zərbələr endirilmişdir. Bir müddət sonra idarənin işçisi olan Mirməhəmməd Abbasov gələrək onları ayırmışdır. X32 hadisə yerindən qaçıb getmiş, o, isə idarəyə gedib əl-üzünü yumuşdur. Həmin vaxt işlədiyi şöbənin böyük mühəndisi Rəfael Bəşirov da idarədən həyətə düşmüş, o, daha sonra həkim müayinəsindən keçərkən, burnunun qırıldığını, sol qulağından, sol gözündən və çənə nahiyəsindən bir neçə xəsarətlər aldığını öyrənmişdir. Rauf İbrəhimovun ona xəsarət yetirməsinə səbəb Rəsul Rəsulzadənin onun tapşırıqlarını, yəni istismardan çıxmış qaz sayğaclarının lazımi səviyyədə təmizləməsini icra etməməsi və buna görə sonuncuya irad bildiməsi olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş maddi və mənəvi ziyan ödənilmiş, və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, təxminən altı ilə yaxındır ki, "xxxx" İş Mərkəzi MMC-də fəhlə işləyir. MMC tərəfindən Ağsu RQİİ-nin Ağsu xidmət sahəsinə təhkim olunmuş, fəhlə kimi qaz sayğaclarının təmizlənməsi ilə məşğul olmuşdur. Belə ki, X35 İstismar idarəsinə gətirilmiş istismara yararsız qaz sayğaclarının korpusunu təmizləyib yumuşdur. İş fəaliyyəti ilə bağlı X35 İstismar İdarəsinin Qaz sayğaclarının istismarı və metorologiya şöbəsinin mühəndislərinə tabedir. 14 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Ağsu RQİİ-nin həyətində istismar müddəti bitmiş sayğacların təmizlənməsinə başlamış, onu ora X35 İstismar İdarəsinin Qaz sayğaclarının istismarı və metorologiya şöbəsinin mühəndisi Rafael çağırmışdır. Bir müddət sonra qonşusu Rauf İbrəhimov idarəyə gəlib qaz sayğacının işlənməsi üçün karta pul vurmuş, onu görüb Rauf İbrəhimov “gəl sənə köməklik edim tez qurtar, birlikdə evə gedək” sözlərini demişdir. O, da Rafaelə bu barədə bildirmiş və Rəfaelin razılığı ilə Rauf İbrəhimovu işə cəlb etmişdir. O, Rauf İbrəhimovla birlikdə qaz sayğaclarını təmizləməyə davam etmiş, saat təxminən 16 radələrində Qaz sayğaclarının istismarı və metorologiya şöbəsinin mühəndisi Çinar Behbudov onlara vedrədə su gətirmiş, o, həmin vaxt siqaret çəkirmiş, Çinar Behbudov ona “Rauf buranın işçisi deyil, sən niyə işləmirsən” sözlərini demiş, o, ona “30 ədəd sayğacım qalıb, hələ saat dörddür, saat altıya kimi də vaxtım var” sözlərini demiş, Çinar Behbudov ona “sayğacların üzünü yaxşı yumursuz, laboratoriyaya aparanda qəbul etmirlər” sözlərini demiş, o, Çinar Behbudova “sən bir həftədir işə gəlmisən, mən həmişə Rafaelə yuyulmuş sayğacları təhvil verirəm” sözlərini demiş, Çinar Behbudov ona “siz fəhlələr işləmirsiz, şişmisiniz” sözlərini demişdir. Bundan sonra aralarında sözlə mübahisə başlamış, o, Çinar Behbudova “sözlərini saxla, nömrələrimizi götürərərik, işdən çıxandan sonra danışarıq” sözlərini demiş, Çinar Behbudov ona “nə sözün varsa burda de” sözlərini demiş, o, ona “burda nə söhbət edim, sən mənim barəmdə məruzə edərsən” sözlərini demiş, Çinar Behbudov ona “mən iş verən deyiləm” sözlərini deyib sinəsindən itələmişdir. Həmin vaxt Rauf İbrəhimov onlara yaxınlaşmış və Çinar Behbudova bir dəfə yumruqla sol gözündən zərbə vurub xəsarət yetirmişdir. Çinar Behbudov aşağı əyilmiş və sifətini tutmuşdur. O, Rauf İbrəhimovu itələmiş və Çinar Behbudvun qolundan tutub ayağa qaldırmışdır. Rauf İbrəhimova isə “çıx get” sözlərini demişdir. Rauf İbrəhimov isə çıxıb getmişdir. Həmin vaxt Mirməhəmməd Abbasov və Abbas Məmmədov onların yanlarına gəlmişlər. Mirməhəmməd Abbasov onlara irad bildirib idarəyə getmiş, sonra Xəyyam müəllim gəlib onu öz otağına aparmışdır. Çinar Behbudovun onu vurmamış və Rauf İbrəhimovu təhqir etməmişdir, məlum hadisə vaxtı xəsarət almamış, Çinar Behbudov ona qaz sayğaclarını yaxşı təmizləməməyini irad bildirməsi səbəbindən X33 Behbudovun sol gözünə bir dəfə yumruq zərbəsi vurmuş, yəni sonuncunun xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 09 fevral 2023-cü il tarixədək X35 İstismar İdarəsinin Maddi texniki təchizat şöbəsində mühəndis vəzifəsində işləmiş, yaşa görə pensiyaya çıxmışdır. 14 dekabr 2022-ci il tarixdə saat 16 radələrində X35 İstismar İdarəsinin həyətində yerləşən anbarlara tərəf gedirmiş, bu vaxt anbar tərəfdə istismardan çıxmış qaz sayğaclarının yanında Çinar Behbudovun, Rəsul Rəsulzadənin və Rauf İbrəhimovun mübahisə etmələrini görmüş, onlara tərəf yaxınlaşanda Çinar Behbudovun sol gözündən xəsarət almasını və sol gözünü tutmasını görüb Rəsul Rəsulzadəni və X29 Behbudovdan aralayıb onlara “sizin mühəndislə nə işiniz var” sözlərini demişdir. Bu sözlərindən X32 və Rəsul Rəsulzadə onların yanlarından uzaqlaşmışlar. Çinar Behbudov həmin yerdə qalmış, o, isə idarənin inzibati binasına gedib hadisə barədə Sayğacların istismarı və metrologiya şöbəsinin böyük mühəndisi Rəfaelə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, X33 Behbudovu sonuncunun Rəsul Rəsulzadəyə nə səbəbə görə qaz sayğaclarını yaxşı təmizləməməsinə irad bildirməsinə görə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən hal-hazıradək X35 İstismar İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsində böyük mühəndis vəzifəsində, X17 isə işlədiyi şöbədə mühəndis vəzifəsində işləyir. Şöbələrinin fəaliyyəti idarənin xidmət sahəsinə aid abonetlərin istismardan çıxmış qaz sayğaclarının qəbul edilməsi və təmizlənildikdən sonra Metrologiya departamentinə laboratoriya üçün göndərilməsi aiddir. Bunun üçün "xxxx" İş Mərkəzi MMC tərəfindən Ağsu xidmət sahəsinə təhkim olunmuş işçilərin əməyindən istifadə olunur. Yəni şöbənin mühəndislərinin nəzarəti altında həmin işçilər qaz sayğaclarını tozdan və palçıqdan təmizləyirlər. 14 dekabr 2022-ci il tarixdə adi qaydada istismardan çıxmış qaz sayğaclarının təmizlənməsi işləri gedirmiş, həmin işlərə isə şöbənin mühəndisi Çinar Behbudov rəhbərlik edirmiş. Saat 16 radələrində idarənin giriş qapısından bayıra çıxan zaman Mirməhəmməd Abbasov ona yaxınlaşıb “Çinarı vurublar, binanın arxasındadır” sözlərini demiş, o, dərhal ora getmiş və Çinar Behbudovun sol gözündən xəsarət almasını görmüşdür. Həmin vaxt onun yaxınlığında Rəsul Rəsulzadə var imiş. O, hadisə ilə bağlı onlardan soruşanda məlum olmuşdur ki, adını sonradan bildiyi X33 Behbudovu sonuncunun Rəsul Rəsulzadəyə nə səbəbə görə qaz sayğaclarını yaxşı təmizləməməsinə irad bildirməsinə görə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşov Rəşad Elşad oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ildən hal-hazıradək X35 İstismar İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsində işləyir. X17 işlədiyi şöbədə mühəndis vəzifəsində işləyir. Şöbələrinin fəaliyyəti idarənin xidmət sahəsinə aid abonetlərin istismardan çıxmış qaz sayğaclarının qəbul edilməsi və təmizlənildikdən sonra Metrologiya departamentinə laboratoriya üçün göndərilməsi aiddir. Bunun üçün "xxxx" İş Mərkəzi MMC tərəfindən idarəyə təhkim olunmuş işçilərinin əməyindən istifadə olunur. Yəni şöbənin mühəndislərinin nəzarəti altında həmin işçilər qaz sayğaclarını tozdan və palçıqdan təmizləyirlər. 14 dekabr 2022-ci il tarixdə adi qaydada istismardan çıxmış qaz sayğaclarının təmizlənməsi işləri gedirmiş, həmin işlərə isə şöbənin mühəndisi Çinar Behbudov rəhbərlik edirmiş. Lakin həmin gün o, Göyçay qaz xidmət sahəsində yoxlamada olmuş, saat 17 radələrində ona zəng edilib bildirilmişdir ki, Çinar Behbudova iş vaxtı vurub xəsarət yetiriblər. Hadisə ilə bağlı sonradan maraqlanmış və ona məlum olmuşdur ki, adını sonradan bildiyi X33 Behbudovu sonuncunun Rəsul Rəsulzadəyə nə səbəbə görə qaz sayğaclarını yaxşı təmizləməməsinə irad bildirməsinə görə vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq qrupunun yaradılması haqqında” 11 yanvar 2023cü il tarixli qərardan görünür ki, 01C-21 nömrəli material üzrə X14 barəsində CM-in 127.2.1 və 315-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 Göyçay rayon şöbəsinin 15 dekabr 2022-ci il tarixli, 09 nömrəli ekspert rəyindən görünür ki, X6 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: burun sümüyünün sol tərəfli yerdəyişməsi sınıq xətti küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması fonunda sol göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi ilə müşahidə edilən hematoma küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X17 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X15 şübhəli şəxs X7 qanuni nümayəndəsi qismində təyin edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X14 CM-in 127.2.1-ci və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 12 yanvar 2023-cü il tarixli, 02 nömrəli ekspert rəyindən görünür ki, X11 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 12 yanvar 2023-cü il tarixli, 03 nömrəli ekspert rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X14 CM-in 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X14 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25 yanvar 2023-cü il tarixli cavabdan görünür ki, X14 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən 21 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, X14 nizam-intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır, onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə heç bir mənfi xarakterli şikayət və məlumat daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 21 fevral 2023-cü il tarixli qərardan görrünür ki, təqsirlədirilən şəxs X8 13 yanvar 2023-cü il tarixdə CM-in 127.2.1-ci və 315-ci maddələri ilə elan olunmuş ittiham qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində X6 X16 və X9 vuraraq xəsarət yetirməsi, eləcə də sonuncunu təhqir etməsi öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanılması üçün Ağsu rayon Prokurorluğunun arxivinə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində X11 X12 vuraraq xəsarət yetirməsi, eləcə də sonuncuya X3 bir yumruqdan başqa daha hər hansı bir zərbə vurması öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanılması üçün Ağsu rayon Prokurorluğunun arxivinə təhvil verilmiş, Ağsu rayon qaz istismar idarəsinin qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin böyük mühəndisi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsi ilə inzibati icraat başlanılaraq baxılmasından ötrü Ağsu Rayon Məhkəməsinə göndərilmiş, işdəki ifadələr, hadisə yerinə baxış protokolu, ekspert rəylər və iş üzrə toplanmış digər materiallar işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X17 təqsirləndirilən şəxs X14 ilə barışmış, onu bağışlamış və ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, ona qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı X3 yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. X3 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X8 cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X3 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X3 məhkəməyədək icraat dövründə ibtidai istintaq zamanı 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 CM-in 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. X8 məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: X14 CM-in 127.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X14 CM-in 315-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X8 qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, X3 ibtidai istintaq zamanı 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X3 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X8 məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar